Gələcəyə
baxış: YENİ QURUCULUQ SİYASƏTİ
Daxili siyasət
sahəsində
- bu günə ölkədə bərqərar olmuş hüquqi dövlət və vətəndaş cəmiyyətinin qarşılıqlı daxili dinamikasını, ölkə vətəndaşlarının siyasi, sosial və mədəni quruculuqda fəal iştirakını, milli mənafelərin qorunması və cəmiyyətdən gələn təşəbbüslərin dəstəklənməsi istiqamətində "xalq - hakimiyyət" vəhdətini ən yüksək səviyyəyə çatdırmaq üçün demokratiyanın addım-addım dərinləşdirilməsini və vətəndaş cəmiyyətinin təkamülünü özündə ehtiva edən ardıcıl fəaliyyət proqramı həyata keçirilməlidir.
- İdarəetmənin bütün səviyyələrində kadr siyasətinin təkmilləşdirilməsi və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ölkə Konstitusiyasında təsbit olunan müvafiq vəzifə və öhdəliklərin daha səmərəli şəkildə həyata keçirilməsi istiqamətində optimallaşdırılmalıdır. Milli dövlətçiliyi və ordu quruculuğunu, milli təhlükəsizliyi və ictimai asayişi qoruyan struktur və mexanizmlər, qanunvericilik aktları, idarəetmə formaları yeni siyasi texnologiyaların tətbiqi vasitəsilə təkmilləşdirilməlidir.
- Milli ideologiyanı ("azərbaycançılıq") daim mütəhərrik və çevik saxlamaq üçün o, yeni ideya və məzmunla zənginləşdirilməlidir.
- Demokratiya, insan hüquqları və azadlıqları, universal dəyərlərə ehtiram, dünyaya açıqlıq, idealoji mədəniyyət praktikası milli yaşam və mentalitetə dayaqlanan məzmun və forma ilə zənginləşdirilməklə dünya standartları səviyyəsinə çatdırılmalıdır.
- Bu günə dünyada ən mükəmməl yerli özünüidarəetmə mexanizmi kimi bələdiyyə orqanlarının fəaliyyətinin canlandırılması istiqamətində islahatlar davam etdirilməli, bələdiyyə orqanlarının hüquq və vəzifələri tədricən genişləndirilməklə onların məsuliyyət yükü də müvafiq şəkildə artırılmalıdır.
Sosial sahədə
-
sosial sistemin strateji inkişaf dinamikası proqramlaşdırılmalı,
2020-ci ilədək sosial siyasətin dünyada mövcud olan
bir çox mütərəqqi elementlərinin tətbiqinə
nail olunmalıdır. Əhalinin xüsusilə həssas təbəqəsi
kimi əlillərin və təqaüdçülərin
sosial müdafiəsi daha etibarlı şəkildə təmin
olunmalıdir. Cəmiyyətin istiqamətverici təbəqəsi
kimi müəllim və həkimlərin maddi təminatının
yaxşılaşdırılması və onların peşə
nüfuzunun artırılması istiqamətində tədbirlər
görülməlidir.
- sosial vəziyyətin əsas göstəricilərindən biri kimi vətəndaşların mənzil təminatının yaxşılaşdırılması məqsədilə ipoteka kreditlərinin həcmı 1 mlrd manata çatdırıla bilər. Bu, ilk növbədə, tikinti sahəsində, tikinti materiallarının istehsalı, idxalı və satışı sahələrində, bank sektorunda, təmir-tikinti işlərinin əmək bazarında fəallığı əhəmiyyətli dərəcədə artırmaqla vətəndaşların daha geniş təbəqələrinin işlə təmin olunmasına və sosial vəziyyətinin xeyli dərəcədə yaxşılaşdırılmasına səbəb ola bilər. Hər mənzil alqısı üçün verilən kreditin həcmini 50.000-70.000 manat arasında saxlamaqla daşınmaz əmlak bazarında qiymətlərin tənzimlənməsinə (cilovlanmasına) və eyni zamanda, ipoteka krediti götürən vətəndaşların maaşlarının tam həcmdə legallaşmasına və nəticədə həm də əməkhaqqından ödənilən gəlir vergisinin və sosial ödənişlərin həcminin real artımına nail olmaq mümkündür.
İqtisadiyyat sahəsində
Son
10 ildə Azərbaycan qlobal böhran şəraitində ən
yüksək iqtisadi tərəqqi əldə etməyə
nail olmuş ölkə kimi dünya miqyasında kifayət qədər
müsbət imic qazanmış və siyasi leksikona
"İnkişafın Azərbaycan modeli"
anlayışını gətirə bilmişdir. Lakin bir
neçə ildən sonra böhran aradan qalxmağa
başlayınca Azərbaycanın iqtisadi göstəriciləri
əvvəlki kimi cazibədar görünməyə bilər.
