Yenidən Kiyevdə
Yazardan bir-iki giriş sözü
Bu yay
Ukrayna arxivlərində Təhsil Nazirliyi xəttiylə
gördüyüm işlər haqqında “Azərbaycan müəllimi”
qəzetində geniş hesabat vermişəm (“Azərbaycan
müəllimi”, 2012, 28 sentyabr, ¹38;
5 oktyabr, ¹39;12 oktyabr, ¹40; 19 oktyabr, ¹41; 2 noyabr, ¹43). Kiyev Şəhəri Dövlət Arxivində
(KŞDA) apardığım araşdırmalardan yazarkən
orada işlərimin yarımçıq
qaldığını bildirmişdim. Həmin
işi başa vurmaqçün noyabrın 18-də yenidən
Kiyevə getməli oldum. Ötən dönə 1920-ci ilədək
Kiyevin ali məktəblərində oxumuş 85 tələbəmizin
şəxsi sənədlərini KŞDA-də iki həftə
incələyərək onlardan üst-üstə 792 səhifəlik
surət çıxarmışdımsa bu dəfə bir həftəyə
66 yeni tələbənin özəl bəlgələrindən
1.379 səhifənin surətini əldə edərək
Bakıya gətirə bildim.
“Amarant” “qaratərə” deməkdir
Təyyarəmiz Bakıdan səhər saat 7.30-da göyə
qalxdı. 2 min kilometrlik yolu 3 saat 15 dəqiqəyə
uçaraq saat... 8.45-də Kiyevə çatdıq. İş burasındadır ki, Kiyev də Ankara və
İstanbul kimi bizdən iki saat geridədir.
Hava limanında pasport qeydiyyatından keçib yükləri
götürən kimi taksi sürücüləri səni
dövrələyir. Onlardan yayınaraq valyutadəyişmə
məntəqəsinə yaxınlaşdım, çünki
cibimdə bir qəpik də Ukrayna pulu (qrivna) yoxdu. Məntəqənin qarşısında növbə
vardı. Sən demə, Ukraynada pul dəyişmək
vaxt aparan ciddi bir işmiş. Növbəm
çatanda müəyyən sayda dolları qrivnaya dəyişmək
istədim. Xəzinədar xanım
pasportumu tələb etdi. Verdim. Ad-soyadımı, verdiyim valyutanın məbləğini
bilgisayara köçürdü. Az
sonra, alacağım pulun miqdarı yazılmış vərəqi
uzadıb qol çəkməyimin gərəkliliyini bildirdi. Qolladım. Bundan sonra mənə
çatacaq Ukrayna valyutasının miqdarı göstərilən
qəbzi təqdim etdi. Bu əməliyyat ən
azı 8-10 dəqiqə çəkdi. Deməli,
Ukraynada dəyişdirilən bütün valyutalar qəpiyinəcən
hesablanırmış. Bizim Azərbaycandasa pul dəyişmək
su işmək qədər asan işdir...
Qırx dəqiqə sonra Kiyevin mərkəzindəki
“Amarant” otelindəydim. Yayda iki həftə burada
qalmışdım. Olduqca səliqəli və
sakit qonaq evidir. Çox mehriban,
qayğıkeş, diqqətcil işçiləri var. Onlarla
dostlaşmışdım. Maksim “Sladki”, iki Yuliya,
Aleksandra, “veteranlar” Yan və İvan, deyəsən, mənim
darıxdığım qədər onlar da məndən
ötrü darıxmışdılar, məni sevinclə
qarşılayaraq öncədən sifariş verdiyim, keçən
dəfə qaldığım 210-cu otağa uğurladılar.
“Amarant”
sözü bizim yerlərdə “xanımsallandı”
adlandırılan, ancaq elmi adı “qaratərə” olan, əsasən,
bənövşəyi rəngli bir çiçəyin
adıdır. Bu qonaq evində
çalışanlar onu gerçəkdən çiçək
kimi təmiz və təravətli saxlayırlar. Burada
özümü evdəki kimi rahat hiss edirdim.
Kiyev Şəhəri Dövlət
Arxivində
19 noyabrda səhər saat 10-da arxivdəydim. Doğrudur,
direktor Vera Petrovna Kupçenko iclasdaydı, ancaq şöbə
müdiri Janna İvanovna Serqa və artıq məzuniyyətdən
dönmüş oxu zalının müdiri Natalya
İllarionovna Solovyova məni gülərüzlə
qarşılayıb arxiv sənədləriylə
bağlı sifarişlərimi qəbul etdilər.
