Mətbuat və milli mənafe

 

İqtidara qarşı müxalifətdə durmaq olar. Bu, demokratik cəmiyyətdə  normaldır. Xalqına, dövlətinə qarşı müxalifətçilik etmək isə  yolverilməzdir.

 

 

Heydər ƏLİYEV

 

Sözə buxov vurmaq mümkün deyil! Çünki o, qeyri-maddi varlıqdır.

Yalnız söz deyənə, yaxud yazana qadağa qoyula bilər ki, elə danışma, yaxud elə yazma, belə yaz! Və yetmiş illik sovet dövründə bu cür qadağaların şahidi, həm də icraçısı olmuşuq. Çalışmışıq ki, deyə bilmədiklərimizi sətiraltı söyləyək, fikrimizi oxuculara dolayısı ilə çatdıraq.

 

Əvvəl dövləti maraq...

 

Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra ümumbəşəri inkişaf yolu tutdu. Sərbəst bazar iqtisadiyyatı münasibətlərinin bərqərar olunması üçün zəruri addımlar atıldı, islahatlar aparıldı. Ən əsası,12 noyabr 1995-ci ildə baş müəllifi ulu öndər Heydər Əliyev olan yeni Konstitusiya referendum yolu ilə qəbul edildi. Konstitusiyada Azərbaycan vətəndaşına verilən hüquqlar içərisində fikir və söz azadlığı, mətbuat və məlumat toplamaq azadlığı xüsusi yer tutur. Demokratiyanın təməl prinsiplərindən sayılan mətbuat və söz azadlığının inkişafına Azərbaycan iqtidarı xüsusi qayğı göstərir. Ulu öndər Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli fərmanı ilə mətbuata senzura nəzarəti ləğv edilmiş, KİV dövlət nəzarətindən çıxarılmışlar. Artıq ölkəmizdə müstəqil mətbuat yaranaraq formalaşmışdır. Dövlət nəinki müstəqil qəzetlərin işinə qarışmır (əslində, onun əlində daha belə bir mexanizm yoxdur), Azərbaycan Respublikası Prezidenti Yanında KİV-nin İnkişafına Dövlət Dəstəyi Fondu yaratmaqla mətbuatın iqtisadi cəhətdən güclənməsinə çalışır. Azərbaycanda qəzet açıb jurnalistlik fəaliyyəti ilə məşğul olmaq son dərəcə asandır. Hər bir şəxs internetdən sərbəst istifadə etməklə dünyanın hər yerindən informasiya toplamaq, öz fikir və düşüncələrini internetdə yerləşdirmək imkanına malikdir.

Ölkəmizdə demokratiyanın inkişafında və dərinləşməsində, mətbuat və söz azadlığının genişlənməsində Azərbaycan iqtidarı son dərəcədə maraqlıdır. Bu, dövlətimizin milli maraqları sferasına daxil olan məsələdir.

 

Zərurətdən doğan istək

 

Dövlət həm də mətbuatda milli maraqların qorunmasını istəyir. Bu istək təbii olduğu qədər də gərəkdir! Çünki reallıqdan və zərurətdən doğur. Dövlət də insan kimidir, çoxlu maraqları var. Həm də bu maraqlar daha əhəmiyyətli, daha qlobaldır. Üstəlik, maraqlarda çoxluğun, bütün ölkə vətəndaşlarının mənafeyi əksini tapır. Hərdən dövlətin təhlükəsizliyi, beynəlxalq imici, bəzən isə milli-mənəvi dəyərlərin qorunması ilə də bağlı olur. Amma bütün hallarda ölkədə yaşayan hər bir insanın rifahına xidmət edir.

Hər bir dövlətin yaşamasının iki sadə şərti var. Birincisi, dövlətin bütün sahələr üzrə inkişafı, ikincisi, həmin inkişafın uğur və nailiyyətlərinin qorunub saxlanılmasıdır. Dövlətin inkişafını onun təbii və insan resursları, habelə bu resursları məqsədəmüvafiq şəkildə istiqamətləndirən insanlar və onların hazırladıqları layihələr təmin edir. Əldə olunanların saxlanılması isə daxili və xarici siyasətin səmərəliliyindən asılıdır. Bütün hallarda bu düşünülmüş, yönəldilən və istiqamətləndirilən fəaliyyətlə bağlıdır.

Mətbuatda milli maraqların qorunmasının iki istiqaməti var. Bunlardan birincisinə bəlkə də "qorunmaq" yox, təbliğ etmək desək daha dəqiq səslənər.

