Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyi
və 1 nömrəli
«ASAN xidmət» mərkəzi istifadəyə verilmişdir
Azərbaycan Prezidenti İlham Əliyev
açılışda iştirak etmişdir
Dekabrın 29-da Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində olan 1 nömrəli "ASAN xidmət" mərkəzinin açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir.
Prezident İlham Əliyevə məlumat verildi ki, son illərdə dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində mühüm işlər görülmüşdür. Bu məqsədlə müvafiq hüquqi baza formalaşdırılmışdır. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilmişdir. Bu xidmətlər mümkün korrupsiya hallarını aradan qaldırır və vətəndaşları dövlət xidmətlərinə yaxınlaşdırır. Azərbaycan Prezidenti 2012-ci il iyulun 13-də bu sahədə daha mühüm islahata imza atmışdır. Dövlət başçısının imzaladığı fərmanda qarşıya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində "ASAN xidmət" mərkəzlərinin yaradılması vəzifəsi qoyulmuşdur. Sentyabrın 5-də isə digər bir fərmanla agentliyin əsasnaməsi və strukturu təsdiq olunmuşdur.
Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək "ASAN xidmət" mərkəzlərinin vahid şəkildə idarə edilməsidir. Buraya xidmət mərkəzlərinə qoşulan dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir. Agentlik əsasən üç istiqamətdə - "ASAN xidmət" mərkəzlərinin vahid şəkildə idarə edilməsi, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası və elektron xidmətlərin təşkili prosesinin təkmilləşdirilməsi istiqamətlərində fəaliyyət göstərəcəkdir. Bu ilin sentyabrında isə dövlət başçısı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədi ilə pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalamışdır. Sərəncama əsasən, pilot layihənin həyata keçirilməsi məqsədi ilə ilkin olaraq iki milyon manat vəsait ayrılmışdır. Artıq 1 nömrəli "ASAN xidmət" mərkəzi fəaliyyətə hazırdır.
Məlumat verildi ki, "ASAN xidmət" mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların, "bir pəncərə" prinsipinin tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - "dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir" yanaşmasının formalaşdırılmasıdır.
Bildirildi ki, "ASAN xidmət" mərkəzinin əsas prinsipləri - operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıqdır. Mərkəzdə vətəndaşların qəbulu elektron növbə əsasında həyata keçiriləcəkdir. Bunun üçün isə ən müasir avadanlıq quraşdırılmışdır. Elektron lövhələr və işarələr vətəndaşların məlumat əldə etməsini asanlaşdıracaqdır. Mərkəz daim internetə açıq olan kompyuterlərlə təchiz edilmiş və vətəndaşların burada bütün növ elektron xidmətlərdən yararlanması üçün şərait yaradılmışdır. "ASAN xidmət" mərkəzində 9 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi tərəfindən 23 hüquqi xidmət həyata keçiriləcəkdir.
Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, "ASAN xidmət" mərkəzində vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər yaradılmışdır. Belə ki burada uşaq əyləncə guşəsi, tibb xidməti, internet-kafe, bank, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Xidmət üçün nəzərdə tutulmuş rüsumların ödənilməsi məqsədi ilə "pay-point", bankomat aparatları qoyulmuşdur.
Dövlət başçısına xidmətin "asan.gov.az" internet saytı barədə də məlumat verildi. Bildirildi ki, sayt vasitəsilə vətəndaşlar üçün "online" növbəyə yazılma, elektron ərizələr doldurma, sənədləri digər orqanlara elektron qaydada göndərmə və digər imkanlar yaradılmışdır.
Qeyd olundu ki, mərkəzdə 62 videomüşahidə kamerası və rüsumların məbləğlərini əks etdirən tablo quraşdırılmışdır. Binada əlil vətəndaşlar üçün bütün zəruri şərait yaradılmışdır. Görmə qabiliyyəti məhdud olan insanlar üçün döşəmələrə xüsusi örtüklər vurulmuş və onların oxuya bildiyi müvafiq hərflərlə lövhələr yerləşdirilmişdir.