Günortaya
yaxın iş otağına dönən direktorla
görüşdüm. Vera Petrovna bu dəfə
də mənə hər cür şərait yaratmağa boyun
oldu. O, mənə hər gün 5-10 əvəzinə 20
şəxsi iş verilməsinə, oxu zalının iş
günü olmayan II və IV günlərdə də sənədləri
alaraq çalışmağıma, bütün şəxsi
işləri öz fotoaparatımla çəkməyimə
icazə verdi. Hətta arxivin işləmədiyi şənbə
günü belə mənə 28 (!) şəxsi iş verildi
və onları çəkməyimə şərait
yaradıldı. Bunların sayəsində mən bu bir həftədə
iyul ayının iki həftəsində əldə etdiyim sənədlərdən
az qala iki dəfə artığın
üzünü çıxara bildim. Bütün
bu surətlər üçün arxivin büdcəsinə
bizim pulla 687 manat ödədim.
Sənədlərin surətlərini hər gün
çəkirdim. Cümə günü yeni bir siyahıdan
Kiyev Kommersiya İnstitutunda oxumuş 28 tələbənin
adını tapdım və onları sifariş verdim. Doğrudur, bu dəfə də mənə güzəştə
getdilər, ancaq iki problem yarandı – birincisi, bank şənbə
günü işləmədiyinə görə bütün
surətlərçün pul ən geci cümə
günü ödənməliydi, buna görə də şənbə
günü materiallarından çəkiləcək səhifələrin
sayını təxmini göstərməyə məcburduq.
İkincisi, bir gündə 28 şəxsi
işi fotoaparatla çəkmək həddən artıq
ağırdı. Bu işə yarım
gün vaxtım getdi və boynuma alım ki, hədsiz yoruldum.
Ümumən arxivdəki işim o qədər gərgin
keçdi ki, şəhəri gəzməyə qətiyyən
vaxt tapmadım, halbuki Sergey Karamaşla gəzintiyə
çıxmağa öncədən söz vermişdik.
Bu səfərdə şəxsi işlərini
araşdırdığım tələbələr
aşağıdakılardır (ad-soyadlar fond, siyahı və
sənəd nömrələrinin
ardıcıllığına görə düzülüb). Həmin tələbələrdən
37-sinin adı Azərbaycan elminə indiyədək bəlli
deyildi.
Kiyev
Müqəddəs Vladimir Universiteti
1. Qədimov
Adıgözəl Allahverdi oğlu (Naxçıvan)
2.
(Allahverdiyev) Əliheydər Allahverdi oğlu (Bakı)
Kiyev
Kommersiya İnstitutu
3. Axundov
Rüstəm bəy Heydər bəy oğlu (Bakı)
4.
Abdullayev Muxtar Həsənxan oğlu (Şuşa)
5. Əliəkbərov
Əliəsgər Hacı Kazım oğlu (Bakı)
6.
Ağayev İsrafil İbrahim oğlu (Qarğabazar)
7. Əliyev
Şövkət Məşədi Hacı Abdulla oğlu (Gəncə)
8. Aleyev
Abdulqazis Qayazetdinoviç
9.
Ağasıbəyov Səlim bəy Böyük bəy
oğlu (Gəncə)
10.
Ağalarov Sultanəhməd bəy Əliəkbər bəy
oğlu (Şamaxı)
11.
(İbrahimbəyov) Adışirin Mirzə Məhəmmədbağır
oğlu (Şuşa)
12. Bəylərbəyov
Əbdüləli bəy Şahkərəm bəy oğlu (Lənkəran)
13. Babayev
Həbib Mirzəaga oğlu (Bakı)
14. Bəhramov
Bəhram Hacı İmamqulu oğlu (Şuşa)
15.
Hüseynbəyov Mustafa bəy İsmayıl bəy oğlu
(Şəki)
16. Həmzəyev
Cahangir İsmayıl oğlu (Gəncə)
17.
İbrahimov Abbasqulu Hacı Paşa oğlu (Gəncə)
18.
Qayıbov Xalid bəy (Quba)
19.
Kazımov Cəfər Kərbəlayı Əliəsgər
oğlu (Bakı)
20. Məhəmmədov
Məhəmməd Əsəd oğlu
21. Məhəmmədyarov
Əbdüssəməd Əbdülbağı oğlu (Quba)
22.
Mövsümov Mirhüseyn Hacı Mirağa oğlu (Bakı)
23. Musayev
Məhəmmədalim Əhmədcanoviç
24.
Maqrubov Bahadur bəy İsgəndər bəy oğlu (Şuşa)
25.
Mullayev Tausultan İşakoviç
26.