Bu məsələdə bir incə məqam var. Ölkədə fəaliyyət göstərən qəzetlərin əksəriyyəti müstəqildir. Bu, həm də o deməkdir ki, həmin qəzetlərin nədən və necə yazacaqlarını özləri müəyyənləşdirirlər. Qəzet sahibinin və baş redaktorun başlıca məqsədi daha çox satılan və deməli, daha artıq gəlir gətirən qəzet buraxmaqdır. Çünki onlar qəzetçilik fəaliyyətlərinə şəxsi biznesləri tək yanaşdıqlarından ilk növbədə gəlir barədə düşünmələri təbiidir. Bu məqamı Azərbaycan iqtidarı yaxşı bildiyindən milli maraqları əks etdirən məsələlərin KİV-də təbliğinin çox maraqlı və səmərəli formasını tapmışdır. Belə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev 31 iyul 2008-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nı imzalamışdır. Həmin sənəddə belə bir konsepsiyanın qəbulunun məqsədi də aydın şəkildə göstərilmişdir: "Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin əsas məqsədi vətəndaş cəmiyyəti quruculuğu prosesində onların mühüm rolunu nəzərə almaqla fikir, söz və mətbuat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, redaksiyalara yardım mexanizmini təkmilləşdirmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı gücləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadə etməkdən ibarətdir."

Qeyd etdiyimiz kimi, artıq ölkəmizdə mətbuat dövlət nəzarətindən çıxarılmışdır. Dövlətin müstəqil mətbuatın işinə müdaxiləyə heç bir imkanı yoxdur. Hər bir qəzet hardan və hansı mövzuda yazacağını özü müəyyənləşdirir. KİV-nin inkişafına dövlət dəstəyi konsepsiyası hazırlanarkən və bununla bağlı ictimai müzakirələr keçirilərkən ən çox diqqət yönəldilən və müstəqil mətbuatı ehtiyatlandıran da məhz bu məsələ idi. "Dövlət sifariş verərkən öz iradəsini zorla qəbul etdirməməlidir!" tezisini hər iki tərəfin təmsilçiləri müdafiə edirdi. Dövlət birmənalı şəkildə mövqeyini ortaya qoymuşdu: məqsəd müstəqil mətbuatı milli maraqlara uyğun yazılar yazdırmağa məcbur etmək deyil, buna stimullaşdırmaq və müstəqil mətbuata maddi dəstək göstərməkdir". Müstəqil mətbuatın təmsilçiləri də israrlı idilər: "Biz təklif olunan mövzu ilə bağlı öz layihəmizi qrant əsasında reallaşdırmağa razıyıq".

KİV-nin inkişafına dövlət dəstəyi konsepsiyasında bu məsələ tərəfləri qane edəcək formada müəyyənləşdirilib və əməkdaşlığın prinsipləri konkret və aydın şəkildə göstərilib: "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

 

qanunçuluq;

şəffaflıq;

əməkdaşlıq;

qarşılıqlı məsuliyyət;

kütləvi informasiya vasitələrinin müstəqilliyinin qorunması, onların fəaliyyətinə hər hansı müdaxilənin istisna edilməsi;

yayılması qanunla qadağan olunmuş informasiyadan cəmiyyətin qorunması;

kütləvi informasiya vasitələrinin inhisarlaşmasının qarşısının alınması;

ictimai maraqları əks etdirən layihələrə üstünlük verilməsi;

regional kütləvi informasiya vasitələrinin inkişafının dəstəklənməsi".

 

Dövlət öz maraqlarını mücərrəd şəkildə göstərmir. Yaxud həddindən çox  xırdalamaqla yaradıcılığı məhdudlaşdırmır. Demokratiyanın genişləndirilməsi, insan hüquq və azadlıqlarının qorunması, ictimai və dövlət maraqlarının müdafiəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, qaçqınların və məcburi köçkünlərin problemlərinin işıqlandırılması, ölkəmizin beynəlxalq imicinin yüksəldilməsi və digər mövzular iqtidarın maraq  dairəsindədir.

Konsepsiyada KİV-nin inkişafına dövlət dəstəyinin sahələri də konkret şəkildə əksini tapmışdır: " Dövlət, əsasən, aşagıdakı sahələr üzrə proqram və layihələrin həyata keçirilməsini dəstəkləyir: - vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;

- fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;

- insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;

- ictimai və dövlət maraqlarının müdafiəsi;

- Ermənistan-Azərbaycan, Daglıq  Qarabağ münaqişəsi  haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi;

- Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi;

- qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması;

- Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;

- azərbaycançılıq ideyasının təbliği;

- gənc nəslin milli şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;

- regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;

- azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;

- informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;

- diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;

- dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;

- elmi- kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;

- ekologiya və ətraf mühitin mühafizəsi;

- gener, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;

- uşaq və gənclərin fiziki və mənəvi inkişafı".

 

Şəxsi maraq, yoxsa naşılıq

 

Mətbuatda milli maraqların qorunmasının ikinci yolu bu maraqlara zərbə vuracaq yazıların qarşısının alınmasıdır. "Qarşısının alınması" dedikdə zorakılıq, təzyiq göstərilməsindən söhbət getmir. Düşünülmüş, şüurlu addımlar atılmaqla vətəndaş, vətənpərvər mövqenin nümayişi nəzərdə tutulur. Təəssüf ki, bu gün də ölkəmizin maraqları ilə bir araya sığmayan yazıların mətbuatda intensiv görünməsi heç də ürəkaçan hal deyildir! Belə faktlar isə özlərini "müstəqil" elan etsələr də, hələ də radikal müxalifət partiyalarının platformasında duran siyasiləşmiş qəzetlərdə daha çoxdur!