Prezident İlham Əliyevin müddəti bitmiş sürücülük vəsiqəsi yeni nümunəvi milli sürücülük vəsiqəsi ilə dəyişdirildi.
Məlumat verildi ki, mərkəzdə quraşdırılan data mərkəzin digər dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiyası təmin edilmişdir. Korrupsiya hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi məqsədi ilə mərkəzdə xidmət proseduru videokamera vasitəsilə fasiləsiz qeydiyyata alınacaqdır. Xidmət sistemi müasir İP telefon və İP şəbəkə sistemləri ilə təmin edilmişdir. Xidmətlərin tənzimlənməsi məqsədi ilə 22 elektron monitor, 52 elektron elan tablosu quraşdırılmışdır.
Diqqətə çatdırıldı ki, binanın üçüncü mərtəbəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi fəaliyyət göstərəcəkdir. Agentlikdə 120 nəfər çalışacaqdır. "ASAN xidmət" mərkəzində isə 20 nəfər işlə təmin olunmuşdur. Mərkəzdə digər dövlət orqanlarının 74 əməkdaşı fəaliyyət göstərəcəkdir.
Azərbaycan Prezidentinə məlumat verildi ki, könüllülük prinsipi əsasında vətəndaşlara xidmət göstərmək üçün müraciət edən 150 gəncdən 15-i seçilmiş və treninqlərə cəlb olunmuşdur.
Gənclərlə görüşən Prezident İlham ƏLİYEV dedi:
- Gənclərdə bu işlərlə məşğul olmaq üçün maraq və həvəs vardır. Ümumiyyətlə, bu valantyorluq işi çox nəcib işdir və hər bir gəncin öz dövlətinə bağlılığını göstərir. Eyni zamanda, burada təcrübə əldə etmək üçün də yaxşı imkanlar vardır. Onlar gələcək fəaliyyətlərində də əlbəttə ki, bu təcrübədən istifadə edəcəklər. Sağ olun.
Dövlət başçısı İnnovasiyalar Mərkəzinin fəaliyyəti ilə də tanış oldu.
Bildirildi ki, bu mərkəz dövlət xidmətlərinin sadələşdirilməsi ilə bağlı araşdırmaların aparılmasını, innovativ ideyaların sınaqdan keçirilməsini, eyni zamanda, müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı dövlət orqanlarının əməkdaşlarının treninqlərə cəlb olunmasını təmin edəcəkdir.
Burada yeni texnologiyalarla tanış olan Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, üçölçülü skaner vasitəsilə istənilən böyük regionu, məsələn Bakı şəhərinin görüntüsünü skan etmək mümkündür. Bu sistem vasitəsilə Bakı şəhərinin üçölçülü modeli yaradılmışdır. Monitorinq sistemindən "ASAN xidmət"də mobil qruplara nəzarət məqsədi ilə istifadə olunur. Bu sistem vətəndaşların "qaynar xətt"ə istənilən müraciətlərini qəbul edir, qeydiyyata alır. Sistem həmçinin vətəndaşların bütün müraciətlərinə "ASAN xidmət"in cavab verib-verməməsinə nəzarət edir. Biometrik sistem vasitəsilə insanın şəkli, barmaq izi, sifətin üçölçülü modeli ilə biometrik eyniləşdirmə aparılır və pasportu yoxlanılır. Bundan sonra sistem tanıdığı şəxsləri lazımi yerə buraxır. Bu sistemin sərhəd keçid məntəqələrində və mühafizə olunan obyektlərdə istifadəsi mümkündür.
İnnovasiyalar Mərkəzində 160 düym böyüklükdə sensorlu interaktiv videodivar quraşdırılmışdır. Bu avadanlıq 20 nəfərin eyni zamanda istifadə etməsinə imkan verən İPad funksiyasını yerinə yetirən texnologiyaya malik sensorlu monitordur. Bu texnoloji avadanlıq vasitəsilə xidmətlərin elektronlaşdırılması proqramları yaradıla, sınaq və eksperimentlər aparıla bilər.