Nağıyev Zeynalabdin Ağaəli oğlu (Bakı)
27. Orucəliyev
Hacımurad Əbdülqədir oğlu (Şamaxı)
28. Rəhimzadə
Abdulla Məhəmməd oğlu (Gəncə)
29. Səidov
Məcid Bağır oğlu (Quba) (2 şəxsi işi var)
30. Səlimov Müseyib İbrahimxəlil oğlu
(Lahıc k.)
31. Səfərəliyev
Mirzəhüseyn bəy İbrahim bəy oğlu (Bakı)
32. Semakov
Abdurahman Xayruloviç
33.
(Bağırlı) Abdulla Məşədi Sadıq oğlu (Gəncə)
34. Tahirov
Əhmədsultan Şakircanoviç
35.
Talışinski Mirabbasqulu xan Mirrza xan oğlu (Lənkəran)
36.
Talışinski Mirisgəndər xan Bağır bəy
oğlu (Lənkəran)
37.
Tağıyev Abdulla Hacı Məhəmmədtağı
oğlu (Gəncə)
38.
Talıbov Böyükağa Mirqasım oğlu (Salyan)
39.
Şahbazov Abdulla Abbas oğlu (Bakı)
40.
Yarıbəyov Samid bəy Cavad bəy oğlu
(Hacıbabalı k. – İmişli)
41.
Ağabəyov Yusif bəy Məhəmməd bəy oğlu
(Quba)
42.
Adigözəlov Qəhrəman Hacı Məhəmmədtağı
oğlu (Zazalı k.–Gəncə qəzası)
43. Əliəkbərov
Məhəmmədrza Məşədi Məhəmmədsadıq
oğlu (Bakı)
44. Mütəllimov Baba Əşrəf oğlu
(Şamaxı ş.) (2 şəxsi işi var)
45.
Hacıyev Məhəmmədrza Kərbəlayı Əliəsgər
oğlu (Bakı)
46.
Qasımbəyov Əbdüssəttar bəy İbrahim bəy
oğlu (Bakı)
47. Qocayev
Əliheydər Ağabəy oğlu (Saray k. – Bakı)
48.
Hüseynov Hacısaleh Məşədi Fətulla oğlu (Dərbənd)
49. Cəfəroglu
Əhməd Ağaismayıl oğlu (Gəncə)
50.
Zöhrabbəyov İsmayıl bəy Əliəkbər bəy
oğlu (Quba)
51. Zeynalbəyov
Cavad bəy Hacı Əli bəy oğlu (Dərbənd)
52.
İsmayılzadə İbrahim Məhəmməd oğlu (Gəncə)
53.
Qazıxanov Məhəmmədsəfa Qazıxan oğlu
(Kafir–qumuq k.–Dağıstan)
54.
Qardaşov Həbibullah bəy Aslan bəy oğlu (Zaqatala)
55.
Qasımov Məhəmmədqasım Məlikəhməd
oğlu (Bakı)
56.
Keyseruxski Adigörklü bəy Əbdülməcid bəy
oğlu (Balakən)
57. (Məhəmmədov)
Nəbi Məhəmməd oğlu (Aslanbəyli k.–Qazax)
58. Mahmudbəyov
Şamil bəy Mirzə Həbib bəy oğlu (Bakı)
59.
Mahmudov Əbdülqafar Hacı Mahmud oğlu (Şamaxı)
60. Məhrəmov
Əliabbas Əliheydər oğlu (Şamaxı)
61. Məlikov
Nurullah bəy Ağarəhim bəy oğlu (Bakı)
62.
Mütəllimov Mütəllim Məşədi Sadıq
oğlu (Şamaxı)
63.
Sultanov İsgəndər bəy Rüstəm bəy oğlu
(Qasımuşağı k.–Zəngəzur)
64.
Talıbov Əliəşrəf Məşədi Əsəd
oğlu (Bakı)
65.
Talışxanov–Talışinski Mirhəbib xan Mirfəttah bəy
oğlu (Lənkəran)
66. Əfəndiyev
Əhmədsultan Ağarəhim oğlu (Şamaxı)
Burada göstərilmiş 5 nəfər tatar
balasının Azərbaycanla bağlılığı olmasa
da onların şəxsi işlərini kənara atmağa
qıymadım və araşdırıcı tatar
qardaşlarımıza gərək olar düşüncəsiylə
arxivdən götürməyi faydalı saydım.