Azərbaycanın dövlət müstəqilliyi qazanmasının 20 illiyi təntənəli şəkildə qeyd edildi. 20 ildir ki, ölkəmiz müstəqillik, demokratiya və sərbəst bazar iqtisadiyyatı yolu ilə gedir. Amma bu illərin hamısı quruculuq işlərinə sərf edilməyib. Xalqın arzu və tələbi ilə ulu öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra anarxiya və qanunsuzluğun aradan qaldırılmasına, qanunsuz silahlı dəstələrin ləğvinə, möhkəm və dönməz sabitliyin yaradılmasına, deklarativ müstəqilliyin reallaşdırılmasına, zəruri islahatların aparılmasına və digər problemlərin həllinə xeyli vaxt və qüvvə sərf edildi. Azərbaycan yalnız son yeddi-səkkiz ildə düşünülmüş, sürətli və davamlı inkişaf yolu ilə irəliləyərək beynəlxalq qurum və təşkilatların da etiraf etdiyi nailiyyətlərə imza atıb. Həm də bütün bu işlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi, ordu quruculuğuna böyük vəsait ayrılmasının zəruri olduğu illərdə görülüb. Təbii ki, qonşu dövlətlə müharibə vəziyyəti, bir milyondan çox qaçqın və məcburi köçkünün problemləri olmasaydı, inkişaf indikindən daha sürətli və əhatəli baş verərdi. Başqa bir vacib məqam isə dünyada ikili standartların mövcudluğu şəraitində Azərbaycanın beynəlxalq qurum və təşkilatlarla, habelə dünyanın aparıcı dövlətləri ilə normal münasibət saxlaması, üzərinə götürdüyü bir sıra öhdəlikləri yerinə yetirməsi, beynəlxalq nüfuzunu yüksəldərək imicini yaxşılaşdırması və bütün bunların fonunda milli maraqlarını təmin edərək yüksəkdə saxlamasıdır.

Ölkəmizdə vətəndaş cəmiyyəti, mətbuat və söz azadlığı, fikir plüralizmi, çoxpartiyalı sistem mövcuddur. Müxalifət partiyaları sərbəst şəkildə öz qəzetlərini buraxır, hakimiyyət uğrunda mübarizə aparır, parlament və prezident seçkilərində öz namizədləri ilə iştirak edirlər. Təəssüf ki, belə mübarizələrdə bəzən milli maraqlar unudulur, iqtidarın bütün fəaliyyətini qara boyalarla təsvir edən müxalifət və müxalifyönlü qəzetlər, internet portalları milli maraqları asanlıqla qurban verirlər. Bu tipli materialları oxuyanda adama elə gəlir ki, onları hansısa əcnəbi, Azərbaycan xalqına aidiyyəti olmayanlar, bizə heç də dost münasibəti bəsləməyən ölkənin jurnalistləri yazıblar (hələ ayrı-ayrı siyasilərin dilindən səsləndirilən və qəzet səhifələrində yer alan yazıları demirik). Ulu öndər Heydər Əliyev məhz belələrini nəzərdə tutaraq deyirdi: "Kim müxalifətdə durursa-dursun, ancaq vətəninə, xalqına, mənəviyyatına, məsləyinə müxalifətdə durmasın. Ayrı-ayrı adamlar, qruplar öz şəxsi, bəzən də çirkin niyyətlərinə, məqsədlərinə nail olmaq üçün vətənimizi də, torpağımızı da, mənəviyyatımızı da qurban verməyə çalışırlar və qurban verməyə hazırdırlar". Onu da qeyd edək ki, bu tipli yazılar heç də naşılıqdan qələmə alınmır, şəxsi maraq və mənfəət naminə yazılır. Halbuki bir sıra hallarda iqtidar və müxalifətin milli mənafe naminə eyni mövqedən çıxış etməsi halları da mövcuddur!

 

"Çörəyi" qrantdan çıxanlar

 

 Söylənilən mövqeləri bir neçə aspektdə nəzərdən keçirək. Hazırda qəzet səhifələrində gedən və dövlətimizin milli maraqları ilə bir araya sığmayan materialları müəyyən mövzular ətrafında qruplaşdırmaq mümkündür. Bu mövzuların hər biri demokratiyanın inkişafı ilə bağlıdır, ümumbəşəri dəyərlər sayılır. Həm də beynəlxalq qurum və təşkilatların daim diqqət yetirdiyi, eyni zamanda, ölkəmizə qarşı təsir və təzyiq vasitəsi kimi istifadəyə çalışdığı məsələlərdir.

