Tərkibində əqli mülkiyyət
hüquqlarının obyektləri olan malların reyestrinin
aparılması qaydaları
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2012-ci il 28 dekabr tarixli 323 nömrəli qərarı
ilə təsdiq edilmişdir
1.
Ümumi müddəa
Bu qaydalar Azərbaycan
Respublikasının Gömrük Məcəlləsinin (bundan
sonra-Gömrük Məcəlləsi) 279.2-ci maddəsinə əsasən
hazırlanmışdır və tərkibində əqli
mülkiyyət hüquqlarının obyektləri olan
malların (bundan sonra - mallar) reyestrinin aparılması
qaydalarını müəyyən edir.
2.
Malların reyestrə daxil edilməsi və oradan
çıxarılması
2.1. Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi (bundan sonra - Komitə)
gömrük nəzarətinin həyata keçirilməsini təmin
etmək məqsədi ilə malların reyestrini kağız
üzərində və elektron daşıyıcılarda
aparır.
2.2. Hüquq sahibi və ya onun maraqlarını təmsil edən şəxs (ərizəçi) mallar gömrük sərhədindən keçirilərkən, onun əqli mülkiyyət hüquqlarının pozulduğu və ya pozula biləcəyi barədə kifayət qədər əsası olduqda, pirat və kontrafakt malların buraxılışının dayandırılması məqsədi ilə Komitəyə əqli mülkiyyət hüquqlarının qorunması və malların reyestrə daxil edilməsi barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Ərizə kağız üzərində yazılı və ya elektron formada təqdim edilir.
2.3. Əqli mülkiyyət hüquqlarının qorunması və malların reyestrə daxil edilməsi barədə ərizədə aşağıdakılar göstərilməlidir:
2.3.1. hüquq sahibi haqqında məlumat;
2.3.2. əqli mülkiyyət hüquqlarının obyektinə hüququn olması barədə məlumat;
2.3.3. malların təsviri;
2.3.4. malların pirat və ya kontrafakt olmasını aşkar etməyə imkan verən məlumatlar;
2.3.5. malların pirat və ya kontrafakt olmadığı müəyyən edildiyi halda, buraxılışın dayandırılması nəticəsində bəyannaməçiyə, mal sahibinə, yaxud digər maraqlı şəxslərə vurulan zərərin, habelə gömrük orqanlarının xərclərinin ödənilməsinə dair ərizəçinin öhdəliyi.
2.4. Ərizəyə mallar üzərində ərizəçinin hüquqlarını təsdiq edən sənədlər (əsərin, əlaqəli hüquqlar obyektinin, inteqral sxem topologiyasının və məlumat toplusunun qeydiyyatı haqqında şəhadətnamə, əmtəə nişanı və coğrafi göstərici haqqında şəhadətnamə, patent, lisenziya müqaviləsi və ya əqli mülkiyyətə dair qanunvericiliyə uyğun olaraq digər sənədlər) əlavə olunur.
2.5. Bu qaydaların 2.3.5-ci yarımbəndində nəzərdə tutulmuş öhdəliyin icrasının təmin edilməsi üçün ərizəçi Gömrük Məcəlləsinin 258.1-ci maddəsində göstərilən təminatlardan birini gömrük orqanına təqdim etməlidir. Həmin təminatın məbləği qanunvericiliklə müəyyən edilmiş qaydada gömrük orqanları tərəfindən müəyyənləşdirilir.
2.6. Ərizə ilə birlikdə malların, habelə pirat, yaxud kontrafakt malların nümunələri təqdim edilə bilər.
2.7. Komitə ərizəyə onun daxil olduğu gündən 1 (bir) ay müddətində baxır və malların reyestrə daxil edilməsi, yaxud bu qaydaların 2.8-ci bəndində nəzərdə tutulmuş halda bundan imtina edilməsi barədə qərar qəbul edir.
2.8. Ərizəçi Gömrük Məcəlləsinin 280-ci maddəsinin tələblərinə riayət etmədiyi halda, Komitə malların reyestrə daxil edilməsindən imtina olunması barədə ərizəçini yazılı formada məlumatlandırır. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra malların reyestrə daxil edilməsi barədə ərizə ilə yenidən müraciət oluna bilər.
2.9. Ərizədə və ya ona əlavə olunmuş sənədlərdəki məlumatlarda dəyişiklik edildikdə, ərizəçi dərhal bu barədə Komitəyə məlumat verməlidir.
2.10. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallar ərizəçinin təqdim etdiyi səhv məlumatlar əsasında reyestrə daxil olunduğu hallarda, həmin mallar Komitənin qərarı ilə reyestrdən çıxarılır. Bu barədə Komitə ərizəçini yazılı formada məlumatlandırır.
