Dövlət siyasəti gənclərin özünə inamını artırıb

 

 Gənclik hər bir millətin təməl daşıdır. Bütün zamanlarda millətin adını tarixə yazanlar da əsasən gənclərdir. On beş ildir ki, ölkəmizdə "Gənclər günü" qeyd olunur. Bu bayram ulu öndər Heydər Əliyevin gəncliyimizə ən gözəl hədiyyəsidir. Azərbaycan gəncini hər zaman ağıllı, güclü, məntiqli, müstəqil görmək istəyən ümummilli liderin sərəncamı ilə 1994-cü ilin iyulunda Gənclər İdman Nazirliyi yaradıldı. İllər keçdikcə elmdə, təhsildə, idmanda, sosial-iqtisadi, mədəniyyət, incəsənət sahələrində yüksək intellektual səviyyəli, savadlı gənclərimizin sayı artdı. Gənclərimiz idman meydanlarında, musiqi yarışmalarında üçrəngli bayrağımızı göylərə qaldırdılar, elm, təhsil sahəsində uğurlu nəticələr əldə etdilər.

1996-cı il fevralın 2-də Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə ölkədə Azərbaycan gəncləri forumu keçirilərkən üzünü gənclərə tutan ulu öndər Heydər Əliyev demişdir: "Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun". Dövlətin diqqət qayğısı gənclərə cəmiyyətdə gedən proseslərə aktiv qoşulmağa, təşkilatçılıq təcrübəsini artırmağa imkan verdi, onlarda özünəgüvənc hissini artırdı.

Sovet quruluşuna xas stereotiplərə görə cəmiyyətdə mövqe sahibi olmaq, dövlət strukturlarında çalışmaq üçün yaşın 50-dən çox olmalı idi. Belə bir quruluşda gəncliyin dinamikliyindən, cəmiyyətdəki rolundan danışmağa dəyməzdi. Vaxtilə gənclərlə görüşərkən Heydər Əliyev bu stereotipi kökündən kəsdi gənclərə sağlam ruhda tərbiyə almaları, əsl vətəndaş kimi yetişmələri naminə əlindən gələni əsirgəməyəcəyini bəyan etdi. Bununla da Azərbaycanda gəncliyin inkişafına təkanın dəstəyin təməli qoyuldu, yeni mərhələ başladı. Bu siyasət çox geniş bir spektri - gənclərin cəmiyyətin bütün sahələrində fəal iştirakını əhatə edirdi. Uzaqgörənliklə müəyyənləşdirilən gənclər siyasəti ötən illər ərzində yeni-yeni mərhələlərə qədəm qoydu sürətlə irəlilədi. Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi, estafetini ötürəcəyi  avanqard nəsil hazırlamaqdır.

Ölkə rəhbəri İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramı"nın (2005-2009-cu illər) təsdiq edilməsi haqqında sərəncamı gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edirdi. Həmin sərəncamda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri açıqlandı. Bu istiqamətlər tamamilə xalqımızın milli mənafelərinin inkişafına yönələrək gəncləri ideya istehsalçısına səslədi. Yəni, hər bir gənc fərdi qaydada özünü idarəçi kimi yetişdirməli, daim təşəbbüskarlıq göstərməli, özünütənqidi də bacarmalıdır. Dövlət şərait yaratdı ki, hər bir gənc özünəinamlı olsun, özünə güvənsin, özünü şəxsiyyət kimi yetişdirsin, problemlərin həlli yollarını düşünüb tapsın. 1997-ci ildə dövlət gənclər siyasəti ilə bağlı ilk qanun qəbul edildi. 2007-ci ildə Prezident İlham Əliyevin "Gənclər ili" elan etməsi də gənclərin fəallığını, gələcəyə ümidlərini daha da artırdı. Xüsusilə, ötən il gənclik üçün çox əlamətdar il oldu. İstər Dövlət Proqramının təsdiqlənməsi, istər Gənclər Fondunun yaradılması, istərsə də gənclərlə bağlı dövlət səviyyəsində həyata keçirilən digər tədbirlər tələbə və gənclərin rəğbətinə və onların həvəsləndirilməsinə səbəb oldu.