Azad, açıq və şəffaf, tərəflər üçün  bərabər şərait yaradıldığı seçkilərin keçirilməsi demokratiyanın vacib şərtlərindəndir. Azərbaycan iqtidarı qısa zaman kəsiyində seçki prosesinin təkmilləşdirilməsi, dünya standartlarına uyğunlaşdırılması üçün xeyli iş görmüş, böyük uğurlara imza atmışdır. Seçki Məcəlləsi əsaslı şəkildə təkmilləşdirilərək tam müasirləşdirilmişdir. Bundan başqa, şəffaf seçki qutularının tətbiqinə, seçki günü barmağın xüsusi maddə ilə boyanmasına, exsit-polun keçirilməsinə, daxili və xaricdən gələn müşahidəçilərin səsvermə prosesini izləməsinə, səsvermə günü məntəqələrdə onlayn işləyən kameraların quraşdırılmasına və beləliklə, dünyanın hər bir nöqtəsindən səsvermənin izlənilməsinə, jurnalistlərin sərbəst fəaliyyət göstərməsinə hər cür imkan yaradır, səsvermədən sonra MSK-ya daxil olan şikayət və siqnallar araşdırılaraq tədbirlər görülür. Əslində, Avropanın neçə on illər ərzində öyrəndiyini biz qısa vaxtda əxz etmişik. Amma ikili standartlar seçkilərin nəticələrinin qiymətləndirilməsində də tətbiq edilir. Bir zamanlar beynəlxalq qurumlar "Azərbaycanda ədalətli və obyektiv seçki keçiriləcəyi təqdirdə Dağlıq Qarabağ problemini həll edəcəyik" vədini vermişdilər. Görünür, vəd verənlər belə tezliklə bizim seçki praktikasını təkmilləşdirəcəyimizi gözləmirdilər. Odur ki, cığallıq edir, "mız" qoymağa bəhanə axtarırlar. Belə bəhanəni isə siyasiləşmiş qəzetlər verir. Əldə heç bir saxta bülleten, protokol, pozuntunu sübut edən foto və video çəkilişlər olmadığı halda "seçki saxtakarlığı"ndan dəm vurur, həftələrlə sistemli şəkildə, yorulmadan düşmən dəyirmanına su tökən materiallar dərc edirlər. Ölkənin baş probleminin həllində beynəlxalq təşkilatların sözünü kəsmək üçün, həm də Qarabağ probleminin həlli naminə belə antimilli təbliğata son qoymaq olmazmı? Bu, həm də vətənpərvər və ədalətli hərəkət olardı. Həm də təbliğat nöqsanlara uyğun şəkildə qurulmalı, hədsiz dərəcədə şişirdilərək az qala, milli fəlakət şəklində təqdim edilməməlidir!

Dəbdə olan mövzulardan biri də "siyasi məhbus" məsələsidir. Azərbaycanın müstəqil siyasət yürütməsi, zəngin karbohidrogen ehtiyatlarından dövlətin və xalqın rifahı naminə istifadə etməsi bir sıra dövlətlərin, xüsusən, ölkəmizdə və onun sərvətlərində gözü olanların qətiyyən xoşuna gəlmir. Onlar Azərbaycanı idarə olunan, vassal dövlət kimi görmək istəyirlər! Dövlətimizin sürətli inkişafı, siyasi və iqtisadi cəhətdən ilbəil güclənməsi belələrini daim narahat edir! Açıq şəkildə zorakılıq edərək öz iradələrini ölkəmizə qəbul etdirə bilmədiklərindən dolayı vasitələrə əl atır, demokratiya pərdəsi altında təsir və təzyiq göstərməyə can atırlar. "Siyasi məhbus" mövzusu da belə cəhdlərdəndir. Bu gün də nə Avropa Şurası, nə ATƏT, nə də digər qurumlar bu anlayışın tərifini verib, kriteriyalarını göstərməyiblər. Kimlərin siyasi məhbus hesab edilməsi müəyyənləşdirilmədiyindən Azərbaycanda da belə qəbildən olanların mövcudluğunu söyləmək absurddur! Yada salırıq ki, ölkəmiz Avropa Şurasının bu məsələ ilə bağlı tərtib etdiyi ilkin siyahıdakıları çoxdan həbsdən azad edərək problemə son qoymuşdur! Ancaq sapı özümüzdən olan baltaların canfəşanlığı ilə yeni "siyahılar" tərtib olunur, bu məsələ ilə bağlı AŞ PA tərəfindən ölkəmizə məruzəçilər təyin edilir. Halbuki Ermənistandakı seçkilərdən sonra törədilən saxtakarlıqlarla bağlı açıq etiraz edənlərin, o cümlədən parlament deputatlarının məhbəsə atılması Avropa Şurasında kəskin reaksiyaya, siyasi məhbus məsələsinin gündəliyə salınmasına və araşdırılmasına səbəb olmur. Heç Ermənistan müxalifəti də bu mövzunu qabartmır. Bizdə isə "siyasi məhbus" mövzusundan özlərinə "çörək" qazanan qəzetçilər, "hüquq müdafizəçiləri", ayrı-ayrı siyasilər dəridən-qabıqdan çıxırlar. Hətta Azərbaycanın AŞ PA-nın bu məsələ ilə bağlı məruzəçisini ölkəyə buraxmaması kimi qətiyyətli, prinsipial mövqeyi onları qəzəbləndirir. Məsələni daim gündəmdə saxlamağa çalışır, təhrikçi, qızışdırıcı mövqedə dayanırlar. Milli Məclis tərəfindən Avropa Şurasına göndərilən məktubda qurumun rəhbərliyinə Azərbaycanın mövqeyi çatdırılıb: "Bu problemi yalnız Azərbaycanda deyil, AŞ-yə daxil olan digər ölkələrdə də araşdırmaq lazımdır. Siyasi məhbusları yalnız Azərbaycanda axtarmaq uğursuzdur... Biz hər zaman insan haqlarını alətə çevirib Azərbaycana təzyiq göstərmək məsələsinin əleyhinə çıxmışıq və bundan sonra da çıxacağıq. Heç kim insan haqlarını alverə çevirib təzyiq vasitəsi kimi istifadə edə bilməz!"

