Azərbaycan ədəbiyyatında sufizm

 

Böyük fars şairi, farsdilli qəzəlin dahi yaradıcısı Hafiz Şirazinin özünün “piri – təriqəti” sayaraq qəzəllərinə nəzirələr yazdığı Marağalı Əvhədi (1274-1338) Azərbaycan sufi ədəbiyyatının böyük mütəfəkkirlərindən biridir. Məşhur Marağa rəsədxanasının güclü fəaliyyət göstərdiyi dövrlərdə  yüksək təhsil alıb dərin bilik qazanmış Əvhədi çoxlu səyahət etmiş 1333-cü ildə 59 yaşında Marağaya qayıdaraq Nizami və Sənayi ənənələri möcibincə özünün “Cami-cəm” (“Cəmşidin Camı”) didaktik – əxlaqi məsnəvisini yazmışdır.

“O, bir alim kimi elmi məsələlərə girişir, kainatın yaradılması, mədən, bitki, heyvan və insanın yaradılmasından elmi söhbət açır. Kitabın üç hissədən ibarət birini buna həsr edir... Kitabın əvvəlindən axırına qədər elmə mədhiyyə oxuyur... Övlad tərbiyəsi məsələsi üzərində şair çox dayanır” (Yusifli Xəlil. “Marağalı Əvhədi və onun “Cami-cəm” poeması”, Marağalı Əvhədi. Cami-cəm. Bakı, “Lider” nəşriyyatı, 2004, s.5).

“Cami-cəm” poetik baxımdan Nizami Gəncəvinin, nəzəri – fəlsəfi baxımından Ş.M.Şəbüstərinin yolunu davam etdirir. Məsələn, Şəbüstəri “Onuncu sualın “Qayda”sında yazırdı: “Gözəl xasiyyətlərin birinci şərti ədalətdir // Ondan sonra isə hikmət, iffət (paklıq) və şücaətdir”. Marağalı Əvhədi isə yazır:

 

Əgər bilməsə də təfsir, nəhv, hikmət

Sən şahdan, vəzirdən, istə ədalət.

 

Onun ədalətli şah, ümumiyyətlə ədalətin fəzilətləri haqqında fikirləri dahi Nizaminin ədalətli şah və kamil insan haqqında fəlsəfi görüşləri ilə yaxından səsləşir.

Şəriətdən tutmuş məişətədək bir çox mətləbləri xırdalıqlarına qədər çözələyən bu poemada Marağalı Əvhədinin sufi baxışları əsərin ikinci fəslinin ikinci balında yer alır. Bu hissə poemanın həcmcə üçdə birindən artığını təşkil edir. Fəqət, həmişə olduğu kimi, söhbət həcmdə deyil mahiyyətdədir.

Poemanın “Mürşid və rəhbər axtarmaq haqqında” adlı  bölümündə Mürşid (Siddiq) axtarmağa çağırır:

 

Mən düz göstərirəm Siddiq yolunu

Bir öyrən, hardadır, çalış  gör onu

Dünya o paklardan deyildir uzaq

Sən nə oturmusan yaslılar sayaq

Xəzinə gizləmiş burada hər bucaq

Birdə sənin yerin yox burda ancaq

Hər kəs ki, bu yolu elmsiz gedər

Onun fərmanına kim ürək verər

Bu məstlik çağında bir rəhbər gərək

Lazımdır tapasan bir yol göstərən

Onun kölgəsində oturasan sən.

Səninçin vacibdir ağıllı bir zat,

Çatsan beləsinə ona əl uzat.

