Dövlət başçısının əfv sərəncamı yüksək dəyərləndirildi

 

Bağışlanmaq qəlbin böyüklüyüdür

 

"Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Azərbaycan Respublikası Prezidentinin  26 dekabr 2012-ci il tarixli sərəncamının icrası ilə 87 nəfər məhkumluğunun çəkilməmiş hissəsindən azad edildi. Xatırladaq ki, bu, 1995-ci ildən indiyə kimi əfvlə bağlı imzalanmış  sayca 52-ci sərəncamdır və əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün də layiqincə davam etdirilən humanizm prinsiplərinə  sədaqətin nümunəsidir. Sərəncamın icrasının 27 dekabr 2012-ci il tarixdə başa çatması  isə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin dövlət başçısının fərman və sərəncamlarının vaxtında  yerinə yetirilməsi üçün imkanlardan maksimum dərəcədə səmərəli və prinsipial şəkildə istifadəsinin göstəricisidir.

Azərbaycan Prezidentinin humanizm prinsiplərinə əsaslanaraq imzaladığı əfv sərəncamı ilk növbədə, insan hüquq və azadlıqlarının müdafiəsi, demokratik prinsiplərin inkişafı, insan amilinə diqqətin yüksəldilməsi ideyasının dövlət siyasətinin prioritet təşkil etdiyinin sübutudur. Azərbaycanda əfv və amnistiya institutu siyasi fəaliyyətinin əsasında humanizm prinsipləri dayanan ulu öndər Heydər Əliyev tərəfindən 1995-ci ildə yaradılıb. İndiyə kimi imzalanan əfv sərəncamları isə ən müxtəlif təbəqələri əhatə edib. Həmin sərəncamlar qanunların aliliyi prinsipini qəbul edən vətəndaşların reabilitasiyasına yüksək töhfələr verib.

 Azərbaycan Prezidentinin sərəncamına əsasən, dekabrın 27-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsindən 18 nəfər məhkum azadlığa buraxıldı. Müəssisənin rəisi polkovnik-leytenant Nazim Kəngərli sərəncama uyğun olaraq əfv olunan məhbusların azadlığa buraxılmaları üçün sənəd təqdim edərkən bir daha dövlət başçısının humanizmə əsaslanan prinsiplərinin xalqımız tərəfindən yüksək dəyərləndirildiyini bildirdi: "Azərbaycan dövlətinin  hərtərəfli inkişafı onun dünya arenasında öz mövqeyini bir daha möhkəmləndirməsi deməkdir. Dövlət başçısının yürütdüyü istər daxili, istərsə də  xarici siyasət nəticəsində respublikamız cəmi 21 il ərzində çox böyük inkişaf yolu keçərək Avropanın az qala bütün strukturlarına inteqrasiya olunub. Bir sıra beynəlxalq  nüfuzlu təşkilatların aparıcı üzvü kimi çıxış edən Azərbaycanda hüquqi dövlət quruculuğu çox uğurla və sürətlə aparılmaqdadır. Ermənistanın təcavüzkar siyasəti nəticəsində ərazilərinin 20 faizi  işğala məruz qalmış ölkəmizin bir milyondan artıq vətəndaşı qaçqın və məcburi köçkünə çevrilib. Xarici təcavüzkarlar və dövlətimizin inkişafını əngəlləməyə çalışan ermənipərəst  qüvvələri bu inkişafımız əndişələndirməkdədir. Ölkə vətəndaşları çalışmalıdırlar ki, bu uğur və nailiyyətlərdə hər kəsin əməyi olsun. Təəssüf ki, qanunu pozan, cinayət törədərək həbsxana divarları arasına düşən gənclərimiz də var. Dövlət başçısının mütəmadi olaraq imzaladığı əfv, aministiya  fərman və sərəncamları ilə azadlığa buraxılan gənclərin  cəmiyyətə və ictimaiyyətə inteqrasiya olunması çox vacib məsələdir. Bu gün tikanlı məftillər arasından azad edilərək doğmalarına qovuşacaq keçmiş məhbusların, demək olar ki, əksəriyyəti gənclərdən ibarətdir. Arzu edərdik ki,  onlar  sağlam əqidə və amalla cəmiyyətə qovuşsun, faydalı işlərlə məşğul olsunlar. Hər birinizi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə təbrik edir və əmin olmaq istərdik ki, dünən cinayətkar sayılan gənclər sabah cəmiyyətin ən fəal vətənpərvər vətəndaşı olduğunu səmərəli fəaliyyəti ilə təsdiqləyəcəklər".

O da xüsusi olaraq qeyd edildi ki, əfv sərəncamı bir qayda olaraq cəzaçəkmə müəssisələrində öz nümunəvi davranışına görə fərqlənən şəxslərə şamil edilir.

Azərbaycan Respublikası Prezidentinin  26 dekabr 2012-ci il tarixli sərəncamına əsasən adıçəkilən cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan Anar Bayramlı, Vüsal Ağamalıyev, Vidadi İsgəndərov, Şahin Həsənov, Seymur Rzayev, milliyyətcə gürcü olan Georgi Qukaşvili, Sənan Zərbəliyev, Abuzər Cəbiyev, Haşim Rişxani, Mehman Musayev, Ramil Səmədov, Aqil Səfərov, Babək Alıyev, Ərzuman Qurbanov, Ramazan Əliyev, Qəhrəman Əliyev, Rauf Sadıqov, Seymur Abdullayev azadlığa buraxıldıqları üçün  dövlət başçısına öz minnətdarlıqlarını bildirdilər.

Hər birinin çöhrəsindəki kədər kölgəsi sanki bu isti münasibətdən əriyib yoxa çıxdı. Bir-birini qucaqlayıb təbrik edən, gözaydınlığı verən gənclər bundan sonra yəqin ki, cinayət törətməyəcəklər. Çünki bu mənzərədən sonra onlar dərk etməlidir ki, azadlıq şirin nemətdir.

Bayırda onları qarşılamağa gələnlər də bu günə kimi eyni ağrını yaşamışdılar. Onlardan birinin keçirdiyi həyəcan buradakıların diqqətini cəlb etməyə bilməzdi. Bu, Abuzər Cəbiyevin anası Ofelya xanım idi. Kövrələn ana hər şeydən öncə onların ailəsinə bu sevinci bəxş edən dövlət başçısına ünvanladığı alqışa hamının birağızdan söylədiyi amin səsləri qoşuldu: "Bu əziz günlərdə balamızı doğmalarına, xüsusən də anasına qovuşduran ölkə başçısına uzun ömür, cansağlığı diləyirik! Qoy daim zəfərlərə, xoş  məramlara imza atsın, cənab Prezident İlham Heydər oğlu Əliyev! Prezidentin bu humanist addımını yüksək dəyərləndirir və azadlığa buraxılan  gənclərə üzümü tutub deyirəm: dünənki əməlinizdən ibrət götürüb, gələcəyinizi xoş məram üzərində qurun! Ana vətənə layiqli övlad olmaq hər birinizin borcudur. Çalışın ki, sizi əfv edən dövlət başçısının etimadını doğruldasız!"

 

 

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2012.- 29 dekabr.- S.6.