Azərbaycanda heç kim siyasi əqidəsinə və siyasi fəaliyyətinə görə məhbəsə atılmır! "Ermənilərdən muzd alaraq, onlarla konyak içə-içə Qarabağ problemini həll etmək" istəyən xəyanətkarlardan, orduda xidmətdən boyun qaçıranlardan, xuliqanlıq hərəkətləri törədərək xüsusi və dövlət mülkiyyətinə ziyan vuranlardan, qanun nümayəndələrinə müqavimət göstərərək asayişi pozanlardan "tərtib olunan" "siyasi məhbus" "siyahıları" yalnız bədxahlarımızın əlinə dəstavuz vermək cəhdindən başqa bir şey deyil! Həm də milli maraqlara zərbədir! Heç bir dövlətdə Azərbaycandakı "hüquq müdafiəçiləri"nin qrant almaq naminə tərtib etdikləri "siyahı"ya salınanlar siyasi məhbus sayılmır, belə hərəkət törədənləri cəzasız qoymurlar!

KİV-də milli maraqların pozulması faktlarının böyük bir qismi ordu ilə bağlıdır. Milli ordumuzun yaşı çox azdır - 1993-cü ildən, ulu öndər Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışından sonra onun qurulması işinə başlanmışdır. Həm də ölkədə müharibənin davam etdiyi, özbaşınalıq və xaosun hökm sürdüyü, dövlət büdcəsinin boş olduğu bir zamanda! Belə çətin və mürəkkəb məsələni ölkənin ən ağır günündə yalnız Heydər Əliyevin zəkası və qətiyyəti sayəsində uğurla yoluna qoymaq mümkün oldu! Əslində, ordu xalqın ordusudur, bizim övladlarımızdan təşkil edilmiş bir qurumdur. Əsgər təkcə valideynlərinin yox, həm də vətənin balasıdır! Sovet dövründəkindən fərqli olaraq bu gün övladlarımız əsgəri borclarını vətəndə yerinə yetirirlər, orduda xidmət edənlər azərbaycanlı zabitlərdir.

Ordu mürəkkəb quruluşa malikdir. Ayrı-ayrı ailələrdən çıxan müxtəlif xarakterli insanların bir-birlərilə daim canlı təmasda olduğu belə bir qurumda insanların adaptasiyası dövründə, müxtəlif səpkili münasibətlərində müəyyən psixoloji məqamların, problemlərin də yaşanması təbii və başadüşüləndir. Amma hər bir belə faktı qəzet səhifəsinə çıxarmaq, ictimai müzakirə predmetinə çevirmək cəhdi qəbuledilməzdir! Bu həm də çox həssas mövzudur, valideynlərin ciddi narahatlığına, təşvişinə, adı çəkilən hərbi hissələrə üz tutmasına səbəb olur! Məhz belə məqamları nəzərdə tutan ulu öndər Heydər Əliyev 26 iyun 2000-ci ildə Bakı Zabitlər Evində keçirdiyi görüşdə deyirdi: "Bir var ki burada bu nöqsanlara, çatışmazlıqlara obyektiv münasibət göstərəsən və onların aradan qaldırılmasına çalışasan. Biz, yəni, dövlət belə bir mövqedədir. Bir də var ki, hər bir belə nöqsanıEgörüb beş dəfə şişirdəsən ki, "Azərbaycanda ordu dağıldı, Azərbaycanın ordusu heç bir şeyə qadir deyil". Bu, düşmənçilikdir, bu müxalifətçilik deyil. Bu, Azərbaycan xalqına qarşı düşmənçilikdir. Hər bir vətənpərvər azərbaycanlı öz ordusunda qüsur varsa, çalışmalıdır ki, onu aradan götürməyə xidmət etsin. Ancaq bu qüsurlardan öz məqsədləri üçün istifadə edənlərə, bu nöqsanları bəzən şişirdənlərə ordunun möhkəmliyi lazım deyildir". Konkret misallara müraciət edək. Ehtiyatsızlıq üzündən əsgərin əlində açılan avtomatın gülləsi yoldaşına dəyir, yaxud aralarında baş verən münaqişə nəticəsində əsgərlərdən hansınasa xəsarət yetirilir. Dərhal həftələrlə qəzet müzakirələri aparılır, müxtəlif versiyalar irəli sürülür, bunu ordudakı "vəziyyətlə" izah etməyə, rəhbərliklə "bağlamağa" çalışırlar. Niyə? Məgər mülki həyatda cavanlar, dostlar dalaşmır, hər gün kriminal hadisələr baş vermir? Bəlkə onları da ordu ilə bağlayalar?! Bəzən elə məsələlər müxalifət qəzetlərinin manşetinə çıxarılır ki, heç nə anlamaq olmur... Azərbaycanda möhtəşəm hərbi parad keçirilir, yeni silahlar nümayiş etdirilir, igid əsgərlərimiz hərbi marşla meydandan keçir, təyyarələrimiz mürəkkəb uçuşlar nümayiş etdirirlər. Səhəri gün müxalifət qəzetləri yazır ki, "təyyarələri idarə edənlər İsraildən gətirilibmişlər". Belə çaşdırıcı informasiya kimə və nəyə xidmət edir? Axı, Azərbaycanda kifayət qədər yüksək peşəkarlığa yiyələnmiş təyyarəçilər var, onlar özümüzdə hazırlanır, lazım gələndə xarici ölkələrdə təlimlərdə iştirak etməklə ustalıqlarını artırırlar. Amma olmayan şeyi yazmaqda məqsəd nədir? Yaxud yenə belə qəzetlərdən biri "sensasiyalı" "xəbər" yayır: "Azərbaycan gizli şəkildə iki ədəd F-16 qırıcı-bombardmançı təyyarə alıb, onu "Nasosnı" adlandırılan aerodromda görüblər". Əgər Azərbaycan gizlincə silah və döyüş texnikası alsa (alır da və bunu gizlətmirik), bunu nəinki jurnalistlər, heç başqaları da görə bilməz! Amma tutaq ki alıb və gizlədir! Onda bunu niyə aləmə yayırsınız?! Axı, belə informasiyalar dövlət sirri sayılır və hər bir qəzet redaktorunun onu qorumaq vəzifə borcudur! Üstəlik, bəyəm bilmirsiniz Azərbaycan niyə silah alır, yoxsa torpaqlarımızın daim erməni işğalında qalmasını istəyirsiniz? Bilin və yadda saxlayın: güclü və modern ordunun mövcudluğu dövlətimizin maraqlarına xidmət edir. Bu mövzuya milli maraqlar prizmasından yanaşılmalıdır!