 

Tədqiqatçı yazır: “İnkarolunmaz həqiqətdir ki, Əvhədi sufizmə meyl edən şairlərdən olmuşdur. Onun poemasında sufizmlə bağlı fikirlər çoxdur... Qəribə burasıdır ki, sufizmi bəzən yanlış olaraq tərkidünyalıq, mütilik təbliğ edən bir cərəyan kimi tanıyırlar. Halbuki çox mürəkkəb və bir çox qolları olan sufizm əslində hakim dinə, feodal ideologiyaya qarşı müxalifətin, xalq etirazının ifadə formalarından biri olmuşdur... Əvhədi də poemasında insanı bu məqama (“mənəm Allah” məqamına) layiq və qadir olduğunu göstərmişdir” (Səfərli Ə., Yusifli X. Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 2008, s.264). M.Əvhədi şeyxin və müridin sifətlərini belə nəqş edir:

 

Din elmi lazımdır şeyxə, şəriət

Bir də ki, düz, sağlam, mətin bir hikmət.

Təmiz, müşk ətirli bir nəfəs gərək

Quruluqdan uzaq baş, beyin, ürək.

Könlünü qan ilə bəsləmiş olsun

Həfsini öldürüb, qan yemiş olsun.

Allahın istəyi, iradəsiylə

Hər şeyi yerində  gətirər dilə.

Bədəni zindanda, ruhu göydədir

Üzündə, gözündə gülüş rəqs edir.

 

M.Əvhədi insanı nəfsini öldürməyə tövbə etməyə çağırır. Tövbəylə günahdan kənar olsan, zahirin də batinin də nura boyanar deyir:

 

Alim nə öyrənib bilsə-dəftərdən,

Mömin onu üzdən oxuyur həmən.

Gözü Haqq nuru ilə görən bir ürək,

Pərdə arxasında nə var görəcək.

 

Əvhədi deyir ki, kişinin başı o vaxt ucalar ki, onun nəfsinin başı aşağı olsun, “Tərk etsin çoxluğu, sayı aşikar // Rədd etsin Allahdan başqa hər nə var”. Şair nəhayətdə bu qənaətə gəlir ki, xəlvətin mənasını anlamaq “Hillədə tək, azad olmaq üçün” aşağıdakı qırx yaman xisləti tərk etmək lazımdır:

 

Təkəbbür, mənəmlik, özünü çəkmək,

Qafillik, sərxoşluq, hiylə, qəzəb, şəkk,

Tərəddüd, paxıllıq, kələk, kin, tamah,

Yalançı, saxtakar, vəfasız olmaq,

Şəhvət, naz, yüngüllük, ağırlıq etmək,

Pozğunluq, nankorluq, insan incitmək,

İsrar, böhtançılıq, bir də fitnə, lağ,

Fırıldaq, qan içmək, riya və nifaq,

Hirs, ikiüzlülük, acgözlük, həsəd,

Zülüm, cövr, cəfa, süstlük və nifrət –

Hər nə söylədimsə ondan qaç uzaq,

Onların əksiylə məşğul ol ancaq.

Buna yiyələnib onlardan qaçan

Ölkəyə vəlidir, həm vali inan.

 

Bu xislətlərdən xilas olmaq sufiliyin başlıca şərtidir və təbii ki, ancaq bu mənfi xislətlərdən təmizlənmiş adam Allahın dərgahına yaxınlaşa, onunla qovuşa bilər.

Böyük sələfi Nizami kimi M.Əvhədi də eşqi insan kamilliyinin başlıca əlaməti hesab edirdi.

