Moskvada Azərbaycan məktəbi

 

Hər bir insanın təbiətinə, onun xarakterinə bələd olmaq üçün ilk növbədə həmin şəxslə ünsiyyətdə olursan. Onun həyata, dünyaya, ictimai-siyasi hadisələrə, dövrün mürəkkəb və ziddiyyətli məqamlarına baxışını, münasibətini öyrənirsən. Sonra isə həyat və əməl tarixçəsinə nəzər salırsan. Həmişə də müşahidə etmişəm ki, daim irəliyə baxan, axtarışlarda olan, işgüzarlığı, polemik ruhu ilə fərqlənən insanlarda cəsarət və yenilməzlik üstünlük təşkil edir. Adama elə gəlir ki, bu insanlar dünyaya fasiləsiz, tənəffüssüz işləmək üçün gəliblər. Hər yerdə xalıqını və millətini yüksəkdə tutub, onun ağrıları, acıları ilə yaşayıb, haqqın qələbəsinə çalışıb, ətalətin sükutunu pozanlardan olublar. Bu keyfiyyətləri respublikanın əməkdar müəllimi, Moskvada fəaliyyət göstərən general-leytenant Kərim Kərimov adına 157 nömrəli Azərbaycan etnomədəni komponentli ümumtəhsil məktəbinin direktoru Aida Şahvələd qızı Quliyevada gördüm. O, ictimaiyyət arasında tanınan, sayılıb-seçilən ziyalılarımızdandır. Aida xanım 1950-ci il avqustun 3-də Mingəçevirdə anadan olub. Orta təhsilini də həmin şəhərdəki 3 nömərli məktəbdə alıb. Azərbaycan Dövlət Universitetinin (indi BDU) tarix fakültəsini bitirib. Sonra aspiranturada oxuyub, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda işləyib.

Aida xanım artıq 35 ildir Moskva şəhərində yaşayır. 1997-ci ildən Moskvadakı Kərim Kərimov adına 157 nömrəli Azərbaycan etnomədəni komponentli orta məktəbin direktorudur. Onunla üç dəfə telefon danışığımız oldu. Hər dəfə də səmimiyyəti, mehriban ünsiyyəti ilə diqqətimi çəkdi. Aida xanımın təhsil islahatları ilə bağlı fikirləri, bu prosesin qanunauyğunluqları barədə mülahizələri, müasir dövrün tələbləri baxımından yeniliyə meyli maraqlı təsir bağışlayırdı. Ana dilində sadə, lakin sərrast, məntiqli danışırdı. Yenilikçi təhsil təşkilatçısının mövqeyi, tutduğu yol, axtarışlarının istiqaməti aydın idi, hər yeni hadisəyə həssaslıqla yanaşmağa və qiymət verməyə çalışırdı.

A.Quliyeva "Moskvanın 850 illiyi" xatirə medalı, "Rusiya Federasiyası ümumi təhsilinin fəxri işçisi" döş nişanı, "III dərəcəli Sülh ordeni", "Millətin şöhrəti ordeni", bir çox fəxri fərmanlarla təltif olunub. Qabaqcıl təhsil təşkilatçısı "Avrasiya qadınları" İcra Komitəsinin üzvü seçilib, eləcə də Moskva hökuməti yanında Millətlərin İşi üzrə Şuranın Təhsil Komissiyasının, Ali Attestasiya Komissiyası İcra Şurasının, Ali Attestasiya katibliyinin üzvüdür. O, "Rusiya Federasiyasının təhsil haqqında" qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" federal qanun layihəsinin hazırlanmasında, həmçinin "Azərbaycan Mədəni-Təhsil Mərkəzi haqqında Əsasnamə"nin işlənməsində iştirak edib. Onun Moskva hökumətinin iclaslarında  və Dövlət Dumasında etnomədəni təhsil məsələləri ilə əlaqədar çıxışları hər zaman maraqla qarşılanıb.

