«Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması» İctimai Birliyi
dünya ictimaiyyətinə müraciət qəbul etmişdir
"Azərbaycan
Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması" İctimai Birliyi (İB) dekabrın 28-də
keçirdiyi toplantıda Xankəndi şəhərinin Kərkicahan
qəsəbəsinin Ermənistan silahlı qüvvələri tərəfindən
bütünlüklə işğal olunmasının 21-ci
ildönümü ilə əlaqədar dünya ictimaiyyətinə
və beynəlxalq təşkilatlara müraciət qəbul
etmişdir.
İB-dən
AzərTAc-a daxil olan müraciətin mətnində bildirilir
ki, Azərbaycanın Xankəndi şəhərinin sonuncu
yaşayış məntəqəsi olan Kərkicahan qəsəbəsi
Ermənistan silahlı qüvvələri tərəfindən
1991-ci il dekabrın 28-də
işğal olunmuşdur. Hələ bundan əvvəl, 1988-ci
il sentyabrın 18-də ermənilər tərəfindən
Xankəndi şəhərində azərbaycanlıların mənzillərinə
basqınlar edilmiş, 60-dək
azərbaycanlı ailəsinin evi
yandırılmışdır. Nəticədə şəhəri
tərk etməyə məcbur edilmiş 15 mindən çox
azərbaycanlı əhalinin xeyli hissəsi Şuşa,
Xocalı və Ağdam şəhərlərində məskunlaşmağa
məcbur olmuşdur.
Müraciətdə deyilir: "1988-1993-cü illərdə monoetnik dövlət yaratmağa nail olan Ermənistan Azərbaycana qarşı açıq-aşkar təcavüzkarlıq siyasəti yeritmiş, nəticədə dinc sakinlər qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır. XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir".
Qeyd edilmişdir ki, Ermənistanın Dağlıq Qarabağın erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi bu təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhali öz torpaqlarında qaçqın vəziyyətinə düşmüş və hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
Biz, Dağlıq Qarabağdan olan məcburi köçkünlər regionda etnik təmizləmə siyasətini həyata keçirmiş, bütün bəşəriyyət üçün qara ləkə olan Xocalı, Qaradağlı, Meşəli və neçə-neçə qanlı soyqırımılarını həyata keçirmiş Ermənistan Respublikasına və Dağlıq Qarabağdakı cinayətkar rejimə göstərilən bütün siyasi, maddi yardım, mənəvi dəstəkləri qətiyyətlə pisləyir, bunun beynəlxalq hüquq prinsiplərinə tamamilə zidd olduğunu bəyan edirik. Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmətin ifadə edildiyi, zor işlədilməklə sərhədlərin dəyişdirilməsinin yolverilməzliyinin qeyd edildiyi və erməni hərbi birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələbinin də olduğunu bir daha nəzərinizə çatdırırıq.
Qeyd edilmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli üçün ilk növbədə bölgənin qaçqın düşmüş azərbaycanlı icmasının öz doğma torpaqlarına geri qayıtması zəruridir. Bölgənin erməni və azərbaycanlı icmaları arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin formalaşdırılması Dağlıq Qarabağ münaqişəsinin həllinə öz müsbət töhfəsini verə bilər. Bu səbəbdən icmalar arasında görüşlərin keçirilməsini də zəruri hesab edirik. Biz sizdən, humanizm ideyalarının daşıyıcısı olan bütün beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması üçün təsirli tədbirlər görülsün. Bununla yanaşı, erməni təcavüzünün qurbanı olmuş 1 milyondan çox insanın haqq səsi eşidilsin və pozulmuş hüquqlarımızın bərpa edilməsi üçün ermənilərin cinayətkar əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevrilsin. Biz Dağlıq Qarabağdan, o cümlədən tarixən azərbaycanlıların yaşadığı Xankəndidən olan məcburi köçkünlər birmənalı surətdə bəyan edirik ki, nəyin bahasına olursa-olsun doğma yurdlarımıza qayıdacağıq. Bu, bizim haqqımızdır və bu haqqı heç kimə və heç nəyə güzəştə getmək fikrimiz yoxdur. Biz sadəcə, öz evimizə getmək istəyirik.
Müraciətdə
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı
icması ümidvar olduğunu bildirir ki, Ermənistanın
qeyri-konstruktiv hərəkətləri beynəlxalq birlik tərəfindən
bir daha kəskin şəkildə qınanılacaq, bu ölkənin
işğalçı siyasətinə son qoyulması
üçün ən təsirli tədbirlər həyata
keçiriləcəkdir.
Azərbaycan.-2012.- 30 dekabr.- S.11.