Buna görə qarşıda duran onillikdə ölkə
iqtisadiyyatının daha sürətli və daha keyfiyyətli
inkişafını nəzərdə tutan strateji inkişaf
proqramı hazırlanmalıdır. Bu proqram, ilk növbədə,
ölkənin investisiya cəlbediciliyinin daim
artırılması üçün zəruri tədbirləri,
iqtisadiyyatın ümumi çəkisində qeyri-neft sektorunun
payının əhəmiyyətli dərəcədə
artması üzrə prioritet fəaliyyət istiqamətlərini
müəyyənləşdirməlidir. Nəticədə
Prezident İlham Əliyevin irəli sürdüyü strateji məqsədlərə
uyğun olaraq, milli iqtisadiyyatımızın - səmərəli
və innovasiya yönümlü, çoxşaxəli
iqtisadiyyat kimi formalaşdırılması təmin edilməlidir.
- Bu proqram qeyri-neft sektorunda ən müasir texnologiyalara əsaslanan, əsasən ixrac yönümlü və dünya bazarında rəqabətə davamlı istehsal sahələrinin yaranmasını özündə əks etdirməlidir. Gələcəyin texnologiyası sayılan nano-texnologiya və alternativ enerji istehsalına dair ən müasir elmi biliklərin və know-how nailiyyətlərinin ölkə iqtisadiyyatına sürətlə tətbiqi nəticəsində yaranacaq istehsal sahələri dünya bazarının yalnız bugünkü tələbatına deyil, 10 il sonra tələbat yarana biləcək əmtəə və xidmət sahələrinin təşəkkül tapmasına fokuslanmalıdır. Bu məqsədlərə nail olunacağı halda ölkənin ÜTT-yə üzv olması istiqamətində məqsədəuyğun addımların atılması zərurəti meydana gələ bilər ki, bu da ölkəmizin mənafeyinə uyğunlaşdırılmış ssenari üzrə həyata keçirilə bilər.
- Dünya iqtisadiyyatında baş verən dəyişikliklərin, baş verə biləcək iqtisadi böhranların və onun Azərbaycana təsir imkanlarının kompleks şəkildə təhlil edilməsi, makroiqtisadi proqnozlaşdırmanın həyata keçirilməsi və mövcud risklərin qiymətləndirilməsi ilə dayanıqlı iqtisadi inkişaf davam etdirilməlidir.
- Azərbaycanın inkişaf etmiş sənaye dövlətinə çevrilməsi üçün milli sənaye infrastrukturunun formaları təkmilləşdirilməli və əlaqələndirilməlidir.
- Mürəkkəb texnologiyalı ağır sənaye istehsalının tutumlu sahələri yaradılmalı və burada çalışmaq üçün mütəxəssislər nəsli yetişdirilməlidir.
- Sənayeləşmiş milli iqtisadiyyatın təkcə paytaxtda və ona yaxın bölgələrdə deyil, bütün ölkə ərazisində mərhələlərlə və əlaqəli şəkildə, yerli və xarici tələbata uyğun, eyni zamanda, beynəlxalq iqtisadi sistemə qoşulma imkanları ilə qurulması nəzərə alınmalıdır.
- Sənaye mallarının istehsalı sahəsində Azərbaycanda ixracat idxalı mütləq şəkildə üstələməli, milli sənaye mallarımız xarici bazarlarda yüksək satış reytinqi əldə etməlidir. İdxal və ixrac əməliyyatlarının tənzimlənməsi qabaqcıl beynəlxalq standartlara uyğun olaraq təkmilləşdirilməli, xarici ticarətin stimullaşdırılması üçün ölkənin əsas ticarət tərəfdaşları ilə münasibətlərin dərinləşdirilməsi təmin edilməlidir.
- İcrası uğurla davam etməkdə olan Regionların sosial-iqtisadi İnkişaf proqramları "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının layihəsi çərçivəsində, ümumi strategiyaya uyğun şəkildə uzlaşdırılaraq birləşdirilməlidir.
- Əhalinin davamlı istehlak tələbatını yüksək keyfiyyətlə və tam şəkildə ödəyə biləcək geniş çeşidli və müxtəlif profilli yüngül sənaye sahələri yaradılmalı, xüsusilə, pambıq istehsal edən regionlarda insanların (əsasən qadınların) xeyli hissəsinin çalışa biləcəyi yüngül sənaye müəssisələri (trikotaj fabrikləri) qurulmalı, bu sahələrə yerli sahibkarların marağı stimullaşdırılmalıdır.
- İnkişaf Konsepsiyası çərçivəsində müəyyən edilmiş strateji hədəflər üzrə tədbirlərin həyata keçirilməsinin planlı şəkildə maliyyələşməsi təmin edilməli, bu istiqamətdə alternativ maliyyələşmə mənbələrindən istifadə imkanları araşdırılmalıdır. Dünyanın inkişaf etmiş maliyyə bazarlarının təcrübəsini öyrənməklə maliyyə sektorunun şaxələndirilməsi və iqtisadi subyektlərin maliyyə xidmətlərinə çıxış imkanları genişləndirilməlidir.
