Öz inkişaf modelini yaratmış Azərbaycan dünya dövlətləri üçün örnəkdir

 

2011-ci ilin sosial-iqtisadi yekunlarının təhlili göstərir ki, Azərbaycanda iqtisadiyyatın son illərdə müşahidə olunan dinamik inkişafı dönməz xarakter alıb, ölkəmiz regional əhəmiyyətli iqtisadi güc mərkəzinə çevrilib. Sözsüz ki, bu uğurların həlledici amili Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında inamla həyata keçirilən, elmi əsaslara söykənən iqtisadi islahatların aparılmasıdır. İslahatların, dövlət proqramlarının icrasının real nəticəsi olaraq bu gün Azərbaycanın dörd bir yerində iqtisadiyyatın bir vaxtlar hətta əlçatmaz görünən tərəfləri sürətlə inkişaf edir, sistemli şəkildə paralellik təşkil edərək vətəndaşların sosial rifahının yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Dünya iqtisadiyyatındakı,  xüsusən avrozona ölkələrinin maliyyə sistemindəki qeyri-müəyyənliyə baxmayaraq ötən ildə Azərbaycanda iqtisadi inkişaf dinamikası davam etmiş, xüsusən qeyri-neft sektorunda yüksək artım qeydə alınmış, dövlətin maliyyə mövqeyi güclənmiş, əhalinin pul gəlirləri artmış, sosial rifah və maddi təminat daha da yaxşılaşdırılmışdır. 2011-ci il Azərbaycan üçün əvvəlki illərdə olduğu kimi bütün sahələrin yüksəlişi ilə yadda qalmış və bu, ölkəmizdə yaradılan güclü iqtisadi potensialın, neft gəlirlərindən səmərəli istifadə olunmasının və aparılan islahatların uğurlu nəticəsinin bariz nümunəsidir. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dediyi kimi "2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələr uğurla icra edilibdir. Elə bir vəzifə yoxdur ki, icra olunmamış qalsın. Üəni, nəzərdə tutduğumuz bütün rlanlar həyatda öz əksini tarıb və beləliklə, 2011-ci ildə ölkəmizin uğurlu inkişafı davam etmişdir".

2011-ci ili ölkədə kənd təsərüfatının inkişafı və bütövlükdə aqrar sektorun istehsal həcminin artımı istiqamətində mühüm mərhələ hesab etmək olar.  Ümumiyyətlə, Azərbaycan hakimiyyətinin kəndlini torpağa daha sıx bağlayan uğurlu aqrar siyasəti, həyata keçirilən məqsədyönlü tədbirlər ildən-ilə kənd təsərrüatı istehsalının artması ilə müşayiət olunmaqdadır. Hər il fermerlərə güzəştli kreditlərin verilməsi, o cümlədən respublikanın regionlarının sosial-iqtisadi inkişafına dair rroqramların  icrası aqrar sahənin inkişafına da böyük təkan vermiş, bu bölmədə çalışan insanlara əlverişli şəraitin yaradılmasına səbəb olmuşdur. 2011-ci ildə aqrar islahatlar davam etdirilmiş, nəticə etibarilə bu sektorda qarşıya qoyulan məqsədlərin reallaşması istiqamətində mühüm nəticələr əldə edilmişdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında yekun nitqində bu məsələlərə geniş yer vermiş, 2011-ci ildə kənd təsərrüfatında böyük artıma nail olunduğunu qeyd etmiş, bütövlükdə görülən işləri müsbət dəyərləndirmişdir.

Kənd təsərrüfatından danışarkən ilk növbədə ərzaq təhlükəsizliyi məsələsinin qabardılması təsadüfi deyil. Çünki insanların normal həyat səviyyəsinin və hər bir ölkənin sosial-iqtisadi sabitliyinin əsas şərtlərindən biri məhz ərzaq təhlükəsizliyinin təminatıdır. Bu baxımdan ərzaq təhlükəsizliyi məsələsinin bəşəriyyət üçün nəinki sosial və iqtisadi xarakter alması, hər bir dövlətin başlıca vəzifəsi kimi bütün cəmiyyətlərə mənsub olması və hətta beynəlxalq siyasətin ən vacib faktorlarından birinə çevrilməsi əbəs yerə deyil. Fərəhli haldır ki, son illərdə Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi, strateji əhəmiyyət kəsb edən kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, dənli bitkilərin, meyvəçiliyin, maldarlığın inkişafı istiqamətində xeyli iş görülüb və ortada real nəticələr var. "2008-2015-ci illərdə Azərbaycan Resrublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" məhz bu məqsədlərə nail olmaq üçün müvafiq tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bu proqramın əsas məqsədi ölkənin hər bir vətəndaşının sağlam və məhsuldar həyat tərzi üçün onun qəbul edilmiş normalara uyğun ərzaq məhsulları ilə tam təmin edilməsinə nail olmaqdır. Bunun üçün əhalini təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək, ərzaq təminatı sahəsində risklərin idarə olunmasına nail olmaq və  ərzaq təminatı sisteminin institusional inkişafını həyata keçirmək, sahibkarlıq mühitini yaxşılaşdırmaq kimi vəzifələr qarşıya qoyulub. Hazırda qarşıya qoyulan vəzifələr icra olunur və Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında söylədiyi kimi "Bu istiqamətdə böyük işlər görülmüşdür. Bizim indi satış məntəqələrimizdə satılan məhsulların, yəni, ərzaq məhsullarının böyük əksəriyyəti, mütləq əksəriyyəti Azərbaycanda istehsal olunan məhsullardır".

