Tanınmış ingiltərəli jurnalist Pol Stil Qəbələdəki piano fabrikinin onu valeh etdiyini yazır

 

Böyük Britaniyanın "baldhiker.com" saytının yaradıcısı, 2011-ci ildə turizm sahəsində yazan ən güclü jurnalist adına layiq görülmüş Pol Stilin Qəbələyə səfəri ilə bağlı yazdığı silsilə məqalələrdən biri burada fəaliyyət göstərən "Beltmann" piano fabriki haqqındadır.

"Baldhiker.com" saytında yerləşdirdiyi məqaləsində Pol Stil yazır: "Azərbaycanın gözəl Qəbələ şəhərinə səfərimin hər günü bir-birindən maraqlı keçdi. Şəhərdə olduğum hər yer məni heyrətləndirdi.

Səfər zamanı mən Qəbələdəki "Beltmann" piano fabriki ilə tanış oldum. Digər gördüyüm maraqlı yerlər kimi, bu fabriklə bağlı təəssüratım belə oldu: Nadir, valehedici fərəhləndirici".

İngiltərəli jurnalist yazır: "Fabrikin qapısında məni müəssisənin baş dizayneri holland Hans Leferink qarşıladı. Müəssisənin yaranma tarixi ilə maraqlandım. Mənə məlumat verildi ki, 1901-ci ildə Yohann Beltmannın Niderland Krallığında əsasını qoyduğu "Beltmann" piano fabriki 1983-cü ildə Almaniyaya köçürülmüş müəssisə orada 2002-ci ilədək fəaliyyət göstərmişdir. 2008-ci ildə yeni "Beltmann" piano fabrikinin yaradılması ideyası yaranmış həmin il Qəbələdə müəssisənin inşasına başlanılmışdır. 2009-cu ildə isə fabrikdə üç pianonun hazırlanması ilə "Beltmann" markalı pianoların istehsalının əsası qoyulmuşdur. Hazırda dünyada "Beltmann" markalı pianolar yalnız Qəbələdəki bu fabrikdə istehsal olunur. Fabrikdə ildə 1200-1500 piano istehsal edilir.

Mən müəssisədə istehsal prosesini izlədim. Pianoların hazırlanmasında qədər incəliyin olduğunu görmək həqiqətən, çox maraqlı idi. Keyfiyyətli pianolar hazırlamaq üçün hər bir incəliyə xüsusi diqqət yetirilir. Maraqlısı budur ki, müəssisədə Qəbələnin yerli sakinləri işləyirlər. Piano istehsalı üçün istifadə olunan materialların yüksək keyfiyyəti diqqətimdən yayınmadı. Etiraf edim ki, həyatımda bu cür mənzərənin şahidi olmamışdım. Ona görə mən istehsal prosesini çox böyük heyranlıqla izlədim".

Müəssisədə hazır pianolara da baxdığını yazan Pol Stil qeyd edir ki, Hans Leferinkin ifasında musiqi parçasını da dinləmişdir. O qeyd edir ki, bu, həqiqətən , çox təsirli idi.

İngiltərəli jurnalist yazır ki, Qəbələ Azərbaycanın ən gözəl şəhərlərindən biridir. Zəngin tarixi, füsunkar təbiəti, əsrarəngiz gözəlliyi olan bu şəhərdə hər il yüksək səviyyəli Beynəlxalq Musiqi Festivalı pianoçuların Beynəlxalq müsabiqəsi keçirilir. Bu festivallarda dünya şöhrətli sənətkarlar iştirak edirlər.

Ümumiyyətlə, Azərbaycan xalqı bütün dünyada qonaqpərvərliyi ilə yanaşı, sənətə sevgi hörməti ilə tanınır. Təsadüfi deyildir ki, Azərbaycanda demək olar, hər evdə piano, milli musiqi alətləri olan saz ya tar vardır". 

Pol Stilin bu məqaləsi də maraqlı fotoşəkillərlə müşayiət olunmuşdur.

 

 

Azərbaycan.-2012.- 30 dekabr.- S.11.