Gələcəyə baxış:
YENİ QURUCULUQ SİYASƏTİ
Gələcəyi - ona düzgün
istiqamətlənən məqsəd təyin edir. Zəka, əxlaq
və siyasətin yüksək meyarlarına cavab verən
düşünülmüş gələcək
öz-özünə baş vermir, onu - bizim məqsədlərimiz
yaradır.
"Azərbaycan dünyaya günəş
kimi doğacaq!"
Heydər Əliyev
Dünya sürətlə dəyişir.
Beynəlxalq həyatın demək olar ki, bütün sahələrində
özünü göstərən qloballaşma prosesləri
öz müsbət və mənfi təsirləri ilə bəzən
hətta qabaqcıl cəmiyyətlərin belə dərk etməyə
macal tapmadığı qısa bir zaman kəsiyində vəziyyətə
hakim kəsilir. Belə bir şəraitdə 20-ci əsrin
ikinci yarısında 2-ci dünya müharibəsindən sonra
formalaşmış və son 50-60 il ərzində qlobal
inkişafı müəyyənləşdirmiş siyasi
ideologiyalar və onların doğurduğu beynəlxalq siyasi
münasibətlər sistemi XXI əsrin reallıqları
qarşısında aciz görünür. Artıq
dünyanın Qərb və Şərq, kapitalizm və
sosializm (kommunizm), "birinci", "ikinci" və
"üçüncü" ölkələrə
bölgüsünə əsaslanan və onilliklər ərzində
soyuq müharibə şəraitində hərtərəfli
silahlanma və qarşılıqlı agressiv hədə siyasəti
ilə müşayiət olunan kəskin rəqabət
dövrü keçmişə qovuşur.
Yeni siyasi şərait yeni rasional
yanaşma və bu yanaşma əsasında formalaşaraq həyata
vəsiqə qazanacaq müasir qlobal siyasətin meydana gəlməsini
zəruri edir. Bu baxımdan gələcəkyönlü beynəlxalq
tədqiqatların əlaqələndirilməsi çərçivəsində
ayrı-ayrı ölkələrdə hazırlanan, milli və
beynəlxalq maraqların toqquşma yox, kəsişmə
nöqtəsindən ideya başlanğıcını
götürən strategiyalar dünya birliyinin universal
strategiyasının - yeni dünya nizamının təşəkkül
tapmasına xidmət edir. Bu gün müxtəlif yönlü
siyasi, hərbi, ideoloji fəaliyyətlər beynəlxalq həyatda
nə qədər mürəkkəb kombinasiyalar yaratsalar da,
onların ümumi məcrasında bəşəriyyətin
birlikdə qurulası rifah-gələcəyini
düşünən tendensiyaları ayırd edib böyük
potensial qüvvəyə çevirmək də mümkün
görünürür.
Hazırda beynəlxalq münasibətlərin
inkişafında, beynəlxalq sistemin dünya birliyinə
doğru təkamül prosesinin dönməzliyində qərarlı
olan və bu məqsədlərin həyata keçirilməsini
öz vəzifəsi sayan beynəlxalq təşkilatlar
dünyadakı mövcud durumun gələcək perspektivi
üzrə analitik hesabatlar və onlara uyğun layihə və
proqramlar hazırlayırlar. Bu tədbirlər dünya
inkişafının sonrakı mərhələlərində
qlobal vəziyyətin necə dəyişəcəyini
müşahidə etmək üçün olduqca əhəmiyyətlidir.
Dünyanın bir çox elmi mərkəzləri və
müstəqil ekspert-analitiklər bu və ya digər formada, nəzəri
və praktiki səviyyədə bu tədbirlərin həyata
keçirilməsi, müvafiq strategiyaların işlənməsi
prosesində iştirak edirlər.
Gələcəyin
proqnozlaşdırılmasına dair siyasi təhlillərin nəzəri
oriyentasiyası, əsasən, dünyada getdikcə intensivləşən
və gözlənilməz xarakter alan qlobal dəyişikliklərin
mahiyyətini öyrənməyə istiqamətlənmişdir.
Çünki yalnız bu dəyişikliklərin sinergetik
nizamının tapılması ilə onların daha sonra
hansı prosesləri yetişdirə biləcəyini qabaqcadan
ehtimal etmək (proqnozlaşdırmaq) mümkündür.