Azərbaycanda XIII-XVI yüzilliklərdə xüsusilə geniş yayılmış sufizm cəmiyyətin həyat tərzinin fəallaşmasında əhəmiyyətli rol oynayırdı. Xanəgahlar sadəcə təriqət başçılarının, mürşidlərin zikr etdikləri yerlər deyil, cəmiyyət həyatını hərəkətə gətirən elm-irfan mərkəzləri idi. Sufizmin Azərbaycanda fəal qolu olan Vəhdəti-vücud insana diqqəti artırmış, onu ilahi varlıq kimi vəsf etməyə başlamışdır. Hələ dahi Nizamidən, erkən sufilərdən gələn kamil insan konsepsiyası sufizmdə ilahi insan həddinə – son həddə qədər yüksəldi. Sufi təlimlərin əsasında əxlaqi kamillik və mənəvi saflıq ideyası durur, özünə, nəfsinə qalib gəlmək, özünü təmizləmək bu sırada əsas yer tuturdu. Bədii – fəlsəfi bir cərəyan kimi sufizm həm bəzi təzyiqlərdən qorunmaq, həm də dərin mənaları ifadə etmək üçün poeziyada yeni forma axtarışları aparır, bədii – poetik ifadə imkanlarını genişləndirir, ədəbiyyatın obrazlılığı artırdı. Bu proses Füzuli poeziyasında öz zirvə məqamına çatmışdır.

“Sufilik erkən islam dövründə nəzəriyyə kimi deyil, həyat tərzi kimi yaranmışdır” kimi bir başlanğıcdan çıxış edən Rəhim Əliyev sufizmin panteizmlə – vəhdəti vücudla (İbn Ərəbi təlimi ilə – G.Ə.K.) dil tapmasının səbəbi haqqında yazır: “Axı islam Allahı əlamətsiz idi, çox mücərrəd idi və bu onun savadsız adamlar arasında təbliğinə çətinliklər yaradırdı... Sufilər deyirdilər: dünya Allahın əmri ilə yaranıbsa, o hər şeyin səbəbidirsə, deməli hər şeydə, görünən bütün vücudlarda Allahın əlamətlərinin olması təbiidir. Beləcə sufilərdə Allahın sadə, ən savadsız adamlara izah oluna bilən bir formulası yarandı. Allah – görünən və görünməyən vücudatın cəmidir. Allah vəhdəti – vücudatdır...

Müsəlman sufilər Allahın birliyinə ehkam kimi heç zaman şübhə etməyiblər. Onlar üçün vəhdəti – vücud dünyanın gözəlliyindən Allahın gözəlliyini və onun xaliqlik qüdrətinin gücünü anlamaq və duymaq forması idi” (Sufi və irfan terminləri haqqında. “Ədəbiyyat qəzeti”. 6 avqust, 2010). R.Əliyevin sufi və irfan anlayışlarına yanlış münasibətlə bağlı bir fikri də maraq doğurur. O, yazır: “Guya Allahı ağılla dərk edənlər sufidir, intuisiya ilə dərk edənlər irfanidir. Gülünc bölgüdür... bütün dinlərdə Allaha ağılla deyil, ürəklə sufi dilində desək, eşqlə bağlanmaq daha üstün hesab olunur. İslamda buna “sidq” deyilir, lakin mənası elə ürəklə bağlanmadır”. Nüfuzlu mənbələr qeyd edir ki, sufizmə görə Allahı ağılla dərk etmək olmaz. Ağıl Allahın insana yerdə yaşamaq, yer həqiqətlərini dərk etmək üçün verdiyi imkandır. Allaha yetmək üçün isə bütün yer əşyalarından xilas olmaq, tamahlardan təmizlənmək, mənfi xislətlərdən azad olmaq lazımdır.

Məntiqdən kənara çıxan mətləbləri dərk etmək sufiliyin başlıca şərtidir. İlahi – səmavi həqiqətləri dərk etməyin öz “məntiqi” var. Məsələn, niyə bir adam istedadlı olur?! Dahi bəstəkar musiqisini haradan eşidir?! Niyə sevənlər dünyanı başqa gözlə görürlər?! Ekstaz həddində insan niyə görmür, eşitmir və hiss etmir?! İnsanın varlığına ilahi həqiqətləri dərk etmək imkanı veriləndə o özü də ilahiləşir, Allaha çevrilir. Nəsimi yazırdı:

 

Daim ənəlhəqq söylərəm,

həqdən çü Mənsur olmuşam

Kimdir məni bər-dar edən,

bu şəhrə məşhur olmuşam

Qibləsiyəm sadiqlərin,

məşuqiyəm aşiqlərin

Məqsudiyəm layiqlərin,

çün beyti məmur olmuşam.  

