Bakının Binəqədi rayonunun ərazisində məscid kompleksi tikilir
Prezident İlham Əliyev
kompleksdə inşaat işlərinin gedişi ilə tanış olmuşdur
Dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunun ərazisində inşa olunan məscid kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
Respublikamızda maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsi dövlət başçısının daim diqqət mərkəzindədir. Son bir neçə ildə Azərbaycan Prezidenti İlham Əliyevin qədim tarixi abidələrin, ziyarətgahların bərpası ilə bağlı imzaladığı sərəncamlar dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisidir. Dövlət başçısının tapşırıqları əsasında Bakıda Təzə Pir, Əjdərbəy məscidləri və digər dini-tarixi abidələr əsaslı şəkildə bərpa olunaraq dindarların istifadəsinə verilmişdir. Məscidlərin və digər dini-tarixi abidələrin bərpası işləri Azərbaycanın bütün bölgələrində uğurla həyata keçirilir.
Dövlət başçısının tapşırığı ilə Bakının Binəqədi rayonu ərazisində yeni məscid kompleksinin inşasına başlanılmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev inşaat işlərinin gedişi ilə tanış olmaq üçün kompleksin tikildiyi əraziyə gəldi.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məscid kompleksinin layihəsinin baş planı əsasında Prezidentə məlumat verdi. Bildirildi ki, layihə üzrə yeni məscidin ümumi sahəsi 4 min kvadratmetr təşkil edəcəkdir. Ucaldılacaq 4 minarənin hər birinin hündürlüyü 72, baş günbəzin hündürlüyü 55, ikinci günbəzin hündürlüyü isə 35 metr olacaqdır. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənəcəkdir. Kompleksin daxilində isə tamamlama-bəzək işlərində mərmərdən və taxtadan istifadə olunacaqdır. Məscid kompleksinin həyətində 80 avtomobil üçün dayanacağın yaradılacağı da nəzərdə tutulur.
Dövlət
başçısı inşaat sahəsini gəzdi, tikintinin
gedişi ilə maraqlandı, müvafiq
tapşırıqlarını verdi.
AzərTAc
Azərbaycan.-2012.- 31 dekabr.- S.1.