- Azərbaycan Respublikasının şəhər və kənd coğrafiyasının yenidən qurulması mövcud məskunlaşma şəraitini daha da yaxşılaşdırmaq məqsədilə rasional şəkildə proqramlaşdırılmalı, əhalinin hərəkəti, şəhərsalma və demoqrafiya prinsipləri uzlaşdırılmalı, burada meqapolisləşmə deyil, paylaşıqlı məskunlaşma prinsiplərinə üstünlük verilməlidir.
- Ölkədə tikinti və memarlıq - quruculuğun sənaye və incəsənət başlanğıclarını birləşdirən və bir-birini tamamlayan sahələr kimi inkişaf etdirilməlidir. Bakıda olduğu kimi, digər şəhərlərdə də "kortəbii tikinti stixiyasından" "planlı tikinti və memarlıq harmoniyasına" dönüş strategiyası həyata keçirilməlidir. Milli şəhərsalma mədəniyyətinin unikal obrazı təkcə paytaxtda deyil, ölkənin bölgələrində və xüsusilə, regional mərkəzlərdə özünün özəl tarixi koloriti ilə müasir görkəminin vəhdəti əsasında yaradılmalıdır.
Kənd təsərrüfatı
Ölkə iqtisadiyyatının alt layını təşkil edən kənd təsərrüfatı əhalinin əksəriyyətinin çalışdığı, vergilərə daha az cəlb edilən, subsidiyalaşdırılan bir sahə olaraq vətəndaşlar üçün gəlir gətirən fəaliyyət sahəsinə çevrilməlidir. Gəlirli kənd təsərrüfatı siyasəti kənd əhalisinin şəhərə axınının təbii yolla qarşısını alan prosesə çevrilməlidir. Ərzaq təhlukəsizliyinin tam təmin olunması üçün müasir iqtisadi sistemin quruluşuna və tələblərinə uyğun olaraq kənd təsərrüfatının müəyyən ölçüdə və proporsiyada sənayeləşdirilməsi təmin olunmalıdır. Ölkənin kənd təsərrüfatının ayrı-ayrı sahələrinin əlverişli regional bölgüsünün qarşılıqlı şəkildə tənzimlənən çoxsəviyyəli sistemi yaradılmalıdır.
- Kənd təsərrüfatının ənənəvi sahələri - xüsusilə, çayçılıq, pambıqçılıq, üzümçülük, bağçılıq və s. sahələrdə əldə olunan keyfiyyətli məhsul üçün bazar təminatı yaradılmalıdır. Kənd təsərrüfatı sahələrinin yerləşmə xəritəsinə uyğun olaraq, mükəmməl suvarma, şoranlıqdan təmizləmə, torpağın bərpa sistemləri qurulmalıdır. Bu məqsədlə həmçinin Kür çayının axarı boyunca müxtəlif "qolların" (kanalların) şaxələndirilməsi ilə on minlərlə hektar suvarılmayan torpaq sahələrini kənd təsərrüfatı üçün yararlı vəziyyətə gətirmək və eyni zamanda, sel daşqınlarına məruz qalan ərazilərdə Kür sularının idarə olunmasını təmin etmək olar.
Nəqliyyat sahəsində
-
Ölkədaxili nəqliyyat infrastrukturu modernləşdirilməli
və ən yüksək keyfiyyət göstəricilərinə
cavab verməklə beynəlxalq nəqliyyat şəbəkəsinə
qoşulmalıdır. Nəqliyyat infrastrukturunun daha da
inkişafı, "Avropa - Qafqaz - Asiya", "Şimal - Cənub"
beynəlxalq dəhlizlərinin tam gücündə fəaliyyət
göstərməsi ilə ölkənin tranzit
potensialının artırılması üçün zəruri
tədbirlər həyata keçirilməlidir.
-
Hava nəqliyyatının uçuş coğrafiyası vətəndaşların
arzuolunan miqrasiyası istiqamətində genişləndirilməli
və müvafiq ölkələrlə humanitar əlaqələrin
stimullaşdırılması məqsədləri ilə
uzlaşdırılmalıdır.
Sahibkarlıq
-
iqtisadi inkişafın hərəkətverici qüvvəsi
kimi bazar iqtisadiyyatının və təşəbbüskarlığın
bütün üstünlüklərini və onunla məşğul
olan insanların yaradıcı potensialını aşkara
çıxaran fəaliyyət sahəsi kimi dövlət tərəfindən
daim stimullaşdırılmalıdır. Sahibkarlığa
milli, regional və qlobal səviyyədə biznes mühitinin
dinamikləşməsində, qarşılıqlı iqtisadi
münasibətlərin çevikləşməsində və
beynəlxalq iqtisadi əlaqələrin inkişafında, eyni
zamanda, ölkənin orta və varlı təbəqəsinin
formalaşmasında əhəmiyyətli rol oynayan
mühüm sosial komponent kimi önəm verilməlidir.