 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Bu adı Aida xanım özünün çoxillik və səmərəli fəaliyyəti ilə doğruldub. 42 illik əmək fəaliyyətinin 33 ili pedaqoji işə sərf olunub. Bu illər ərzində o özünü yaradıcı, təşəbbüskar, pedaqogika və psixologiyanın əsaslarını bilən müəllim kimi göstərə bilib. Son dövrdəki fəaliyyəti Aida xanımın rəhbərlik etmək qabiliyyətini də üzə çıxarıb. O, çoxmillətli müəllim kollektivinə bacarıqla rəhbərlik edir. Burada işgüzar atmosfer yaradıb. Məzunların 80 faizinin tələbə adını qazana bilməsi, məktəbdə 31 millətin uşaqlarının bir-birilə dil tapması da Aida müəllimənin zəhmətinin bəhrəsidir.

Bütün bunlarla yanaşı, A.Quliyeva etibarlı, çətinliyə düşənə kömək əli uzadan, problemlərdən çıxış yolu tapa bilən insandır. Maraqlı müsahibdir. Yüksək ünsiyyət mədəniyyəti ilə seçilən Aida xanımdan müsahibə almağı qərarlaşdırdıq. Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində qəzetimizə verdiyi müsahibəsində təhsil ocağının nailiyyətləri ilə yanaşı, Azərbaycan diasporunun fəaliyyəti barədə də fikirlərini bölüşdü.

- Aida xanım, uzun illər Moskvada yaşayan və işləyən bir azərbaycanlı kimi Rusiyadakı diasporumuzun fəaliyyəti haqqında nə deyə bilərsiniz?

- Şübhəsiz, hər bir müstəqil dövlətin beynəlxalq nüfüzu onun ölkə hüdudlarından kənarda formalaşdırdığı diasporun fəaliyyət imkanlarının səviyyəsi ilə ölçülür. Bu amili nəzərə alan xalqlar dünya miqyasında mənafelərini layiqincə qoruyur, ümummilli problemlərinin həllinə nail olur, öz dilini, mədəniyyətini, incəsənətini, tarixini lazımi səviyyədə təbliğ edirlər. Bir faktı da vurğulamaq istəyirəm ki, son 20 ildə demokratik və hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımların atılması, ciddi elmi əsaslara söykənən sosial-iqtisadi siyasət strategiyasının reallaşdırılması Azərbaycanı intensiv inkişaf yoluna çıxarıb. Təbii ki, belə bir tərəqqi yolunda əldə etdiyimiz böyük nailiyyətlərdə dünyanın müxtəlif ölkələrində yaşayan, ürəklərində azərbaycançılıq amalı daşıyan həmvətənlərimizin də müstəsna payı var.

Dünya azərbaycanlılarının 2011-ci il iyunun 4-də keçirilmiş III qurultayı göstərmişdir ki, Vətənimizın inamla irəliləyərək iqtisadi artım tempinə görə dünyanın lider dövlətinə çevrilməsi, Cənubi Qafqazda əsas söz və nüfuz sahibi kimi çıxış etməsi dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızı daha da ruhlandırıb. Ölkəmizin yüksək inkişafı şəraitində Rusiyada yaşayan azərbaycanlılar da üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirməyə çalışırlar. Hazırda Azərbaycanın ən böyük diasporu məhz Rusiyada fəaliyyət göstərir. Ümumrusiya Azərbaycanlıları Konqresi onların vahid məqsədlər ətrafında təşkilatlanması naminə bütün zəruri tədbirləri həyata keçirir. Azərbaycan həqiqətlərinin, mədəniyyətinin, incəsənətinin Rusiya ərazisində geniş təbliği, xalqlarımız arasında tarixi dostluq əlaqələrinin inkişaf etdirilməsi sahəsində burada yaşayan azərbaycanlılar yüksək fəallıq göstərirlər. Məqsədimiz Vətənimizi olduğu kimi, bütün zəngin mədəni dəyərləri ilə tanıtmaqdır.

- Heydər Əliyev Fondunun Rusiyada həyata keçirdiyi layihələr necə qarşılanır?

- Heydər Əliyev Fondu xalqımızın düşüncə sistemində yer alan mərhəmət, insanpərvərlik, xeyirxahlıq kimi ali dəyərlərə istinad etməklə burada yaşayan azərbaycanlıların dərin rəğbətini qazanıb. Rusiya ilə Azərbaycan arasında sosial-mədəni əməkdaşlığın dərinləşdirilməsində, müştərək təhsil və mədəniyyət layihələrinin həyata keçirilməsində fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri həqiqətən böyükdür.