BMT-nin 12 illik araşdırma və
analizlərinin nəticəsi olan "Minilliyin Layihəsi"
çərçivəsində qəbul etdiyi "Gələcəyin
Bəyanatı"nda da (http://www. Millennium) yaxın gələcək
üçün mühüm fəaliyyət istiqamətləri
müəyyən edilir.
Özünün ən yeni tarixində -
müstəqilliyinin iyirminci ildönümündə qlobal
siyasətin "böyük meydanı" olan BMT-nin Təhlükəsizlik
Şurasına 155 dövlətin dəstəyi ilə üzv qəbul
olunan Azərbaycan Respublikasının müasir beynəlxalq
siyasətin avanqardı olaraq, dünya inkişafının
ümumtərəqqi platformasında öz milli
inkişafının gələcəkyönlü aydın
platforması ilə çıxış etməsi bir daha
sübut edir ki, ölkəmiz beynəlxalq münasibətlər
sisteminin sıravi bir subyekti deyil, bu sistemin dinamikasının
məsuliyyətini dərk edən və bu məsuliyyəti
öz üzərinə götürməyə hazır olan
dövlətlərdən biridir. Azərbaycan
Respublikasının BMT-nin Təhlükəsizlik
Şurasına üzv qəbul olunması onu göstərdi ki,
Azərbaycan qarşısıalınmaz bir prosesin
başlanğıcında - formalaşmaqda olan yeni global siyasətin
ön cinahında özünə layiqli yer tutmaq
iqtidarındadır. XX əsrin ən praqmatik və realist siyasətçilərindən
olan ümummilli liderimiz Heydər Əliyevin "Azərbaycan
dünyaya günəş kimi doğacaq!" uzaqgörənliyi
öz əksini Azərbaycanın bugünkü
reallıqlarında tapır. Məhz öz dövlətinin və
xalqının potensialına inamdan yoğrulan belə bir
optimist siyasi mövqeyin 2003-cü ildən bəri getdikcə
daha da möhkəmləndirilməsinin nəticəsidir ki,
ölkə rəhbərliyi müstəqilliyimizin iyirminci ilində
daha sonrakı 10 il ərzində həmin potensialın gələcək
inkişafına dair fundamental istiqamətlərin müəyyənləşdirilməsinə
qərar vermişdir. Bu məqsədlə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan
2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasının hazırlanması barədə sərəncam
imzalamış, bu sərəncamla Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasına İnkişaf
Konsepsiyasının layihəsini 2012-ci ilin sonunadək
hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan
Respublikasının Prezidentinə təqdim etmək
tapşırılmışdır. Azərbaycan
Respublikasının gələcək inkişafında
böyük tarixi siyasi əhəmiyyət daşıyacaq bu sərəncam
"Azərbaycan 2020: gələcəyə baxış"
İnkişaf Konsepsiyasının hazırlanmasında
bütün xalqın intellektual potensialının səfərbər
olunmasını, Azərbaycan Respublikasının müvafiq
dövlət orqanlarının, elmi təşkilatların və
yüksək ixtisaslı mütəxəssislərin cəlb
edilməsini, bu sahədə qabaqcıl dünya təcrübəsindən
yararlanmaq məqsədi ilə Birləşmiş Millətlər
Təşkilatının İnkişaf Proqramı və digər
beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın
həyata keçirilməsini, vətəndaş cəmiyyəti
təsisatlarının iştirakını, habelə layihənin
açıq müzakirəyə çıxarılması
üçün müvafiq tədbirlərin görülməsini
nəzərdə tutur (httr://rresident.az/articles/3689). Belə bir
addımın atılması dövlət
başçısının yürütdüyü siyasətin
bir sıra fenomenal xüsusiyyətlərini üzə
çıxarır. - Bu sərəncamı imzalamaqla Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Azərbaycana və
dünyaya özünün Yeni Quruculuq Siyasətini təqdim
edir.
