«Reuters» agentliyi antiazərbaycançı şəbəkənin

 dəyirmanına su tökməklə əslində özünü gözdən salır

 

ABŞ Dövlət Departamentinə istinadən Azərbaycanı təhlükəli ölkələr sırasına daxil edən agentlik görəsən hansı kriteriyalara əsasən bu qənaətə gəlib?

 

 

Dinamik və davamlı inkişaf yolunda olan Azərbaycanın uğurları ildən-ilə çoxalmaqdadır. İstər siyasi, istər iqtisadi, istər sosial, idman, mədəniyyət və digər sahələrdə qazanılan nailiyyətlər respublikamızın regional və beynəlxalq nüfuzunun artmasına, dünyada daha yaxından tanınmasına böyük töhfələr verməkdədir. İndi Cənubi Qafqazın liderinə çevrilən, Avropanın və bir sıra aparıcı dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycanla dünyada hesablaşır, mövqeyini bölüşürlər.

Başa çatmaqda olan 2012-ci il də, ötən illər kimi, Azərbaycanda mühüm siyasi, iqtisadi, sosial uğurlarla əlamətdardır. Bu uğurların sayı artacaq, Azərbaycan daha güclü və qüdrətli dövlətə çevriləcəkdir. Lakin təəssüflə qeyd etməliyik ki, Azərbaycan inkişaf etdikcə, nüfuzunu artırdıqca, beynəlxalq mövqelərini gücləndirdikcə uğurlarımıza qənim kəsilənlər də ortaya çıxır, hər vəchlə ölkəmizə, xalqımıza qara yaxmağa çalışırlar. Belə sifarişlərin haradan gəldiyi məlumdur. Erməni lobbisi və bütövlükdə antiazərbaycançı şəbəkə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi ilk gündən ölkəmizə qara yaxmaqla məşğuldur. Lakin Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu və tərəqqisini gözü götürməyən bu qüvvələrin zaman-zaman həyata keçirmək istədikləri bütün təxribatlar, cəhdlər xalqımızın birliyi, Heydər Əliyev siyasətinin təntənəsi və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində iflasa uğramışdır.

Bu günlərdə "Reuters" agentliyinin ABŞ Dövlət Departamentinə istinadən Azərbaycanın guya Əfqanıstan, Sudan, Liviya kimi təhlükəli, riskli ölkələr sırasına daxil edilməsi barədə yaydığı məlumat ölkəmizə qarşı dezinformasiya, onun reallıqlarını təhrif etmək, uğurlarını gözdən salmaq cəhdidir. Maraqlıdır ki, belə cəhdlər adətən Azərbaycanın mühüm beynəlxalq uğurlara imza atdığı vaxtlarda meydana çıxır. Məsələn, "Eurovision" mahnı müsabiqəsi ərəfəsində ölkəmiz haqqında çoxsaylı yalan məlumatlar yayaraq beynəlxalq ictimai rəyi ölkəmizə qarşı yönəltməyə çalışdılar. Növbəti təxribatçı informasiyaların Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərarın qəbul olunması ilə bağlılığı şübhəsizdir. Görəsən Azərbaycanı təhlükəli ölkələr sırasına daxil edənlər hansı kriteriyalar üzrə qiymətləndirməyə əsasən bu nəticəyə gəliblər?  Bu kimi informasiyalar belə təəssürat yaradır ki, ABŞ-ın xarici siyasəti koordinasiya olunmur, müxtəlif daxili qüvvələr, lobbi qrupları öz maraqlarına uyğun istədiklərini edirlər.

Məsələ ilə əlaqədar olaraq siyasətçilərin, qeyri-hökumət təşkilatların nümayəndələrinin fikirlərini öyrəndik.

 

Hadi RƏCƏBLİ - Milli Məclisin Sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru:

 

- Azərbaycanın son illərdə dinamik inkişafı, xüsusən BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi və "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi etməsi dostlarımızı sevindirdi, düşmənlərimizin isə gözünü çıxardı. Elə buna görə də antiazərbaycançı dairələr ölkəmizə qarşı yeni çirkin kampaniyalara başlayıblar. "Amnesty İnternational" və "Human Right Watch", "Fredom House" kimi təşkilatlar tərəfindən antiazərbaycançı şəbəkənin sifarişi ilə hazırlandığı məlum olan, qərəzli və heç bir əsası olmayan hesabatlar bunu təsdiq edir.

Bu gün Avropaya inteqrasiya yolu tutan Azərbaycan həm də bütün bəşəriyyətə qarşı təhlükə olan terrorizmlə mübarizə aparır. Azərbaycan həm də Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verən strateji tərəfdaşdır. Torpaqlarının Ermənistan tərəfindən işğalına baxmayaraq, Azərbaycan demokratiya yolu ilə inkişaf edir, cəmiyyətimiz öz tolerantlıq ənənələrini saxlayır və inkişaf etdirir. Lakin bəzi təşkilatların bütün bunları görmək, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində

1 milyona yaxın azərbaycanlının hüququnun pozulmasına münasibət bildirmək əvəzinə antiazərbaycançı şəbəkənin sifarişi ilə iftira dolu qətnamə ortaya qoyması dünyadakı ikili standartların davamından xəbər verir.

