Azərbaycan-Türkiyə qardaşlığını heç bir qüvvə sarsıda bilməz

 

 İki dövlətin birgə səyləri ilə Fransa parlamentinin 137 üzvü absurd qərarın ləğvi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etdi

 

 Mənəvi tellərlə bir-birinə bağlı olan türk xalqlarının və dövlətlərinin qloballaşan dünyada  birlik nümayiş etdirmələri olduqca vacibdir.  Bu, dünyada cərəyan edən proseslərə təsir göstərə bilmək, milli maraqları müdafiə etmək baxımından çox ciddi siyasi elementdir. Türk dövlətləri ilə əlaqələrində məhz bu mövqedən çıxış edən və bu prinsiplərə sadiq qalan Azərbaycan ortaq dəyərlərin bəxş etdiyi imkanların türk xalqlarının ümumi mənafeyinə səfərbər olunmasına, münasibətlərin etibarlı təməllər üzərində inkişaf etdirilməsinə böyük töhfələr verir.

Elə buna görədir ki, Azərbaycanın türk dövlətləri, o cümlədən Türkiyə ilə əlaqələri yüksələn xətt üzrə inkişaf etmişdir. Amma Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsi, iki ölkə arasında iqtisadi, sosial, humanitar və digər sahələrdə əlaqələrin genişlənməsi müəyyən siyasi qrupları - erməni lobbisini, antiazərbaycan və antitürkiyə dairələri narahat edir.

Bu dairələrin Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi, mədəni və ən əsası, strateji tərəfdaşlıq əlaqələrinin güclənməsindən narahat olmaları yenilik deyil. Zaman-zaman onlar türk dünyasının və yerləşdikləri bölgələrin əsas söz sahiblərindən olan Azərbaycanla Türkiyə arasındakı əlaqələrə nifaq salmaq üçün saysız-hesabsız cəhdlər göstəriblər. Lakin bir məsələni unudublar ki, Azərbaycanla Türkiyə ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, bir millət, iki dövlətdir. Elə bu tezisdən çıxış edən hər iki ölkənin sağlam siyasi qüvvələri antitürk dairələrin məkrli planlarını elə beşikdəcə iflasa uğradıblar.

Son günlərdə erməni lobbisinin və bütövlükdə antitürk qüvvələrin yenidən fəallaşdığı hiss olunmaqdadır. Sanki Fransa Senatında qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı qanunun qəbulundan "qanadlanıblar". Lakin bu "qanadlanma" əslində narahatçılıqdan irəli gələn bir canlanmadır. Çünki Fransa Senantında bədnam qanunun qəbulunu qəzəb və hiddətlə qarşılayan Azərbaycanın bütün siyasi qüvvələri və bütövlükdə respublikamızın ictimaiyyəti hər zaman olduğu kimi, bu məsələdə də qardaş Türkiyənin yanında olduğunu bütün dünyaya qətiyyətlə nümayiş etdirdi.

Bu yerdə haşiyəyə çıxaraq qeyd etmək istəyirik ki, qondarma "erməni soyqırımı"nın inkar edilməsinə görə bir il həbs və ya pul cəzası nəzərdə tutan qanunun konstitusiyaya uyğun olub-olmamasına rəy vermək üçün Fransa Senatının 72 üzvünün, eləcə də Parlamentin aşağı palatasının 65 təmsilçisinin Konstitusiya Məhkəməsinə müraciət etməsi sözügedən qanunverici aktının absurd xarakter daşıdığını bir daha meydana qoydu.

Fransada daha rasional düşünənlər qeyd edilən qanunun təkcə Türkiyə ilə yox, bütün türk dünyası ilə, o cümlədən Azərbaycanla münasibətlərə ciddi xələl gətirdiyinin fərqindədirlər. Onu da qeyd edək ki, təkcə Türkiyə yox, Azərbaycan tərəfi də Konstitusiya Məhkəməsinə müraciət edən parlament üzvləri ilə fəal aparmışdır. Bunu Türkiyə Böyük Millət Məclisinin deputatı Sinan Oğan da yerli mətbuata verdiyi müsahibəsində açıq təsdiq etmişdir. Bu da öz növbəsində, Azərbaycan-Türkiyə qardaşlığının daha bir bariz nümunəsi, maraq və mənafelərinin üst-üstə düşməsinin real təsdiqidir.