Bu siyasət
öz xalqına, onun potensial
imkanlarına güvənən və bu potensialı
bütün gücü ilə inkişaf etdirmək əzmində
olan;
ölkəmizin və dünyanın
inkişaf tendensiyalarını optimal müvazinət vəziyyətində
uzlaşdıran;
milli inkişafımızın tarixi, bu
günü və gələcəyi arasında
bütövlüyü yaradan;
inamla getdiyi yolda qətiyyətlilik və
dəyişən situasiyalara uyğun fövqəladə
çeviklik qabiliyyətləri nümayiş etdirən;
cəmiyyətlə siyasi elitanın
ayrılmazlığını təmin edərək, bu birliyi
möhkəmləndirəcək siyasi texnologiyaların
effektivliyini daim artıran;
dünyada gedən aparıcı siyasi,
iqtisadi, texnoloji, mədəni-intellektual proseslərin Azərbaycanda
konsentrasiyasını mümkün edən;
dünyanın siyasi liderləri
arasında özünəməxsus keyfiyyətləri ilə
rəğbət doğuran;
özünə böyük etimad
yaratmaqla xalqını firavan gələcəyə apara bilən,
onu bəşər sivilizasiyasının gələcək tərəqqisinə
qovuşdura biləcək bir rəhbərin gələcəyə
hesablanmış praqmatik siyasətidir.
Bu siyasət özü daim hərəkətdədir
və ən azı, yaxın on ilin ən perspektivli siyasəti
kimi özünə xalqdan qazandığı güvənci
günbəgün artırmaqdadır. Yalnız belə bir
siyasət gələcəyə konstruktiv baxaraq, ölkənin
siyasi və iqtisadi gələcəyini uğurlu şəkildə
modelləşdirə bilər.
Müstəqillik dövründə
getdiyimiz yolun uğurları bundan sonra gedəcəyimiz yolun təməlidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
dövlət müstəqilliyinin bərpasının iyirminci
ildönümünə həsr olunmuş rəsmi qəbulda
söylədiyi nitqdə bu yolun perspektivinə işıq salaraq
bəyan etmişdir: "Biz 20 il ərzində böyük yol
keçmişik - müstəqillik yolu, suverenlik yolu,
azadlıq yolu... Bu 20 il ərzində o qədər
böyük işlər görülmüşdür ki, biz bu
20 ili böyük müddət kimi də qəbul edə bilərik
və edirik. Ancaq biz hamımız, bizim vətəndaşlarımız
bilirik ki, müstəqil Azərbaycan üçün bu,
birinci addımlardır. Müstəqil Azərbaycan bundan sonra əbədi
yaşayacaqdır. Bu 20 il 120 il, 220 il, 520 il olacaqdır"
(httr://www.rresident.az/articles/3327).
Dövlət
başçısı İlham Əliyevin rəhbərliyi ilə,
təkcə özümüzün deyil, bütün tərəqqipərvər
dünyanın, hətta uğurlarımiza qısqanclıqla
yanaşan "rəqiblərimizin" də etiraf etdiyi nailiyyətlərimiz
bizə gələcəyin qapılarını daha cəsarətlə
açmağa imkan verir. Azərbaycan Respublikasının ildən-ilə
yüksələn inkişafı yürüdülən
dövlət siyasətinin nə qədər düzgün və
öncədən bütün detalları ilə
düşünülmüş olduğunu təsdiq edən əsas
faktdır. Əgər biz müstəqilliyimizin 20 illik təməl
fazasının inkişaf dinamikasını qısaca nəzərdən
keçirsək, aydınca görərik ki, bu inkişaf
fazasında Azərbaycan özünə layiq bir gələcək
qurmaqdan ötrü bütün potensialını
formalaşdırmış, yeni fazaya keçid
üçün hazır vəziyyətə gətirmişdir:
Azərbaycanda
sosial-siyasi sistemin dayanıqlığı ilə daxili mütəhərrikliyin
ahəngi tapılmış, ictimai şüurda təkamül
məntiqi qərarlaşmış, ölkə vətəndaşlarının
siyasi hakimiyyətə etimad dərəcəsinin yüksək
effekti əldə edilmiş, vətəndaş fəallığı
öz enerjisini hədər "siyasi çəkişmələrə",
"yüksək vəzifə davalarına" deyil,
mövcud sosial-siyasi quruluşun daha da təkmilləşdirilməsinə,
formal yox, mahiyyətcə yeniləşməsinə səmtləndirmişdir.
Azərbaycan cəmiyyəti öz milli-mənəvi dəyərlərinə
yadlaşmadan müasirləşməyin doğru yolunu müəyyənləşdirmiş,
azərbaycançılıq - ümummilli vəhdət yaradan
ideologiyaya çevrilmiş, bir sözlə, iqtisadiyyatdan mədəniyyətədək
milli inkişafın bütün trayektoriyası vətəndaş
maraqlarını özündə birləşdirən bir
enerjini toplaya bilmişdir.
