Milli Məclisin
yaz sessiyasının ilk iclası Türkiyə mətbuatının
diqqət mərkəzində olmuşdur
Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının ilk iclasında parlamentin Sədri Oqtay Əsədovun bəyanatı və deputatların çıxışları Türkiyə mətbuatının diqqət mərkəzində olmuşdur.
Fransa Milli Assambleyası və Senatının qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması qərarına qarşı deputatlarımızın bir daha kəskin mövqe nümayiş etdirmələri qardaş ölkənin ictimaiyyəti tərəfindən məmnunluqla qarşılanmışdır.
"Zaman" qəzetinin xəbərində Milli Məclisin Sədri Oqtay Əsədovun "Fransa qondarma "erməni soyqırımı" ilə bağlı qanun qəbul etməklə həmsədrlik üçün mənəvi haqqını itirmişdir" sözləri başlığa çıxarılmışdır. Yazıda deputatlar Məlahət İbrahimqızının çıxışında və Qənirə Paşayevanın mətbuata açıqlamasında bu fikri dəstəklədikləri, Milli Məclisin bütün üzvlərinin Azərbaycanın daim Türkiyənin yanında olacağı qənaətində olduqları vurğulanır.
Türkiyənin digər nüfuzlu qəzetləri, informasiya saytları, televiziya kanalları da Anadolu və İhlas xəbər agentliklərinin azərbaycanlı deputatların dəstəyi ilə bağlı xəbərlərinə geniş yer ayırmışlar.
Oqtay BAYRAMOV,
AzərTAc-ın
xüsusi müxbiri
Azərbayca.- 2012.- 2 fevral.- S. 2.