Oxuculara bu da maraqlı olar ki, arxiv işçiləri
bütün bu şəxsi işləri son yüz ildə ilk
dəfə mənim sifariş verib oxuduğumu dedilər. Bu üzdən
işlərin heç biri hələ tikilməmişdi,
ayrı-ayrı vərəqlər şəklində bir
qovluğa yığılmışdı, bu isə həm mənim
fotoçəkmə işimi xeyli asanlaşdırdı, həm
də mətnlərin bütünlüklə oxunmasına
yardımçı oldu, çünki tikilən işlərdə,
adətən, vərəqlərin ya baş, ya da son hissəsi
başqa vərəqin altında qaldığına görə
mətndə bir çox sözləri oxumaq mümkün
olmur.
Kupçiklə
görüş
Bakıda olarkən AR Xarici İşlər Nazirliyinin
“Diplomatiya aləmi” dərgisində (2011, ¹30) Oleq Kupçik və
Əli Dəmirov’un 1917-1921-ci illərdə Ukrayna – Azərbaycan
diplomatik münasibətləri haqqında məqaləsini
oxumuşdum. Həmin yazıda ilk Azərbaycan Parlamentinin
üzvü olmuş Vasil Nikolayeviç Kujim haqqında da
maraqlı bilgilər vardı. Müəlliflər
onun Azərbaycanda gördüyü işlər və
diplomatik fəaliyyəti haqqında bir çox dəyərli
bəlgələr üzə çıxarmışdılar.
Mən Sergey Karamaş’dan Oleq Kupçikin
telefonunu tapmağı xahiş etmişdim.
Sənədlərlə çalışdığım
zaman birdən Sergey gəldi ki, Kupçik arxivdədir və səninlə
görüşmək istəyir. Sevinərək foyeyə
çıxdım. Qarşımda ucaboy,
yaraşıqlı bir gənc vardı. Tanış
olduq.
Taras
Şevçenko adına Kiyev Milli
Universiteti tarix fakültəsinin müəllimi olan Oleq Romanoviç
Kupçik (1979) Ukrayna SSR-in 1920-1923-cü illərdə xarici
siyasəti mövzusunda 2005-ci ildə namizədlik
dissertasiyası müdafiə edib. O, bu il
professor Musa Qasımlı və Kiyevdə yaşayan
eloğlumuz Əli Dəmirov’la birlikdə Kiyevdə “Ukrayna-Azərbaycan
siyasi münasibətləri: tarix və müasirlik” adlı dəyərli
elmi monoqrafiya nəşr etdirib. Bu əsərdə
Ukrayna – Azərbaycan diplomatik münasibətlərinin 1918-ci
ildən bugünədək olan tarixi izlənilib və
yuxarıda adını çəkdiyim V.N.Kujim haqqında da
bilgi verilib.
Maraqlıdır
ki, ilk Ukrayna – Azərbaycan diplomatik münasibətlərində
ən önəmli rolu Kiyev Universitetində oxumuş azərbaycanlı tələbələr
Yusif Vəzir Çəmənzəminli (Vəzirov), Yusif
Salehov, Cahangir Həmzəyev və b. oynamışlar. Mən Yusif Vəzir çıxılmaqla son iki tələbənin
şəxsi işlərini hələ yayda arxivdən taparaq
Bakıya gətirmişdim.
Oleq
Romanoviç məni Əli Dəmirovla da tanış etməyə
söz verdi və
bizi telefonda görüşdürdü. Əli bəylə cümə günü axşam
görüşəsi olduq.
Əli Dəmirovun
“Orman”ında
Öncədən razılaşdığımıza
görə, cümə günü axşam saat 18.10-da
O.R.Kupçik arxivə gələrək məni və Sergeyi
şəhərə apardı. Əli Dəmirov bizi
orada gözləyirdi. Metroyla xeyli yol getdik.
Haradasa yer üzünə çıxdıq.
Çox keçmədən
görünüşcə ukraynalılardan əsla seçilməyən
eloğlumuz öz maşınında gəldi və bizi şəhərin
hansısa rayonundakı meşəlikdə yerləşən
“Orman” adlı özəl kafesinə apardı. Yolda maşında ukraynaca şirin söhbət
getdi. Ən çox danışan da Sergeylə
Oleq yox, Əli Dəmirovdu. Onun Ukrayna dilində
ləhcəsiz təmiz danışmasına heyran
qalmışdım. Tanımayan qıraq adam
onun ukraynalı olmadığını ağlına belə gətirməzdi.
Azərbaycan bayrağının üç rəngindəki
böyük lövhə üzərində yazılmış
“Orman”ın qarşısında maşından
düşdük. Gördüyümüz mənzərə
Sergeylə Oleqçün adicə ekzotika, mənimçünsə
qürur qaynağıydı.
