Qeyri-adi kitablar naşiri

 

Deyirlər, qadından yaşını soruşmazlar. Bəlkə həqiqətən belə olmalıdır. Lakin başqa bir deyim bunun əleyhinə səslənir: hər yaşın öz gözəlliyi var. Yaşanmış illərin doğrudan da, insanın sərvəti olduğunu xatırlayanda isə düşünürsən: Taleyin bəxş etdiyi və sənin də saniyə-saniyə, dəqiqə-dəqiqə zəhmətlə topladığın bu xəzinənin - ömrün illərinin sayını gizlətməyin yeri yoxdur. Yaşanmış illər insanın xoşbəxtliyidir.

Əslində, bütün Azərbaycan xalqının yaxşı tanıdığı ziyalı xanım Zərifə Salahovanı təqdim etməyə ehtiyac yoxdur. Lakin işi və fəaliyyəti barədə məlumat vermək üçün bilmirsən onu ictimaiyyətçi, maarifçi, naşir, yoxsa pedaqoq adlandırasan.

Yaşadığı illərdə sevinclə kədər, uğurla çətinliklər, nailiyyətlərlə problemlər daim bir-birini izləsə də, Zərifə xanım xoşbəxt insandır. Bu xoşbəxtlik ilk növbədə ona yaranışdan verilib. Belə ki, Zərifə Salahova Bakının qədim ziyalı kökləri olan əsilzadə nəsillərindən birinin övladıdır. Əsil-nəcabət isə adətən, yeddi arxa davam edər. Atalar yaxşı deyiblər ki, alov ocaqdan qalxır. Ot öz kökü üstündə bitər. Zərifə xanımın da ən yaxşı xüsusiyyətləri məhz həmin kökdən qidalanıb və rişələnib.

Atası Teymur Salahov dövrünün sözükeçən, nüfuzlu kişilərindən olub. İxtisasca neft mühəndisi, bütövlükdə götürdükdə isə hərtərəfli dünyagörüşünə malik insan idi. Odur ki, hər yerdə savadı, açıqgözlülüyü, yetkinliyi, ən başlıcası, ziyalılığı ilə tanınırdı. Hələ gənc ikən vəzifə pilləsi ilə irəli çəkilmiş, müxtəlif işlərdə çalışmış, hətta Laçın Rayon Partiya Komitəsinin birinci katibi olmuşdu.

Lakin xalqımızın belə oğullarını gözügötürməyənlər çox idi. Sovet rejiminin, bu rejimin mənfur qonşularımızı təmsil edən nümayəndələrinin cidd-cəhdi ilə onlar ləkələnir, həbsxanalara atılır, "aradan götürülürdülər". 1937-ci ilin terror maşını Teymur Salahovu da məhv etdi. O, həmin il iyulun 31-də həbs olundu. 1938-ci il iyulun 3-də isə 15 dəqiqəlik məhkəmədən sonra dəlilsiz-sübutsuz güllələndi. Həmin üzdəniraq illəri Zərifə xanım belə xatırlayır: "Anam Sona xanıma demişdilər ki, atam üçün yazışma hüququ olmadan on il həbs cəzası kəsilmişdir. O illər ərzində döymədiyimiz qapı qalmadı. 1947-ci ildə orqanlara müraciət etdik, yenə də nəticəsi olmadı. 1955-ci ilə qədər atamın taleyi barədə heç bir soraq çıxmadı. Təsadüfi görüş nəticəsində o dövrün bir səlahiyyət sahibi mənə bildirdi ki, atamı güllələyiblər. Bu söz hamımızı bir andaca şok vəziyyətinə saldı. Çünki biz onun sağ qalmasına ümidli idik. 1956-cı ildə isə ailəmizə rəsmi bildirildi ki, o, 18 il əvvəl güllələnib. Həmin ilin avqustunda isə bəraət kağızını aldıq".

Aslanın erkəyi-dişisi olmaz. Teymur Salahovun ömür-gün yoldaşı Sona xanım da özü kimi mərd idi. Çətin dövrdə zərif çiyinlərinə çox ağır yük götürərək beş övlad böyütdü. Hər əzaba qatlaşaraq həm işlədi, uşaqlarını dolandırdı, həm də onların təhsilini, tərbiyəsini bir an unutmadı. Zərifə də məhz belə valideynlərin övladı olduğu üçün mərdlik və mənəvi zənginlik ona irsən verilmişdi. Hələ yeniyetmə ikən atasının bəraət alması üçün müxtəlif instansiyalara məktublar yazmış, müraciətlər etmişdi.

