Almaniyada çıxan “Handelsblatt” qəzeti: “Azərbaycan necə də gözəldir!”
Almaniyada çıxan nüfuzlu "Handelsblatt" gündəlik qəzetində "Azərbaycan necə də gözəldir!" sərlövhəli məqalə dərc edilmişdir. Davosda keçirilən Dünya İqtisadi Forumunda Azərbaycanın uğurlu iştirakından bəhs edən bu məqalənin əvvəlində belə bir fakt vurğulanır ki, builki forumda ABŞ, Çin və Rusiyanın üstünlüyü nəzərə çarpmırdı, lakin Azərbaycanın fəal iştirakı aşkar hiss olunurdu.
Məqalədə deyilir: "Bu il Davosda Azərbaycana və onun yeddi nəfərdən ibarət, o cümlədən Prezident, nazirlər və aparıcı menecerlərin daxil olduğu nümayəndə heyətini gözdən qaçırmaq olmazdı. Prezident İlham Əliyev diqqət axtarır və onu tapır". Məqalədə qeyd edilir ki, Davosun mərkəzində piyada gəzintilər üçün nəzərdə tutulan "Promenade" küçəsi boyunca, "Shatzalp" funikulyorunun içərisində, Konqres mərkəzində, bir sözlə, şəhərin hər yerində "sehrli rənglər diyarı" Azərbaycanın gözəlliklərini əks etdirən plakatlar asılmışdır.
Məqalədə deyilir: "Azərbaycan həm də builki forumun rəsmi proqramının tərkib hissəsidir. Bu ölkə strateji tərəfdaşdır və ona ayrıca panel müzakirəsi həsr olunmuşdur. Prezident İlham Əliyev həm də "Avrasiyanın gələcəyi" mövzusunda diskussiyada çıxış edir. Azərbaycan hətta bu ölkədən gəlmiş nümayəndə heyətinin qaldığı otelə də "əl yetirmişdir": mehmanxananın hollunda "Azərbaycana investisiyalar. Müasir dövlətin yaradılmasında iştirak edin" başlıqlı materiallar diqqəti cəlb edir. Mehmanxana nömrələrində forumun qonaqlarını Azərbaycandan gətirilmiş xüsusi hədiyyə paketi gözləyir. Paketin içində Azərbaycan mədəniyyətinin bariz əksini tapdığı Qarabağ xanəndələrinin ifasında muğamlar yazılmış üç disk, Azərbaycan xalçaları haqqında filmlərin yazıldığı üç DVD, bu ölkənin tarixi, mədəniyyəti, memarlığı, mətbəxi və xalçaları haqqında altı buklet, 20 açıqca və nəhayət, gözəl "Schweitzelhof" otelində Azərbaycan gecəsinə dəvətnamə vardır". Məqalədə əvvəllər "Bild" qəzetinin redaksiya heyətinin üzvü olmuş, indi isə Azərbaycana məsləhətçilik edən Consultum Communications agentliyinə başçılıq edən Frans-Erik Bilqesin "Azərbaycan Avropa istiqamətində inamla irəliləyir" sözləri sitat gətirilir.
Qəzet yazır: "Burada vəziyyət İran körfəzi dövlətlərində olan vəziyyətə çox oxşayır: böyük neft və qaz ehtiyatları sayəsində Azərbaycan zəngindir, lakin onun iqtisadiyyatı şaxələnməlidir, çünki bu gün ölkənin iqtisadi potensialının çox hissəsi SOCAR Dövlət Neft-Qaz Şirkəti hesabına yaranır. Bu gün maşınqayırma, informasiya texnologiyaları və turizm kimi sənaye sahələrinin də inkişaf etdirilməsi prinsipi tətbiq edilir. Dubay və ya Sinqapur ilə ayaqlaşmaq üçün hələ uzun yol keçmək, ilk növbədə, xarici sərmayədarları cəlb etmək lazımdır".
Məqalədə qeyd edilir ki, Davos Azərbaycan üçün uğurlu məkandır. "Handelsblatt" yazır: "Forum ciddi sərmayədarlar axtarışı üçün ideal yerdir. Axı, məhz bu forumda beş gün müddətində dünyanın siyasi və iqtisadi elitasının görüşləri keçir. Elə buna görə də Azərbaycan gecəsinə dəvət edilmiş 400 nüfuzlu qonağın əksəriyyəti zala daxil olanda bu ölkənin məsləhətçisi Bilqes sevinir. "Deutsche Bank"ın şefi Akermann və onun davamçısı Yurgen Fitşen bu tədbirə gəlməyi özləri üçün şərəf sayır, Thyssen-Krupp şirkətinin rəhbəri Heynrix Hissencer, RWE konserninin nümayəndələri Yurgen Qrossman və Leonard Birnbaum da gecədə iştirak edirlər".
Məqalədə qeyd edilir ki, Nabukko layihəsində Azərbaycanın iştirak etməsi çox mühüm məqamdır.
Qəzet yazır: "Davos forumunun sonuncu günündə azərbaycanlılar məmnun görünürlər. Onlar mühüm əlaqələr yaratmağa nail olmuşlar və yenidən diqqət mərkəzindədirlər. Konqres mərkəzində Azərbaycanın təşkil etdiyi naharda bu ölkənin milli mətbəxindən və musiqisindən həzz almaq üçün yüzlərlə qonaq gəlmişdi. Tunisli bankir, ABŞ-dan olan tanınmış menecer və hindistanlı sahibkar quzu və toyuq ətinin dadına baxandan sonra yekdilliklə bildirdilər ki, bunlar həqiqətən əla yeməklərdir. Lakin Prezident Əliyev bu komplimenti eşitmir. O, Dünya İqtisadi Forumunun şefi Klaus Şvabla birlikdə o biri zalda nahar edir. Hər halda, tərəflərin bir-birinə deyəsi sözləri vardır".
AZPROMO investisiya agentliyinin rəhbəri Adil Məmmədov bu nəşrə verdiyi müsahibədə demişdir: "Burada işlərin yalnız təməli qoyulmuşdur. Davosda birinci il ölkəmiz üçün yalnız beynəlxalq arenaya çıxış ilidir".
Onun sözlərinə görə, debüt uğurlu olmuşdur. Bu o deməkdir ki, forumda iştirak praktikası davam edəcəkdir.
Qəzet sonda yazır: "Nümayəndə heyətinin digər üzvü bildirir ki, qarşıdakı istirahət günlərində Prezident Əliyev Almaniyaya səfər edəcək, orada Təhlükəsizliyə dair Münxen konfransında çıxış edəcəkdir. Axı, Avropaya gedən yol Almaniyadan keçir. Burada hörmət və ehtiram qazananları bütün dünyada qəbul edirlər".
Məqalənin tam mətni ilə tanış olmaq üçün bu linkə müraciət edə bilərsiniz:
http://www.handelsblatt.com/politik/international/auf-investorensuche-oh-wie-schoen-ist-aserbaidschan/6125260.html
Vüqar SEYİDOV,
AzərTAc-ın xüsusi
müxbiri
Azərbaycan.- 2012.- 2 fevral.- S. 5.