-
Sahibkarlığın inkişafı üçün
ayrılan güzəştli kreditlərin sahibkarlıq subyektləri
tərəfindən əldə edilməsi mexanizmi daim təkmilləşdirilməli
və əhatə dairəsi genişləndirilməlidir.
Kiçik və orta sahibkarlığın inkişafına hərtərəfli
şəkildə yardım göstərilməsi ilə
ölkə iqtisadiyyatına investisiya qoyuluşunda daxili
imkanların xüsusi çəkisi əhəmiyyətli
şəkildə artırılmalıdır.
- Xüsusilə,
innovasiya yönümlü sahibkarlıq fəaliyyətinin
genişləndirilməsi üçün yeni özəl təsərrüfat
subyektlərinin yaranması və səmərəli şəkildə
fəaliyyət göstərməsi təşviq edilməlidir.
- Sahibkarlarla icra qurumları arasındakı münasibət qarşılıqlı əməkdaşlıq və yardım prinsiplərinə söykənməli, milli iqtisadiyyatın inkişafına xidmət edən sahibkarlıq fəaliyyəti bütün bölgələrdə daim dəstəklənməli və təşviq ediməlidir.
Mədəniyyət
milli mənəviyyatın və fərdi-sosial psixologiyanın dərin köklərinə, dövlətçilik ənənələrinin tarixi laylarına, yaddaş genezisinə və özünəməxsus etnosa bağlı olduğundan onun inkişafını proqramlaşdıracaq metodologiya daha həssas prinsiplər əsasında formalaşmalı və bu inkişafın perspektivlərini müəyyən etməlidir.
- Mədəniyyətdə yaradıcılıq başlanğıcına xüsusi impuls verilməsi üçün mədəniyyət düşüncəsinin bütün potensialı hərəkətə gətirilməlidir.
- Tətbiqi incəsənət sahəsindəki yaradıcılıq nailiyyətlərindən milli arxitekturanın inkişafında məqsədəuyğun şəkildə istifadə edilə bilər.
- Ədəbiyyat, kino, teatr, musiqi, boyakarlıq, memarlıq, heykəltəraşlıq Azərbaycan xalqının milli mənəviyyatını, vətəndaşlıq keyfiyyətlərini, dövlətimizin varlığı uğrunda mübarizə əzmini daha yüksək sənətkarlıqla əks etdirən, milli ideallara xidmət edən, eyni zamanda, dünya mədəniyyətinin ümumbəşəri dəyərlərindən kifayət qədər bəhrələnən yaradıcılıq nümunələrini ərsəyə gətirmək istiqamətində köklənməlidir.
- Milli mədəniyyət və incəsənət yaradıcılarına dövlət qayğısı daim artmaqdadır, onların əsərlərinin həm ölkədə, həm də xaricdə təbliğ olunması Heydər Əliyev Fondunun fəaliyyəti sayəsində son illərdə daha intensiv xarakter almışdır. Bununla belə, dünya mədəniyyətinin klassikasını Azərbaycan dilinə rus dilindən deyil, birbaşa orijinaldan çevirə bilən mütəxəssislərin yetişdirilməsi, eləcə də Azərbaycan mədəniyyətinin ən uğurlu nümunələrinin geniş yayılmış əcnəbi dillərə tərcüməsi işi inkişaf etdirilməlidir.
Elm
- öz təyinatına görə bütün istiqamətlərdə milli siyasətin konseptual əsaslarını hazırlayır, cilalayır və daim yeniləşdirir, bu siyasətin yeni ictimai-siyasi reallığa uyğun konkret platformalarını işləyir, milli inkişaf strategiyasını rasional elmi dayaqlarla təmin edir. Bu baxımdan ölkəmizdə də elm ictimai, siyasi, iqtisadi, mədəni həyatın inkişafının nəzəri-intellektual bazası kimi formalaşmalıdır.
- Azərbaycan Milli Elmlər Akademiyası və onun elmi-tədqiqat institutları İnkişaf Konsepsiyası layihəsinin hazırlanması, həyata keçirilməsi, həm də icra mərhələləri üzrə qiymətləndirilməsi prosesində fəal iştirak etməli, müvafiq vəzifələri öz üzərinə götürməli və həmin institutların bu prosesdə icra orqanları ilə müştərək çalışması təmin edilməlidir.
- Azərbaycan humanitar elmlərində milli dövlətçiliyimizin və mədəniyyətimizin tarixi inkişaf yolu Sovet dövrünün inersiyası ilə davam edən birtərəfli ideoloji əsaslarla deyil, yeni konseptual yanaşma və elmi metodologiya əsasında əks etdirilməlidir. Azərbaycan elmi və mədəniyyəti gələcəyə aydın nəzərlə baxa bilən, irəlidəki mərhələlərin inkişaf modellərini tapa bilən bir mövqe əldə etməlidir.