Ölkəmizdə hər bir sahədə qazanılan nailiyyət dövlətimizin yüksək potensiala malik olduğunun göstəricisidir. Bu uğurların əldə edilməsində gəncliyin xüsusi rolu var. Çünki gənclər cəmiyyətin bütün sferalarında nəinki təmsil olunur, artıq onlar aparıcı qüvvəyə çevriliblər. Son bir neçə ildə gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsinə şərait yaradıb. Gənclər müstəqil şəkildə təşkilatlanıb malik olduqları qabiliyyət və intellektual imkanları  meydana çıxara bilirlər. Gənclik bir yerdə dayanmayan, daim hərəkətdə olan, yeniliyi sevən, inkişaf edən hərəkətverici qüvvədir. Onlar yeni ideyalar müəllifləridir. Prezident İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük meydan verilməsinin tərəfdarı olmuş və bu şəraiti onlara yaratmışdır. İndi Azərbaycanda gənclər siyasəti dövlətin mühüm tərkib hissəsidir. Fürsəti fövtə verməyən ağıllı və intellektual gənclərimiz bu imkanlardan yararlanaraq cəmiyyətin inkişaf prosesinin avanqardına çevrildilər.

İstər Prezident tərəfindən imzalanan fərman, sərəncam və proqramlar, istərsə də Milli Məclisdə qanunvericiliyə edilən əlavə və dəyişikliklər dövlətimizin gənclər siyasətinin tərkib hissəsidir. Azərbaycanda aparılan gənclər siyasəti bir çox dövlətlərə nümunə ola bilər. Prezident İlham Əliyev gənclərlə hər görüşündə, keçirilən forumlarda dəfələrlə bildirib ki, gəncliyə verilən imkanlar dövlətimizin sabahı üçündür. 

Hazırda ölkəmizdə 200-dək gənclər təşkilatı fəaliyyət göstərir. Azərbaycan Gənclər Təşkilatı Milli Şurası Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunur. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır, əsl həqiqətin bilinməsi üçün var gücü ilə çalışırlar. Eyni zamanda, dünyanın hər guşəsində mədəniyyət, incəsənət, idman, elm və digər sahələrdə parlaq uğur qazanırlar. Dövlət başçısının sərəncamı ilə qəbul edilən 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı, habelə gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində imzaladığı digər sənədlər də bu qayğının parlaq ifadəsidir.

Əyalətdə yaşayan gənclərimiz də diqqətdən kənarda qalmayıb. Prezident İlham Əliyevin 2011-ci il noyabrın 15-də imzaladığı sərəncamla təsdiq etdiyi "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı"nda bölgələrdə yaşayan gənclərimizin  məşğulluq məsələsi önə çəkilib. Burada gənclər arasında sahibkarlığın inkişaf etdirilməsi, işlə təmin olunması ilə bağlı bir neçə bənd var. Onlardan biri gənclərə fəaliyyətlərini artırmaq üçün güzəştli kreditlərin verilməsidir. Yəni, gənclər paytaxta qazanc dalınca gəlmədən də yaşadıqları bölgədə işlərini qura bilərlər. Məşğulluq Strategiyasına görə gənclərə təkcə kənd təsərrüfatında deyil, bütün sahələrdə özlərini sınamaq imkanı verilir. İstehsal və emal sahələrində, bölgələrdə turizmin inkişafında, sahibkarlığın müxtəlif sahələrində gənclərə geniş imkanlar yaradılması nəzərdə tutulur. Dövlət Proqramına görə, işaxtaran və işsiz gənclərə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün mikrokreditlərin verilməsi nəzərdə tutulur.       

