İlin sonunda…tanqo
İl başa
çatır. Yüksələn, çiçəklənən,
dünyada və bölgədə söz sahibinə çevrilən
Azərbaycanın "Dağlıq
Qarabağ" problemi
hələ də həllini gözləyən
yeganə problem olaraq qalmaqdadır. İkili
standartlardan yorulmayan dünyanı anlamaqda hamı eyni əziyyəti çəkməkdədir
- ordu da, cəmiyyət də, yerindən-yurdundan didərgin
düşən yüz
minlərlə soydaşımız
da!
ATƏT-in, müxtəlif çeşidli beynəlxalq
təşkilatların da
"səyləri" səmərə
vermir. İllər dəyişir, gedib-gələnlər
bir-birini əvəz edir, problemin həllində isə bir addım belə irəliləyiş
hiss olunmur!
Yola saldığımız 2012-ci ilin
sonlarında Fransa Senatında "Dağlıq
Qarabağ: Sülh və Dialoq" mövzusunda dinləmələr
keçirildi. Tədbirdə müxtəlif fikirlər səsləndi, arzular, ümidlər dilə gətirildi.
Uzun müddət ATƏT-in Minsk qrupunun
həmsədri olan fransalı diplomat Bernard Fasyenin
bu toplantıda səslənən qəribə
bir fikri xüsusilə yadda qaldı: "Zaman döyüşə doğru
işləyir. Bir gün
kiçik bir qığılcımla orada
müharibə alovlana
bilər. Mən problemin
həllində tərəflərin
maraqlı olduğunu düşünmürəm. Onların yerinə isə biz sülh əldə edə bilmərik. Tanqo üçün iki adam
lazımdır. Amma bu problemdə tərəflər
tək başlarına
tanqo oynamaq istəyirlər. Bu, olmaz."
Azərbaycan gerçəkliyinə "tanqo"nun
gəlişinin elə
müstəqilliyin ilk illərinə
təsadüf etməsi
isə təsadüfi
deyildi. Çoxlarının
yadında qalmış
olar: 90-cı illərin
əvvəllərində fərqli
bir həyat tərzini sərgiləyən
"Varlılar da ağlayır" serialı
bu "tanqo" havasını sanki inadla cəmiyyətimizdə
yaymaqda idi.
O illərdə Qarabağda,
tarixi torpaqlarımız
sayılan Ermənistanda
ermənilər meydan sulayırdılar və onların zülmündən,
zalımlığından soydaşlarımız
ağlayırdılar. Azərbaycanın
hər yerində varlılar da ağlayırdı, kasıblar
da! Nə qədər qəribə
də olsa, kədərimizin, dərdimizin
içində də bir tanqo çalınıb
oynanılırdı. Cəbhədən gələn
tabutların ağrı-acısını
"tanqo"lar ovudurdu. Sanki bilərəkdən,
bilməyərəkdən tanqo
ilə "döyüşmək",
tanqo ilə görüşmək, tanqo
ilə "ölmək..."
təbliğ olunurdu...
"Yarımçıq qalmış
mahnı"
2012-ci il daha bir hadisə ilə yadda qaldı: Bu dəfə ermənilər tərəfindən.
Ermənistan - Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi barədə
maraqlı, eyni zamanda, ziddiyyətli
bir film - "Yarımçıq
qalmış mahnı"
filmi Moskvada ictimaiyyətə təqdim
olundu. Erməni rejissor Arik Manukyanın çəkdiyi
bu filmdə Qarabağda müharibə
zamanı dərin bir xəndəyə düşmüş azərbaycanlı
və erməni əsgəri arasında baş verənlərdən
bəhs edilir. İdeya bundan ibarətdir ki, bu vəziyyətdə
onlar ya bir-birinə nifrəti, ədavəti davam etdirməli, ya da ümumi dil
taparaq birlikdə bu xəndəkdən çıxmalıdırlar.
Vaxtilə Cəfər Cabbarlının
"atan kazaklardır"
məntiqinə söykənərək
filmdə erməni rejissor xəndəyin, quyunun kim
tərəfindən qazıldığını
anlayırmış kimi
görünür. Xəndəkdəki münasibətlər, söhbətlər
ona gətirib çıxarır ki, yaxınlıqdan keçib
gedən azərbaycanlı
əsgərləri (sonra
erməni əsgərləri)
heç biri köməyə çağırmır.