Azərbaycan
Respublikasının daxili və xarici siyasəti bir-birini
tamamlayaraq suveren dövlətimizi beynəlxalq münasibətlər
sisteminin əhəmiyyətli bir seqmentinə, milli
iqtisadiyyatımızı isə dünya iqtisadiyyatının
ayrılmaz və mütəhərrik parçasına
çevirə bilmişdir. Azərbaycandan start götürən
qlobal layihələr planeti vahid siyasi-iqtisadi məkan kimi
bütövləşdirəcək prosesləri sürətləndirmiş,
Şərq və Qərb dünyası məhz Azərbaycanda
sivilizasiyalararası dialoqun orqanik harmoniyasına nail
olmuşdur. Beynəlxalq təhlükəsizlik siyasətinin
inkişafında öz yeri və rolu olan Azərbaycana
dünya dövlətləri arasında yüksək etimad
yaranmış, ölkəmiz universal humanist dəyərlərə,
demokratiya və fundamental insan hüquqları prinsiplərinə
sadiqliyini nümayiş etdirmiş, bununla da, yeni nəsil
dünya dövlətlərinin prinsipial mövqeyini ortaya qoyan
siyasi xəttin üstünlüyünü sübut
etmişdir.
İslahat - milli
dövlətçiliyimizin siyasətində prioritet olmuş,
bunun da nəticəsində ictimai-siyasi həyatın,
iqtisadiyyat, elm, təhsil və mədəniyyətin
bütün sahələrində davamlı və sürətli
irəliləyiş ümummilli inkişafın ana xəttini təşkil
etmişdir. 1994-cü ildən etibarən Azərbaycan
iqtisadiyyatını köhnə qaydalı idarəetmə
sistemindən yeni qaydalı idarəetmə sisteminə
keçirən islahatlar, qanunvericiliyin, vergi və bank idarəçiliyinin
transformativ iqtisadi proseslərə
uyğunlaşdırılması, bazar iqtisadiyyatı prinsipləri
əsasında yeni iqtisadi siyasətin həyata keçirilməsi
bütün sahələrdə tərəqqi dönəmini
başlatdı. 1996-cı ildə sənayedəki istehsal həcminin
azalmasının qarşısı alındı və 1997-ci
ildən başlayaraq bu sahədə inkişaf istiqamətində
dönüş yarandı. 1994-cü ildə imzalanmış
"Əsrin müqaviləsi"nin praktiki cəhətdən
reallaşması, sənayenin bir çox sahələrinə
investisiyaların yönəldilməsi, yeni sənaye müəssisələrinin
istifadəyə verilməsi, ölkədə milli və xarici
kapitalın birgə hərəkətinə nail olunması Azərbaycan
sənayesinin simasını kökündən dəyişdi.
Beləliklə, Azərbaycan 2005-ci ildən
iqtisadiyyatının inkişaf sürətinə görə
dünyanın lider dövlətinə çevrildi və bu
günə qədər də həmin göstəriciyə
görə öncüllük mövqeyini qoruyub
saxlamaqdadır. 2010-cu ilin yekunlarına görə ümumi
daxili məhsulun bir nəfərə düşən həcmi
təqribən 4700 manata və ya 5800 ABŞ dollarına
çatmış, dünya iqtisadiyyatını
çalxalamış böhrandan Azərbaycan minimum itkilərlə
çıxa bilmişdir. Müqayisə üçün demək
olar ki, 2009-cu ildəki iqtisadi böhran MDB ölkələrini
orta hesabla 6 faiz tənəzzülə uğratdığı
halda, bu dövrdə ölkəmizin iqtisadiyyatı təqribən
10 faizlik artıma nail olmuşdur.
14 il ərzində
(1996 - 2010) Azərbaycan iqtisadiyyatının inkişafına
55 milyard dollara yaxın xarici investisiya cəlb edilmişdir.
Ümumiyyətlə, müstəqillik dövründə isə
ölkə iqtisadiyyatının inkişafına 90 milyarda
yaxın vəsait yönəldilmişdir.