Onların yaşadığı ev keçmiş Füzuli, indiki Nizami küçəsində - Daxili İşlər Nazirliyinin yaxınlığındakı binada yerləşirdi. Bu məhəllədə gələcəyin böyük bəstəkarı Qara Qarayev, məşhur cərrah Müseyib Qarayev, incəsənət xadimi Hökumə Qurbanova, sonralar tanınmış elm və maarif xadimi olmuş digər insanlar böyüyürdülər. Bu ziyalı məhəlləsində elmin, mədəniyyətin, incəsənətin, ədəbiyyatın nüfuzu və təsiri böyük idi. Salahovlar ailəsində boy atan övladların formalaşmasına bir tərəfdən soykökdən gələn ənənələr təsir edirdisə, digər tərəfdən bu mühit dəstək verirdi. Təsadüfi deyil ki, ailədə Azərbaycanın dünya şöhrətli rəssamı Tahir Salahov, rəssam-kallioqraf Sabir Salahov, sənətşünas Mahir Salahov, ədəbiyyatçı Leyla Salahova kimi xalqına gərəkli olan şəxsiyyətlər də yetişdilər.

Belə bir mühitdə böyüyən Zərifənin də elmə, ədəbiyyata, incəsənətə marağı təbii idi. Hələ orta məktəbdə oxuyanda Azərbaycan ədiblərinin əsərləri ilə yanaşı, klassik rus və dünya ədəbiyyatını maraqla mütaliə edir, öyrənirdi. O zaman Bakının məktəblərində teatr, musiqi, poeziya dərnəkləri təşkil olunardı. Zərifə belə dərnəklərdə yaxından iştirak edir və bu, onun şeirə, incəsənətə, bədii qiraətə olan məhəbbətini daha da artırırdı. Odur ki, orta məktəbi bitirdikdən sonra rus dili müəllimi olmağı qərara aldı.

Enerjisi, sözü cəsarətlə deməsi, qətiyyəti, təşkilatçılığı həmişə ətrafdakıların diqqətini cəlb edirdi. Odur ki, onu komsomol işində çalışmağa dəvət etdilər. O, burada da özünü fəal, təşəbbüskar, insanlarla ünsiyyət qurmağı bacaran bir şəxs kimi göstərdi.

Həmin dövrdə gənclik şəhəri sayılan Sumqayıtda həyat bulaq kimi qaynayırdı. Tale yolları Zərifə Salahovanı bu şəhərə gətirib çıxardı. Burada qəzet işində çalışdı, sonra şəhər partiya komitəsində təlimatçı, şöbə müdiri vəzifələrində, işlədi. Moskvada ali partiya məktəbini bitirdikdən sonra onu vəzifəcə bir qədər də irəli çəkdilər. Şəhər partiya komitəsinin ikinci katibi təyin olundu. Bir qədər sonra isə Salahova Azərbaycan KP MK-nın təşkilat partiya işi şöbəsində partiya informasiyası bölməsinin müdiri vəzifəsində işləməyə başladı. Bu, həmin dövr idi ki, respublikaya ümummilli lider Heydər Əliyev rəhbərlik edirdi. On bir il bu dahi şəxsiyyətin rəhbərliyi altında çalışmaq Zərifə Salahovanın təşkilatçılıq, idarəetmə, insanlarla işləmək qabiliyyətini daha da artırdı.

Dövlət strukturlarındakı bu fəaliyyətindən sonra Zərifə xanım özünün çox sevdiyi bir sahəyə yaxınlaşdı. Onu respublika Kitabsevərlər Cəmiyyətinin sədri seçdilər. Deyəsən, bu, lap yerinə düşmüşdü. Çünki Zərifə xanım özünü çox rahat hiss etməyə, başlıcası isə vaxtını və qüvvəsini incəsənətin, mədəniyyətin, ədəbiyyatın, maarifin təbliğinə sərf etməyə imkan tapmışdı. Üstəlik də ötən illərdə zəngin təcrübə toplamışdı. İctimai işlərdə böyük səriştə qazanmış, hər yerdə öz nüfuzu ilə tanınmış, ətrafdakı insanlarla geniş şəxsi əlaqələr yaratmışdı. Bütün bunlar Zərifə xanıma tutduğu yeni vəzifədə ortaya çıxan problemləri və çətinlikləri müvəffəqiyyətlə həll etməyə imkan verirdi.