Bununla bağlı fikrini öyrənmək istədiyimiz gənclər cəmiyyətdə gedən proseslərdən kənarda qalmadıqlarından, gənclərə münasibətdən razılıqla danışırlar. Arzularını da bildirirlər.

Elm sahəsində çalışan gənclərimiz düşünürlər ki, elmi axtarışlar üçün bir neçə dəfə xarici ölkələrdə olmalı, tədqiqatlar aparmalıdırlar, ancaq buna maddi imkanları çatmır. Elm sahəsində çalışan gənclərin də əksəriyyəti bu fikirdədir: "Ölkə Prezidentinin gənclərə qayğısı bizi sevindirir. Azərbaycanın çox böyük elmi potensiala malik gəncləri var. Lakin onlar müəyyən bir yaş həddinə qədər gedə bilir, sonra onu yarı yolda qoymağa məcbur olurlar. Elm sahəsində çalışan  gənclərə xüsusi diqqət ayrılsa, sosial təminatları həll olunsa, xaricdə tədqiqatlar aparmaq üçün imkan yaradılsa, bundan həm elmimiz qazanar, həm də intellektual sahə ilə məşğul olan gənc alimlər elmin inkişafına böyük töhfələr verərlər. Eyni zamanda, bu sahəyə gələn gənclərin sayı da artar".

Gənclərə ipoteka kreditlərinin verilməsi də minnətdarlıqla qarşılandı. Belə kreditlər bundan sonra əməkhaqqı yüksək olmayan gənclərə və gənc ailələrə də veriləcək, - deyən gənc ailələr onlara yaradılan imkanlar üçün dövlətin apardığı siyasətdən razı qaldıqlarını bildirdilər. 

Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Bu qüvvəni yalnız yüksək elm və təhsillə, qabiliyyət və bacarıqla reallaşdırmaq mümkündür. Birki, gənclik də keçəridir, daimi deyil. Gənclərimiz bunu bilməli, yaşadıqları gənclik ömürlərinin bir anını belə boş keçirməməlidirlər. Birona görə ki, 2012-ci il gənclərimizin qarşısında daha böyük üfüqlər açır. Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev 2012-ci ili "İdman ili" elan etdi. Bununla da gənclərimizə daha böyük stimul verən dövlət başçısı dedi: "2012-ci ildə Yay Olimpiya Oyunları keçiriləcəkdir. Biz bu oyunlara ciddi hazırlaşırıq. 2011-ci ildə kifayət qədər lisenziyalar əldə etmişik. DünyaAvropa çepionatlarında qələbələr qazanmışıq, yəni, ümidlərimiz böyükdür. 2012-ci ildə bizim 10 Olimpiya kompleksimiz tikiləcəkdir. Böyük Olimpiya Stadionunun tikintisi artıq fəal fəzaya keçəcəkdir. Altmış beş minlik böyük Olimpiya Stadionu tikilir. Tofiq Bəhramov adına Respublika Stadionunda təmir-bərpa işləri aparılır ki, Bakıda qızlar arasında keçiriləcək dünya çempionatına hazır olsun. Digər idman obyektləri tikilməkdədir. Böyük gimnastika kompleksi, Bakı "Kristal" İdman Konsert Kompleksi tikilir. Yəni, bu sahəyə həmişə olduğu kimi, böyük diqqət göstərilmişdir. 2012-ci ildə həm ölkə daxilində olan hadisələr, həm Olimpiya oyunlarına hazırlıq, həm də Olimpiya oyunlarının keçirilməsi nəzərdə tutulur. Mən hesab edirəm ki, 2012-ci ili "İdman ili" elan etməliyik".

Bütün bunlar imkan verir ki, Azərbaycan gəncliyi daha sıx təşkilatlansın, Avropaya inteqrasiya prosesində fəallığını artırsın, Azərbaycançılıq ideologiyasının güclənməsində var gücü ilə çalışsın necə qüdrətli dövlətə sahib olduğunu dünyaya sübut etsin.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2012.- 2 fevral.- S. 1; 2.