- Azərbaycanda fundamental elmlər sahəsində aparılan tədqiqatlar müasir dünya elminin tədqiqat sferasının mühüm bir hissəsinə çevrilməlidir. Elmin bütün istiqamətləri üzrə Azərbaycan və dünya elminin qarşılıqlı əlaqəsi və bir-birini stimullaşdırması təmin edilməlidir.
- Elmi tədqiqatların nəticələri milli iqtisadiyyat və texnologiya sahələrinə davamlı şəkildə tətbiq olunmalı, nəticədə əldə olunan gəlirin müəyyən hissəsi həmin elmi müəssisələrin maddi-texniki bazasının daim yeniləşdirilməsinə və beləliklə, elmi nailiyyətlərin stimullaşdırılmasına yönəldilməlidir.
- Və nəhayət, Azərbaycan elmi öz sıralarından Nobel mükafatçısı yetişdirmək kimi ali bir məqsəd uğrunda bütün potensialını səfərbər etməlidir (pis əsgər odur ki, general olmaq haqqında düşünmür).
Təhsil
Müxtəlif proqram və layihələrin həyata keçirilməsi ilə kifayət qədər böyük təcrübə toplamış milli təhsil sistemi qarşıdakı onillikdə öz inkişafının yeni strateji mərhələsinə keçməlidir. Uğurlu təhsil prosesini təşkil etmək üçün ilk növbədə, müasir təhsil proseslərini idarə edən metodologiya və təcrübəyə yiyiələnmiş pedaqoji kadrların hazırlanmasına nail olunmalıdır. Bunun üçün isə ilk növbədə, pedaqoji universitetlərin özündə təhsil prosesi beynəlxalq standartlara uyğunlaşdırılmalıdır.
- Təhsil sahəsində qazanılmış
təcrübə ümumiləşdirilməli və
inkişafın yeni fazasında nəzərə
alınmalıdır. Təhsilin daim artan potensiala malik
universal və istiqamətləndirilmiş proqram təminatı
yaradılmalıdır. Tədris prosesində ayrı-ayrı fənlərin
öyrədilməsinin bir-biri ilə uzlaşan yeni
proqram-metodları tətbiq edilməli, gənc nəslin nəzəri-praktiki
biliklər əldə etməsi ilə yanaşı,
onların dünyagörüşünün, müstəqil
düşünmə və qərar qəbuletmə qabiliyyətlərinin
inkişafı problemi diqqət mərkəzində
saxlanmalıdır.
- Təhsil
sisteminin bütün pillələrində onun yüksək
keyfiyyəti, davamlılığı, innovasiyalara
açıqlığı, dünya təhsili nailiyyətlərindən
faydalanması və müvafiq sahələrinin
qarşılıqlı dinamikası təmin edilməlidir (təhsilin
davamlılığı dedikdə, ilk növbədə,
magistrlərə hərbi xidmətdən möhlət verilməsi
zərurətini xatırlatmaq yerinə düşərdi).
- Təhsil
mübadiləsi, xüsusilə, azərbaycanlı gənclərin
qabaqcıl xarici ölkələrdə ali
təhsil alması və yüksək ixtisas qazanması prosesi
daha da gücləndirilməlidir. Ölkədə
yüksək səviyyəli müəllim kadrlarının
hazırlanması, tələbata uyğun olaraq onların
regionlarda yerləşdirilməsi və maddi təminatı
ön plana çəkilməlidir. Ali təhsil
müəssisələrinin yalnız paytaxtda mərkəzləşdirilməsi
deyil, müəyyən zəruri istiqamətlərdə
ölkə iqtisadiyyatının coğrafiyası üzrə
"regionlaşdırılması" siyasəti həyata
keçirilməlidir.
- Ali məktəblərdə
xüsusilə ixtisas fənlərinin öyrədilməsi
prosesinə əsasən dünya təcrübəsinə yiyələnmiş
və ya ona bələd olan mütəxəssis-pedaqoqlar cəlb
edilməli və onlar tərəfindən müvafiq dərsliklərin
yazılması, tərcümə edilməsi, artıq əhəmiyyətini
itirmiş köhnə dərsliklərin yeniləri ilə əvəzlənməsi
həyata keçirilməlidir.
Səhiyyə
Müasir dünya səhiyyəsində qarşıya
qoyulan əsas vəzifə - uzunömürlülüklə
sağlamlığın bir-birini tamamlamasından ibarətdir
ki, bunun üçün də Azərbaycanda bütün ilkin
təbii şərtlər mövcuddur. Son illərdə
səhiyyə sahəsində aparılan uğurlu islahatlar və
səhiyyə infrastrukturunun indiki durumu kifayət qədər
zəmin yaradır ki, qarşıdakı illərdə
dünya tibb elminin ən son nailiyyətlərindən istifadə
etməklə müasir müalicə texnologiyalarının tətbiqinə
geniş yer verilsin və müalicə işinin keyfiyyət
göstəriciləri artırılsın. Başqa ölkələrə müalicə
almağa gedən insanların Azərbaycan səhiyyəsinə
inamını gücləndirmək üçün real tədbirlər
görülməlidir. Milli səhiyyəmiz
təkcə xəstəxanaların şəraiti və
avadanlığına görə deyil, həm də mükəmməl
müalicənin aparılmasına görə dünya
standartlarına cavab verən səviyyəyə yüksəlməlidir.
