Azəristan ölkəsi

 

(“Şərq hekayətləri” silsiləsindən)

 

I HİSSƏ

 

II HİSSƏ

 

Sonuncu hissə

 

Ac dəstə Allahyarxanın bu sözlərindən sonra qoca şeyxi bir ağızdan salamlayıb alqışladılar:

–Geniş və xeyirxah ürəyinə görə qoy Tanrı xeyir-duasını və mərhəmətini səndən əsirgəməsin, həmişə Qadir Allahın əmanətində olasan, ay Allahyarxan!

Allahyarxansa onlara dedi:

 – Fəqət, çörəkli günləriniz gələnə qədər taxılı sizə  borc  olaraq verə  bilmərəm.

 – Niyə, ay Allahyarxan? Yoxsa, fikirləşirsən ki, səni aldadarıq, borcunu qaytarmarıq?deyə yığışanlar bir ağızdan soruşurlar.

Allahyarxan belə cavab verdi:

Azad insan yalnız özü üçün işləməlidir, başqası üçün çöllərdə tər tökməməlidir. İstəmirəm ki, aclıqdan qurtulub yaxşı günlərə çıxandan sonra öz torpağınızda təkcə özünüz üçün yox, həm də mənə borcu qaytarmaq üçün qul kimi işləyəsiniz, mən də axıtdığınız alın tərindən bu minvalla istifadə edim.

Hamı bu sözləri eşitdikdən sonra hərəkətsiz halda dinməzcə durmuşdular, bilmirdilər ki, nə desinlər.

Bir qədər sonra onların arasından bir nəfər dillənir:

–Biz səndən satın alardıq və pulunu da yerindəcə verərdik, ancaq, heç nəymiz qalmayıb. Belə ki, hələ keçən il aclıqdan ölməmək üçün, hər nəyimiz vardı, hamısını ermənilərə vermişik. Xilas et bizi! Əgər istəyirsınsə, çöl işləri başlanan zaman hamımız gəlib sənin əkin sahələrində işləyərik və bizə etdiyin yaxşılığın əvəzini bu yolla çıxarıq.

Yoox, – deyərək şeyx etiraz etdi, – belə olan halda öz sahələriniz becərilməmiş qalacaq və torpaq da verməli olduğu məhsulu verməyəcək. Və o zaman aclıq bir daha istehza ilə üzünüzə qımışanda və sizi ələ salanda məni söyəcəksiniz.

– Ay Allahyarxan, o qədər yemək-içməyin ola-ola, bizi doğrudanmı qapından əliboş qaytaracaqsan?

– Allahyarxan, məgər deyirsən ki, o qədər varın ola-ola, hamımız ailəliklə son nəfərə kimi aclıqdan ölək?

– Yoox,- deyərək Allahyarxan uzun və ağ saqqalını sığallayıb dilləndi – sizə yaxşılıq etmək istəyirəm, kömək də edəcəm, ancaq mənə bir məsləhət verin görək, necə edim ki, həmin yaxşılığın nəticəsi həm sizin, həm də mənim üçün  yamanlıq kimi alınmasın?

– Axı, sən nə borc vermək istəyirsən, nə də ki, borcun əvəzində işləməyimizə razı olursan, almağa isə nə pulumuz var, nə də başqa bir malımız. Onda öz var-dövlətindən, taxılından və başqa məhsulundan bizə nə bağışlaya bilərsənsə bağışla, yaxşılığını unutmarıq, – deyərək bir nəfər dilləndi.

– Allah və Onun peyğəmbəri şahiddir ki, səni unutmarıq! – deyərək hamı ucadan dilləndilər.

– Müqəddəs Məhəmmədin saqqalına and olsun ki, etdiyin yaxşılığın əvəzini bizim günlər gələndə üçqat səxavətlə qaytaracıq!

– Siz deyən kimi edə bilmərəm, – deyərək Allahyarxan cavab verdi. – İnsan digər bir insanın əməyindən müftə istifadə etməməlidir. Əgər bir dəfə belə etsəniz, qorxuram ki, sabah bunu bir də təkrarən etmək istəyərsiz. Və onda buna öyrəşib adətkərdə olarsız, tənbəlləşərsiz, beyninizdə başqa adama qarşı zor işlətmək, onu məcbur etmək istəyi kök atar. Özgə əməyindən istifadə etməyə adət etmək insan üçün çox böyük bədbəxtlikdir.

Bu sözlərdən sonra adamlar daha çox məyus oldular və soruşdular:

 – Axı, onda de görək, hamımız külfətlərimizlə bir yerdə aclıqdan ölməmək üçün nə etməliyik ki, bizə anbarlarından yemək-içmək verəsən?

