Sığorta-pensiya
islahatları uğurlu nəticələr verir
Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov ilə görüşüblər. DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, klubun prezidenti və baş icraçı direktoru Telman Əliyev qurumun fəaliyyəti barədə məlumat verib. O bildirib ki, CEIBC-nin əsas məqsədi dövlət orqanları və biznes nümayəndələri arasında əlaqələri inkişaf etdirməkdir. 2002-ci ilin iyununda yaradılmış, Prezident İlham Əliyevin fəxri sədri olduğu CEIBC dünyanın 50 ölkəsindən 500-dən çox şirkəti birləşdirir.
DSMF-nin sədri S.Müslümov "Azərbaycanın sığorta-pensiya sistemi: islahat davam edir" mövzusunda təqdimatla çıxış edib. 2003-2011-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya islahatlarına toxunan S.Müslümov nəzərə çatdırıb ki, 2003-cü ildən fərdi uçot sisteminin tətbiqi ilə bağlı layihələrin icrasına başlanılıb, 2005-ci ilin sonunadək pilot və hazırlıq işləri başa çatdırılıb. 2004-cü ildən etibarən pensiya və müavinətlərin əhaliyə çatdırılmasında müasir texnologiyaların tətbiqinə keçilib. 2006-cı ildən etibarən dövri olaraq pensiyaların baza hissəsinin artırılmasına və sığorta hissəsinin indeksləşdirilməsinin tətbiqinə başlanılıb. Ötən 5 ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 5 sərəncam verilib. İslahatların növbəti həlqəsi kimi 2006-cı ildən məcburi dövlət sosial sığorta haqları hesabına müəssisə və təşkilatlar tərəfindən aparılan sosial ödəmələrin idarə olunması DSMF-yə verilmiş, 2007-ci il yanvarın 1-dən fond vasitəsilə hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin məcburi dövlət sosial sığortasına cəlb edilməsinə və fərdi uçotla əhatə olunmasına, həmin şəxslərin, eləcə də dövlət qulluqçularının əmək pensiyaları ilə təminatına keçilibdir. Bu islahatlardan əldə olunan nəticələri sadalayan S.Müslümov vurğulayıb ki, yeni sistemin fəaliyyətə başladığı 2006-cı ildən hazıradək sosial sığorta ödəyicisi olan sığortaolunanların sayı 1300 min nəfərdən 1967 min nəfərə çatmış, sosial sığorta haqqının dərəcələri 29 faizdən 25 faizə endirilmişdir. Yeni sistemin fəaliyyətə başladığı 2006-cı ildən hazıradək DSMF-nin xərcləri 4 dəfə artmışdır. 2006-cı ildən hazıradək pensiyaların minimum məbləğində 3,4 dəfə, orta aylıq məbləğində 5 dəfə artım baş vermişdir.
DSMF-nin sədri islahatların növbəti mərhələləri barədə də məlumat verib. Onun sözlərinə görə, bu islahatlar sırasına sığorta-pensiya sisteminin fəaliyyətinin aktuar modellər əsasında təkmilləşdirilməsi, məcburi dövlət sosial sığortası sahəsində fəaliyyətin təkmilləşdirilməsi, fondun fəaliyyətinin avtomatlaşdırılması, sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi, qeyri-dövlət pensiya institutlarının inkişafı daxildir. Sığorta-pensiya sisteminin fəaliyyətinin aktuar modellər əsasında təkmilləşdirilməsi sahəsində ABŞ TİA ilə "Pensiya islahatları layihəsi üzrə texniki yardım üçün nəzərdə tutulan qrant haqqında Saziş" və Dünya Bankının "Sosial Müdafiənin İnkişafı" layihəsi çərçivəsində mühüm işlər həyata keçirilməkdədir. "Məcburi dövlət sosial sığortası sahəsində fəaliyyətin təkmilləşdirilməsi də islahatların mühüm istiqamətlərindəndir. Bu tədbirlər nəticəsində məcburi dövlət sosial sığorta haqlarının strukturunun (işəgötürənlər və sığortaolunanlar tərəfindən ödənilən hissələrinin) optimallaşdırılmasına, əmək miqrantlarının sosial sığortasının təkmilləşdirilməsinə, fərdi uçot sisteminin inkişafı nəticəsində inzibati nəzarətin ictimai nəzarətlə əvəzlənməsinə nail olunacaqdır. Digər mühüm istiqamət isə fondun fəaliyyətinin avtomatlaşdırılmasıdır. Belə ki, məcburi dövlət sosial sığorta haqlarının toplanmasının avtomatlaşdırılması, pensiya və müavinət təyinatının avtomatlaşdırılması icra olunacaqdır.
S.Müslümov sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi üçün görüləcək işlərdən də danışıb. O bildirib ki, normativ hüquqi bazanın hazırlanması, sosial sığorta haqlarının fərdi yığım hesablarına toplanmasına başlanılması, fərdi yığım hesablarında toplanan vəsaitlərin pensiya təminatına yönəldilməsi tədbirləri həyata keçiriləcəkdir. Qeyri-dövlət pensiya institutlarının inkişafı sahəsində görüləcək işlərə gəldikdə isə, DSMF sədri bildirib ki, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi davam etdirilməklə yanaşı, normativ hüquqi bazanın hazırlanması, qeyri-dövlət pensiya fondlarının fəaliyyətə başlaması istiqamətində işlər görüləcəkdir.
Elçin CƏFƏROV
Azərbaycan.- 2012.- 2 fevral.- S. 5.