Mətbuat və söz azadlığı da demokratiyanın vacib tələblərindəndir. Azərbaycan iqtidarı onun təmin edilməsi yolunda bütün addımları atıb. Ulu öndər Heydər Əliyev mətbuata senzura nəzarətini aradan qaldırıb, Mətbuat və İnformasiya Nazirliyi ləğv edilərək mətbu söz dövlət nəzarətindən çıxarılıb, bu sahəni tənzimləyən, beynəlxalq tələblərə cavab verən qanunlar qəbul edilib. Üstəlik, ölkəmizdə Prezident tərəfindən KİV-nin inkişafına dövlətin maddi dəstəyi göstərilir. Son 7 ildə bir nəfər belə jurnalist peşə fəaliyyətinə görə həbs edilməyib, məhkəmələr tərəfindən qəzetlərə kəsilən cərimələr demək olar ki, ödətdirilməyib! Amma nədənsə bəzi müstəqil qəzetlər Azərbaycanda söz və mətbuat azadlığının boğulduğunu "sübut etməkdə" israrlıdırlar. Onlar konkret cinayət törədərək əməli sübuta yetirilən jurnalistləri dolayısı ilə "peşə fəaliyyəti" ilə bağlamağa, "siyasi məhbus" qiyafəsi geyindirməyə çalışırlar. Əllərində heç bir dəlil və sübut olmadan Elmar Hüseynovun qətlini iqtidarın ayağına yazmağa can atırlar. Hüquq-mühafizə orqanları məsələ ilə bağlı belələrini dəvət edəndə, malik olduqları sübutları istədikdə bunu "özlərinə təzyiq" kimi qiymətləndirərək yeni kampaniyaya başlayırlar. Qanun hamı üçün birdir və jurnalistika ilə məşğul olanlar cinayət törətdikdə peşələrinə görə məsuliyyətdən azad edilmirlər! Bunu qanunların aliliyi tələb edir! Azərbaycana düşmən münasibət bəsləyən beynəlxalq qurumların hazırlayacaqları arayışlara "fakt tədarük etmək" isə başqa məsələdir.