 

Sadiqlərin qibləsi – yəni Allaha qovuşanların, allahlaşanların qibləsi olmaq, hətta daha önə keçmək demək deyilmi?!

Sufi olmağın birinci şərti özünü dəf etmək, özünə qalib gəlməkdir. Özünə qalib gəlmək üçün ən əvvəl nəfsinə qalib gəlməlisən. Ərəb sözü olan nəfs lüğətlərdə insandakı heyvani hiss, şəhvət hissi kimi mənalandırılır. Klassik ədəbiyyatda tez-tez “nəfsi – əmmarə” işlənir ki, mənası nəfsin əmri, nəfsin çağırışı, nəfsin qulu deməkdir. Öz “nəfsi – əmmarəsinə” qalib gəlmək salikin birinci vəzifəsidir. Lakin nəfsə qalib gəlmək, bəzilərinin düşündüyü kimi, heç də dünya malından tamamilə imtina etmək deyil. İnsan yaşamaq üçün lazım olduğu qədər dünya nemətlərindən istifadə etməlidir. Əsas məsələ isə dünya malına aludə olmamaq, ondan asılı vəziyyətə düşməməkdir. Maddi həyatdan mənəvi həyata keçmək üçün dünya malından imtina etmək gərəkdir ki, məhz bunun üçün də insan öz nəfsinə qalib gəlməyi bacarmalıdır. Maddi maraq, dünya malına hərislik olan qəlbdə mənəvi saflıq yuva bağlaya bilməz. Maddi olan hər şey insanın bədəninə xidmət edir. Bədən isə ruhun qlafıdır, o ruhu əzizləmək və qorumaq üçün yaranıb. Ruh çıxan kimi bədən bütün gözəlliyini, mahiyyətini itirir.

Bəli, tamamilə doğrudur, Allah insanı bir dəfə yaradır, insan dünyaya bir dəfə gəlir. Lakin Allah insana qeyri – adi imkanlar – düşünən beyin, danışan dil, görən göz,  dünyanı gəzən ayaqlar, möcüzə yarada bilən əllər, duymağı və sevməyi bacaran qəlb, dad və iy bilmə, hətta yuxu görmə imkanları verir. Bütün bunların sayəsində insan özü-özünü dəfələrlə yaratmağı bacarmalıdır. Çünki Allah ona sehri Tanrıdan başqa heç kimə məlum olmayan ilahi bir vergi – İstedad verir.

Sufizmin tarixində əsas dönüşlərdən birini nəxşibəndi təriqəti yaratdı. Sufizmin erkən mərhələsində bu fani maddi dünyaya bağlanmamaq üçün, ondan imtina edən tərki – dünya (asket) dərvişlər, kobud desək artıq avara bir həyat sürməyə başlamışdılar. Xatırladaq ki, sufizm əslində Məhəmməddən sonra xilafəti idarə edən üçüncü xəlifənin – Ömərin dövründə mali – bərabərsizliyə etiraz əlaməti olaraq meydana gəlmiş bir cərəyan idi. Bu minvalla da dünya malından imtina nəfsin öldürülməsi və nəfsə qalib gəlmək yolunda ilk addım idi. Fəqət, bu dərvişliyin sürətlə artdığı dövrdə elə bir həddə gəlib çatdı ki, çiyni heybəli, yun əbalı dərvişlər qapı-qapı gəzib dilənməyə başladılar. Bu əslində sufizmin paklıq və ülviyyət kanonlarına zidd idi. Belə olanda İmam Cəfəri Sadiqin nəslindən olan Buxaralı Bəhaüddun Şahi Nəxşnbənd (1318-1388) “Əvvəl zəhmət, sonra məhəbbət!” şüarını irəli sürdü. Bu şüar sufilərin başını torpağa əydi. Xeyr, onları ilahi məqsədlərdən, Allah eşqindən ayırmadı. Sufizmə xüsusi bir forma verdi. Avara dərvişlərə anlatdı ki, əkin – biçin, təsərrüfat da Allah buyruğudur. Burada nəfs yoxdur. Nəfs insana yaşamaq üçün lazım olandan artığını (heyvani bir şəhvətlə) iddia etməkdir. Əlbəttə, burada müəyyən ziddiyyətlər də var. Fəqət, nəxş bəndlik sufi dərvişləri bir yerə topladı, dağılmağa qoymadı, onların fikrini əqidəyə və Allahın verdiyi nemətlərə yönəltdi. Nəxşi bəndlik sufizmi bir əli torpaqda, bir əli haqda yaşadan təlim və təriqət idi.