Nəticədə Kitabsevərlər Cəmiyyətinin işi xeyli canlandı. Bir qədər sonra Zərifə xanım nadir formatlı kitablar toplamaq və hətta nəşr etdirmək kimi nəcib bir niyyətə düşdü və yavaş-yavaş öz arzusunu həyata keçirməyə başladı.

Zərifə xanımın tərcümeyi-halını vərəqlədikcə bir həqiqəti aydın görürsən: o, illərlə püxtələşmiş, müxtəlif fəaliyyət sahələrində çalışmış, axtarışlar aparmış və nəhayət, özünün əsl məşğulluğunu tapmışdır. Onun tapıntısı isə yenə də bilik mənbəyi - kitablardır, intəhası, qeyri-adi kitablar. Bu gözəl nəşrlərin özləri balaca olsalar da, dəyərləri böyükdür.

Bir neçə kəlmə də miniatür kitablar barədə: onlar həmişə öz zərif, nəfis tərtibatı ilə diqqəti cəlb edib. Bu cür kitablar qədim zamanlardan indiyədək sevilən və yaşayan sənət incisi kimi qiymətləndirilib. Kiçik həcmi və ölçüsü onları insanların dostuna, yol yoldaşına çevirib.

Qədim Şərqdə və Qərbdə incəsənət nümunəsi kimi dəyərləndirilən miniatür kitablar həmişə bilik mənbəyi, maariflənmə vasitəsi kimi geniş yayılıb, populyarlıq qazanıb. Bu üstünlüklərinə görə miniatür kitablar uzaq səfərə çıxan insanları daha çox cəlb edib. Qədim zamanlarda belə kitablarda daha çox dini mətnlər yerləşdirilirdi. Onlar ən çox əlyazma şəklində olur, təsviri sənət təsiri bağışlayırdı.

Müasir dövrdə müxtəlif çeşid və məzmunda bu cür kitablar buraxılır. Kiçik ölçülü həmin nəşrlər indi yalnız bilik vermək, mütərəqqi ideyalar yaymaq vəzifəsini daşımır. İndi miniatür kitablar daha çox lobbiyə çevrilib, onları sevən insanların maraq dünyasından xəbər verir, ümumiyyətlə, hamıda xoş duyğular oyadır. Bu kitablar geniş oxucu kütləsi, kütləvi satış üçün nəzərdə tutulmur, xüsusi kitabxanalarda, muzeylərdə, sərgilərdə nümayiş etdirilir. Odur ki, minlərlə belə kitabın qorunub saxlandığı həmin spesifik muzey və kitabxanalar insanlar üçün təkcə bilik və ziya ocağı deyil, həm də onlarda xoş duyğular oyadan, üzlərinə təbəssüm bəxş edən bir gəzinti məkanı, mənəvi istirahət yeridir.

Bu kitablar zövq oxşasa da, onları toplamaq, kolleksiyalar düzəltmək böyük hövsələ və səbir tələb edən işdir. Ona görə də bütün dünyada belə insanların sayı çox azdır, bəlkə də hər ölkədə onları barmaqla saymaq olar.

Zərifə xanım zərif qəlbə və yüksək zövqə malik, hövsələsi geniş, səbri böyük olan bir xanımdır. Məhz buna görə də belə çətin, bənzərsiz və bəlkə də qeyri-adi işin öhdəsindən gələ bilib. Ulu öndər Heydər Əliyev: "Azərbaycanda miniatür kitab nəşri sahəsində Zərifə xanım Salahovanın fəaliyyəti yüksək qiymətə layiqdir", -  demişdi.

Azərbaycan mədəniyyətinin, incəsənətinin, elminin inkişafına daim yüksək diqqətlə yanaşan ümummilli lider Heydər Əliyevin qayğısı sayəsində 2002-ci il aprelin 23-də Bakıda Miniatür Kitab Muzeyi açıldı. Beləliklə, təsisçisi Respublika Kitab Cəmiyyətinin sədri, əməkdar incəsənət xadimi Zərifə Salahova olan muzey UNESCO-nun qərarı ilə qeyd edilən Beynəlxalq Kitab və Müəllif Hüquqları günündə fəaliyyətə başladı. Ulu öndərin yüksək qayğısı və dəstəyi ilə İçərişəhərdə münasib yerlə təmin edilmiş bu nadir incəsənət ocağı dünyada yeganə miniatür kitab muzeyidir.