Ümumiyyətlə,
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin
müstəqillik dövrünün statistik təhlili üzrə
hazırladığı hesabatın nəticələrinə
baxdıqda ("Müstəqil Azərbaycan: 20 il". Azərbaycan
Respublikasının Dövlət Statistika Komitəsi. Bakı,
2011) ölkəmizin sosial, iqtisadi, mədəni həyatını
əhəmiyyətli dərəcədə dəyişən
proseslərin şahidi oluruq. Bu hesabata görə sənaye,
tikinti, kənd təsərrüfatı, regionların
inkişafı, nəqliyyat, informasiya və rabitə, ticarət
və xidmət, sahibkarlıq, maliyyə, mədəniyyət,
elm, təhsil, səhiyyə, sosial müdafiə, turizm,
ekologiya, idman sahələrində inkişaf tempi daim yüksələn
xətlə, həm də daha yaxşı keyfiyyət göstəriciləri
ilə davam etmişdir. Həmin sahələrlə
bağlı 50-yə yaxın inkişaf proqramı qəbul
edilmiş, onların konkret maliyyə mənbəyi, icra
mexanizmi, həyata keçirilmə müddəti müəyyən
edilmişdir. "Səkkiz il ərzində ölkə
iqtisadiyyatı 300 faiz, sənaye istehsalı 300 faiz
artmışdır, 950 min yeni iş yeri
açılmışdır, yoxsulluq 5 dəfə - 500 faiz
azalmışdır, büdcə xərcləri təxminən
20 dəfə artmışdır"
(httr://www.rresident.az/articles/3327).
Tamamilə
qanunauyğundur ki, ən nüfuzlu beynəlxalq hesabatlarda Azərbaycanın
inkişaf dinamikası birmənalı olaraq real faktlar əsasında
təsdiq edilir: Azərbaycan ölkələrin rəqabət
qabiliyyətliliyi reytinqində 142 ölkə arasında 55-ci
yeri, makroiqtisadi mühitin stabilliyi altindeksi üzrə
16-cı, əmək bazarlarının effektivliyi üzrə
14-cü mövqeyi tutmuşdur ("Qlobal Rəqabətlilik
Hesabatı"); Ölkəmiz İnformasiya-kommunikasiya
texnologiyalarının inkişafı üzrə MDB məkanında
1-ci yer tutmuşdur ("Dünya İqtisadi Forumu"); Azərbaycan
üzrə reytinq proqnozu "Stabil"dən "Pozitiv"ə
yüksəlmişdir ("Moody's" Beynəlxalq Reytinq
Agentliyi); İlk dəfə olaraq Azərbaycana investisiya səviyyəli
beynəlxalq reytinq verilmişdir ("Fitch Ratings" Beynəlxalq
Reytinq Agentliyi); Azərbaycan biznes mühitinin
yaxşılaşdırılması sahəsində ən
islahatçı ölkə elan edilmişdir ("Doing Business
2009" Hesabatı); Azərbaycan "orta insan
inkişafı" qrupundan "yüksək insan
inkişafı" qrupuna yüksəlmişdir (BMT
İnkişaf Proqramının 2010-cu il İnsan
İnkişafı Hesabatı) (httr://www.economy.gov.az).
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər
Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
iclasındakı (24 oktyabr 2011) giriş və yekun nitqində
də qarşıya qoyulan vəzifələr strateji
xarakterlidir və gələcək inkişafın məqsədlərinə
həsr edilmişdir. Dövlət başçısı Azərbaycandakı
mövcud sosial-iqtisadi durumu təhlil edərək xüsusi
vurğulamışdır ki, "əvvəlki dövrdə
görülmüş və bundan sonra görüləcək
işlər nəticəsində iqtisadiyyatımız tam
şəkildə çoxşaxəli iqtisadiyyat kimi
özünü göstərəcəkdir... Biz ölkəmizin
ümumi inkişafını görürük. Bunu təmin
edirik. Bilirik ki, 10 ildən sonra Azərbaycanda iqtisadi və sənaye
potensialı çox böyük dərəcədə
artacaq... Beləliklə, növbəti illərdə, təqribən
10-15 ildən sonra biz elə etməliyik ki, qeyri-neft
iqtisadiyyatımız, əlbəttə ki, qoyulan hədəflərə
uyğun olsun. Hədəfimiz də ondan ibarətdir ki, Azərbaycanda
adambaşına düşən ümumi daxili məhsul
inkişaf etmiş ölkələrin səviyyəsində
olmalıdır. Bu məsələ ilə bağlı ölkə
daxilində görülən işlər öz nəticəsini
verməkdədir. Hazırda Azərbaycanda adambaşına
düşən ümumi daxili məhsul təxminən 6 min
dollar səviyyəsindədir. Əvvəlki dövrlə
müqayisədə bu, çox böyük irəliləyişdir.