Fondun Moskva nümayəndəliyi Sankt-Peterburq, Tver, İvanovo və Tula vilayətlərinin rəhbərliyi ilə səmərəli əlaqələr qurub, Rusiya hakimiyyətinin və biznesinin digər regional elitası ilə də münasibətlər yaradıb. Nümayəndəlik Azərbaycanın ən yeni tarixinin həm kədərli, həm də təntənəli məqamları ilə əlaqədar genişmiqyaslı aksiyalara, təşkil etdiyi tədbirlərə Rusiya siyasi elitasının nümayəndələrini də dəvət edir. Bu kontekstdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatların yayılması kimi çox mühüm məqamı da xatırlatmamaq olmaz. Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən çoxsaylı tədbirlərdə münaqişənin tarixi, Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti barədə iştirakçılara daim geniş məlumat çatdırılır. Onun təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət - Qarabağa azadlıq" kampaniyası Rusiya vətəndaşlarına erməni vəhşilikləri ilə yaxından tanış olmaq imkanı verir.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin yerinə yetirdiyi nəcib missiyalardan biri də həyata keçirilən xeyriyyə tədbirləridir. Qurum Rusiyanın yetim uşaqlar üçün olan internat məktəblərinə yardım göstərir, əlil uşaqlar üçün xeyriyyə aksiyaları keçirir. Leyla xanım Əliyevanın Azərbaycanı Rusiya sosiomədəni məkanına müasir ölkə kimi təqdim edən "Baku" aylıq jurnalını nəşr etdirməsi də Azərbaycanın təbliğində müstəsna rol oynayır.

Moskva nümayəndəliyi gəncləri bu ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak etməyə, daha sıx inteqrasiyaya və bununla bərabər, Azərbaycanın milli mədəniyyətinə qayğıkeşliklə yanaşmağa, onu qoruyub saxlamağa və yaymağa da çağırır. Bu mənada, Leyla Əliyevanın Moskvanın və digər şəhərlərin müxtəlif ali məktəblərinin tələbələri olan azərbaycanlı gəncləri ətrafında birləşdirən sima olması tamamilə qanunauyğun haldır. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri seçilməsi də qonşu ölkədə yaşayan azərbaycanlı gənclərin təşkilatlanmasında yeni mərhələnin başlanması kimi qiymətləndirilməlidir. Heydər Əliyev Fondunun Rusiyadakı Azərbaycan məktəblərinə göstərdiyi qayğı və diqqəti də xüsusi vurğulamaq lazımdır. Fondun xəttilə həmin məktəblərə hər il yeni dərsliklər, dərs ləvazimatları hədiyyə olunur. Bu diqqət və qayğını isə bizim məktəb də yaxından hiss edir və yüksək dəyərləndirir.

- Moskvada yaşayan azərbaycanlıların övladlarının milli ruhda təhsil alması, Vətənə bağlı olması həm də buradakı Azərbaycan məktəblərinin fəaliyyətindən asılıdır. Bu mənada, yaradılmasının 15 illiyini qeyd etdiyiniz 157 nömrəli orta məktəbin üzərinə düşən məsuliyyəti necə xarakterizə edərdiniz? Bilirik ki, belə bir məktəbin yaranması çoxdankı arzunuz olub və Sizin təşəbbüsünüzlə də reallaşıb.