 

lll

 

Sufizm möcüzələr və müəmmalarla doludur. Lakin sufi mürşidlərə möcüzə göstərmək qadağan olunmuşdur. Çünki möcüzə göstərmək Allahın işinə qarışmaqdır ki, bu isə böyük günah idi. Mənsur Həllacı edamına fitva o möcüzə göstərdiyinə görə verilmişdir...

Bir gün gənc Fəridəddin Əttar öz dükanında oturubmuş. Birdən bir sufi dərviş ona yaxınlaşır və soruşur: “Sən necə ölmək istəyirsən?” Əttar bu gözlənilməz suala belə cavab verir: “Sən necə mən də elə”. Sufi dərviş cibindən bir dəmir parçası çıxarır, ya Allah deyib vurur başına və ölür. Bu hadisə F.Əttarı sarsıdır, həyatını alt-üst edir və dönüb sufizmlə məşğul olur. Böyük elmi irfan təlimi alandan sonra “İlahinamə” və “Məntiqüt-teyr” traktatlarını yazır...

Şərq – Azərbaycan ədəbiyyatında sufizmi  hürufizmsiz – Fəzlullah Nəiminin nəzəriyyəsi və İmadəddin Nəsiminin poeziyası olmadan bütöv  şəkildə təsəvvür etmək olmaz. Hürufizmin nəzəriyyəsini Fəzlullah Nəimi Təbrizi Astorabadi (1329-1394) poetik zirvəsini Seyid Əli İmadəddin Nəsimi (1369-1417) yaratmışdır. Onun “Cavidannamə”, “Məhəbbətnamə”, “Ərşnamə”, “Nəsihətnamə” , “Növminamə” və şeirlər “Divanı” (Heç biri farscadan dilimizə tərcümə olunmayıb!) əsərlərində sufi təriqət olan hurifizmin nəzəri  mahiyyəti izah olunur. “Cavidnamə”lər altı kitabdan ibarətdir, onun birincisini “Cavidani Kəbir”i Fəzlullah, qalanları müridiləri yazmışlar.

Hürufizmə görə Allah iki formada təzahür edir: 1. İnsanda 2. Sözdə-Quranda (Allahın sözündə). Allahın insanda təzahürünün üç mərhələsi var:  1.Nəbüvvət peyğəmbərlik; 2. vəlayət – ilahi himayədarlıq; 3. üluhiyyət – ilahilik! Nəbbüvvət – Məhəmməd Əleyhyüssəlamla başa çatır. İlahi himayədarlar şiə imamlarıdır.  Nəimi axırıncı himayədir, birinci canlı xuda, üçüncü mərhələnin banisidir. Allahın ikinci təzahürü sözdə, səsdə,  hərfdədir. Ən kamil hərf, söz “Quran”dır (Bax: Mirəhmədov Ə. Ədəbiyyatşünaslıq... s.230).