MDB məkanında da bu, ən yüksək göstəricilərdən
biridir. Ancaq biz çalışmalıyıq ki, növbəti
illərdə bu rəqəmi ən azı iki dəfə
artıraq. Baxmayaraq ki, son 8 il ərzində Azərbaycanda
ümumi daxili məhsul üç dəfə
artmışdır. Yəni, bu, dünya praktikasında bəlkə
də görünməmiş bir hadisədir - 300 faiz
artmışdır. Biz qarşıya hədəf qoyuruq -
növbəti 10 il ərzində ümumi daxili məhsul ən
azı iki dəfə artmalıdır. Biz bunu qeyri-neft
sektorunun inkişafı hesabına təmin etməliyik"
(httr://az.rresident.az/articles/3397).
İnamla demək
olar ki, "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyası bir ideya olaraq dəyişib-yeniləşən
zamanın tələbindən və gələcəyin
inkişaf modelini aydin görə bilən strateji
düşüncənin və bu inkişafı həyata
keçirməyə qadir olan siyasi iradənin vəhdətindən
doğmuşdur. Azərbaycan dövləti və cəmiyyəti
bu konsepsiyanı hazırlamağa və həyata keçirməyə
həm maddi-iqtisadi potensialına, həm də yaradıcı
mənəvi ruhuna, əzminə görə hazırdır.
Milli inkişafın məhz bu istiqamətdə konfiqurasiya
tapması üçün real ictimai-siyasi şərait,
sosial-psixoloji əsaslar vardır. Dövlət
başçısının müvafiq sərəncamına
uyğun olaraq yaxın müddətdə müxtəlif istiqamətli
təşəbbüslərin birləşdirilməsi yolu ilə
prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilməli
və həmin istiqamətlərdə həyata keçirilməsi
zəruri olan konkret tədbirlər planı işlənib
hazırlanmalıdır. Heç şübhəsiz, burada
yüksək professional səviyyədə irəli
sürülən, dərin elmi-nəzəri əsasları
olan praktiki ideyalara, metodoloji konseptlərə
üstünlük verilməlidir.
Prezident İlham
Əliyevin irəli sürdüyü "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasının ruhunda
dayanan təşəbbüskarlıq hər bir vətəndaşın
arzu və istəklərinə tamamilə uyğun olmaqla həm
də cəmiyyətin bütün üzvlərinə bir
çağırışdır. Bu
çağırış Vətənini sevən, onun gələcəyini
düşünən və daxilən Azərbaycanın
uğur sevincləri ilə yaşayan bütün insanlara -
bütün Azərbaycan vətəndaşlarına
ünvanlanıb. Bu çağırış ölkə vətəndaşlarını
yaxın 10 il üçün İnkişaf
Konsepsiyasının hazırlanmasına və növbəti
uğurların əldə olunmasına səfərbər etməyə
yönəlmişdir. Bu baxımdan şəxsi müşahidələr
əsasında aşağıda sadalanan nəzəri və
qismən də praktiki xarakter daşıyan təkliflər
2020-ci ilə qədərki dövrdə ölkə həyatının
bütün istiqamətlərində önəmli uğurlar
qazanmaq üçün görülməli olan işlərin
heç də hamısını əhatə etməyə bilər.
Bəzi hallarda isə müəllifin ixtisasına və iş
təcrübəsinə uyğun olmayan sahələr üzrə
mülahizələrin mütəxəssislər
üçün diletant səviyyədə görünə
biləcəyini də istisna etmirəm. Bütün hallarda belə
vacib bir layihənin hazırlanması üçün irəli
sürülən bütün təşəbbüslərin nəzəri-praktiki
baxımdan faydalı ola biləcəyi ilə yanaşı, həm
də mühüm mənəvi əhəmiyyəti vardır.
Bu da ondan ibarətdir ki, ölkə Prezidenti tərəfindən
aparılan quruculuq siyasəti cəmiyyətin hər bir
üzvünə öz təklif və mülahizələrini
irəli sürməklə xalqın gələcəyinin
qurulmasında sərbəst və fəal iştirak etmək
üçün meydan açır.