- Həqiqətən də, bu gün xaricdə yaşayan azərbaycanlıların ən böyük problemlərindən biri doğma dillərini bilməsilə bağlıdır. Ulu öndər Heydər Əliyev  həmişə bildirirdi ki, ana dilini dərindən bilməyən gənc milli kökə, milli ideallara bağlı vətəndaş kimi formalaşa bilməz. Konkret sualınıza gəldikdə isə düzdür, hələ sovet dönəmində Moskvada belə bir məktəbin fəaliyyət göstərməsini çox arzulayırdım. 1990-cı ilin Qanlı yanvar hadisələri baş verəndə ilk dəfə Moskvada çoxlu azərbaycanlının yaşadığını gördüm. Həmin azərbaycanlılarla ünsiyyətdən hiss etdim ki, onların uşaqlarının əksəriyyəti Azərbaycan dilini bilmir, yaxud çox zəif bilir. Elə bu səbəbdən də arzum artıq məqsədə çevrildi. Moskvada bu cür məktəbin açılması üçün çalışmağa başladım. Azərbaycanın Moskvadakı nümayəndəliyinə getdim, məsələ qaldırdım. Nəhayət, 1992-ci ildə Azərbaycanın Rusiyadakı səfirliyində Moskvada çoxdan yaşayan və yaxın zamanlarda bura gəlmiş azərbaycanlıların uşaqlarına doğma dilimizi, tariximizi öyrətmək üçün bazar günü məktəbi yaradıldı. Məhz həmin məktəb bugünkü məktəbimizin sələfi oldu. Orada biz şagirdlərlə həftədə iki dəfə, yəni, şənbə və bazar günləri məşğul olurduq. Lakin tezliklə məlum oldu ki, təkcə bazar günü məktəbi ilə bu böyük işin öhdəsindən gəlmək qeyri-mümkündür. Müntəzəm fəaliyyət göstərən Azərbaycan məktəbinin yaradılması zəruri idi. Müvafiq proqam tərtib edib təhsil departamentinə getdim. Lakin xahişimizi qəbul etdirmək çətin idi. Yalnız istək və məqsədimizdən xəbər tutan ulu öndər Heydər Əliyevin köməyindən sonra məsələ öz həllini tapdı. Moskva hökumətinin qərarına əsasən 1997-ci ildə 157 nömrəli Azərbaycan etnomədəni komponentli orta ümumtəhsil məktəbi fəaliyyətə başladı.

2011-ci ildə məktəbimizə Azərbaycan xalqının fəxri, Sosialist Əməyi Qəhrəmanı, dövlət mükafatları laureatı, uzun illər Kosmik Uçuşların İdarə Olunması üzrə Dövlət Komissiyasının sədri işləmiş general-leytenant Kərim Kərimovun adı verildi. K.Kərimov sağlığında üç dəfə bizim məktəbimizdə olub, tədbirlərimizdə məmnuniyyətlə iştirak edib. İndi isə generalın qızı Suriyə xanım qonağımız olur, hər dəfə də kollektiv tərəfindən hərarətlə qarşılanır.

- Təbii ki, işin başlanğıcı çətin oldu...

 - Bəli. Fəaliyyətə 157 nömrəli rus məktəbinin bazasında başladıq. Açığı, bizi bu geridə qalmış məktəbə birləşdirmişdilər. Əvvəlki şagirdlərin biliyi çox zəif idi. Onları yaxşı oxumağa həvəsləndirmək, təhsilin səviyyəsini yüksəltmək böyük zəhmət və hövsələ tələb edirdi. Lakin biz bunun öhdəsindən gəldik.

- Məktəbiniz adi ümumtəhsil ocaqlarından nə ilə fərqlənir, burada hansı proqramları reallaşdırırsınız?

- Bu gün Moskva şəhərində müxtəlif millət və xalqlara məxsus 36 etnomədəni komponentli ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan biri də bizim təhsil ocağıdır. Təkrar edim ki, etnomədəni məktəblərin mövcud olması təhsil tarixində mütərəqqi səhifədir. Məktəbimiz Moskva hökuməti tərəfindən maliyyələşdirilir və dövlət məktəbi statusunu daşıyır. Fəaliyyətində əsas məqsəd isə Moskvada yaşayan həmvətənlərimizin övladlarına Azərbaycan dilini, tarixini, xalqın adət-ənənələrini, mədəniyyətini öyrətməklə yanaşı, yaşadıqları ölkənin mədəniyyətinə, milli dəyərlərinə, dilinə hörmət etmək və qiymətləndirmək imkanı verməkdir.