İdarəetmə və praktiki müalicə
üsullarının təkmilləşdirilməsi
baxımından dünya səhiyyəsinin bütün
müasir nailiyyətləri Azərbaycanda uğurla tətbiq
edilə bilər.
- əhalinin bütün təbəqələrinin
keyfiyyətli müalicəyə əlçatanlığını
təmin etmək üçün ilk növbədə,
dünyanın əksər ölkələrində olduğu
kimi, bütün dərman preparatları və müalicə
vasitələri əlavə dəyər vergisindən azad
olunmalıdır. Bununla bərabər, səhiyyə
xidmətinin ən aktual problemlərindən biri kimi əhalinin
tibbi sığortası istiqamətində mərhələli
fəaliyyət proqramı hazırlanıb həyata
keçirilməlidir.
- Milli əczaçılıq
sənayesinin yaradılması da ölkəmiz
üçün aktual sayıla bilər. Hal-hazırda
dərman preparatları və müalicə vasitələrinin
99%-i idxala əsaslanır. Dünya əczaçılıq
sənayesində isə təmərküzləşmə
meyilləri vüsət almaqdadır. Azərbaycan
geostrateji mövqeyi baxımdan təmərküzləşmə
yeri kimi cəlbedici və əlverişli bir ölkə olaraq
qlobal miqyaslı istehsal institutlarını ölkəyə cəlb
etməklə Azərbaycanı dünya əczaçılıq
sənayesinin geniş çeşidli məhsullarının
istehsalçısına və ixracatçısına
çevirə bilər. Belə bir
proqramın uğurla həyata keçirilməsi
üçün dünyanın ən nüfuzlu
istehsalçı şirkətləri milli əczaçılıq
sənayemizə sərmayə qoyuluşuna və müştərək
istehsal olunacaq beynəlxalq markalı məhsulların dünya
bazarında yerləşdirilməsinə cəlb
olunmalıdır.
- Xəstəliklərin
qarşısının alınması üçün
profilaktika və təbliğat işlərinin
aparılması əhalinin bütün yaş
qruplarını əhatə etməklə müstəsna
olaraq dövlət səhiyyə qurumları tərəfindən
həyata keçirilməlidir. Səhiyyə
humanizminin təbliğatı genişləndirilməli,
müxtəlif kütləvi yardım aksiyalarının
(qanvermə və s.) keçirilməsi ənənəsi
inkişaf etdirilməlidir.
- əhalinin sağlamlığı keşiyində
dayanan yüksək ixtisaslı həkimlərin ölkəmizdə
və xaricdə hazırlanması, tələbata uyğun
olaraq şəhər və kənd xəstəxanalarında
yerləşdirilməsi təmin edilməlidir.
Turizm
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
dəfələrlə qeyd etdiyi kimi, Azərbaycanda turizmin
inkişafı üçün bütün potensial və əlverişli
təbii şərait olduğundan bu sahə özünəməxsus
cəhətləri ilə İnkişaf Konsepsiyasında
önəmli yer almalıdır.
- Azərbaycanda
mükəmməl turizm coğrafiyasının elmi əsasları
yaradılmalı və buna uyğun olaraq əvvəlcədən
müəyyənləşdirilmiş strateji turizm istiqamətləri
üzrə müasir infrastruktur qurulmalıdır.
- Turizm sənayesinin
əhatə edəcəyi ərazilərdə yüksək
xidmət mədəniyyətini tədris edən orta ixtisas
müəssisələri (texnikum, peşə məktəbi və
s.) yaratmaqla yerli gənclər bu istiqamətdə peşəkar
təhsilə həvəsləndirilməlidir.
- Universal
turizm, idman turizmi, dağ turizmi, kənd turizmi, kulturoloji turizm,
ekstravaqant turizm şəbəkələri əlverişli
bölgələr üzrə sistemləşdirilməlidir.
- Beynəlxalq
turizm mübadiləsi praktikası genişləndirilməli,
"Böyük İpək Yolu" və bu tipli digər
layihələr çərçivəsində təşəbbüslər
beynəlxalq turizm qurumları və xarici tərəfdaşlarla
əlaqələndirilməlidir.
- Milli
turizm siyasəti, eyni zamanda, Azərbaycanın beynəlxalq
nüfuzunun artmasına xidmət edən məqsədləri və
fəaliyyətləri özündə ehtiva etməlidir.