Demokratiyanın digər vacib şərti isə insan hüquqlarının qorunmasıdır. "Güclü dövlət, yüksək rifah" devizini irəli sürən Azərbaycan iqtidarı vətəndaş cəmiyyəti quruculuğunun, insan haqlarının qorunmasını da daim diqqət mərkəzində saxlayır. Müstəqilliyin 20 ili ərzində bu sahədə də irəliyə doğru nəhəng addımlar atılmışdır. Ancaq ölkəmizdə qanun pozuntusu, məmur özbaşınalığı, məhkəmə ədalətsizliyi hallarına da təsadüf edilir və biz bunu gizlətmirik! Bütün bunlar dövlətin ümumi siyasəti ilə bir araya sığmayan, aradan qaldırılması müəyyən zaman tələb edən məsələlərdir. Təəssüf ki, bəzi mətbu orqanlar belə halları iqtidarın əleyhinə siyasi mübarizə vasitəsinə çevirərək sistemli kampaniya halına salır, "Azərbaycanda insan hüquqları mütəmadi, kütləvi şəkildə pozulur" görüntüsü yaratmağa çalışırlar. Nədənsə AŞ PA-nın payız və qış sessiyaları ərəfəsində radikal qəzetlərdə belə yazılar daha intensiv xarakter alır. Əlbəttə, Azərbaycanda insan hüquqlarının kütləvi və kobud surətdə pozulması faktı mövcuddur, bir milyonadək qaçqın və məcburi köçkünümüz var. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayandan 20 min şəhid vermişik. İnsanların yaşamaq hüququ, mülkiyyət hüququ, doğulduğu yerdə yaşamaq, yüzdən çox məcburi köçkün vəziyyətinə düşən jurnalistin isə öz peşəsi ilə məşğul olmaq hüququ pozulmuşdur. Ancaq bəzi qəzetlər hüquqları pozulan vətən övladları haqqında vaxtaşırı, ciddi və kəsərli yazılar vermirlər, beynəlxalq qurum və təşkilatları Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsinə təkidlə çağırmırlar! Erməni əsilli milyonçular tərəfindən maliyyələşdirilən bir sıra beynəlxalq qurumların qrantları şəxsi maraqlarını təmin etdiyindən milli marağın tələblərini "unudurlar".

Mətbuatda milli mənafe məsələsini beynəlxalq rakursda da nəzərdən keçirək. Yanaşmanın iki məqamına diqqət yetirək. Birincisi, bizim "demokratiya nümunəsi" hesab etdiyimiz və həm də bizə daim "demokratiya dərsi" keçən aparıcı dövlətlərin özündə jurnalistə, azad sözə və sərbəst düşüncəyə münasibət həmişə yüksəkdirmi?

ABŞ İraqda müharibə aparan zaman bütün dünyanı şoka salan videosüjet internetə və televiziya kanallarına yol tapdı. İnsanı dəhşətə gətirən həmin kadrlar amerikalı hərbçilərin özləri tərəfindən çəkilmişdi. Hərbi vertolyot peşə borcunu yerinə yetirən jurnalistin ovuna çıxmışdı. Onlar nə qədər çalışsalar da, təqibdən canlarını qurtara bilmədilər. Sərrast güllələr nəinki peşə fəaliyyətini yerinə yetirmələrinə, hətta həyatlarına belə son qoydu! Dəxli yoxdur ki, hədəfdəki jurnalist iraqlı idi, yoxsa qeyri-ölkədən gəlmiş vətəndaş. O, müharibənin gedişi barədə informasiya toplayaraq insanlara çatdırmağa çalışan jurnalist idi. Sonrası necə oldu? ABŞ-da çıxan qəzetlər cinayətkar hərbçinin (peşə fəaliyyətini yerinə yetirən silahsız jurnalistə atəş açmaq cinayət sayılır) tapılıb cəzalandırılması üçün kampaniya apardılarmı, məqsədlərinə nail oldularmı? Yaxud belə orduya Ali Baş Komandanlıq edən dövlət başçısının istefasını tələb etdilərmi? Heç biri olmadı! Bəlkə ABŞ-dakı demokratiyanın səviyyəsi bizdəkindən aşağıdır? Bəlkə oradakı qəzetçilər jurnalistin peşə borcunu yerinə yetirərkən öldürülməsinə adi və normal hal kimi baxırlar? Görəsən, amerikalı jurnalist başqa ölkədə həmin qaydada öldürülsəydi, nə baş verərdi?

Fransa Senatı qondarma erməni soyqırımını inkar edənlərin ciddi cəzalandırılması - bir ilədək azadlıqdan məhrumetmə, yaxud 45 min avro məbləğində cərimələmə barədə qərar qəbul etdi. Fransa mətbuatı bu barədə susur! Sanki "demokratiyanın beşiyi" sayılan ölkədə hətta insanın sərbəst düşünməsini qadağan edən və bunu cinayət sayan qanun qəbul edilməyib! Məsələ nə manşetə çıxarılır, nə də belə addım atan iqtidar söz, mətbuat və azad düşüncə qənimi kimi ittiham edilir! Başqa bir cəhət. Fransada Azərbaycandan mühacirət etmiş jurnalist və jurnalist ailəsi var. Onlar da ya qondarma erməni soyqırımı ilə razılaşmalı, ya bir illik həbsə girməli, yaxud da 45 min avro ödəməlidirlər. Şübhə etmirik ki, burada yaşadıqları zamanda olduğu kimi edəcəklər: Azərbaycanın milli maraqlarını qurban verəcəklər! Yoxsa, "Fransa demokratiyası" hesabına necə yaşayıb şellənə bilərlər?! Amma nə amerikalı, nə də fransız jurnalistlər heç zaman öz ölkələrinin maraqları əleyhinə çıxış etmirlər! Demokratiyanı, peşə qaydalarını qurban versələr belə, milli və dövləti maraqla bağlı məsələlərdə öz iqtidarlarının əleyhinə getmirlər, qəzetlərində qaraqışqırıq salıb heç bir təşkilata saxta arayışlar göndərmirlər!