2.11. Malların reyestrə daxil edilməsi haqqında qərar qəbul edildiyi gündən 3 (üç) iş günü müddətində həmin mallar reyestrə daxil edilir.
2.12. Reyestrə aşağıdakı
məlumatlar daxil edilir:
2.12.1. malların qeydiyyat
nömrəsi;
2.12.2. malların adı
(təsviri);
2.12.3. hüquq sahibi
haqqında məlumatlar;
2.12.4. əqli mülkiyyət
hüquqlarının obyektinə
hüququn olması barədə məlumat;
2.12.5. malların reyestrə
daxil edildiyi tarix;
2.12.6. malların xarici
iqtisadi fəaliyyətin
mal nomenklaturası üzrə
kodu;
2.12.7. qanunvericiliklə müəyyən olunmuş
hallarda və qaydada hüquq sahibinin maraqlarını təmsil edən şəxslər haqqında
məlumatlar (hüquqi
şəxsin adı, hüquqi ünvanı, elektron ünvanı (olduqda), əlaqə telefonları və ya fiziki şəxsin
adı, soyadı, atasının adı, ünvanı, elektron ünvanı (olduqda), əlaqə telefonları);
2.12.8. reyestrə daxil
edilmiş mallar barədə Komitə tərəfindən gömrük
orqanlarına göndərilmiş
məktubun tarixi və qeydiyyat nömrəsi.
2.13. Əqli mülkiyyət obyektinin reyestrə daxil edilməsinə dair qeydiyyat nömrəsi - XXXXX/YYY/ZZ/GGAAİİ işarələri ilə
formalaşdırılır. Buradakı işarələr
aşağıdakıları ifadə edir:
2.13.1.
XXXXX - Komitə tərəfindən
mallara ardıcıllıqla
verilmiş beşrəqəmli
nömrə;
2.13.2. YYY
- Komitənin qərarının
üçrəqəmli nömrəsi;
2.13.3. ZZ
- əqli mülkiyyət
obyekti növünün
ikihərfli kodu;
2.13.4.
GGAAİİ - malların reyestrə
daxil edilmə tarixi, hər biri iki rəqəmlə
göstərilməklə gün,
ay və il.
2.14. Aşağıdakı hallarda
mallar reyestrdən çıxarılır:
2.14.1. ərizəçinin yazılı müraciəti
əsasında;
2.14.2. ərizədə göstərilən məlumatların
bu qaydaların
2.3-cü bəndinin tələblərinə
uyğun olmadığı
müəyyən edildikdə;
2.14.3. məhkəmə və ya digər səlahiyyətli
dövlət orqanları
tərəfindən reyestrə
daxil edilmiş malların hüquq sahibləri həmin mallara olan hüquqlardan
məhrum edildikdə və ya onların
bu hüquqları məhdudlaşdırıldıqda;
2.14.4. hüquq sahibinin
dəyişilməsi və
ya bu qaydaların
2.4-cü bəndində göstərilən
sənədlərin vaxtından
əvvəl qüvvədən
düşməsi barədə
məlumat verilmədikdə;
2.14.5. malların səhv
məlumatlar əsasında
reyestrə daxil edilməsi aşkar olunduqda.
3. Malların reyestrində olan məlumatların gömrük
orqanlarına və ərizəçilərə çatdırılması
3.1. Bu qaydaların
2.12-ci bəndində göstərilmiş
məlumatlar kağız
üzərində yazılı
və ya elektron formada gömrük orqanlarına
və ərizəçilərə
çatdırılır.
3.2. Malların reyestrində olan məlumatlar reyestrə daxil edildiyi tarixdən kağız üzərində yazılı
və ya elektron formada 1 (bir) iş günü
müddətində gömrük
orqanlarına və ərizəçiyə göndərilir.
4. Gömrük orqanları tərəfindən hüquqların
qorunma müddəti
4.1. Hüquq sahibinin hüquqlarının
qorunma müddəti Komitə tərəfindən
malların reyestrə
daxil edilməsi haqqında qərar qəbul olunduğu gündən etibarən ərizəçinin göstərdiyi
müddət nəzərə
alınmaqla, 5 (beş) ilədək müəyyən olunur. Ərizəçinin müraciəti olduqda,
Komitənin qərarı
ilə həmin müddət uzadılır.
4.2.
Mallara olan hüquqların gömrük orqanları tərəfindən
qorunmasının ümumi müddəti hüquq sahibinin əqli
mülkiyyət obyektinə olan hüquqlarının qüvvədə
olma müddətindən artıq olmamalıdır.
Azərbaycan.-2012.- 31 dekabr.- S.3.