İdman
Fiziki və mənəvi cəhətdən sağlam həyatın
mənbəyi olan idmanın inkişafına
yaradılmış əlverişli şərait növbəti
onillikdə daha da yaxşılaşdırıla bilər. Bu məqsədlə:
- kütləvi idman professional idmanın bazisi
kimi inkişaf etdirilməli və xüsusilə, gənc nəslin
böyük əksəriyyətini əhatə etməlidir. Ölkənin bütün regionlarında mövcud
Olimpiya idman komplekslərinin fəaliyyəti vahid proqram əsasında
həyata keçirilməli və bu müəssisələr
qarşiya qoyulan konkret məqsəd və vəzifələrə
uyğun şəkildə tam gücü ilə işləməlidir.
- beynəlxalq miqyaslı yarışların
keçirildiyi müxtəlif növlər üzrə idman təmayüllü
orta məktəblərin yaradılması gələcəkdə
həmin idman növləri üzrə Azərbaycanın
yüksək nailiyyətlər əldə etməsi
üçün keyfiyyətli zəmin yarada bilər.
- Ölkəmizdə
Olimpiya hərəkatı daha da genişləndirilməli,
Olimpiya oyunlarının ölkəmizdə keçirilməsi
üçün beynəlxalq səviyyədə təşəbbüslər
artırılmalı və Azərbaycanın 2020-ci il Olimpiya oyunlarına ev sahibliyi etməsinə
nail olunmalıdır.
- müxtəlif idman yarışları üzrə
dünya birinciliklərində, olimpiadalarda Azərbaycan
idmançılarının daha geniş tərkibdə təmsil
olunması və ən yüksək pillələri tutması
üçün səylər artırılmalı və bu
işə ən yüksək səviyyəli peşəkar
mütəxəssislər cəlb olunmalıdır.
- İdman, turizm və mədəniyyətin kompleks təbliğatı
uzlaşdırılmalıdır.
Ekoloji
sistemin
qorunması siyasəti davamlı şəkildə
aparılaraq, bu sahədəki problemlərin daha effektli
üsullarla aradan qaldırılmasına yönəldilməlidir.
-
Eko-sistemlə sosio-sistemin harmonik inkişafı - ekoloji
dünyagörüşünün əsas prinsipi kimi müəyyənləşdirilməlidir.
Bu prinsipə görə, hər bir tərəqqinin
başlanğıcında onu yaradan təməlin
özünün inkişafı ideyası dayanır. Təbiət mənşəli və sosial mənşəli
ekoloji böhranların aradan qaldırılmasına mütəşəkkil
səfərbərlik müasir etik-rasional humanizmin qlobal
aktı kimi təsdiqlənir. Belə bir prinsipial
yanaşma insanın təbiətə münasibətinin yeni
dialektik əsaslarını yaradır: dövlət və əhali
ölkənin təbii ehtiyatlarından istifadə etdikcə,
onun tükəndirilməsinə yox, yenidən bərpasına
çalışır, insanın təbiətə münasibəti
tükəndiricilik yox, yaradıcılıq motivində
qurulur. Eko-sistemə yaradıcı münasibətin
elmi-rasional əsaslarının təşəkkülü və
belə bir münasibətin reallığında
yaşamağın üstünlükləri ekoloji mədəniyyətin
prinsipial əhəmiyyətini üzə çıxarır.
Azərbaycan beynəlxalq təşkilatların
Yer kürəsinin qlobal ekosisteminin mühafizəsinə
yönəlmiş bütün təşəbbüslərini
dəstəkləməklə yanaşı, öz ərazisində
ekoloji mühitin ən yüksək səviyyədə
sağlamlaşdırılması istiqamətində konkret
addımları əks etdirən fəaliyyət
proqramını hazırlayıb həyata keçirməlidir.
- Azərbaycanın
inkişaf etmiş sənaye dövlətinə çevrilməsi
və kənd təsərrüfatının zəruri səviyyədə
sənayeləşdirilməsi strategiyası eko-sistemin
qorunması prinsipləri ilə
uzlaşdırılmalıdır. Azərbaycanın
dünyanın ekoloji cəhətdən ən sağlam ölkələrindən
birinə çevrilməsi, təbii ehtiyatların
artırılması, təbii landşaftın zənginləşdirilməsi
üçün dövlət - vətəndaş həmrəyliyi,
sənaye və təsərrüfatçılıq mədəniyyəti
ilə birgə formalaşdırılmalı olan ekologiya mədəniyyəti
geniş təbliğ olunmalıdır.