 Allahyarxan hər iki əliylə göyü göstərərək dedi:

 – Allaha dua edib yalvarın ki, sizin və mənim ağlımı işıqlandırsın, bu çətin vəziyyətdən bizə çıxıs yolunu göstərsin.

 Adamlar daha da qəmginləşdilər, başlarını aşağı salıb fikirləşməyə başladılar ki, “Allahyarxan gör necə xəsis və qəddar bir adama çevrilibdir, ürəyi də mamır basmış daşa dönübdür, nə bizə, nə də uşaqlarımıza yazığı gəlmir, heç kəsə kömək əlini uzatmaq istəmir”.

Allahyarxan da başını aşağı salmışdı və saqqalını sığallaya-sığallaya dərin fikirlərə getmişdi.

Adamlar isə hələ də durmuş gözləyirdilər ki, şeyx onlara daha nə deyəcək. Özlərinin və ailələrinin olum–ölüm məsələsinin Allahyarxandan asılı olduğunu başa düşən adamların bir qismi hələ də ümidini üzməmişdi, digər qismi isə gözləyirdi ki, şeyx bu saat ağzını açacaq və ən xoşagəlməz sözlərlə onları məzəmmət edəcək, ən acı kəlmələrlə tənbehləyəcək.

Allahyarxan dərin düşüncələrdən ayılaraq başını qaldırdı və dedi:

 –Evimin yanında bir gur bulaq vardır. Suyu o qədər güclüdür ki, aşıb-daşaraq otlağı basıbdır və orada göl əmələ gətiribdir. Kim ki, məndən taxıl və meyvə almaq istəyir, qoy gedib orada arxlar qazsın və  sulara yol açsın ki, axıb biyəbanlığa getsin. Hər qazılan iki arşın 4 arx üçün adambaşına bir girvənkə 5 taxıl verəcəm ki, özünə yavanlıq hazırlaya bilsin.

Adamlar bu sözləri eşidib çox sevindilər, əlinə bel və külüng götürüb arx qazmağa getdilər. Onlar səhərdən axşama qədər külüng çalaraq saysız-hesabsız arxlar qazır, biyəbanlığa çoxlu-çoxlu sular axıdırdılar. Axşam düşəndə isə hər kəs gördüyü işin əvəzində taxıl alır, özünün və ailəsinin aclığını öldürməyə yeməyi olduğu üçün Allahyarxana təşəkkür edə-edə razı halda evinə qayıdırdılar.

 Bu minvalla onlar bir gün, iki gün, üç gün... və daha neçə-neçə günlər işlədirlər...Və insanlar yaxşı güzərana, xoş vaxtlara qovuşana qədər çoxlu-çoxlu belə iş günləri ötüb keçdi...

 

lll

 

Beləliklə, hər gün yeni insan dəstələri işləməyə gəlirdi, onlar arxlar qazır və axşam düşəndə muzdlarını alıb evlərinə qayıdırdılar, qazandıqlarını yeyib qurtarmayana kimi işə qayıtmırdılar. Artıq çoxlu sayda arxlar qazılmışdı və göldən biyəbanlığa çox sular axıdılmışdı. Ancaq gölün suyu heç cür azalmırdı, arxlar qazılmamışdan qabaq necə vardısa eləcə də dururdu. Çünki indi yerin qatlarından bir yox, on iki bulaq vurub çıxırdı...

Sərin mehli bir axşam idi, gündüzün cəhənnəm qızmarından sonra adamın bədəninə rahatlıq yayan və gücünü qaytaran bir xoş şimal nəsimi əsirdi. Allahyarxan çuxasını geyinir və əlinə əsanı alıb biyəbanlığın düzənlərinə çıxır ki, baxıb görsün, insanların muzdlu əməyi sayəsində burada nə işlər görülüb, sular haralara axıb gedir və gölün suyu niyə azca da olsa azalmır...

Allahyarxan düzənliyə çatır və qazılmış arxlarla su axıdılan yerləri görür, torpağı tanımır: – qabaqlar qızmardan çatlaq–çatlaq olan torpaq indi təzəcə göyərmiş çəmənliyə dönmüşdü və boş çöllər axarlı–baxarlı bağlara çevrilmişdi. İnsanlar aldıqları buğdanı, çovdarı evə apararkən orda–burda yerə saldıqları taxıl dənləri cığırların qırağında qalın cücərtilər verərək yaşıllaşmışdı. Vahənin yaxınlığında bitən ağacların kökləri uzaqlara gedib çıxmışdı, köklər cücərti vermişdi, cücərtilər isə torpağı dələrək pöhrələnmişdilər və yaşıl yarpaqlardan don geyinmişdilər...

