Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
«Human Rights Watch» təşkilatının Azərbaycanda etiqad azadlığı ilə bağlı
fikirlərinə münasibət bildirmişdir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) "Human Rights Watch" təşkilatının insan haqlarının dünyadakı vəziyyətinə dair icmalında Azərbaycanda etiqad azadlığının vəziyyətinə həsr edilmiş hesabatı ilə bağlı açıqlama yaymışdır.
DQİDK-nın mətbuat xidmətindən bildirmişlər ki, komitənin açıqlamasında "Human Rights Watch" təşkilatının dünyada insan haqları ilə bağlı illik icmalı insan haqlarının qorunması istiqamətində göstərilən səylərdən biri kimi qiymətləndirilmiş və bu təşəbbüs müsbət dəyərləndirilmişdir.
Bildirilmişdir ki, Azərbaycanın din sahəsində apardığı siyasət, cəmiyyətdə dinin müxtəlif formalarda mövcudluğunu nəzərə alaraq, fikir, söz və vicdan azadlığı üzərində qurulmuşdur. Eyni zamanda, dövlətin din sahəsindəki siyasəti beynəlxalq hüququn prinsiplərinə və normalarına, ölkəmizin qoşulduğu beynəlxalq müqavilələrə, Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ-hüquqi aktlara əsaslanır.
Bütün müasir demokratik dövlətlər kimi, Azərbaycan Respublikası fikir, söz və vicdan azadlığı prinsiplərini gündəlik həyatda təmin etməyə və qorumağa çalışır. Bu sahədə görülən işlər həyatın ən vacib elementlərindən biri kimi, Azərbaycan hökumətinin diqqət mərkəzindədir. Dövlətimiz ölkədə və dünyada dini azadlıqların qorunması ilə bağlı bütün səyləri dəstəkləyir.
Azərbaycan hökumətinin din sahəsində apardığı siyasət, vətəndaşların etiqad azadlığı haqqını təmin etmək sahəsində həyata keçirdiyi tədbir və qərarlar öz müsbət bəhrəsini verməkdədir. Azərbaycanda dini etiqad azadlığı tamamilə təmin edilir, dini durum sabitdir, ölkədəki dini tolerantlığın səviyyəsi yüksəkdir, dini mövzularda beynəlxalq konfranslar və görüşlər keçirilir, dini əqidəsinə görə, vətəndaşlar arasında heç bir ayrı-seçkilik qoyulmur. Dövlət orqanları bütün vətəndaşların, o cümlədən dini icmaların üzvlərinin hüquqlarını qoruyur. Cəmiyyətdə müxtəlif dinlərin nümayəndələri arasında ümumi dostluq mühiti vardır.
Dini fəaliyyət sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan DQİDK ölkədə dini qurumların məsələlərinin həlli, dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi və vicdan azadlığının təmin olunması istiqamətində səylərini əsirgəmir.
Təşkilatın hesabatında bildirilir ki, qanunlarda edilmiş əlavə və dəyişikliklərlə guya dini qurumlar üzərində daha çox məhdudiyyətlər qoyulur. Digər demokratik dünyəvi dövlətlərdə olduğu kimi, Azərbaycanda dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri, ictimai qaydanın təmin edilməsi, sağlamlığın, mənəviyyatın və digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Bu məsələ "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununda əks olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə zərurətdən yaranan düzəlişlərin edilməsi ölkədəki dini tolerantlıq mühitini qoruyub saxlamaq, dini duruma mənfi təsir göstərən halların qarşısının alınması məqsədilə edilmişdir.
Dini etiqad azadlığı üzərində məhdudiyyətlər barədə olan hissə ilə bağlı bildiririk ki, DQİDK tərəfindən hər hansı vətəndaşa və dini quruma heç bir məhdudiyyət qoyulmamışdır. Sadəcə olaraq, onlardan qanun çərçivəsində fəaliyyət göstərmələri tələb olunmuşdur.
Hesabatda bildirilir ki, 2010-cu ilin iyununda Gəncə şəhərində "Yehovanın şahidləri"nin toplantısının qarşısı polis tərəfindən alınmışdır. Məlumat üçün bildiririk ki, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci bəndinə əsasən, bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyətində, DQİDK-da dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər. 2010-cu ilin iyununda Gəncədəki "Yehovanın şahidləri" icması Dövlət Komitəsində qeydiyyatdan keçmədən fəaliyyət göstərərək dini toplantılar təşkil etməyə cəhd göstərmiş, bunun qarşısı polis tərəfindən alınmışdır. Tədbirin qarşısını alarkən polis əməkdaşları İnzibati Xətalar Məcəlləsinin "Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması"nı əks etdirən 299-cu maddəni rəhbər tutmuşlar. Göründüyü kimi, Gəncə şəhərində "Yehovanın şahidləri" dini icmasına mənsub bir qrup şəxs "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsini pozmaqla inzibati xəta törətmişlər.