- XXI əsrin
ikinci yarısında bəşəriyyətin
qarşısında duracaq ən qlobal problemlərdən
birinin su qıtlığı olacağı ehtimal olunur. Ölkənin Kür çayı boyunca yerləşən
yaşayış məntəqələri vaxtaşırı
daşqınlara və sel sularına məruz
qaldığı halda, müxtəlir bölgələrdə
on minlərlə hektar suvarılmayan torpaq sahələri
istifadəsiz qalmaqdadır. Məqalənin kənd təsərrüfatına
aid hissəsində qeyd edildiyi kimi, Kür çayının
suyunun bir qismini zəruri rayonlar uzrə istiqamətləndirməklə
həm daşqınların qarşısını almaq, həm
də ehtiyac hiss olunan digər bölgələrdə su
qıtlığını birdəfəlik aradan qaldırmaqla
həmin ərazilərdə kənd təsərrüfatının
inkişafı üçün və nəticədə həm
də ekoloji durumun yaxşılaşdırılması
üçün yeni imkanlar əldə etmək olardı.
Kütləvi İnformasiya Vasitələri
(KİV) "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyası ətrafında
müzakirələri canlandırmalı, bu konsepsiyanın
reallaşma mərhələlərini nəticələrə
qədər yaxından müşayiət etməli və cəmiyyətin
siyasi, ictimai, mədəni həyatında baş verən
bütün prosesləri işıqlandırmalıdır.
- ölkə mediasının səmərəli
fəaliyyəti sayəsində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
apardığı uzunmüddətli Yeni Quruculuq Siyasəti
milli-ictimai şüurda aktiv başlanğıca və hərəkətverici
qüvvəyə çevrilməlidir.
- Azərbaycan Respublikasının kardinal inkişaf
proqramları və layihələrinin həyata keçirilməsində
medianın fəal iştirakı təmin edilməlidir. Geniş sosial
marağın obyektivi ölkədəki quruculuq işlərinin
mahiyyətinə, milli inkişafın prioritet sahələrinə
yönəldilməlidir.
- İnformasiya yükü artırılaraq onun optimal təminatı
yaradılmalı, informasiya məkanının dinamikliyi təmin
olunmalı, informasiya subyektlərinin effektli koordinasiyası
qurulmalı, region mətbuatının səviyyəsi
artırılmalıdır.
- Milli KİV özünün ən üstün məziyyətləri
ilə Azərbaycanın milli-siyasi mədəniyyətinin
qorunmasının mənəvi istinadgahına, təhlükəsizlik
strategiyasının vasitəsinə çevrilməlidir.
- Milli
KİV Azərbaycan cəmiyyətinin mədəni-intellektual
inkişafının ön cərgəsində duraraq öz fəaliyyətini
bu gün daha geniş informasiya məkanına çıxara
bilən və daha geniş dünya görüşünə
malik olan vətəndaşların tələbatını
ödəyə biləcək və rəğbətini qazana
biləcək səviyyədə, xarici KİV-lə rəqabətə
davamlı səviyyədə qurmalıdır.
- İnformasiya proseslərinin idarə olunması təkmilləşdirilməli,
informasiyalaşdırmanın yeni forma və texnologiyaları tətbiq
edilməlidir.
Bu baxımdan Azərbaycan KİV-nin beynəlxalq
informasiya məkanında beynəlxalq forma və standartlara
uyğun şəkildə təmsil olunması zəruridir.
Məsələn, European Broadcasting Union və sair bu kimi
KİV korporasiyalarının tərkibində Azərbaycan
redaksiyasının təşkili ölkənin nüfuzu və
beynəlxalq arenada PR imkanları, eləcə də ölkəmizə
qarşı qərəzli informasiya materiallarının
önlənilməsi və ya neytrallaşdırılması və
bir çox digər cəhətdən olduqca faydalı ola bilərdi.
"Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyası özünün
bütün strateji hədəfləri ilə ölkəmizdə
"xalq-hakimiyyət" vəhdətinin təcəssümüdür. Konsepsiyanın
hazırlanıb həyata keçirilməsi Azərbaycan hakimiyyətinin
xalq naminə, yüksək ideallar uğrunda
apardığı məqsədəyönlü siyasətin
bariz nümunəsi kimi Azərbaycanın yüksəlişində
növbəti uğurlu bir mərhələ olacaqdır.
Cəmiyyətin bütün sağlam qüvvələrini
ölkəmizin intibahına səfərbər etməli olan
İnkişaf Konsepsiyasının həyata keçirilməsi
bir həqiqəti daha böyük inamla təsdiq edəcəkdir.
Bu həqiqət ondan ibarətdir ki, Gələcəyi
- ona düzgün istiqamətlənən məqsəd təyin
edir. Zəka, əxlaq və siyasətin
yüksək meyarlarına cavab verən
düşünülmüş gələcək -
öz-özünə baş vermir, onu - bizim məqsədlərimiz
yaradır. Deməli, ölkəmizin
dünya birliyində ən layiqli yerlərdən birini
tutması üçün, vətəndaşlarımızın
yüksək rifah cəmiyyətində yaşaması
üçün biz özümüzün -məhz Azərbaycan
xalqının yaratmalı olduğu gələcəyə
doğru getməliyik.
Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı,
fəlsəfə doktoru
Azərbaycan.-
2012.- 2 fevral.- S. 3.