Şeyx indi başa düşdü ki, bu sahələri Allah ona xeyirxah ürəyinə görə veribdir və eyni zamanda biyəbanlığın məhsul verməyən dəmyə düzənlərini insanlar üçün fayda verən, min bərəkətli və bəhrəli gülüstana döndərməyin yolunu da göstəribdir. O, məhz bu zaman başa düşdü ki, niyə indi torpağın dərinliyindən bir yox, on iki bulaq vurub çıxır və nə üçün gölün suyu arxlarla biyəbanlığa axıdılsa da, heç vaxt azalmır. Bü cür fikirlərdən sonra o, əlini üzünə çəkib salavat çevirdi və əllərini göyə tutub Allaha dua oxuya-oxuya şükürlər etdi ki, İlahinin hamı tərəfindən qəbul edilməli müqəddəs hökmü məhz bu cür olubdur.

Allahyarxan indi insanlara daha kiçik arxlar çəkməyi və çoxlu sayda şaxələnmiş suları biyəbanlığın hər tərəfinə axıtmağı, bel və kətmənlə torpağı yumşaltmağı tapşırır, həmin yerlərə buğda, arpa və yulaf səpdirir, arxların qırağında tut, hulu, əncir, xurma və digər meyvə ağaclarını əkdirir. Biyəbanlığın dəmyə düzənləri yamyaşıl cücərir və dörd ay keçəndən sonra Allahyarxan anbarlarına o qədər taxıl yığır ki, o məhsul ətraf dairədə yaşayan və onun köməyi olmasaydı hələ də aclıq içində əziyyət çəkəcək əhalini tamamilə doyuzdurmaq üçün  kifayət  edərdi.

Bunu görən insanlar boz düzənlərə gedir, mümkün olan yerlərə arxlar qazaraq su gətirir və elə həmin yerlərdə ev-eşik salıb yaşamağa başlayırdılar. Onlar arxların kənarında ətrafı gözəlləşdirən və evlərə yaraşıq verən, həm də insanlara fayda gətirən meyvə ağacları əkirdilər. İnsanlar torpağa tər tökür, torpaqsa onlara zər tökürdü. Bu yolla Muğan torpağında taxıl əkinləri cücərib yaşıllaşır, ağaclar qar kimi çiçəklənir, əvvəllər biyəbanlıq olan boz düzənlik gözoxşayan təravətli bir çəmənliyə dönür, yavaş-yavaş bol sərvətli, min nemətli və cənnət məkanı Ədəm bağlarını xatırladan yamyaşıl vadiyə çevrilir.

Aclığın sıxışdırdığı insanlar indi üzlərini yenidən Allaha tutmuşdular, haqqın dərgahına çevirmişdilər. Bunu belə görən İlahi onları daha cəzalandırmırdı. Qadir Allah onda şimal küləyinə dağlara əsməyi və oradan su ilə dolu buludları qovub gətirməyi əmr edir və buludlara Azəristan ölkəsinin quraqlıqdan inildəyərək can verən bağrıyanıq torpaqlarına yağış tökmək barədə hökm verir.

Həyatverici yağışdan sonra torpaq canlandı, yenidən rahat nəfəs almağa və əvvəllər olduğu kimi insanlara bol məhsul gətirməyə başladı, bağlar təzədən yaşıl don geyindilər...

İnsanlar da yenidən ülfətlə, toy-büsatla yaşamağa başladılar, ermənini isə daha heç kəs özünə yaxın buraxmırdı. Doğrudan da Allaha ibadət edən hər kəs erməniylə qarşılaşanda, hətta uzaqdan belə onu görəndə, o tərəfə tüpürürdü...

İnsanlar Allahın sonsuz mərhəmətinə görə və səxavətlə onlara göndərdiyi bərəkət üçün qəlblərində İlahiyə minnətdarlıq və hörmət hisslərini yaşada-yaşada, həmçinin ağır gündə onlara yaxşılıq etmiş şeyx Allahyarxana təşəkkürlər edə-edə uzun müddət xoşbəxt həyat sürdülər.

Günlərin bir günü Allahyarxan dünyasını dəyişdi və ölkədə kiçikdən böyüyə qədər, cavandan qocaya kimi hamı dərdə-qəmə batıb başlarına kül ələdilər, üzünü döyərək sinə paltarını cırdılar, kül səpələnmiş evlərində doqquz gün yerdə bardaş qurub oturdular, böyük və xeyirxah, covmərd bir ağsaqqalın ölümünə yas saxladılar...