Məktəbdə Azərbaycan dili və ədəbiyyatının tədrisinin də daxil olduğu baza fənlərlə yanaşı, tarix, musiqi, təsviri incəsənət, dünya bədii mədəniyyəti və texnologiya üzrə inteqrativ kurslar da nəzərdə tutulub. Burada təhsilləndirmə, fənlər üzrə tədris proqramları, əlavə təhsil, fənlər üzrə müəllif inteqrativ kurs proqramları və s. mövcuddur. Azərbaycan komponenti ilə bağlı proqramları - Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan coğrafiyasına dair proqramları, dərslikləri Bakıdan alırıq. Burada onlar tərcümə olunur və təsdiqlənir. Digər fənlər - riyaziyyat, fizika, biologiya və başqaları Rusiyanın proqramları əsasında tədris olunur. Azərbaycan blokundan başqa bütün digər fənlər rus dilində keçilir. On birinci sinfi bitirənlərə adi qayda ilə attestat verilir. 1000 nəfərə yaxın məzunumuz var.

Kərim Kərimov adına 157 nömrəli məktəb Moskvada yeganə Azərbaycan məktəbidir. Ona görə də hər zaman bunun məsuliyyətini hiss edirik. Azərbaycanla sıx bağlı olduğumuzun, burada məhz ölkəmizi təmsil etdiyimizin fərqindəyik. Biz təkcə təhsil vermirik, eyni zamanda, Rusiya ilə Azərbaycan arasında körpü rolunu oynayırıq. Bu baxımdan da çalışırıq ki, hər addımımız doğru-dürüst olsun, bizə heç kəs irad tuta bilməsin. Rusiya bizim böyük strateji tərəfdaşımızdır və bunu nəzərə alırıq. Məktəbimiz vasitəsilə biz həm də rus məktəblilərini Azərbaycan mədəniyyəti ilə yaxından tanış edirik.

- Məktəbin iş rejimi, maddi-texniki bazası barədə nə deyə bilərsiniz? Yəqin ki, bu 15 ildə nailiyyətləriniz də az olmayıb...

- Məktəbdə dərslər birnövbəlidir. İkinci növbədə, əsasən dərnəklər fəaliyyət göstərir: onların sayı 30-dan çoxdur. Təhsil ocağının 2 strukturu var. Bunlardan biri Azərbaycan mədəniyyəti şöbəsidir. Burada rəqs və musiqi alətləri dərnəkləri mövcuddur. İkinci strukturda isə rus dili öyrədilir. Yəni, rus dilinin xarici dil kimi öyrədilməsi üzrə baza məktəbi rolunu oynayırıq. 41 sinif komplektimiz və 420 şagirdimiz var. Məktəbdə 31 millətin nümayəndəsi oxuyur. Birinci yerdə azərbaycanlılardır. Sonra ruslar və digər millətlərin nümayəndələri gəlir.

Tədris birnövbəli olduğundan günün ikinci yarısı Azərbaycan blokuna ayrılır. Bu blokun əsasını təşkil edən əlavə təhsil proqramı özündə 33 dərnəyi birləşdirir. Həmin dərnəklər müxtəlif mədəniyyətlərin spesifikasını özündə ehtiva edir. Dərnək məşğələləri həftənin bütün günləri, hətta bazar günü də aparılır. Şagirdlərimiz həftədə 6 dəfə bu dərnəklərdə məşğul olurlar. Bazar günü təşkil olunan rəqs və musiqi dərnəkləri isə digər məktəblərdən gələnlər üçündür. İstəyənlərə milli xörəklərimizi bişirməyi də öyrədirik. Dərnək üzvləri arasında tələbələr də var. Bunlar əsasən bizim müxtəlif ali məktəblərdə təhsil alan məzunlarımızdır.