Hürufizmin nəzəri fəlsəfi əsasında Allahı təbiətin hüdudları daxilində, onun varlığında dərk edən panteizm dayanır. Bu barədə mükəmməl şərq mənbələrinə istinad edən filosof A.Şükürov yazıb: “Bu fəlsəfənin nümayəndələri ləfzi – Sözü Allahla  birləşməkdə insana verilən imkan kimi irəli sürülür. İdrak da Sözün idrakıdır, onların dili ilə desək, Mərifət sözün mərifətidir. Söz mövcud olan nəsnələr üçün təzahür formasıdır. Elə məhz buna görə də Söz irəli sürülür və heç bir mənanı Sözsüz təsəvvür etmək olmur. İslam fəlsəfəsində olan Hürufilər bir dahi sufi M.Füzulidə hüsn həm eşqin, həm də qəmin səbəbidir: “Hüsnün olduqca füzun, eşq əhli artır zar olur // Hüsn nə mitdar olursa eşq ol mitdar olur”. Füzulidə hüsn dünyanı göstərən aynadır, ən kamil hüsn Tanrıya məxsusdur.

 

Nəsimi isə yazıb:

Rövzeyi-rizvan üzündür, vəssəlam,

Surəti-rəhman üzündür, vəssəlam,

Ərşi-həq, ey can, üzündür, vəssalam,

Lövh ilə Quran üzündür, vəssəlam.

 

Hürufilər İnsan hüsnünü (sifəti) hansı yöndən oxuyurdularsa orada Allah sözünü kəşf edirdilər. Onlara görə, insan sifətində gözlər, burun, burunun qanadları, dodaqlar elə yerləşib ki, ərəbcə onu oxuyanda Allah kəlməsi əmələ gəlir. Həm Nəsimi demişkən “Haq-təala insan oğlu özüdür”. Əlbəttə, hürufizm və Nəsimi poeziyası elə bir dəryadır ki, hər rəvac oranı üzüb çıxa bilməz. Yaxşısı budur, konkret olaraq böyük şairin məşhur bir qəzəlinə   nəzər salaq:

 

Məndə sığar iki cahan

mən bu cahana sığmazam,

Gövhəri-laməkan mənəm,

kövnü-məkana sığmazam.

 

İzah: Mən həm maddi cahandan – ətdən, sümükdın, həm də mənəvi cahandan – ruhdan ibarətəm və bunların hər ikisi “mən”də yerləşir. Amma mən bu həm maddi , həm də mənəvi cahana sığmazam. Laməkan gövhər – Allah deməkdir. Onun məkanı və necəliyi heç kimə bəlli deyil. Heç kim, hətta peyğəmbərlər də nə onun yerini  bilir, nə də üzünü görüb. Mənim fikrimcə, Allah sevən qəlblərdə gecələyir. “Kitabi-Dədə Qorqud” eposunda onun haqqında deyilir: “Ucalardan ucasan // Kimsə bilməz necəsən”. Kövni-məkana – bu aləmə, kainata sığmazam:

 

Ərqi ilə fərqi kafü-nun

məndə bulundu cümlə-cün

Kəs sözünü əbsəm ol,

şərhi-bəyanə sığmazam.

 

İzah: Göy və yer kaf və nun hərfləri kimi məndə birləşib. Bu iki hərfin birləşməsindən yaranan kun  sözünün mənası “Ol!” deməkdir. İnama görə Allah “Ol!” sözü ilə yer üzünü – kainatı yaradıb. Ona görə də hürifilərin ən böyük kəşfi bu idi ki, onlar Allah, Cahan və İnsan üçlüyünə SÖZ-ü gətirdilər və SÖZ-ü Allahdan sonra ikinci yerə qoydular. Füzulişünas alim yazır: “İlk dəfə SÖZ-ü özlərinə qədər Şərqdə dəbdə olmuş Allah, Cahan, İnsan üçlüyündə Allahdan sonra ikinci yerə gətirən hürufilər  (xüsusən Nəsimi!) kimi Füzuli də SÖZ-ü peyğəmbərdən və ona nazil olmuş “Quran”dan əvvələ, Allahdan sonraya gətirir:

 

Məndə sığar iki cahan,

mən bu cahana sığmazam

Gövhəri–laməkan mənəm,

kövnü məkana sığmazam.