Bu isə təbii ki, türk düşmənlərini razı sala bilməzdi. Bu mənada, son günlərdə Türkiyədə "Həpimiz erməniyiz, həpimiz Hrantız" şüarı ilə keçirilən nümayişlər, qardaş ölkənin mətbuatında Azərbaycana qarşı səslənən əsassız ittihamlar məhz antitürk siyasi dairələrin planlaşdırdıqları məkrli ssenarilərin tərkib hissələridir. Əgər nümayişlərin keçirilməsində məqsəd Türkiyə cəmiyyətini parçalamaqdırsa, qardaş ölkənin bəzi qəzetlərində respublikamızın əleyhinə səslənən fikirlər iki türk dövləti arasındakı münasibətlərə xələl gətirməkdir.

Bu məkrli planların bir antitürk mərkəzi tərəfindən təşkil olunmuş və idarə edilən proses olduğunu görməmək və bilməmək çətin deyil. Əsas məqsəd Azərbaycanla Türkiyəni vahid siyasi xətdən yayındırmaq, onların arasında fikir ayrılığı yaratmaqimkan daxilində ziddiyyətlərə, narazılıqlara yol açmaqdır. Onlar yenidən Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasını və diplomatik əlaqələrin qurulmasını gündəmə gətirmək istiqamətində fəal aparırlar.

Məsələnin təəssüf doğuran tərəfi odur ki, Azərbaycanla Türkiyə arasındakı münasibətlərin zəiflədilməsinə hesablanmış mənfur planlar sapı özümüzdən olan baltalar, iki ölkənin bəzi siyasi dairələri və mətbuat orqanları tərəfindən də dəstəklənir. İki qardaş ölkə arasında münasibətləri zəiflətməyə xidmət edən  belə qüvvələr düşmən dəyirmanına su tökməklə məşğuldurlar. Antitürk dairələrin tapşırıqlarına əsasən onların əli ilə Azərbaycanla Türkiyə arasında münasibətlərin möhkəmlənməsində müstəsna xidmətləri olmuş şəxsiyyətlər hədəfə götürülür,  haqlarında həqiqətə uyğun olmayan, qərəzli, subyektiv mülahizələrə əsaslanan məlumatlar yayılır, tarixi həqiqətlər təhrif edilir, bu mövzularda kütləvi informasiya vasitələrində materiallar verilir, kitablar nəşr olunur. Ötən əsrin 90-cı illərinin əvvəllərində Türkiyənin Azərbaycandakı səfirliyində çalışmış Turqut Ər adlı şəxsin fəaliyyətini buna misal göstərmək olar. Onun Türkiyə-Azərbaycan əlaqələrini təftiş etmək məqsədilə kitab yazması öz şəxsi və təmsil etdiyi məhdud siyasi qrupların arzularına çatmamasından doğan incikliyin təzahürü idi. T.Ərin antitürk dairələrinin təlimatına əsasən yazdıqları nə Azərbaycanda, nə də Türkiyədə özünə yet tapdı və nəticədə boşa çıxdı. Təsdiq olundu ki, Azərbaycan dövlətinə və iqtidarına yönəlmiş məkrli siyasi kampaniyalar, eləcə də zamanın sınaqlarından çıxmış Azərbaycan-Türkiyə münasibətlərinə nifaq toxumu səpmək üçün göstərilən cəhdlər uğursuzluğa məhkumdur.

Türkiyə ilə Azərbaycan arasında münasibətlərin zəifləməsinə cəhd göstərənlər düşünürlər ki, qondarma "erməni soyqırımı"nın dünyada tanıtdırılması ermənilərin Türkiyəyə qarşı ərazi və maliyyə təzminatı iddialarının reallaşdırılması, Azərbaycan ərazilərinin işğalının rəsmiləşdirilməsi üçün geniş imkanlar yaradır. Lakin yanılırlar və bütün bu planların hər zaman olduğu kimi, T.Ərə verdikləri təlimatların da boşa çıxacağı şübhəsizdir. Çünki qırılmaz mənəvi tellərlə bir-birinə bağlı olan Azərbaycanla Türkiyə arasındakı münasibətlərə heç bir qüvvə kölgə sala bilməz. Erməni lobbisinin və Ermənistanın havadarlarının cidd-cəhdlərinə baxmayaraq, Azərbaycan-Türkiyə qardaşlığını, strateji müttəfiqliyini heç bir qüvvə sarsıda bilməz. Bütün dövrlərdə olduğu kimi, antitürkiyə, antiazərbaycan qüvvələrin cəhdləri yenə iflasa uğrayacaq.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2012.- 2 fevral.- S. 4.