Səudiyyə Ərəbistanının nüfuzlu «Əl-Cəzirə», «Okaz» və «Arab News» qəzetində Azərbaycanla bağlı məqalə dərc olunmuşdur

 

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ölkəmizin Səudiyyə Ərəbistanındakı səfirliyində bu ölkənin KİV nümayəndələri ilə görüş keçirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, görüşdə Səudiyyə Ərəbistanın nüfuzlu "Əl-Cəzirə" qəzetinin baş redaktoru Xalid Əl-Məlik, "Okaz" qəzetinin Ər-Riyad şəhərindəki bürosunun redaktoru Abdull Rahman Al-Şamrani və ingilisdilli "Arab News" qəzetinin Ər-Riyad şəhərindəki bürosunun redaktoru Abdul Hamman Tago iştirak etmişlər.

Səfir Rasim Rzayev Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin qurulmasının 20 illik yubileyinin tamam olduğunu diqqətə çatdırmışdır. Səfir bu illər ərzində ölkələrimiz arasında ikitərəfli əlaqələrin siyasi, mədəni, humanitar, iqtisadi və digər sahələrdə inkişafından, qazanılmış uğurlardan danışmışdır. Jurnalistlərə səfirlik tərəfindən həyata keçirilən layihələr və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün mahiyyəti barədə ətraflı məlumat verilmişdir.

Səudiyyə Ərəbistanının KİV rəhbərlərinə  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ölkəmiz haqqında müxtəlif nəşrlər, "Baku", "Azərbaycan xalçaları" jurnalları,  Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Qarabağ haqqında həqiqi faktlar", "Xocalı soyqırımı" kitabları və CD disklər təqdim olunmuşdur.

Görüşdən sonra "Əl-Cəzirə", "Okaz" və "Arab News" qəzetlərində Azərbaycandan bəhs edən müxtəlif məqalələr dərc edilmişdir.

 

 

Azərbaycan.-2012.- 31 dekabr.- S.8.