 

deyərək Nəsimi (hürufilər) Cahanı İnsanda əridirlər. “Ənəlhəqq” deyən hürufilər İnsanı Allaha yaxınlaşdırır. Allahın İnsanda məcəlla etdiyini iqrar edərək Allahı İnsanda əridirlər:

 

Qorxdular həq deməyə,

döndülər insan dedilər.

 

                        (Nəsimi)

 

Beləliklə, yerdə iki böyük qüdrət qalırdı: SÖZ və İNSAN! Füzuli “ərşdən gələn” sözü “asimanın sirrini açan açar” hesab edir; yəni göylərin sirrini göylərdən – ilahidən gələn SÖZ aça bilər.

M.Füzuli sözün gözəlliyi ilə bərabər onun “libasi-mərifətlə” süslənməsini, başqa sözlə, sözün ağıl, mərifət, irfan, əxlaq və elmlə dolu olmasını önəmli sayırdı” (Əliyeva-Kəngərli G. Azərbaycan füzulişünaslığı. Bakı, 2007, s.39). Kəs sözünü və lal (dilsiz) ol mən heç bir şərhə sığmazam.

 

Beləliklə:

Zərrə mənəm, günəş mənəm,

çar ilə pəncü-şeş mənəm

Surəti gör bəyan ilə,

çünki bəyanə sığmazam.

 

Bu isə hürufizmin əsasında dayanan bir yekun – vəhdəti-vücud fəlsəfəsidir: zərrədə kainatı, damlada dəryanı görmək və dərk etmək!

İ.Nəsimi öz yaradıcılığı ilə ana dilli şeirimizi elə bir məqama yetirdi ki, ondan sonra həm Türküstanda dahi Nəvai, həm İraqda dahi Füzuli mərhələləri yarandı;  obrazlı desək, Nəsimi Nəvaini, Nəvai Füzulini yaratdı. Onların isə  Ə.Yəsəvi, Nizami, Əbu Nüvas, Y.Əmrə, Hafiz Şirazi, Rumi kimi ustadları və müasirləri var idi. Əslində hürufizm Şərqdə başdan ayağa bir rəngi-cidal idi...

Sufi ədəbiyyat həm də müəmmalara bürünmüş müdrik mənalar xəzinəsidir. “Müəmma” əslən ərəbcədir. Örtmək, gizlətmək mənasında olan təmiyə sözündən düzəldilmiş sifətdir... müəmma yazmaq və onu aça bilmək xüsusi hazırlıq və bilik tələb edirdi. Çətin müəmma yaza bilmək üçün bir neçə dil bilmək, əbcəd hesabının müxtəlif elmlərdəki rəmzi mənasını (ədədi, nücum, zaman və s.) yaxşı mənimsəməklə bərabər məharətli tapmaca qurmağı bacarmaq, tisfəhmlik tələb olunurdu.

Müəmma ədəbi bir əyləncə olsa belə şairin orta əsr alimləri ilə münasibətinin, onun hazırlıq dərəcəsini və zehni inkişaf səviyyəsini bildirən bir şəkil olaraq XIX əsrə qədərki ədəbiyyatımızda müəyyən yer tutmuşdur (Araslı H. Füzulinin müəmmaları haqqında. Azərb. SSR EA Ədəbiyyat məcmuəsi. I cild, 1946, s. 27).

Ədəbiyyatımızda öz sufi-hürufi görüşlərini vermək üçün Nəsimi, Füzuli kimi dahilər müəmma işlətmişlər.

 

 

Gülşən ƏLİYEVA-KƏNGƏRLİ

filologiya elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2012.- 30 dekabr.- S.28-29.