"Reuters" agentliyinin ABŞ Dövlət Departamentinə istinadən yaydığı məlumat da bunun göstəricilərindəndir. Bu gün Azərbaycan dünyanın ən sabit ölkələrindən biridir. Ölkə daxilində əcnəbilərin sərbəst hərəkəti üçün heç bir təhlükə yoxdur! Azərbaycan hüquq-mühafizə orqanları baş verə biləcək cinayət hadisələrinin qarşısını alırlar və ölkədə təhlükəli mühit mövcud deyil!

Amma ABŞ kimi dövlətin özündə vəziyyət olduqca riskli və təhlükəlidir. Məsələn, ABŞ-da bir neçə gün əvvəl gənc bir oğlan məktəbə silahla daxil olaraq 20 kiçik yaşlı şagirdi və 6 müəllimi qətlə yetirdi. 62 yaşlı kişi həbsxanadan müvəqqəti icazə alaraq öz evini yandırdı, bacısını alovlar içində qoydu, yardıma gələn yanğınsöndürənlərdən ikisini güllələdi. Norveçdə isə Anders Breyvik adlı birisi 77 günahsız insanı qətlə yetirdi. Bunlartez unuduldu? Bundan başqa Avropanın müxtəlif ölkələrində, xüsusilə də Fransada baş alıb gedən islamofobiya insanların təhlükəsizliyinə risk yaratmırmı? Görəsən "Reuters" agentliyi niyə bunları görməzliyə vurub? Bu cür ədalətsiz yanaşma dünyada ədalət anlayışının özünə təhlükə deyilmi?

Belə təhdid və dezinformasiyalar heç zaman Azərbaycanı haqq yolundan döndərə bilməz! Primitiv təxribatlarla ölkəmizi gözdən salmaq istəyən qüvvələrə Azərbaycan real işləri, o cümlədən dünya və beynəlxalq  səviyyəli tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığı, təhlükəsizliyi, firavanlığı, dinamik inkişafı ilə cavab verir.

 

Əliməmməd Nuriyev - Konstitusiya Araşdırmaları Fondunun prezidenti:

- Son illərdə qəribə bir tendensiya müşahidə edilməkdədir. Azərbaycanın uğurları artdıqca, inkişafı sürətləndikcə bəzi beynəlxalq təşkilatlarda media qurumlarında ölkəmizə münasibətdə qərəzli informasiyaların sayı artır. Təbii ki, ölkə inkişaf etdikcə daha da güclənir. Şübhəsiz ki, gücləndikcə apardığı siyasətin müstəqillik dərəcəsi artır. Belə olan halda bir sıra təşkilatların, dövlətlərin, ayrı-ayrı maliyyə-iqtisadi siyasi qurumların ölkəyə təzyiq imkanları da məhdudlaşır. Ona görə onlar müxtəlif üsul vasitələrdən, o cümlədən medianın imkanlarından istifadə edərək qərəzli münasibət nümayiş etdirirlər. Bu baxımdan Azərbaycanın riskli ölkələr sırasına daxil edilməsi qərəzin növbəti nümayişi olmaqla bərabər, həm çox absurd yanaşmadır.

İstənilən ölkəni riskli hesab etmək üçün müəyyən kriteriyalar var. Bunlar hansılardır? İlk növbədə həmin ölkə "qaynar nöqtə"lərdən biri olmalıdır. Azərbaycanın ərazilərinin işğal olunmasına baxmayaraq, hazırda atəşkəs rejimi qüvvədədir.  Digər tərəfdən kütləvi iğtişaşların geniş miqyas alması, qanlı hərbi qarşıdurmaların olması həmin ölkəni riskli ölkələr sırasına daxil edir. Azərbaycanda isə ümumiyyətlə, belə bir hadisə baş vermir. Ölkədə güclü siyasi ictimai sabitlik mövcuddur. Amma təəssüflə qeyd etməliyik ki, müsəlmanlara qarşı soyqırımının törədildiyi Myanmanın adı riskli ölkələr sırasına salınmayıb.

