Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 2012-ci il üçün ikinci müsabiqənin nəticələrini elan etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi-tədqiqat proqram layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2012-ci il üçün ikinci müsabiqəsinin nəticələrini açıqlamışdır.

EİF-dən AzərTAc-a bildirmişlər ki, fond 2012-ci il üçün ikinci qrant müsabiqəsinin keçirilməsi haqqında qərarını 2012-ci il mayın 10-da internet səhifəsində və kütləvi informasiya vasitələrində elan etmiş və 2012-ci il 14 may - 29 iyun tarixini qrant layihələrinin  qəbulu üçün müddət olaraq müəyyənləşdirmişdir. Həmin müddət  ərzində EİF-in icraçı direksiyası qrant iddiaçılarına kömək məqsədi ilə beş məsləhət seminarı təşkil etmiş, telefon və elektron-poçt vasitəsilə olan müraciətlərə cavab vermiş, ortaya çıxan suallara aydınlıq gətirmişdir.

Müsabiqəyə 174 layihə daxil olmuş, onlardan müsabiqə qaydaları və tələblərinə cavab verməyən 52 layihə texniki ekspertiza mərhələsindən keçməmiş, 122 layihə isə elmi ekspertiza mərhələsinə buraxılmamışdır. Ekspertiza işinə Elmin İnkişafı Fondunun daimi ekspertləri və müstəqil elmi ekspertlər cəlb olunmuşlar. Eyni zamanda, elmi ekspertiza mərhələsinə keçmiş layihələrin siyahısı www.sdf.gov.az internet səhifəsində dərc olunmuş və onların açıqlana bilən hissələrinin forum tipli elmi-ictimai müzakirəsi  də təşkil edilmişdir. EİF-in 2012-ci il 28 dekabr tarixli qərarı ilə ikinci qrant müsabiqəsi çərçivəsində dördü pilot layihə, 27-si fundamental-tətbiqi xarakterli layihə və səkkizi xüsusi layihə olmaqla cəmi 39 qalib layihə müəyyənləşdirilmişdir. Cari müsabiqə üzrə ümumi maliyyələşdirilmənin məbləği yeddi milyon beş yüz min manat olmuşdur.

 

 

Azərbaycan.-2012.- 31 dekabr.- S.2.