Muzeyin ekspozisiyasını Zərifə xanımın 1982-ci ilin noyabr ayından başlayaraq, yəni, az qala, 30 ildir topladığı kitablar təşkil edir. Hələ 10 il bundan əvvəl, 2002-ci ilin aprelində muzey açılarkən burada 47 ölkədə çap olunmuş və 25 vitrində yerləşdirilmiş 3223 kitab nümayiş etdirilmişdi.

Zərifə xanımın işgüzarlığı və yaxşı mənada dözümlü olması sayəsində muzeyin zərif eksponatlarının sayı ildən-ilə artır. Azərbaycan dilində də ilk miniatür kitab məhz Zərifə xanımın fədakar əməyi nəticəsində işıq üzü görüb. Təkcə 2002-2007-ci illərdə onun təşəbbüsü ilə Azərbaycanda 30 miniatür kitab nəşr edilib. Onların arasında klassik ədəbiyyatdan seçilmiş nümunələri, 1995-ci ildə qəbul olunmuş "Azərbaycan Respublikasının Konstitusiyası", ulu öndər Heydər Əliyevin Prezident seçilməsi münasibətilə 1993-cü il oktyabrın 10-da andiçmə mərasimində söylədiyi "Vətənə, dövlətə, xalqa sədaqət andı" nitqi və bir sıra digər əsərləri də özünə layiqli yer alıb.

"Kitab" Cəmiyyətinin sədri kimi dünyanın müxtəlif elmi və mədəni mərkəzləri ilə yaratdığı işgüzar əlaqələr bu bənzərsiz "incilər"i rəhbərlik etdiyi muzeyin xəzinəsinə çevirməkdə onun dəstəkçisi olub. Burada bir nüansı da unutmaq olmaz ki, miniatür kitablar kütləvi satışda olmur. Onları əldə etmək üçün ayrı-ayrı ölkələrdəki ixtisaslaşmış kitabxanalarla, fərdi kolleksiyaçılarla əlaqələr yaratmaq lazım gəlir. Əgər indi muzeydə dünyanın 62 ölkəsində nəşr edilmiş 5 mindən çox miniatür kitabın olduğunu desək, Zərifə xanımın onları toplayınca çəkdiyi titanik zəhməti şərh etməyə ehtiyac qalmaz.

Nəhayət,  miniatür kitab vurğunu olan, miniatür kitabı həm işi-sənəti, fəaliyyət sahəsi kimi seçən, həm də bunu sevimli məşğuliyyəti, arzu-həvəsi bilən xanımın özü haqqında da belə bir kitab buraxılıb. Üz qabığında Zərifə xanımın nurlu siması canlanan miniatür kitab belə adlanır: "Zərifə Salahova - Kitaba xidmət və İşə sədaqət" (kitab rus dilində nəşr olunub). Bu kiçicik kitabda Zərifə xanımın uzun və mənalı ömrünün ayrı-ayrı məqamları dolğunluqla əks etdirilib. Burada əsasən Zərifə Salahova haqqında müxtəlif vaxtlarda mətbuatda dərc edilmiş yazılar toplanıb. "Bu kitabdakı yazıların qəhrəmanı seçdiyi işə sonsuz sədaqəti olan, əsl vətənpərvər, bütün bacarığını, istedadını, rahatlıq bilməyən qəlbinin həvəsini vətəninə xeyir gətirəcək işlərə sərf edən bir insandır. Bu, Zərifə Teymur qızı Salahovadır..." Kitabın giriş sözündə belə deyilir.

Zərifə xanım işıqlı, ziyalı insandır. Yazıların birində deyildiyi kimi, "...onun gözləri işıq saçır, səsi həyəcanlıdır. Maraqlı informasiyanı insanlara bacardıqca tez çatdırmağa çalışır. Daim nəyə isə can atır, haraya isə tələsir. Onu dinləmək istəyən, onu narahat edən məsələlərin iştirakçısı olmaq istəyən, onun sözünə diqqət yetirən hər kəslə özünün müsbət enerjisini bölüşür.