Açıqlamada bildirilmişdir ki, dini qurumlar tərəfindən qanun pozuntusuna yol verilmirsə, onların fəaliyyətinə hökumət tərəfindən heç bir maneə və ya nəzarət olunmur.
Qanunvericiliyə əsasən, 2009-cu ilin sentyabrından dini qurumların ilkin qeydiyyatı ilə yanaşı, əvvəllər qeydiyyatdan keçmiş dini qurumların yenidən qeydiyyatdan keçmə prosesi başlamışdır. Ötən iki il ərzində heç bir ayrı-seçkiliyə, ləngitmə hallarına və digər qanunsuzluqlara yol verilmədən 570 dini qurum yenidən və ya ilk dəfə dövlət qeydiyyatından keçmişdir. Onlardan 20 dini qurum qeyri-islam təmayüllüdür. 30 dini qurumun qeydiyyatına imtina sərəncamı verilmişdir, lakin onlardan ikincisi imtinaya səbəb olmuş nöqsanları aradan qaldırdığından qeydiyyatdan keçmişdir. Sənədləri qanunvericiliyin tələbinə uyğunlaşdırmaq üçün 191 islam təmayüllü dini icmanın sənədi Qafqaz Müsəlmanları İdarəsinə geri qaytarılmışdır.
Qeydiyyatdan keçmə prosesi bəzi hallarda mübahisəli məsələlərin məhkəməyə çıxarılması ilə də müşahidə olunur. Lakin bütün hallarda işin məhkəmə səviyyəsində həll edilməsinin təşəbbüskarı kimi yalnız dini icmalar çıxış etmişlər. Əvvəllər qeydiyyatdan keçmiş, lakin müxtəlif səbəblərdən yenidən qeydiyyatdan keçməmiş dini icmaların köhnə şəhadətnamələri hüquqi qüvvəsini saxlamışdır və onlar hüquqi şəxs statuslarını itirməmişlər.
Açıqlamada qeydiyyat qaydalarının çox sadə olduğu qeyd edilmişdir. Bunun üçün vətəndaşdan qanunla müəyyən edilmiş az sayda və toplanması asan olan sənədlər tələb olunur. Dini qurumların qeydiyyatdan keçmə prosesində heç bir süründürməçiliyə yol verilmir. Əgər hansısa dini qurum qeydiyyatdan keçməyibsə, bunun qanuni əsasları olmuşdur və bu barədə həmin dini qurum məlumatlandırılmışdır. DQİDK tərəfindən dini icmaların dövlət qeydiyyatına alınmasından imtina edilməsi hər bir halda qanunvericiliyin tələblərinə uyğun formada və qaydada rəsmiləşdirilmişdir. Dini qurumların yenidən və ilkin dövlət qeydiyyatından keçmə prosesi davam edir.
İcmalda qeyd edilən vahid məktəbli formasına keçidlə bağlı yaranmış hicab probleminə dair komitənin açıqlamasında bildirilmişdir ki, qadınların orta ümumtəhsil məktəblərində və universitetlərdə hicab taxmalarının qarşısının alınması Azərbaycan Respublikasının Təhsil Nazirliyinin və təhsil müəssisələrinin səlahiyyətlərinə aiddir. Bu məsələ "Təhsil haqqında" qanunun 14.10-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, ölkənin bütün təhsil müəssisələrində geyim formaları təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. Digər məhdudlaşdırıcı qanunvericilik aktları mövcud deyildir. Bütün demokratik dünyəvi dövlətlərdə olduğu kimi, Azərbaycanda da vahid məktəbli formasının tətbiqi vicdan azadlığının pozulması kimi qələmə verilə bilməz.
Hesabatda qeyri-qanuni fəaliyyət göstərən Azərbaycan İslam Partiyasının sədri Möhsüm Səmədovun və digərlərinin həbsinə dair qeydlə bağlı bildiririk ki, baş vermiş hadisələr kriminal xarakter daşıyır və bunu dini etiqad azadlığının pozulması, eləcə də dini ayrı-seçkiliyə yol verilməsi kimi qələmə vermək tamamilə əsassızdır. Təbii ki, hər bir hüquq pozuntusu müvafiq hüquqi məsuliyyətə səbəb olur və qanunu pozan şəxsin cəzalandırılması labüddür. Törədilmiş hüquq pozuntusu faktı isə qanunvericiliklə müəyyən olunmuş qaydada rəsmiləşdirilir.
Azərbaycan.- 2012.-
2 fevral.- S. 4.