Artıq dövlət müstəqilliyinin bərpasının 20 ilini arxada qoyan Azərbaycan Respublikası bu dövrdə onilliklərə bərabər inkişaf yolu keçib. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf xəttinin son 8 ildə uğurla davam etdirilməsi Azərbaycanda dinamik sosial-iqtisadi inkişafı təmin edib. Qarşıda isə daha böyük hədəflər durur. Ən ümdə vəzifələrdən, o cümlədən Azərbaycan xalqının ən xoş arzularından biri ölkəmizdə əldə edilmiş uğurların davamlı olmasıdır. Bu baxımdan Azərbaycanın hazırkı inkişaf mərhələsinin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.  Prezident İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli sərəncamına əsasən hazırlanacaq "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının mahiyyətində bu məsələlər dayanacaq.

Sərəncamda qeyd olunduğu kimi, son dövrdə ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaratmışdır. Bu illər ərzində, xüsusilə də son onillikdə Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunmuş, yoxsulluğun azaldılmasında və əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılmışdır. Bütün bunlarla bərabər, sərbəst bazar iqtisadiyyatı institutlarının yaradılması və sahibkar təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin bərqərar olması, iqtisadi və sosial infrastrukturun təkmilləşdirilməsi ölkəmizin gələcək inkişafı üçün geniş imkanlar açmışdır.  Bu mənada 2020-ci ilədək dövrü əhatə edəcək "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası  respublikamızın perspektiv inkişaf hədəf və istiqamətlərinin müəyyən edilməsi baxımından mühüm sənəd olacaq. Yeni inkişaf konsepsiyasının icrası zamanı Azərbaycanın növbəti faza üçün daha böyük nailiyyətlərə imza atacağı şübhəsizdir. Qarşıya qoyulacaq məqsədlərin reallaşması nəticəsində respublikamız dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü ərəfəsində dünyanın inkişaf etmiş ölkələrindən birinə çevriləcək.

Bəli, göründüyü kimi ölkə rəhbərliyinin respublikamızın gələcək inkişaf perspektivləri barədə aydın strategiyası və böyük siyasi iradəsi var. Bu istiqamətdə həyata keçiriləcək dövlət siyasətinə öz fəaliyyəti ilə dəstək vermək hər birimizin vətəndaşlıq borcudur. Eyni zamanda hər bir dövlət qurumu da 2020-ci ilədək hesablanmış İnkişaf Konsepsiyasına öz əməli ilə töhfə verməlidir.

Təbii ki, İnkişaf Konsepsiyasında aqrar sahə də xüsusi yer tutacaq. Odur ki, bu kənd təsərrüfatının qanunvericilik bazasının təkmilləşdirilməsi olduqca vacibdir. Məlum olduğu kimi, son illərdə Milli Məclisdə "Ailə kəndli təsərrüfatı haqqında", "Damazlıq heyvandarlıq haqqında", "Ekoloji təmiz kənd təsərrüfatı haqqında", "Pambıqçılıq haqqında" və s. qanunlar qəbul edilmişdir. Bu qanunların hər biri kənd təsərrüfatının inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasətinin qanunvericilik bazasını təşkil edir. Əldə olunan uğurlu nəticələr bu qanunların işlək olmasının bariz göstəricisidir.

Hazırda Milli Məclisdə aqrar sahənin inkişafına xidmət edən müxtəlif qanun layihələrinin üzərində iş gedir. Bunlardan biri artıq birinci oxunuşdan keçmiş "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsidir. Kənd Təsərrüfatı Nazirliyi də belə bir qanunun qəbulunu dəstəkləyir. Çünki inkişaf səviyyəsindən asılı olmayaraq hazırda dünyanın əksər ölkələrində kənd təsərrüfatı məhsullarının kollektiv surətdə istehsalı geniş yayılıb. Aqrar sektorda kollektiv istehsalın beynəlxalq təcrübədə özünü doğrultmuş əsas forması isə fermerlərin və kənd təsərrüfatı üzrə fəaliyyət göstərən sahibkarların bir araya gələrək formalaşdırdıqları kooperativlərdir. Müasir anlamda kənd təsərrüfatı kooperasiyası məhsul istehsalından tutmuş onun emalına, saxlanmasına, bazara çıxarılaraq satışının təşkilinə qədər bütün məsələləri özündə ehtiva edən bir sistemdir. Bu gün Avropada kooperasiya keyfiyyətli məhsul bolluğu yaratmaq, bazarlarda qiymətlərin süni bahalaşmasının qarşısını təbii yolla almaq deməkdir. Milli Məclisin hazırladığı qanun layihəsinin mahiyyəti də bundan ibarətdir. Eyni zamanda, kooperasiya sırf könüllülük prinsipinə əsaslanır. Kim istəyəcək kooperativdə birləşəcək, kim istəməyəcək birləşməyəcək.