Beləliklə,
Qlobal siyasət
sahəsində keçən 10 il ərzində
özünü sülhə, mədəniyyətlərarası
dialoqa, milli, dini, irqi və s. müxtəlifliyə
(tolerantlığa), bir sözlə, multikulturalizm ənənələrinə
sadiq ölkə kimi tanıtmış Azərbaycan dünya
siyasi səhnəsində "Yeni nəsil dünya dövləti"nin
müasir prototipini yaratmağa nail olmuş və son 20-25 ildə
yaranmış və hələ də yaranmaqda olan müstəqil
dövlətlərin (yeni nəsil dünya dövlətlərinin)
ön cinahında özünəməxsus layiqli yerini tuta
bilmişdir. Bu nailiyyətləri gələcəyə
doğru inkişafın təməli, start nöqtəsi kimi nəzərə
almaqla hazırlanacaq konsepsiya ölkəmizin xarici və daxili
siyasətində yeni meyillərin əsasını qoymalı,
2020-ci ilə qədərki dövrdə Dünya Birliyinə
daha zəngin, daha modern və daha güclü Azərbaycanın
təqdim olunmasını təmin edəcək layihələri
özündə ehtiva etməlidir.
Qarşıdakı dövrdə Azərbaycan
beynəlxalq siyasi arenada öz nüfuzunu gücləndirməklə
yanaşı, beynəlxalq səviyyəli təşəbbüslərdə
bulunmaqdan çəkinməyərək universal dəyərlərə
söykənən yeni dünya düzəninin
formalaşmasında fəal iştirak etməlidir. Azərbaycan
Respublikası müasir beynəlxalq sistemə "yeni nəsil
dünya dövlətlərinin siyasəti" kimi orijinal bir
ideyanı təqdim etməli və digər dövlətlərin
bu ideya ətrafında və nəticə etibarilə Azərbaycanın
maraqları ətrafında birgə fəaliyyətinə nail
olmalıdır:
Azərbaycanın avanqardı olduğu
yeni nəsil dünya dövlətlərinin
yürütdüyü bu
siyasət -
əxlaqilik,
humanistlik,
ədalətlilik,
demokratiklik,
universallıq,
rasionallıq,
siyasi və
hüquqi praqmatizm
prinsiplərindən
çıxış etməli və bu siyasətin təməlində
həmin prinsiplərin bir-birindən ayrılmazlığı
şərti durmalıdır. Bu siyasət son 60 ildə beynəlxalq
münasibətlərdə özünə yer almış
"hadisələrə və ölkələrin taleyinə
ikili standartlar əsasında yanaşma"dan , "siyasət
və əxlaq anlayışlarının bir-birini inkar etməsi"
kimi irrasional tezisdən çıxış edən ədalətsiz
və qərəzli yanaşmadan imtina edən səmimi bir
siyasət olmalıdır. Üçüncü minilliyin ilk əsrində
meydana çıxması günbəgün zəruriləşən
bu yeni qlobal siyasət dünyanın siyasət tarixində
dönüş fazasını yarada bilər. Bu siyasət -
müxtəlif maraqların toqquşduğu açıq və
ya gizli mübarizə meydanı yox, diplomatiyasının zahiri
və daxili tərəfləri ziddiyyət təşkil edən,
ikili standartların tətbiqindən çəkinməyən,
amoralist fəaliyyətlərə çeşidli manevrlərlə
haqq qazandıran siyasi texnologiyaların kompleksi yox, dünya
dövlətlərinin milli siyasətlərinin
uzlaşdığı ədalətli, humanist, demokratik,
universal, rasional, praqmatik və ən yüksək siyasi əxlaq
meyarlarına əsaslanan yeni məzmunlu beynəlxalq münasibətlərin
siyasəti olmalıdır. Belə bir siyasəti dəstəkləməyə
hazır olan tərəfdaş dövlətlərlə birgə
"Yeni nəsil dünya dövlətləri siyasətinin"
intellektual mübarizədə rəqabət gücünə
davamlı spesifik platformasının elmi-nəzəri
bazası yaradılmalıdır.
- Azərbaycanda artıq ənənə
halını almış və hazırda bütün
dünyada böyük rəğbət doğuran mədəniyyətlərarası,
sivilizasiyalararası, dinlərarası dialoq
qarşıdakı illərdə daha geniş və zəngin
formatda həyata keçirilməli, bu tədbirlərin hər
biri bəşəriyyətə yeni, orijinal bir ideyanın təqdimi
və onun ətrafında dolğun bir müzakirənin
açılması ilə yadda qalmalı, bəzi hallarda isə
başlanğıcını Azərbaycandan göturən bu
ideya beynəlxalq mədəni-siyasi həyatın formuluna
çevrilməlidir.