Digər yazıda isə Zərifə xanıma Tanrı tərəfindən yorulmazlıq, gözəl ürək bəxş edildiyi vurğulanır. Zərifə Salahovanın bir xoşbəxtliyi də odur ki, zəhməti heç vaxt itmir, əməyi həmişə diqqəti cəlb edir:

"Onun ünvanına xoş sözlər səslənib. Fəxri mükafatlar, diplomlar alıb, yüksək titullara layiq görülüb. Beynəlxalq Kitabsevərlər İttifaqı kitab naminə, kitabın şöhrəti naminə uzunmüddətli və fədakar əməyinə görə onu xüsusi diplom və medalla təltif edib. 2007-ci ildə isə Prezident İlham Əliyev tərəfindən kitab mədəniyyətinin inkişafına sərf etdiyi əməyə görə və yubileyi münasibətilə "Şöhrət" ordeni ilə təltif olunub. İki il sonra - "Kitab" Cəmiyyətinin 35 illik yubileyi münasibətilə soydaşımız Rusiya Federasiyasının mədəniyyət nazirinin imzaladığı Fəxri fərmanla təltif olundu. Zərifə xanım bu mükafata Rusiyanın mədəniyyətinin inkişafındakı xidmətlərinə görə layiq görüldü".

Kitabda Zərifə Salahovanın miniatür kitaba sonsuz marağından geniş bəhs olunur. Miniatür nəşrdən də aydın olur ki, bu xanımın kolleksiyası olduqca zəngin və rəngarəngdir. Burada ayrı-ayrı sahələrə və müxtəlif dövrlərə aid kitablar toplanıb. Onlar ədəbiyyat, incəsənət, elm, idman və bir çox digər mövzulardadır. Muzeydə hətta keçmiş əsrlərdə, eləcə də müasir dövrdə nəşr olunmuş dini kitablar var. Bunlar "Miniatür kitablarda nadirlik", "Azərbaycanda nəşr olunmuş miniatür kitablar", "Dini ədəbiyyat miniatür kitablarda", "Puşkiniana miniatür kitablarda", "İnqilaba qədərki Rusiyada, Moskvada və SSRİ-də nəşr olunmuş kitablar" digər bölmələrdə saxlanılır. Muzeydə eləcə də keçmiş SSRİ-də, ittifaqın müttəfiq respublikalarında, ABŞ-da, Böyük Britaniyada, Kanadada, Norveçdə, Macarıstanda, Çexiyada, Slovakiyada nəşr olunmuş kitabların toplandığı bölmələr fəaliyyət göstərir.

Keçən il Zərifə xanım haqqında yazılmış və sözügedən kitabda öz əksini tapmış məqalələrdən biri "Zərifə Salahova ilə görüş həmişə bayramdır" adlanır. Zərifə xanımın təşkil etdiyi bütün tədbirlər də əsl bayrama çevrilir. Bunu onun təkcə Bakıda deyil, Moskvada, Kabildə, Parisdə, Sidneydə, Kiyevdə və başqa şəhərlərdə təşkil etdiyi sərgilər də təsdiqləyir. Bunlardan 2003-cü ilin martında Almaniyanın Maynts şəhərində, həmin ilin iyun ayında Moskvada, 2005-ci ilin oktyabrında Ankarada, 2006-cı ilin aprelində Parisdə - UNESCO-nun baş qərargahında təşkil olunmuş sərgilər xüsusilə yaddaşlarda qalıb. Bu sərgilərin uğurları Zərifə xanımın Azərbaycanın ədəbiyyat və incəsənətinin, türkdilli xalqların, dünya klassikasının təbliğinə verdiyi əvəzsiz töhfədir.

Zərifə xanımın miniatür kitabları ilə görüş hər bir tamaşaçı üçün doğrudan da, əsl bayramdır. Bunu Miniatür Kitab Muzeyinə insanların marağının səngiməməsi sübut edir. Bir çox görkəmli dövlət, elm, ədəbiyyat, incəsənət xadimləri aldıqları xoş təəssüratı muzeyin rəy kitabında yazıblar.

...Deyirlər, hər bir insanın həyatında onun adı böyük təsirə malik olur. Valideynləri sevimli övladları Zərifə xanıma ad verəndə bu barədə düşünüblər, ya yox - indi demək çətindir. Amma hər halda Zərifə Salahova incəliyi və zərifliyi ata-anasından pay alıb. Yaşadığı, həm də şərəflə yaşadığı 8 on illik isə bunlara üstəlik ziyalılıq, kamillik, insanpərvərlik, həyata və sənətə vurğunluq, daha neçə-neçə xüsusiyyətlər gətirib.

Azərbaycanın qeyrətli qızı, layiqli övladı Zərifə Salahovaya cansağlığı və səadət diləyir, onu həmişə bu ülviyyət zirvəsində görməyi arzulayırq.

 

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2012.- 2 fevral.- S. 6.