Pakistanın nüfuzlu
«Daily Xabrian» qəzetində
«Azərbaycan-Pakistan münasibətləri
- 20 il, XXI əsrin çağırışları» sərlövhəli
məqalə dərc olunmuşdur
Pakistanın
nüfuzlu urdudilli "Daily Xabrian" qəzetində "Azərbaycan-Pakistan
münasibətləri - 20 il,
XXI əsrin çağırışları" sərlövhəli
məqalə dərc edilmişdir.
Ölkəmizin
Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər
ki, məqalənin müəllifi Azərbaycan-Pakistan Fondunun rəhbəri,
Azərbaycan Diplomatik Akademiyasının məzunu, Pakistan Təhlükəsizlik
Siyasəti Mərkəzinin sədri Çoudri Naman Zəfərdir.
Məqalədə ölkələrimiz arasındakı səmimi dostluq münasibətlərindən bəhs edilmiş, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğu qeyd olunmuşdur. Müəllif Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Pakistanın tanınmış siyasətçisi Benazir Bhutto tərəfindən iki dövlət arasında strateji əlaqələrin özülünün qoyulduğunu, bu münasibətlərin həyatın bütün sahələrini əhatə etdiyini diqqətə çatdırmışdır.
N.Z.Çoudri Pakistanın Azərbaycanla əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu, hər iki ölkənin beynəlxalq və regional məsələlərdə mövqelərini dəstəklədiklərini vurğulamışdır.
Yazıda rəsmi İslamabadın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində birmənalı mövqedən çıxış edərək minlərlə günahsız insanı qəddarcasına qətlə yetirdiyinə görə işğalçı Ermənistanı bir dövlət kimi tanımadığı, Pakistan parlamentində Xocalı soyqırımını tanıyan və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edildiyi də qeyd edilmişdir. Müəllif, urdudilli oxuculara Azərbaycanın da Kəşmir məsələsində Pakistanın mövqeyini BMT və digər beynəlxalq forumlarda dəstəklədiyi barədə məlumat vermişdir.
N.Z.Çoudri
ölkələrimiz arasındakı yüksək səviyyəli
siyasi münasibətlərin daha da genişləndirilməsini,
parlamentlər arası əlaqələrin
inkişafının, qarşılıqlı səfərlərin
təşkilinin vacibliyini vurğulamış, Azərbaycan-Pakistan
Fondunun qarşısında duran vəzifələrdən
söz açmışdır. Məqalənin tam mətni ilə
bu http://azembassy-pakistan.com/archives/1612
linkdən tanış ola bilərsiniz.
Azərbaycan.-2012.- 31 dekabr.- S.7.