Hər bir azərbaycanlı
vətənimizin tərəqqisi, milli mənafelərimizin layiqincə qorunması
üçün əlindən gələni əsirgəməməlidir
Bu fikirləri Prezident İlham Əliyev
Dünya azərbaycanlılarına müraciətində
söyləyib
Hər bir xalqın milli-mənəvi irsini, mental-əxlaqi dəyərlərini qoruyub saxlamaq, genetik yaddaşını, tarixi kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya onun taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyətlərin fəaliyyəti ilə bağlı olmuşdur. Nəcib əməllər sahibi olan belə insanlar həmişə saf və ali məqsədlər uğrunda mübarizənin önündə dayanmış, əlverişli siyasi şansdan böyük məharətlə, siyasi ustalıqla bəhrələnmiş, xalqın düşüncə sistemini, mental xüsusiyyətlərini istənilən ictimai-iqtisadi formasiyada hifz edərək möhkəm mənəvi təməl üzərində gələcəyə doğru inamla addımlamışlar.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda cərəyan edən mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərə qətiyyən biganə qalmayan ulu öndər Heydər Əliyev hələ Naxçıvan Ali Məclisinə rəhbərlik etdiyi vaxtlarda əsl vətənpərvərliklə, lider təəssübkeşliyi ilə müstəqilliyin qazanılması və milli özünüdərkin təmin olunması prosesində yaxından iştirak etmişdir. Respublikamızda geniş vüsət almış milli azadlıq hərəkatı ilə eyni dövrdə xalqda milli heysiyyatı, özünüdərki daha da gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar da məhz ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə atılmışdır. Naxçıvanda ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin rəmzi olan üçrəngli dövlət bayrağının bərpası, muxtar respublikada SSRİ-nin saxlanılmasına münasibəti öyrənən referendumun boykot edilməsi və digər mühüm hadisələr bunun əyani təsdiqidir. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciətində deyilir: "Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş və artıq ənənəvi bayramlarımızdan birinə çevrilmiş Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Sizi səmimi qəlbdən salamlayır, hər birinizə səadət və firavanlıq arzulayıram.
Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması və birliyinin möhkəmlənməsi, tarixi Vətənlə əlaqələrinin güclənməsi diaspor quruculuğunun mühüm tərkib hissəsini təşkil edir. Hazırda dünyanın müxtəlif ölkələrindəki həmvətənlərimizin yaratdıqları qurumlar Azərbaycan hökumətinin də ardıcıl dəstəyi sayəsində daha mütəşəkkil və çevik fəaliyyət göstərirlər. Sevindirici haldır ki, yeni ideyaları və vətənpərvərliyi ilə seçilən gənclərimiz bu prosesə yaxından cəlb olunur, diasporun möhkəmlənməsinə öz töhfələrini verirlər. Cari ilin martında təsis edilmiş Dünya Azərbaycanlı Gənclər Birliyi buna bariz numunədir".
"Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq" - deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə, cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur. Ümummilli liderin azərbaycançılıq ideologiyasında vahid polietnik millətin Azərbaycan dövlətçiliyinin yaradılmasına dair maraqlarının ümumiliyi, demokratiyanın, sərbəst iqtisadiyyatın, sosial həyat şəraitinin inkişafı uğrunda mübarizəsinin məqsədləri öz əksini tapmışdır. Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində Azərbaycan dövlətinin qarşısında duran vəzifələri, onların Azərbaycan Respublikasına münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiya kimi nəzərdə tutulur. O, milli inkişafın mədəni-tarixi təbəqəsi olmaqla, strateji inkişafın əsas yollarını və istiqamətlərini müəyyənləşdirir, milli dilimizin sarsılmazlığında, milli mədəniyyətin üstün rolunda və milli dəyərlərin qorunmasında öz əksini tapır.
Azərbaycançılıq ideologiyasının diaspor quruculuğunda üstün cəhəti ilk növbədə onun milli maraqlarımızın tam palitrasını əhatə etməsidir. Ulu öndərin diaspor quruculuğu siyasətini son 9 ildə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev diaspor quruculuğu işini xarici siyasət sahəsində prioritet istiqamətlərindən biri kimi qiymətləndirmiş, bu fəaliyyətin daha da gücləndirilməsi vacibliyini önə çəkmişdir. Prezident İlham Əliyev bildirib: "Müstəqil Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlıların doğma yurdu və güvənc yeridir. Hər bir azərbaycanlı Vətənimizin tərəqqisi, milli mənafelərimizin layiqincə qorunması üçün əlindən gələni əsirgəməməlidir. Ölkəmizin suverenliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafının davam etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, soydaşlarımızın hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin olunması kimi mühüm vəzifələrin öhdəsindən uğurla gəlmək üçün əl-ələ verməli, səylərimizi birləşdirməliyik. Buna görə də bu gün bir daha bütün dünya azərbaycanlılarını sıx birliyə və həmrəyliyə dəvət edir, milli-mənəvi dəyərlərimizin qorunması, Vətənimizin çiçəklənməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi yolunda əzmkar fəaliyyətə səsləyirəm".
Dövlət başçısı milli mənafe və maraqların beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə dolğun, obyektiv şəkildə çatdırılması baxımından xaricdə yaşayan soydaşlarımızın üzərinə mühüm vəzifələrin düşdüyünü də qeyd edib. Onların daha da təşkilatlanması, vahid hədəflər naminə mütəşəkkil mübarizə aparması ilə bağlı dəyərli tövsiyələrini verib.