Onları nə gözlədiyini
yaxşı bildikləri
üçün. Filmin sonunda
hərbi texnikanın daha yaxşı işləməsi, bir növ, daha yaxşı dağıtması,
öldürməsi, xaraba
qoyması üçün
həmin xəndək
torpaqla doldurulur və hər iki əsgər ordaca qalaraq məhv olur. Bununla, neçə ümid, arzu, istək, neçə tale-bəxt havası, mahnısı oxunmamış ürəklərdə
qalaraq məhv olur.
Bu, artıq faciədir, tanqo deyil!
Ermənilərin də dərk etməyə başladıqları
faciə!
"Kürəkənimi
ağaca bağlayıb
diri-diri yandırdılar"
Yenə bu ilin sonlarında BBC-nin bütün dünyaya car çəkdiyi daha bir faciə harada yaşamasından asılı olmayaraq hər bir insanı
sarsıtmağa qadirdir.
Bir sözlə, tanqolukdan uzaq acı bir həyat
hekayəsi...
80 yaşlı qaçqın
qadın ingilis jurnalistə söylədiyi
dəhşət dolu hekayətləri ilə yaddaşlarda qaldı:
"Kiçik bir otağa sığınmış
80 yaşlı Əntiqə
Qəhrəmanova divarda
qara haşiyəyə
alınmış fotonu
göstərir. Fotodan iki
gözəl gəncin
kədərli baxışları
boylanır. Bu, onun qızının və kürəkəninin
birgə şəklidir.
O, iki onillik öncə Ermənistanla müharibədə başına
gələnləri danışdıqca
gözlərindən yaş
süzülüb gedir:
"Erməni əsgərləri
kürəkənimi ağaca
bağladılar, sonra
ona diri-diri od vurdular. O, bağırırdı. Sonra onlar
gülləni qızımın
başına sıxdılar.
Sonra 6 yaşlı
qız nəvəmi güllələyib öldürdülər.
O biri qız nəvəminsə dabanından
güllə ilə vurdular. Ermənilər deyirdilər ki,
bu, sizə bir dərs olmalıdır."
Ermənilər qoca qadını və onun 4 nəvəsini bu mənzərəyə zorla
baxmağa məcbur edirdilər."
Budur dəhşət, budur həqiqət! Bütün bunlardan sonra
Bernard Fasyenin "tanqo"sunu
oyna görüm, necə oynayırsan?! Oynamaq yox, bütün bu acılara dünyanın
baxmasına nail olmaq lazımdır. Bu, hamımızın
borcu, vəzifəsidir!
Özü də hansı
dinə etiqad etməyimizdən, hansı
millətə mənsubluğumuzdan,
hansı musiqini sevməyimizdən, hansı
musiqiyə oynamağımızdan
asılı olmayaraq.
Elə tanqoya da...
P.S. Artıq neçə ildir, Qarabağın savaş meydanında tanqo çalınır, musiqi ifa olunur. Ermənistan
da daxil olmaqla həmsədr ölkələrin - Rusiya,
Fransa və ABŞ-ın səlahiyyətli nümayəndələri bu
meydanda "rəqs"
etməkdə, yorulduqda
bir-birini həvəslə
əvəz etməkdədirlər.
Yorulanları başqaları
əvəz edir! Məsələn, bu günlərdə
Fransa gedib-gəlməkdən,
danışmaqdan və
rəqs etməkdən
yorulan Bernard Fasyeni bir başqası ilə əvəzlədi.
Adını çəkməyə
dəyməz - şərtlər
dəyişməyib: həmin
savaş meydanı, həmin rəqs, həmin havadır! ABŞ isə həmin
posta yeni namizəd axtarışındadır.
Rusiya isə ağır, iri bədənini titrədə-titrədə,
nə oynadığını
bilmədən, heç
kimi eşitmirmiş kimi oynamağındadır...
Bu rəqsdən yorulmayan, yorulmaq bilməyən biri varsa, o da
Ermənistandır! Hələ
də özünə,
öz içinə qapanaraq dərin bir quyunun, uçurumun,
xəndəyin ətrafında
dəli kimi oynamaqdadır...
Hələlik Azərbaycan özünü
toparlayaraq bu rəqsə, bu rəqqaslara bir "seyrçi" kimi baxır. Çünki bu,
onun havası deyil! Bu meydanın ab-havasını, rəqsini
vaxtilə həm söz yazarı, həm hava bəstəçisi
olan Üzeyir bəy yazıb getmişdi: "Sərhədlərimizi,
hüdudlarımızı elə
möhkəmləndirməliyik ki, hər dəli,
qudurmuş soxulub istədiyini yapa bilməsin."
Bunu çalın! Buna oynamaq olar! Bu, həqiqətən,
bizim havamızdır!
Bəxtiyar QARACA,
Azərbaycan.-2012.- 30 dekabr.- S.11.