Qəlblərdə yaşayan aktyor

 

Sənət əsərləri yaratmaq hər  kəsə nəsib olmur. O sənətkarlara nəsib olur ki, onlar bu sahədə əsl məktəb yaradırlar. Azərbaycan teatr sənətində də belə yaradıcı şəxsiyyətlər zaman-zaman yetişibbu gün də həmin ənənə  yeni nəsil tərəfindən davam etdirilməkdədir.

Bir insan ömründə yüzlərlə xarakterin formalaşdırılması heçasan deyil. Bəzən deyilir ki, "...filankəsin xarakterini dəyişmək olmaz, çünki artıq formalaşıb". Doğrudan da,  müəyyən dövrdən sonara insan xarakterinə  nə "korrektə" mümkündür, nə də "redaktə". Lakin aktyorluq sənətində bunu etmək və ya bacarmaq  olduqca vacibdir. Əgər aktyor ona tapşırılan obrazın (mənfi və ya müsbət olmasının fərqi yoxdur) xarakterini aça bilirsə, demək, onu özününküləşdirir ki, bu da  səhnə sənətində mühüm  vacib məsələlərdəndir.

Azərbaycan teatr tarixinə nəzər salanda müxtəlif obrazlar qalereyası yaratmış sənətkarlar nəsli ilə tanış olursan. Bu da xalqımızın mədəniyyətinin zəngin və klassik ənənəyə söykənməsi deməkdir.

Səhnəyə 14 yaşında çıxaraq həyatını və yaradıcı fəaliyyətini teatra bağlayan Məmmədağa Ağakərim oğlu Dadaşov 1912-ci ildə Bakıda doğulub. Hələ erkən yaşlarında aktyorluq qabiliyyətini hiss etdiklərindən,  onu 40 saylı pionerlər evinin  nəzdində fəaliyyət göstərən dram dərnəyinə qəbul ediblər. Bu dərnəyin yetişdirdiyi onlarca və bəlkə də yüzlərcə aktyor sonralar Azərbaycan  professionalakademik teatrının formalaşmasına öz istedadları ilə töhfə veriblər. Onu da qeyd edək ki, Gənc Tamaşaçılar Teatrı məhz həmin dərnəyin bazası əsasında yaranıb və truppanın ilk aktyorlarının sırasında Məmmədağa Dadaşov da olub.

Yaradıcılığa çox erkən yaşlarından başlayan və əməkdar artist fəxri adına layiq görülən Məmmədağa Dadaşovu digər həmkarlarından fərqləndirən cəhətlərdən biri onun əvvəldən axıra kimi Gənc Tamaşaçılar Teatrının səhnəsindən aralanmaması və kollektivi özünün doğması hesab etməsi olub. O, burada şagirdlikdən müəllimliyədək yaradıcı yol keçib, sözün həqiqi mənasında, püxtələşib, sənət korifeyləri ilə təmas qurub, onların bir çoxunun tərəf-müqabilinə çevrilib. Məhz bu sənət ocağında müxtəlif xarakterli obrazlar qalereyası yaradıb.

Dünyaya gəlişindən bir əsr ötür unudulmaz sənət aşiqinin. Məmmədağa Dadaşov komediya, faciə, dram əsərləri və nağıl-tamaşalarda müxtəlif səciyyəli rollar oynayıb. O, aktyorluq sənətinin vacib amillərindən olan başqalaşmanı, obrazdan-obraza dəyişməni   məharətlə bacarırdı. Mütəxəssislərin onun barəsində söylədiklərinə söykənsək, deyə bilərik ki, Məmmədağa Dadaşov səhnədə həm özü olub, həm də xarakterinə kökləndiyi rolun sahibi. O, səhnədə daim iki obraz arasında çarpışıb - təzadlı, oxşarlı. Aktyor güldürməyi,  düşündürməyi bacardığı üçün  sevildi, rollarında yaşadı. Bu, teatrda yaşama məktəbi deməkdir. Onları sıralamaq istəsək, əlbəttə, uzun bir siyahı alınar. O, Azad, Valer, Leandr, Vəhşi pişik,  Eloğlu, Çingiz, Məhkəmə sədri, Ağa Zaman, Məşədi Qurban, Hatəmxan ağa, Hacı Saleh, İmran, Nüsrət, Simnar xan,  Casus,  Qasım xan, Milan hersoqu, Montekki, Mirbağır ağa, Molla Səfi, Mirzə Qoşunəli, Jandarıma polkovniki, Tağı müəllim... kimi yaddaqalan rollarında özünün aktyorluq bacarıq və qabiliyyətini ifadəli şəkildə göstərə bilib.

Məmmədağa Dadaşov 1996-cı ildə əbədi olaraq səhnəyə vida deyib. O, nəinki sənətsevərlər, həm də peşəkarlar, dostlar, həmkarlar tərəfindən həmişə ehtiramla anılıb, xatırlanıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ölməz sənətkar, unudulmaz teatrkino aktyoru, əməkdar artist Məmmədağa Dadaşovun anadan olmasının 100 illik yubileyinə həsr edilən gecə də  keçirilib. Tədbirdə teatrın direktoru, əməkdar artist Mübariz Həmidov onun çoxşaxəli yaradıcılığına nəzər salaraq səhnə sənətindəki yerindən danışıb: "Bizim missiyamız Məmmədağa Dadaşovun banilərindən biri olduğu, 85 illik  şərəfli tarixə malik Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrını gələcək nəsillərə ötürərək, cismən bizdən ayrı olan bu korifey sənətkarı daim qəlblərdə yaşatmaqdır".

Xalq artisti, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov yubilyarın  komediya, faciə, nağıl-tamaşalarda yaratdığı müxtəlif xarakterli obrazlar qalereyasının, bir-birindən fərqli ampluaların gənc nəslin aktyorları üçün zəngin məktəb olduğunu diqqətə çatdırıb. Xalq artisti Yasin Qarayev, Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Cəfər Namiq Kamal və başqaları sənətkarla bağlı xatirələrini dilə gətiriblər.

Tədbirdə Dadaşovlar nəslinin layiqli davamçısı Dövlət Rus Dram Teatrının aktrisası Həcər Ağayeva mahnılar səsləndirib. Musiqili Komediya Teatrının yaradıcılıq studiyasının "Təbəssüm" rəqs qrupuDadaşovlar nəslinin daha bir davamçısı, İncəsənət Gimnaziyasının müəllimi rəqqas Tahir Eynullayev öz rəqsləri ilə ölməz sənətkarın yubiley tədbirinə əlavə çalar qatıblar. Səhnə fədaisinin özündən sonra sənətini yaşadanların arasında aktyorun qızı, əməkdar artist Kübra Dadaşovanın olması heç  təsadüfi deyil. Demək, həyatını aktyorluq sənətinə həsr etmiş Məmmədağa  Dadaşov ailədə də öz peşəsini sevdirə bilmiş, buna görə də varis yetişdirmişdir. Bu isə Azərbaycan mədəniyyəti və incəsənətinə sənət və sənətkar töhfəsidir. Unudulmaz sənəkarın yaradıcılıq yolu bundan sonra da daim öyrəniləcək və yaşadılacaq. Çünki əsl sənət və sənətkar əbədilik pasportu qazanır, Məmmədağa müəllimin sənəti və sənətkarlığı kimi.

 

 Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2012.- 30 dekabr.- S.11.