Biz həmişə vətən haqqında düşünürük, milli ənənələrimizi sevir və qoruyuruq, səsimizin eşidilməsini istəyirik

 

 "Rossiyskaya qazeta"nın 31 yanvar tarixi nömrəsində "Dünyaya həqiqəti söyləyək - Biz həmişə vətən haqqında düşünürük, milli ənənələrimizi sevir və qoruyuruq, səsimizin eşidilməsini istəyirik" sərlövhəli məqalə dərc edilmişdir.

Məqalədə deyilir: "2012-ci il fevralın 26-da bütün dünya Qarabağın Xocalı şəhərində törədilmiş faciəli hadisələrin iyirminci ildönümünü qeyd edəcəkdir. O, soyuq fevral gecəsində silahlı dəstələr bu şəhəri yerlə-yeksan edənə qədər onun əhalisinin sayı 7 min nəfərdən çox idi.

Bu kiçik şəhərin yüzlərlə sakini öldürülmüş və yaralanmışdı. Dəhşətli cinayətin iyirminci ildönümü münasibətilə dünyanın bir sıra ölkələrində anım tədbirləri keçiriləcəkdir. Bu qəbildən ən sanballı tədbirlərdən biri, şübhəsiz, "Xocalıya ədalət" beynəlxalq kampaniyası olacaqdır.

Məqalədə A.S.Puşkin adına Moskva Dövlət Rus Dili İnstitutunun tələbəsi Kristina Mojayevanın aşağıdakı sözləri sitat gətirilir: "2008-ci ildə Heydər Əliyev Fondunun  vitse-prezidenti Leyla Əliyevanın və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun təşəbbüsü ilə start götürmüş genişmiqyaslı beynəlxalq informasiya-təşviqat kampaniyasının məqsədi Xocalıda insanlığa qarşı cinayət haqqında həqiqəti dünyaya söyləməkdir. Artıq bütün dünyada keçirilən aksiyalar beynəlxalq təşkilatların ofislərini, o cümlədən BMT-nin Cenevrədəki mənzil-qərargahını da əhatə etmişdir. Kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində 70-dən çox aksiya keçirilmişdir.

Xocalı faciəsinin 20-ci ildönümünə həsr edilmiş aksiyaların əhatə dairəsi və miqyası getdikcə genişlənir. Əvvəlki illərdə olduğu kimi bu il də qlobal şəbəkə vasitəsilə fleş-moblar keçiriləcəkdir. Rusiya auditoriyasının da bu faciə barədə obyektiv mənbədən məlumat ala bilməsi üçün saytın (www.justiceforkhojaly.org) rus dilinə tərcüməsi üzrə işlər başa çatmaqdadır.

Mən 1990-cı ilin may ayında, həmin il yanvarın 20-də Sovet tankları mənim doğma Bakı şəhərimə daxil olandan bir neçə ay sonra doğulmuşam. Xocalı qırğını baş verəndə mənim bir yaşım vardı. Təbii ki, mən bu faciənin canlı şahidi ola bilməzdim. Bu barədə yalnız kitablarda, qəzetlərdə yazılanlar, foto və telexronika sənədləri, Xocalı sakinləri ilə şəxsən ünsiyyətdə olmuş qohumlarımın sözləri əsasında məlumatım var. Lakin özüm üçün qərara almışam ki, insanlığa qarşı bu dəhşətli cinayət haqqında geniş ictimaiyyətin məlumatlandırılmasına töhfə vermək üçün məndən asılı olan hər şeyi etməliyəm. Azərbaycan mənim diyarım, Vətənimdir və mən onun şərəfini qorumağa borcluyam".

2008-ci ildə A.S.Puşkin adına Moskva Dövlət Rus Dili İnstitutunun tələbəsi olmuş Kristina Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sıralarına daxil olmuş, bir müddət sonra beynəlxalq "Xocalıya ədalət" kampaniyasının Moskva layihəsi üzrə əlaqələndiricisi seçilmişdir. O vaxtdan institutda təhsil almaqla yanaşı, RAGT-da - Azərbaycan gənclərinin ölkə hüdudlarından kənardakı ən fəal təşkilatında ictimai işlə məşğuldur.

Onun fəaliyyətinin üstün istiqamətləri mədəniyyətlərarası dialoqun tənzimlənməsi, Azərbaycanın zəngin mədəni və tarixi irsinin təbliğ edilməsi, müasir Azərbaycan reallıqlarının Rusiya cəmiyyətinə çatdırılması, humanitar və sosial sfera, elm və təhsil sahələri, bir də, əlbəttə, Rusiya Federasiyasında yaşayan və təhsil alan gənc soydaşlarımıza qayğı göstərməkdir. Yeri gəlmişkən, çox fəal, təşəbbüskar, vətənpərvər olmaları ilə seçilən bu gənclər bizim layihələrin həyata keçirilməsi üçün öz vaxtlarını və vəsaitlərini sərf etməyə hazırdırlar.

Beynəlxalq "Xocalıya ədalət" kampaniyasının Moskva layihəsi üzrə əlaqələndiricisi Kristina Mojayeva yazır: "Azərbaycan gənclərinin, xüsusən xarici ölkələrdə fəaliyyət göstərən ictimai təşkilatlarının əhəmiyyətini lazımınca qiymətləndirmək çətindir. Bu təşkilatlar dövlətin siyasəti, onun xaricdəki diasporu üçün yaxşı dəstəkdir. Bu, dünya birliyinə inteqrasiyadır. Axı bizim gənc həmvətənlərimiz təkcə nüfuzlu ali məktəblərin tələbələri deyil, həm də Azərbaycanın xoş məramının daşıyıcıları və müəyyən mənada, bizim nadir mədəniyyətimizi, ənənələrimizi, ölkəmizi, xalqımızı təmsil edən elçiləridir".

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 2 fevral.- S. 5.