Azərbaycana gələn xaricilərə onların əmlakına qarşı münasibətdə indiyədək heç bir hadisə baş verməyib. Ölkəmizdə fəaliyyət göstərən bütün xarici şirkətlərin sərmayələri etibarlı şəkildə qorunur. Yəni Azərbaycanda xarici sərmayələr üçün heç bir təhlükə yoxdur bu, ölkəmizdəki sabitliyin, hüquq azadlıqların etibarlı qorunmasının ən bariz göstəricilərindən biridir. Eyni zamanda ölkəmizdəki səfirlər şəxsi maraqları ilə bağlı Azərbaycanın müxtəlif yerlərinə gedirlər. Bu da ondan xəbər verir ki, Azərbaycanda səyahət etmək hər bir əcnəbi üçün təhlükəsizdir. Amma Avropanın elə ölkəsi var ki, orada axşam saat 11-dən sonra küçəyə çıxmaq təhlükəlidir!

Ölkəmizdəki yüksək iqtisadi artım, regionların tərəqqisi deməyə əsas verir ki, Azərbaycan riskli ölkə deyil! İndiyədək ölkəmizdə onlarla beynəlxalq tədbir keçirilib. O cümlədən 2012-ci ildə bir neçə beynəlxalq siyasi, iqtisadi, mədəniyyət idman tədbirinin ünvanı Azərbaycan oldu. Bunun özü Azərbaycandakı sabitliyin ən mühüm göstəricilərindən biridir. Azərbaycan qeyri-sabit ölkə olsaydı, heç BMT Təhlükəsizlik Şurasının üzvü seçilməzdi. Təsadüfi deyil ki, ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsində Azərbaycanın təhlükəsiz ölkə olması əsas rol oynamışdır.

Bütün bunlar göstərir ki, Azərbaycanın riskli ölkələr sırasına daxil edilməsi absurddur. Azərbaycan nəinki Cənubi Qafqazın, MDB-nin, hətta Avropanın dünyanın ən sabit ölkələrindən biridir.

 

 

Rufiz Qonaqov - QHT Əməkdaşlıq Alyansının həmsədri:

 

- Bu günlərdə "Reuters"  agentliyi ABŞ Dövlət Departamentinə istinadla Azərbaycana qarşı ədalətsiz məlumat yayıb. Guya Azərbaycan Əfqanıstan, Sudan Liviya kimi təhlükəli riskli ölkədir. Mənə elə gəlir ki, bu, "Freedom House"dən sonra Azərbaycana qarşı növbəti təxribatçı ikili standartlara söykənən yanaşmadır.

Bu gün Azərbaycanda mükəmməl qanunvericilik bazası formalaşdırılıb. Ölkəmiz demokratiya sahəsində böyük uğurlar əldə edib. Bütün bunlarla yanaşı Azərbaycanda ictimai-siyasi sabitlik tam təmin olunub. Burada digər ölkələr kimi, terror hadisələri baş vermir. Ölkəmizdə başqa xalqların nümayəndələrinə qarşı heç bir ayrı-seçkilik yoxdur. Bu mənada ABŞ Dövlət Departamentinə istinadən belə bir məlumatın yayılması sözsüz ki, həm bir ictimaiyyət nümayəndəsi, həm 55 QHT-ni birləşdirən bir qurumun həmsədri kimi məni olduqca narahat etdi. Hesab edirəm ki, belə məlumatlar Azərbaycana qarşı həm qərəzli münasibətdən, həm ikili standartlardan irəli gəlir.

Əgər müqayisə aparsaq, görərik ki, Azərbaycan qədər hazırda beynəlxalq tədbirlərə ev sahibliyi edən ikinci bir dövlət yoxdur! Bakıda may ayında "Eurovision" musiqi yarışmasının, beynəlxalq humanitar forumun, İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının, qızlar arasında futbol üzrə dünya çempionatının digər onlarla bu kimi beynəlxalq mötəbər tədbirin keçirilməsi, o cümlədən ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərarın qəbul edilməsi göstərir ki, Azərbaycan beynəlxalq miqyasda təhlükəsiz ölkə kimi qəbul edilir.   Bu gün Azərbaycan qədər sabitliyi təmin edən azsaylı ölkə göstərmək olar. Ölkəmizdə hər hansı bir təxribatın baş verməsi mümkün deyil!

Elə müəyyən qüvvələri, antiazərbaycançı şəbəkəni, erməni lobbisini narahat edən məsələlərdən biri Azərbaycandakı sabitlikdir. Onlar ölkəmizlə bağlı beynəlxalq miqyasda yanlış təəssüratlar yaratmaq üçün müəyyən media qurumlarından yararlanaraq belə dezinformasiyalar yayırlar. Amma bu informasiyanı sübut etmək üçün əllərində heç bir fakt yoxdur! Ona görə Azərbaycanın adının riskli təhlükəli ölkələr sırasına daxil edilməsi bu məsələnin kökündə Azərbaycanı sevməyən ayrı-ayrı siyasi dairələrin maraqları dayanır. Belə bir məlumatın yayılması digər tərəfdən "Reuters" kimi agentliyin nüfuzuna obyektivliyinə ciddi zərbə vurur.

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2012.- 30 dekabr.- S.8.