İçəri keçdik. Adam çox deyildi.
Əli bəy kafe işçilərinə gərəkli
göstərişlər verib yanımıza gəldi.
Yaxından tanış olduq. Öyrəndim ki, Biləsuvar rayonunun İsmətli kəndindəndir.
47 yaşı var. Politexnik İnstitutu fərqlənmə
diplomuyla bitirib. Azərbaycanın ali
məktəblərində dərs deyib. 20 ildən
artıqdır ailəsiylə Kiyevdə yaşayır. İş adamıdır. Ukrayna
Jurnalistlər Birliyinin üzvüdür. Burada bir
neçə il (1996-1999) öz vəsaitiylə
Azərbaycanı təbliğ edən üçdilli “Exo
Azerbaydjana” qəzeti buraxıb. Ukrayna dilini çox
yaxşı bildiyinə, Ukrayna ədəbiyyatının ana
dilimizə, bizim ədəbiyyatımızın Ukrayna dilinə
çevrilməsində mühüm işlər
gördüyünə (2006-cı ildə mərhum Mikola
Miroşniçenko ilə birlikdə ikicildlik “Azərbaycan
poeziyası antologiyası”nı Kiyevdə Ukrayna dilində
buraxdırıb), Azərbaycan səfirliyiylə yaxın əməkdaşlıqda
Ukrayna – Azərbaycan münasibətlərinin daha da
yaxşılaşmasına əlindən gələni etdiyinə
görə yerli ziyalılar arasında böyük hörməti
var. O, dilçilik və tarix sahəsində də ciddi
araşdırmalar aparır. Kiyevin bir sıra
dövlət arxivlərində onu yaxşı
tanıyırlar.
Həyat yoldaşı da azərbaycanlıdır. Övladları
gözəl bildikləri ana dilindən başqa, Türkiyə
türkcəsinə, bir neçə Avropa və Şərq
dilinə də mükəmməl yiyələniblər.
Əli bəy
“Orman”da bizə əsl Azərbaycan qonaqlığı verdi. Doğrudur, indiyədək
“Dərbənd” restoranında Sergeylə birgə bir neçə
dəfə lüləkabab yemişdik, ancaq Azərbaycanın
gerçək lüləkababını və quzu ətindən
hazırlanmış kababını Sergey ilk dəfə
dadırdı. O, milli yeməklərimizi çox bəyəndi.
Söhbətimizə Əli bəyin kafedə
ortağı Asif Allahverdiyev də qoşuldu. Çox
gözəl bir ziyalı məclisi oldu. Şirin
diskussiya getdi. Dağılışanda Əli
bəy öz maşınında bizi bir-bir evlərimizə
düşürdü. Məni sona
saxladı. Kiyevin Obolon rayonunda azərbaycanlıların
gücüylə Səməd Vurğun adına
kitabxana yaradıldığını, kitabxananın
qarşısında şairin heykəli qoyulduğunu söylədi
və məni oraya apardı. Mate Zalka küçəsindəki
3 saylı binanın birinci qatını tutan kitabxana yetərincə
böyükdür. Heykəl də gözəldir.
Təəssüf ki, qaranlıq olduğuna
görə orada çəkdiyim şəkillər
yaxşı alınmadı.
Əli bəy məni “Amarant”ın həyətində
düşürdü. Tezliklə Bakıda görüşmək
umuduyla ayrıldıq.
Son bir-iki
söz
Noyabrın 24-ü şənbə günü axşam
22.30-da oteli tərk edərək Borispol hava limanına
yollandım – ayın 25-də saat 1.10-da təyyarəm
uçacaqdı. Özümlə Bakıya 66 tələbənin
68 şəxsi işinin surətini də
götürmüşdüm. Ancaq Kiyev
Şəhəri Dövlət Arxivindəki
araşdırmalarım yenə yarımçıq qaldı.
Kiyevdə oxumuş bütün soydaşlarımızı
üzə çıxarmaqçün həmin arxivdə yenə
bir neçə ay işləmək gərəkmiş! Ancaq
bu işi daha mən deyil, başqaları davam etdirəcək...
Ukrayna paytaxtına səfərimin uğurlu keçməsi
üçün dostlarımın, demək olar ki,
hamısı dua edirdi. Onların hər birinə, özəlliklə Ağaəli
Bağırov’a dərin minnətdarlığımı
bildirirəm!
Ədalət Tahirzadə,
Bakı Avrasiya Universitetinin professoru
525-ci qəzet.-
2012.- 30 dekabr.- S.26-27.