Müasir dövrdə diaspor quruculuğunun konkret zamanla məhdudlaşmayan, daimi fəallıq və zəhmət tələb edən uzunmüddətli proses olduğunu xüsusi vurğulamağa ehtiyac yoxdur. Reallıq göstərir ki, xaricdəki Azərbaycan diasporunun imkanlarından geniş istifadə olunması, ölkə həyatının müxtəlif sahələrində meydana çıxan problemlərin həllində onun fəal iştirakının gerçəkləşdirilməsi yolunda hələ xeyli işlər görülməlidir. Bakı şəhərində Dünya Azərbaycanlılarının qurultaylarının keçirilməsi də məhz bu vəzifələrin uğurla həyata keçirilməsi baxımından əhəmiyyətlidir.
Prezident İlham Əliyev daim vurğulayır ki, bu gün milli ideologiyamızın əsas tərkib hissələrindən biri də məhz azərbaycançılıqdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikliklə irəli sürdüyü azərbaycançılıq ideologiyası həyat tərzində, əxlaqda, mənəviyyatda, dildə, dində, ədəbiyyatda, bir sözlə, maddi və mənəvi mədəniyyətin bütün sahələrində istiqamətləndirici məfkurə olmalıdır. Əsrlərdən miras qalmış mütərəqqi mənəvi dəyərlər Azərbaycan xalqının milli mövcudluğunun və dövlətçiliyinin qarantına çevrilməlidir. Eyni zamanda hər bir vətəndaş bu torpağa, vətənə, xalqa mənsubluğu, milli-mənəvi, dini dəyərləri ilə qürur duymalıdır.
Milli dövlətçilik dəyərlərinin əsasını sağlam cəmiyyət təşkil edir. Sağlam mənəviyyatlı, yüksək bilikli insanlardan ibarət cəmiyyət qarşıya çıxan bütün problemləri asanlıqla həll edir, monolit qüvvə kimi fəaliyyət göstərir. Cəmiyyətin sağlamlığı əsasən bir göstəricidə - iqtisadi və mənəvi tərəqqi amilində özünü daha qabarıq büruzə verir: indi biz Azərbaycanda baş verən görünməmiş iqtisadi tərəqqinin şahidiyik, bu sürət dünyanı heyran qoymuşdur. Gələcək uğurlarımıza yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən aşılamaqdır.
Prezident İlham Əliyevin elmin, təhsilin, mədəniyyətin inkişafını sürətləndirən onlarla fərman və sərəncamlar, dövlət proqramları imzalaması onun yetişməkdə olan gənc nəslin mənəvi bütövlüyü, kamilliyi və saflığı, habelə qlobal miqyaslı yad təsirlərə qarşı mənəvi müqavimətin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi siyasətin mühüm məqamlarıdır. Bütün bunlar eyni zamanda mənəvi yüksəlişə, intibaha xidmət edən mühüm addımlar kimi cəmiyyətin pozitiv ruhda inkişafına təkan vermişdir.
Azərbaycan
ötən 9 ildə inanılmaz dərəcədə dəyişib,
zamanı qabaqlayaraq onilliklərə bərabər yol qət
edib. Dövlət müstəqilliyinin ilk illərində
yaşadığımız böyük problemlər indi
yaddaşımızın acı xatirəsinə çevrilib.
İqtisadi sahədə keçid dövrünün
ağır sosial-iqtisadi, mənəvi-psixoloji çətinliklərini
mətinliklə geridə qoyan respublikamız bütün sahələrdə
sürətlə inkişaf edir, abadlaşır, müasirləşir.
Ölkədə həyata keçirilən sosial infrastruktur
layihələri də Azərbaycan insanının firavan həyat
tərzinin təmini məqsədinə xidmət edir. Ölkənin
iqtisadi uğurlarını hər bir vətəndaş öz
gündəlik həyatında, məişətində hiss
edir. Dövlətimizin başçısı bildirib:
"Tarixi şərait dünya azərbaycanlılarının
həmrəylik və birlik arzularının məhz müstəqil
dövlətimiz yarandıqdan sonra reallığa çevrilməsini
mümkün etmişdir. Buna görə də biz milli
varlığımızın əsası olan Azərbaycan
Respublikasının hərtərəfli inkişafının
təmin edilməsi, onun qüdrətinin artırılması
istiqamətində ardıcıl və məqsədyönlü
iş aparırıq. Həyata keçirilən tədbirlər
nəticəsində, əvvəlki dövrlərdə
olduğu kimi, yola salmağa
hazırlaşdığımız 2012-ci ildə də
ölkəmizdə sosial-iqtisadi inkişaf prosesləri
uğurla davam etmişdir. İqtisadi potensialın güclənməsi
sosial, mədəni, hüquqi və digər sahələrə
daha çox diqqət yetirilməsinə imkan yaratmış,
dövlətimizin beynəlxalq nüfuzunun yüksəlməsinə
və xaricdəki dostlarımızın sıralarının
güclənməsinə səbəb olmuşdur. 2015-ci ildə
ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi
barədə qərarın qəbul edilməsi Azərbaycanı
istər qitə, istərsə də dünya
miqyasındakı rolunun və təsir imkanlarının
artmasının parlaq göstəricisidir".
Elnur HACALIYEV
Azərbaycan.-2012.- 31 dekabr.- S.4.