Şərəfli və müdrik şeyxin itkisindən kədərlənən insanlar daha qırx gün matəm içində oldular, qırx gün saç qırxmadılar, dırnaq tutmadılar və saqqal saxladılar...

Həyat isə davam edirdi... Zaman keçib illər dəyişdikcə, insanlar vaxtilə niyə əziyyətə düşdüklərini yenə də yaddan çıxarırlar, Allahyarxanın onları aclığın əzazil cəhəngindən necə xilas etdiyini unudurlar, qoca şeyx onlara nə demişdisə və nə öyrətmişdisə hafizədən silirlər, onun savab işlərini, hətta adını belə xatirələrində saxlamırlar...

Yavaş-yavaş Azəristan oğulları yenidən pozuldular, gürcülərlə, ermənilərlə və başqa gavurlarla  dostluq etməyə başladılar. Yenə də onlara torpaqlarının barını satırdılar, min zəhmətlə və alın təriylə yetişdirdikləri məhsulu Allahı tanımayan və muqəddəs Məhəmməd peyğəmbərə hörmət etməyən gavurların əlləriylə yad ölkələrdə düzəldilmiş və Azəristana gətirilmiş şeylərə dəyişirdilər. O şeylərin hamısı Allahın gözündə iyrənc idi və hər kim onlara toxunurdusa, bu, hər şeyi görən Tanrını qəzəbləndirirdi...

Adamlar özgə ölkələrdən gətirilmiş parçaları alır, amma, öz arvad və qızlarının toxuduqları, mahuddan tikilmiş paltarları geyinmirdilər... Ancaq gavurların geyindikləri paltarlardan geyinirdilər, keçmişdə ata-babaların yaşadıqları evlərə bənzəməyən və məhz allahsızların evlərinə oxşayan evlər tikirdilər... İndi yalnız saqqalını qırxırdılar, başları daha ülgüc görmürdü və saçları çiyinlərinə tökülmüşdü. Vay müsibət, necə də tanınmaz bir şəklə düşmüşdülər, daha heç kəs doğrudan da ibadət edənin üzünü gavurun sifətindən ayıra bilmirdi!

Bunu görən Allah yenidən qəzəblənərək Azəristan oğullarından təkrarən üz döndərdi və onları Yer üzündəki bütün gavurların ən acıqlısı və qudurğanı, ən qəddarı və amansızı, gavurlar gavuru olan yırtıcı və qaniçən urus gavurunun əsarətinə verdi.

Urusların sayı göydəki ulduzların, dəniz sahilindəki qum dənələrinin sayı qədər idi. Onlar çəyirtkə sürüsü kimi Azəristan olkəsinin canına daraşdılar, hər yerə quldur basqınları edərək elə bir yer qoymadılar ki, ayaqları dəyməmiş olsun. Nəyi qarət etmək mümkündürsə qarət edirdilər, nəyi soymaq olurdusa soyurdular, yurd yerlərini və obaları büsbütün talayır, nə yanırdısa yandırıb dilim-dilim alovlara qərq edirdilər. Beləliklə, laləzar Azəristan torpağının sinəsinə dağ çəkdilər, elləri viran qoyub buğum-buğum tüstülənən xarabalığa çevirdilər, gizlənməyə macal tapmayan insanları isə vəhşicəsinə əzişdirib şil-küt etdilər, dəhşətli işgəncələr verərək leşi leş üstə qaladılar...

Muğan vadisinin təqib olunan sakinləri pərən–pərən düşəndən sonra, ayna tək parlayan göllər lil və qumla doldu, şırıltılı bulaqların durna gözü bağlandı, arxlar və çöllər qurudu, ağaçlar isə saralıb-soldu. Beləliklə, Muğan ölkəsi əvvəllər olduğu kimi yenə də boz düzənliyə, heç nə bitməyən boş biyabanlığa çevrildi.

O vaxtdan indiyədək Azəristan ölkəsinin oğulları iztirablar içində ah-aman edə-edə köləlik edirlər və hələ ki, onları yağıların pəncəsindən xilas edə bilən bir kəs yoxdur...

Merkine – Bakı – Kaunas

1909 – 1920-ci illər.

(Litva dilindən tərcümə edən: Mahir HƏMZƏYEV

Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Azərbaycanın Əməkdar jurnalisti

E.- mail: mahir.hemzeyev@post.skynet.lt

 

Vilnüs – Bakı, 2005-2012-ci illər)

 

 

Vintsas Kreve

 

525-ci qəzet.- 2012.- 30 dekabr.- S.22.