Daha bir maraqlı məqam. Özlərini dünyada "demokratiya keşikçisi" və "demokratiya barometri" sayan bir qisim beynəlxalq qurumlar - "Freedom House", "Human Rights Watch" və "Sərhədsiz reportyorlar" təşkilatları 2011-ci ilin yekunlarına görə hesabatlarını açıqlayıblar. Həmin hesabatları oxumasam da, bilirdim ki, hesabatlarda yenə də Azərbaycan qara boyalarla təsvir edilib, "bir neçə pillə" geriləyib. Marağım Fransada sərbəst düşüncəyə qoyulan yeni senzuraya, fikrin sərbəst ifadəsinə görə cəza nəzərdə tutan qanuna həmin hesabatlarda göstəriləcək münasibətlə tanış olmaq idi. Bəli, səhv etməmişdim. "Demokratiya və insan hüquqları keşikçiləri" XXI əsr Fransasında baş verən bu biabırçılığa görə nə yaxalarını cırır, nə də bu qanunun qəbulunun təşəbbüsçüsü Nikola Sarkozini qınayırlar. Sanki heç nə baş verməmişdir! Başqa bir maraqlı cəhət. "Human Rights Watch" budəfəki hesabatının "faktları"nın donosunu Bakıdakı Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutundan göndərildiyini açıqlayıb. Vətəndaşlığı və milliyyəti bilinməyən bu institutun donosuna inansaq, belə təsəvvür yaranır ki, Azərbaycanda jurnalistlər çölə çıxa bilmirlər, dərhal onları oğurlayırlar! Görün, qrant üçün vətənə necə qaralar yaxılır! İndi gəl belə təşkilatların obyektivliyinə, ədalətinə və qərəzsizliyinə inan!

 

Vətənpərvər jurnalistikaya daim ehtiyac var

 

Bütün canlılar ilk növbədə qida əldə etmək, öz təhlükəsizliyini və dünyaya gətirdiyi varlığı qorumaq yönündə addımlar atırlar. İnsanı digər canlılardan fərqləndirən mühüm cəhət onun şüurlu, həm də ictimai varlıq olmasıdır. Odur ki, insan yalnız yemək barədə düşünmür, onun müəyyən ictimai öhdəlikləri də olur. Belə öhdəliklərdən biri hər kəsin vətənini, xalqını və dövlətini sevməsi, onun rifahına və inkişafına çalışmasıdır. Bunun əksini görəndə təəccüb və şübhə yaranır: belə niyə? Əgər jurnalist "Xocalı soyqırımını azərbaycanlılar törədib" iddiası ilə düşmən dövlətin təbliğatına yalan fakt ötürürsə və Xocalı qətliamını törədənlərin "Bunu özünüzünkülər söyləyir" - demələrinə əsas yaradırsa, həmin jurnalisti hansı xalqın və dövlətin nümayəndəsi saymaq olar? Yaxud onun belə fikir səsləndirməsinin şəxsi maraqdan qaynaqlanmadığına necə inanmamaq mümkündür? Yəqin ki, Abbas Səhhət belə məqamları nəzərdə tutaraq yazırdı: Vətəni sevməyən insan olmaz...

Mətbuat Şurasında idarə heyətinin üzvləri ilə görüşü zamanı dövlət başçısı cənab İlham Əliyev bu mövzuya da toxunaraq münasibətini bildirdi: "Mediada yalan informasiyanın verilməsi qəbuledilməzdir. Əvvəlki dövrlərdə bu, çox geniş meydan tapmış bir yanaşma idi. Yalan informasiyanı ortaya atmaq, sensasiya yaratmaq, ondan sonra bu yalanın ətrafında müzakirələr aparmaq, elə bil ki, bunu reallığa çevirmək, ondan sonra bu yalanı xarici mediaya ötürmək və sonra bunu bir dəqiq xəbər kimi yenə qaytarmaq - bütün bunları biz bilirik. Mən hesab edirəm ki, bu siyasi mübarizə üsulu Azərbaycanın siyasi səhnəsindən getməlidir".

Azərbaycanda yaşayan hər bir insanın sonsuza qədər istəyi və marağı var! Amma hamının güvəndiyi bir vətəndir - Azərbaycandır! Bizim hamımıza yaxşı olmaq üçün Azərbaycanımız yaxşı - sabit, firavan və daim tərəqqi edən dövlət olmalıdır. Çünki talelərimiz ayrılmazdır! Demokratiya uğrunda mübarizəni isə Pavlik Morozov sayağı aparmaq kökündən yanlışdır. Həm də ona görə ki, belə mübarizə üsulu sovet dövründən qalma mirasdır. Pavlik Morozovların yeri isə tarixin unudulan arxivləridir.

 

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2012.-1 fevral.- S.  1, 2.