Azərbaycan Turizm İnstitutunda akademik Ramiz Mehdiyevin

«Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi»

 məqaləsi müzakirə edilmişdir

 

Azərbaycan Turizm İnstitutunda (ATİ) akademik Ramiz Mehdiyevin "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" məqaləsi müzakirə edilmişdir.

ATİ-dən AzərTAc-a bildirmişlər ki, tədbirdə bu ali təhsil ocağının rektoru, professor Cəfər Cəfərov akademik Ramiz Mehdiyevin məqaləsinin müasir dövrdə böyük əhəmiyyətindən danışmış, tarixçi alimlər üçün dəyərli elmi istiqamət olduğunu vurğulamışdır.

ATİ-nin "İctimai fənlər" kafedrasının müdiri İbrahim Əliyev geniş məruzə ilə çıxış etmişdir. Məruzədə xüsusi vurğulanmışdır ki, məqalə Azərbaycan tarixinin aktual problemlərindən birini gündəmə gətirməklə yanaşı, ölkə ictimai elmləri üçün son dərəcə əhəmiyyətli sayılan metodoloji əsaslı məsələlərin həll edilməsinə tutarlı töhfə olmuşdur. Məqalədə Şah İsmayılın Azərbaycan tarixində rolu, Səfəvilər dövlətinin tarixdəki yeri, dövlətçilik ənənələrinin formalaşması, azərbaycançılıq ideyasının təşəkkülü və dövlətin mövqeyi önə çəkilmiş, eyni zamanda konkret məsələlərə münasibətdə həmin metodologiyadan bəhrələnmənin parlaq nümunəsi nümayiş etdirilmişdir.

Tədbirdə çıxış edənlər akademik Ramiz Mehdiyevin "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" məqaləsini Azərbaycan ictimai elmlərində nəzəri baza və düzgün yanaşma təlqin edən qiymətli bir mənbə kimi dəyərləndirmişlər.

 

Azərbaycan.-2012.- 30 dekabr.- S.8.