Vətənsevərlər
Azərbaycanla Küveyt arasında əsaslı əlaqələr ölkəmiz dövlət müstəqilliyni bərpa etdikdən sonra başlamışdır. İndi hər iki ölkə arasında sıx siyasi əlaqələr mövcuddur. Beynəlxalq qurumlarda Küveyt həmişə Azərbaycanın mövqeyini birmənalı olaraq dəstəkləyir. 2011-ci ilin yanvarında Küveytdə Azərbaycanla bu dövlət arasında əməkdaşlıq üzrə birgə komissiyanın ilk iclası keçirilib. Ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün qarşılıqlı maraq doğuran müxtəlif məsələlər ətrafında müzakirələr aparıldı. Hər iki dövlət arasında bir sıra sazişlər imzalandı. Xüsusilə də mədəniyyət əlaqələri daha da sıxlaşdı. Küveytdə Azərbaycan mədəniyyət günləri, bundan bir qədər sonra isə ölkəmizdə Küveyt mədəniyyət günləri keçirildi.
Küveytin "Əl-Qabas", "Əs-Siyasə", "Əl-Cəridə", "Əl-Vasaf", "Ən-Nahar", "Əl-Əmbə", "Əs-Sabah" qəzetlərində, demək olar ki, müntəzəm surətdə Azərbaycan haqqında reportajlar, məqalələr, fotoşəkillər dərc olunur. Bu ölkədə mətbuat səhifələrində və televiziya verilişlərində Azərbaycanın zəngin mədəniyyətindən və turizm potensialından ətraflı bəhs edilir. Bu nəcib işlərin həyata keçməsində Küveytdə yaşayan soydaşlarımızın və Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Tural Rzayevin böyük əməyi var.
Artıq iki ildir ki, Küveytdə soydaşlarımızın cəm olduğu diaspora təşkilatı fəaliyyət göstərir. "Vətən Sevər" adlanan bu Azərbaycan-Küveyt mədəniyyət və dostluq cəmiyyətində 100-ə yaxın soydaşımız birləşib. Ölkəmizdən olan soydaşlarımız, eləcə də türkiyəli qardaşlarımız cəmiyyətin işində fəallıq göstərirlər. Cəmiyyətin rəhbəri Könül Hacızadə 11 ildən çoxdur ki, bu ölkədə yaşayır. Küveyt vətəndaşı Badi Al Auvadi ilə ailə həyatı qurub. Dörd övladları var. Könül xanım özü 1976-cı ildə Gədəbəydə anadan olub, ali təhsillidir. Uşaqlıq illəri Bakıda keçib. Küveytli vətəndaşla da elə doğma şəhərdə tanış olub. "Dostluq münasibətlərimiz sonradan məhəbbətə çevrildi. Maraqlıdır ki, mən ərəb dilini nə qədər təmiz bilirəmsə, Badi də bizim dilimizdə məndən yaxşı danışır". Elə bu hörmət və izzətin nəticəsidir ki, onların uşaqları həm ərəbcə, həm də azərbaycanca səlis bilirlər. "Mən bir ərəb iş adamını tamamilə azərbaycanlaşdırmışam" - deyə Könül Hacızadə zarafatından da qalmır. "İşinin, gücünün çox olmasına baxmayaraq, o bizim təşkilatımızın ideya rəhbəridir" sözlərini özünməxsus razılıqla söyləyən Könül xanım bildirir:
- "Vətən Sevər"in əsas məqsədi ondan ibarətdir ki, Azərbaycanımızı, millətimizi, tariximizi, mədəniyyətimizi, ənənələrimizi, ümumən ölkəmiz haqqında bütün məlumatları Küveytdə tanıtmaq və təbliğ etməkdir. Bu işlərdə bizə dəstək olan səfirimiz Tural Rzayevə öz dərin təşəkkürümüzü bildiririk. Bu az müddətdə xeyli tədbir həyata keçirmişik. 20 Yanvar hadisələrini, ermənilərin xalqımızın başına gətirdiyi faciələri, Xocalı soyqırımını, Şuşa və Laçının ermənilər tərəfindən işğal günlərini biz burada qeyd etdik. Tədbirlərimizdə təkcə soydaşlarımız iştirak etmirlər. Belə mərasimlərə biz həmişə həm küveytliləri, həm də bu ölkədə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrini, media təmsilçilərini, televiziya işçilərini dəvət edirik. Küveytdə yaşayan azərbaycanlılar bu məclislərə xüsusi hazırlaşırlar. Çalışırıq ki, Azərbaycanın haqq səsinin eşidilməsində biz də öz vətəndaşlıq borcumuzu layiqincə yerinə yetirək. Bəlkə də adam öz vətənində yaşayanda ona bu qədər bağlı olmur. Mən hər dəfə "Azərbaycan" sözünü eşidəndə ürəyim titrəyir. Ölkəmizlə bağlı burada keçirilən tədbirlərdə, xüsusilə də mədəniyyət günlərində fəal iştirak edirik. Hər dəfə də böyük məmnunluq duyuruq ki, başqa xalqların nümayəndələri bizim milli mətbəximizə, musiqimizə, incəsənətimizə, bir sözlə, yüksək mədəniyyətimizə aşiq olurlar. Hər dəfə burada baş tutan bir mədəni hadisədən sonra Küveytdə çıxan mətbuat orqanları uzun müddət ölkəmizdən, onun tarixindən, adət-ənənəsindən maraqlı yazılar dərc edirlər. Biz ulu öndərin doğum gününü, anım mərasimini təşkil etdik. Küveyt orta məktəblərində Azərbaycan tarixi ilə bağlı keçirdiyimiz tədbirlər də yaxşı qarşılanır. Hazırda biz Küveytdə Azərbaycana aid "Divaniyə məclisləri" keçiririk. Bu məclislərdə şəxsi əlaqələrimiz vasitəsilə dövlət adamlarının iştirakına çalışırıq. Fərəhlə deyim ki, türkiyəli qardaşlarımız həmişə bizim yanımızda olurlar. İşlərimizdə bizə böyük dəstək verirlər. Cəmiyyətimiz əslində hələ gəncdir. Görəcəyimiz işlər çoxdur. Çalışırıq ki, təkcə Küveytdə yaşayan azərbaycanlılarla deyil, dünyaya səpələnmiş soydaşlarımızla bir əlaqə mərkəzi yaradaq. Biz buna nail olsaq, güman edirəm ki, qarşıya qoyduğumuz məqsədə daha tez çatarıq. Küveytdə yaşayan azərbaycanlı xanımların daha çox inandığı, arxalandığı, işlərindən nümunə götürdüyü bir insan var. Onun adını mütləq çəkməklə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə öz sevgilərimizi, sayqılarımızı bildirmək istəyirəm. UNESCO və İSESCO-nun xoşməramlı səfiri, ölkəmizin birinci xanımı və dünyada yaşayan azərbaycanlı qadınların lideri Mehriban xanım Əliyeva bizim üçün mayak rolunu oynayır. Onun saf əməlləri, gördüyü nəcib və xeyirxah işlər bizim fəaliyyətimizə istiqamət verir...
Azərbaycandan
uzaqda, yad bir məmləkətdə ailə qurub yaşayan bir
xanım soydaşımızın vətəninə
bağlılığı, onun uğrunda
çalışması, həqiqətən, fərəh
doğurur. O xalq, o millət xoşbəxtdir ki, harada
yaşamağından asılı olmayaraq,
soy-kökünü, milli mənsubiyyətini unutmayan
övladları var.
Flora XƏLİLZADƏ
Azərbaycan.-2012.- 31 dekabr.- S.8.