Xarici siyasət
sahəsində
- Azərbaycan Respublikasının xarici
siyasəti suveren dövlətimizin beynəlxalq münasibətlər
sistemində rolunu və mövqeyini daha da artırmaq, mənafe
uyğunluğu olan digər dövlətlərlə birgə
beynəlxalq siyasətə qlobal və regional müstəvidə
təsir imkanları əldə etmək, onu zəruri istiqamətə
yönəltmək hədəfləri üzrə
optimallaşdırılmalıdır.
- Ölkəmizin pozulmuş beynəlxalq
hüququnun bərpa edilərək, Ermənistan tərəfindən
işğal olunmuş Qarabağ və ətraf regionların
geri qaytarılması üçün bütün səylər
birləşdirilməlidir. Dağlıq Qarabağ
münaqişəsi ilə 20 ilə yaxın bir müddətdə
məşğul olmuş həmsədr ölkələrdən
biri kimi Fransanın məlum səbəblərdən bu
problemin həllində obyektiv mövqe tutmaq iqtidarında
olmadığını əsaslandırmaqla ATƏT-in Minsk
qrupunun tərkibinin qismən dəyişdirilməsi
ideyasını gündəmə gətirilmək və daha
sonra Azərbaycan Respublikasının ərazi
bütövlüyünün təmin olunması
üçün regionda yeni siyasi situasiyaya uyğun Dünya
Birliyi üzvlərinin və beynəlxalq ictimaiyyətin
konstruktiv mövqe birliyinə nail olmaq imkanları
araşdırılmalıdır.
- Cənubi Qafqazda Ermənistanın və
hər hansı digər dövlətin
işğalçılıq siyasətinə yol verməmək
üçün Azərbaycan Respublikasının bu regionda
siyasi, iqtisadi, hərbi, sivilizasion dominantlığı daha
etibarlı şəkildə daim təmin edilməlidir.
- Azərbaycan Respublikasının digər
maraqlı dövlətlərlə konsensusda
yürütdüyü siyasət nəticəsində Xəzəryanı
bölgə və Cənubi Qafqazın - planetin təhlükəsizlik
zolağına çevrilməsi ideyası beynəlxalq
müstəvidə diqqət mərkəzinə gətirilməlidir.
Bu regionda dövlət suverenliyinin pozulması, aqressiya,
soyqırımı, terror, işgəncə və s. kimi
antidövlət və antihumanist aktlara qarşı beynəlxalq
hüququn və beynəlxalq ictimaiyyətin konstruktiv mövqe
birliyinə nail olunmalıdır. Konflikttörədici və
konfliktmənşəli hadisə və proseslərin önlənilməsi,
onların baş verdiyi təqdirdə yaranmış gərginlikdən
hər hansı beynəlxalq subyektin öz mənafeyi naminə
birtərəfli qaydada sui-istifadə etməməsi
üçün regional və qlobal informasiya məkanının
məhz ədalətlilik və qərəzsizlik mövqeyində
dayanması təmin olunmalıdır.
- Dünya dövlətləri ilə ikitərəfli
və çoxtərəfli münasibətlərin dərinləşdirilməsi
və intensivləşdirilməsi davam etdirilməlidir. Azərbaycanın
"Qərb siyasəti" özünün yeni keyfiyyət mərhələsinə
daxil olmalı, xüsusilə, Avropa İttifaqı dövlətləri
ilə əməkdaşlığın strategiyası -
bütövlükdə Avrasiya məkanının siyasi,
iqtisadi və mədəni bütövlüyü ideyası əsasında
konseptuallaşdırılmalıdır;
- Azərbaycan Respublikasının diplomatik
korpusu daim genişləndirilməli onun milli diaspor təşkilatlarımız
və xarici tərəfdaşlarımızla fəaliyyət
birliyi ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsinə
xidmət etməlidir;
- Ölkəmizin, xüsusilə, onun vətəndaş
cəmiyyəti qurumlarının müasir qlobal münasibətlərin
dinamikasını proqramlaşdıraraq inkişaf etdirməyə
çalışan beynəlxalq təşkilatların layihələrində
fəal iştirakı diqqət mərkəzində
saxlanmalı və stimullaşdırılmalıdır.
(Ardı var)
Cavanşir
FEYZİYEV,
Milli Məclisin
deputatı,
fəlsəfə
doktoru
Azərbaycan.-
2012.-1 fevral.- S. 3.