İstedadlı şagirdlərimiz çoxdur. Son dövrlərdə hər il təhsildəki nailiyyətlərinə görə 3-4 yetirməmiz qızıl və gümüş medallara layiq görülür. Bu il bir şagirdimiz qızıl, biri gümüş medal alıb. Uşaqlar müxtəlif yarış və müsabiqələrdə də fərqlənir, mükafata layiq yerlər tuturlar. Bu il kosmonavtikanın 50 illiyi ilə bağlı keçirilən layihə müsabiqəsində 9 layihə üzrə yerlərin 8-ni 157 nömrəli məktəbin yetirmələri tutdular. Bundan başqa, bir neçə rəqəmi də misal göstərsəm, uğurlarımız haqqında tam təsəvvür yaranar. Belə ki 15 ildə iki pedaqoq əməkdar müəllim fəxri adına layiq görülüb. Qabaqcıl təhsil işçilərinin sayı 40-ı ötüb. 24 nəfər məktəbi medalla bitirib. Olimpiada qaliblərinin sayı isə 200-dən çoxdur. Üstəlik, 70 nəfərdən artıq layihə-tədqiqat işlərində qalib gələnlərimiz var. 300 nəfərdən çox festvial və müsabiqələrin qalibi olub. Nəşrlərimizin sayı 30-dan çoxdur. "Kosmonavtika" və "Dostluq" adlı iki muzeyimiz fəaliyyət göstərir. 1700-dən artıq tədbir keçirmişik. Bir faktı da xüsusi qeyd etmək istəyirəm ki, müəllimlər kollektivin əsas qüvvəsidir. Burada 64 müəllim çalışır. Onların əksəriyyəti yüksək peşə ixtisasına malikdir. Məktəbin strukturlarından birində rus dili öyrədilir. Oranın rəhbəri Azərbaycanın fəxri təhsil işçisi Sevda Seyidovadır. Belə bir layihəmiz var: rus dilində heç bilməyən uşaqlara bu dili öyrədək. Bu işlə məşğul olan pedaqoqlarımız çox hazırlıqlıdırlar. Orta məktəb hissəsində dərs deyən müəllimlərdən də razıyam. Azərbaycan bloku üzrə müavinim Ramidə Qasımova  Azərbaycanın və Rusiyanın fəxri təhsil işçisidir. Bir çox tədqiqat xarakterli layihələrin müəllifidir. Onun "Moskva sülh mədəniyyətinə gedən yolda", "Dialoq qarşılıqlı anlaşma yoludur", "Bir xalqa qarşı soyqırımı yoxdur - bəşəriyyətə qarşı soyqırımı var", "Üçüncü minilliyin dialoqu", miqrant uşaqların cəmiyyətə adaptasiyasına dair layihələri ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Əlavə təhsilə və tərbiyə işinə Gülnarə Zeynalova rəhbərlik edir. Musiqi blokunda isə müəllimlərimizdən Şölə Mahmudovanın və Svetlana Xamatovanın işləri ürəkaçandır. Onların vokal və instrumental ifaçılıq üzrə yetirmələri Moskvanın gənc istedadlar, yeniyetmələr arasında keçirilən mühüm müsabiqələrdə layiqli çıxışlar edir və qalib olurlar.

 - Azərbaycana aid milli dəyərləri yaşatmaq üçün tədris ocağında hansı tədbirlər keçirilir?

- Azərbaycana aid bütün milli və dövlət bayramlarını xüsusi mərasimlərlə, yaddaqalan şəkildə qeyd edirik. Novruz bayramı yüksək səviyyədə,  teatrlaşdırılmış şəkildə qeyd olunur. Tədbirə Moskva məktəblərindən də şagirdlər dəvət edilir. Xonça müsabiqəsi keçirilir, uşaqlara müxtəlif hədiyyələr verilir.

Azərbaycan tarixinin faciəli günlərini də yaddan çıxarmırıq. Qanlı 20 Yanvar gününə, Xocalı soyqırımına və s. aid hüznlü kompozisiyalar təşkil edirik.

Kosmonavtika muzeyinin 40 illiyi ilə əlaqədar bu ilin aprelində məktəbdə "Biz Qalaktikanın uşaqlarıyıq" mövzusunda böyük konfrans keçirdik. Konfransda Rusiya Federasiyasının qəhrəmanı, kosmonavt A.Y.Kaleri, Kərim Kərimovun qızı S.Kərimova və digər hörmətli qonaqlar iştirak edirdilər.

Özüm vaxtaşırı Azərbaycanda oluram. İşimlə əlaqədar Təhsil Nazirliyinə də gedirəm. Nazirlik bizə çox kömək edir: pulsuz vəsaitlər verir, qabaqcıl müəllimlərimizin əməyi yüksək qiymətləndirilir. İndiyədək 26 müəllimimiz "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanına və fəxri fərmanlara layiq görülüb. Bakıdakı 160 nömrəli klassik gimnaziya, 23 nömrəli məktəb, Slavyan Universitetinin məktəb-lisey kompleksi, Mingəçevirdəki 2 nömrəli təhsil ocağı ilə sıx əlaqə saxlayırıq. Bu, bizə birgə layihələr həyata keçirməyə imkan verir.

