Pakistan Senatının Xarici
Əlaqələr Komitəsi Xocalı
soyqırımını tanıması barədə qətnamə
qəbul etmişdir
Fevralın 1-də Pakistan İslam Respublikası Senatının Xarici Əlaqələr Komitəsində "Pakistan-Azərbaycan münasibətləri" mövzusunda dinləmələr keçirilmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, dinləmələrdən sonra Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı və Xocalı soyqırımı ilə bağlı yekdilliklə qətnamə qəbul olunmuşdur.
Qətnamədə bildirilir: "Xarici Əlaqələr Komitəsi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını və 1992-ci il fevralın 26-da erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımı pisləyir.
Komitə Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlüyünü və suverenliyini bir daha təsdiq edir.
Komitə erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair BMT Baş Məclisinin və Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini tələb edir, beynəlxalq ictimaiyyəti və beynəlxalq təşkilatları Ermənistanı bu qərarları yerinə yetirməyə səsləməyə çağırır. Beynəlxalq ictimaiyyət bu soyqırımı üçün məsuliyyət də müəyyən edə bilər.
Komitə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsini
sülh yolu ilə həll
etmək istiqamətində Azərbaycan Respublikasının səylərini
dəstəkləyir".
Azərbaycan.- 2012.- 2 fevral.- S. 2.