Prezident İlham Əliyev "ASAN xidmət" mərkəzinin "Gələcəyə baxış", "Data və resurs mərkəzi", həmçinin "Asan mobil xidmət" konsepsiyalarına dair videoçarxlara baxdı.
Qeyd olundu ki, gələn ildən "ASAN xidmət"in təşkili üçün xüsusi avadanlıqla təchiz edilmiş avtomobillərlə regionlarda vətəndaşlara səyyar xidmətlərin göstərilməsi nəzərdə tutulur. Bundan əlavə, səyyar xidmətlər vasitəsilə əlillər üçün xidmətlərin yaradılması planlaşdırılır.
Dövlət başçısına "Mobil hökumət - mobil imza" layihəsi haqqında da geniş məlumat verildi. Bildirildi ki, vətəndaşlar öz mobil telefonlarından yararlanaraq bu xidmətdən istifadə edə bilərlər. Bu zaman elektron imzanı mobil imza əvəz edəcəkdir. Sistem elektron hökumətdən mobil hökumətə keçiddir. Mobil hökumətin devizi "Mənim hökumətim həmişə mənimlə"dir.
Azərbaycan Prezidentinə Biometrik Nəzarət Sistemi haqqında da məlumat verildi. Sistem vətəndaşların biometrik məlumatlarını toplamaqla ondan istifadə formalarını özündə əks etdirir. Sistemin əsas funksiyası biometrik məlumatları emal və tətbiq etməkdir.
Dövlət başçısı identifikasiya sənədlərinin hazırlanması sistemi ilə də tanış oldu. Bildirildi ki, bu sistem cəmi 2 dəqiqə 40 saniyə ərzində biometrik məlumatları əks etdirən identifikasiya sənədlərini hazırlayır.
Qeyd olundu ki, İnnovasiyalar Mərkəzinin nəzdində treninq mərkəzi də yaradılmışdır. Məqsəd "elektron hökumət", elektron xidmətlər haqqında ən müasir bilikləri əməkdaşlara çatdırmaqdır. Bunun üçün müasir avadanlıq və proqram təminatından istifadə olunur. Sistem sensorlu elektron lövhədən və noutbuklardan ibarətdir. Lövhə və noutbuklar Wi-Fi vasitəsilə bir şəbəkədə birləşmişlər. Lövhədə yazılan hər bir informasiya noutbukların ekranında əks olunur.
Prezident İlham Əliyev lövhədə "ASAN xidmət"in əməkdaşlarına uğurlar arzulayıram. Yeni iliniz mübarək" sözlərini yazdı.
Dövlət başçısı "Çağrı" mərkəzində də oldu.
Məlumat verildi ki, vətəndaş mərkəzə gəlmədən internet və ya telefonla bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta bilər. "Çağrı" mərkəzi, eyni zamanda, videoqəbul vasitəsilə vətəndaşlara informasiya xidmətini həyata keçirəcəkdir.
Prezident İlham Əliyevə "ASAN xidmət" mərkəzlərinin perspektiv inkişaf planlarını əks etdirən layihələr barədə də məlumat verildi.
Bildirildi ki, 1 nömrəli "ASAN xidmət" mərkəzi pilot layihə olduğu üçün ilkin mərhələdə bu mərkəz paytaxtın Nəsimi və Nərimanov rayonlarının sakinlərinə xidmət göstərəcəkdir. Bir müddət sonra isə qeydiyyat yerindən asılı olmayaraq, bütün vətəndaşlar bu xidmətdən yararlana biləcəklər. Mərkəzdə əlil vətəndaşların binaya daxil olmaları və onların istənilən mərtəbəyə qalxmaları üçün ən müasir standartlara cavab verən xüsusi araba da alınmışdır.
Yaradılmış
şəraiti yüksək qiymətləndirən Prezident
İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini
verdi.
AzərTAc
Azərbaycan.-2012.- 30 dekabr.- S.1.