- Eşitdiyimizə görə, məktəbin 15 illiyi Kərim Kərimovun 95 illik yubileyinə təsadüf edib.

- Bəli. Biz demək olar ki, üç yubileyi birlikdə qeyd etdik. Bu, bir növ, bizim nailiyyətlərimizin təntənəsinə çevrildi. Bazar günü məktəbinin 20, 157 nömrəli məktəbin 15 illiyi və K.Kərimovun 95 illik yubileyi həqiqətən, eyni vaxta təsadüf etmişdi. Yubiley tədbirlərinə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu   Moskvada yaşayan adlı-sanlı soydaşlarımız da gəlmişdi. Yeri gəlmişkən qeyd edim ki, məktəbin nəzdində Azərbaycan Mədəni-Tədris Mərkəzi fəaliyyət göstərir. Mərkəzin rəhbəri, Azərbaycanın əməkdar artisti Qorxmaz Axundovun yaradıcı fəaliyyəti sayəsində burada "Azərbaycan bülbülləri" ansamblı yaradılıb. Həmin ansamblın sayəsində digər millətlərin nümayəndələri milli alətlərimiz olan sazı, tarı, nağaranı və başqalarını indi yaxşı tanıyırlar. "Odlar yurdu" xoreoqrafik ansamblımız isə bütün diaspor tədbirlərində qonaq olur. Ansambl bir çox şəhər və beynəlxalq rəqs festivallarının, müsabiqələrinin və forumlarının finalçısı və qalibidir. Bura Bəkir Sadatquliyev və Yelena Afanasyeva rəbərlik edir - ikisi də Azərbaycan Dövlət Rəqs Ansamblının yetirməsidir.

Mədəniyyət mərkəzində təkcə rəqs və vokalı öyrətmirik. Burada dil, ədəbiyyat, tarix, mədəniyyət, musiqi, xalqımızın adət-ənənələri, o cümlədən Azərbaycanın vokal sənəti, instrumental təlimləri və rəqsləri öyrədilir. Əlavə təhsildə məşğələlərin əsas hissəsini Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti, adət-ənənələri ilə uzlaşdırırıq. 33 yaradıcılıq birliyindən 27-si bir-biri ilə uzlaşır. Sevindirici haldır ki, şagirdlərimiz  müxtəlif mövzularda aparılan "dəyirmi masa"larda, seminar və konfranslarda yüksək səviyyədə çıxış edirlər.

- Məktəbinizin Rusiyanın təhsil ocaqları ilə əlaqələri hansı səviyyədədir?

- Moskvadakı məktəblərin əksəriyyəti, eləcə də Bauman adına Ali Texniki Məktəblə, Dilçilik İnstitutu ilə sıx əlaqələrimiz var. Ümumrusiya Azərbaycanlıları Konqresi ilə artıq 5-ci ildir ki, birgə layihə həyata keçiririk. Bu layihə çərçivəsində şagirdlərimiz imtahan verərək Rusiyanın ali məktəblərinə qəbul olunurlar. Moskvadakı Asiya-Afrika İnstitutunda, Dilçilik İnstitutunda Azərbaycan şöbələri açılıb. Orada Azərbaycan dili keçilir. Bizim şagirdlər həmin ali məktəblərə asanlıqla qəbul oluna bilirlər. Məktəbin iki məzunu müəllim kimi həmin institutlarda dərs deyir.

Gələcəkdə 157 nömrəli məktəbin linqvistik məktəbə çevrilməsini istəyirik. Məqsəd isə Azərbaycan dilinin etnomədəni blok kimi yox, xarici dil kimi tədrisinə nail olmaqdır. Bunun üçün təbii ki, mövcud baza gücləndirilməli, müasir maddi-texniki baza formalaşdırılmalıdır. İnanırıq ki, dövlətimizin dəstəyi ilə qarşıya qoyduğumuz bütün məqsədləri gerçəkləşdirə biləcəyik.

 

 

Müsahibəni apardı:

İradə ƏLİYEVA,

Azərbaycan.-2012.- 30 dekabr.- S.9.