Prezident İlham Əliyev Bakının FüzuliMirzağa Əliyev küçələrinin

 arasında yaradılan yeraltı avtomobil dayanacağında, park,

 bağ və fəvvarələr

 kompleksində inşaat işlərinin gedişi ilə tanış olmuşdur

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Bakının Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında yeraltı avtomobil dayanacağında, park, bağ və fəvvarələr kompleksində inşaat işlərinin gedişi ilə tanış olmuşdur.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tikintinin layihəsi əsasında dövlət başçısına məlumat verdi.

Bildirildi ki, Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq Bakı şəhərinin infrastrukturunun təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Paytaxtın yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur, tıxacların aradan qaldırılması ilə bağlı əsaslı işlər görülür. Paytaxtın Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında yeraltı avtomobil dayanacağının və park kompleksinin inşası tıxacların aradan qaldırılması və əhalinin rahat gediş-gəlişinin və istirahətinin təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir.

Diqqətə çatdırıldı ki, kompleksin birinciikinci mərtəbələrində yeraltı avtomobil dayanacağı, üçüncü mərtəbədə isə bu infrastrukturu fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün ayrıca yarımstansiya quraşdırılacaqdır. Yanğınsöndürmə hovuzu və avadanlığı, avtomobil qazlarının təmizlənməsini idarə edən qurğular və işçilərin xidməti otağı da üçüncü mərtəbədə yerləşəcəkdir. Bu mərtəbədə, eyni zamanda, dayanacağın üstündə salınacaq parkdakı fəvvarələrin texniki stansiyaları, parkın suvarılması üçün nəzərdə tutulan su anbarı yerləşəcəkdir. Yeraltı dayanacaq 4 minə yaxın avtomobil üçün nəzərdə tutulmuşdur. Burada indiyədək ümumilikdə 205 min kvadratmetr sahədə inşaat işləri görülmüşdür.

Məlumat verildi ki, avtomobil dayanacağında yanğın təhlükəsizliyi ilə bağlı 31 əlavə giriş-çıxış olacaqdır. Dayanacaqda bütün texniki xidmətlər ən müasir standartlara cavab verəcəkdir. Dayanacağın üstündə isə sahəsi 70 min kvadratmetr olan park, bağ və fəvvarələr kompleksi yaradılacaqdır. Kompleksə əhalinin rahat və təhlükəsiz gediş-gəlişi üçün 7 yeraltı piyada keçidinin inşa olunacağı qeyd edildi.

Bildirildi ki, yeraltı dayanacaqdan park, bağ və fəvvarələr kompleksinə qalxmaq üçün 14 lift və 30 eskalator quraşdırılacaqdır. Əlillər üçün də əlavə 10 eskalator quraşdırılacaqdır. Kompleksin yaxınlığında - Füzuli küçəsindəki 39 nömrəli yaşayış binası tarixi memarlıq nümunəsi olduğu üçün sökülmədən 11 metr arxaya sürüşdürüləcəkdir. Ağırlığı 18 min ton olan bu tarixi memarlıq nümunəsinin sürüşdürülməsini Hollandiyanın "Bressel" şirkəti həyata keçirəcəkdir. Kompleksin ətrafındakı binalarda və ərazilərdə əsaslı abadlıq-quruculuq işləri də görüləcəkdir.

 

 

AzərTAc

Azərbaycan.-2012.- 30 dekabr.- S.2.