Əlbəttə, biz tələsik qanun qəbul etməməliyik. Bu vaxta qədər bu sənədin açıq ictimai müzakirələri keçirilib, Gəncə Aqrar Universitetində kənd təsərrüfatı kooperasiyası məsələsini bu sahənin insanları ilə geniş müzakirə etmişik. Lənkəran, Sabirabad və Quba rayonlarında bununla bağlı müzakirələr aparılıb. Alim və mütəxəssislər kooperasiyaların formalaşdırılması ideyasını yüksək qiymətləndirirlər.

Layihənin təkmilləşdirilməsi istiqamətində qabaqcıl dövlətlərin də təcrübəsi öyrənilir. Ötən ilin may ayında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun rəhbərliyi ilə  Azərbaycan nümayəndə heyətinin Almaniyaya səfərinin məqsədi də bu ölkənin kənd təsərrüfatı kooperasiyası sahəsindəki təcrübəsi, Almaniya parlamentinin və hökumətinin kənd təsərrüfatı kooperasiyası sahəsində qəbul etdiyi qanunlar, qərarlar, digər normativ-hüquqi aktlar, federal və yerli orqanlar tərəfindən həyata keçirilən investisiya, vergi və maliyyə-kredit siyasəti ilə tanış olmaq və "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsində alman modelindən istifadə etmək idi.  Azərbaycan nümayəndə heyətinin Almaniya səfəri zəngin oldu və təbii ki, tanış olduğumuz alman təcrübəsi "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsinin təkmilləşdirilməsində mühüm rol oynayacaq.

Azərbaycanda kənd təsərrüfatında fermerlərin birləşməsi və kooperasiyalar yaratması kənd təsərrüfatında gəlirlərin artırılmasına, az xərclərlə böyük mənfəət əldə edilməsinə, kənd təsərrüfatı işçilərinin işinin effektivliyinə kömək edə bilər. Digər tərəfdən kooperasiya sistemi Azərbaycanda kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətliliyinin daha da artırılmasına və Avropa standartlarına uyğun gəlməsinə öz töhfəsini verə bilər. Bu mənada kooperasiyaların yaradılması bütün hallarda həm dövlətin, həm də fermer və kəndlilərin marağına uyğundur və növbəti illərdə aqrar sektorun inkişafına mühüm töhfələr verəcək.

Aqrar siyasət komitəsində hazırlanan "Kənd təsərrüfatında informasiya-məsləhət xidməti haqqında" qanun layihəsinin də məqsədi kənd təsərrüfatı məhsullarının istehsalını tənzimləmək və beləliklə, aqrar sahənin inkişafına və normal fəaliyyətinə xidmət etməkdir. Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə məsləhət və informasiya xidməti uzun illərdir ki, kənd təsərrüfatı istehsalının tərkib elementlərindən hesab olunur. Ölkəmizdə aqrar sahə inkişaf etdikcə informasiya-məsləhət xidmətinin tədbiqinə böyük ehtiyac duyulur. Məlum olduğu kimi, sovet dövründə mərkəzləşdirilmiş təsərrüfat sistemi mövcud idi və məsləhətvermə xidməti kolxoz və sovxoz mütəxəssisləri tərəfindən ararılırdı. Amma hazırda kənd təsərrüfatında çalışanlar fərdi sahibkar kimi çıxış edirlər və onların arasında əlaqələr yaradılmalıdır ki, bir-biri ilə məlumat mübadiləsi ararsın, kənd təsərrüfatı sahəsindəki durumdan xəbərdar olsunlar. Digər tərəfdən müasir dövrdə məhsul istehsalçılarının iqtisadi təşəbbüskarlığını və inkişafını şərtləndirən bilik və reşəkarlıq səviyyəsinin yüksəldilməsinə qeyri-maddi intellektual kömək göstərilməsi də çox vacibdir.

Aqrar sahədəki inkişafla yanaşı, son illərdə digər sahələrdə əldə edilən yüksəliş də hər birimizdə fərəh doğurur. Xüsusən sosial sferanı əhatə edən istiqamətlərdə qazanılan uğurlar olduqca təqdirəlayiqdir. Sosial uğurlardan danışarkən elm və təhsilin inkişafını xüsusi qeyd etmək lazımdır. Çünki elm və təhsil potensialından səmərəli istifadə edilməsi davamlı inkişafın mühüm şərtlərindən biridir. Prezident İlham Əliyev ölkədə geniş vüsət almış tərəqqi və quruculuq prosesinin mühüm istiqamətlərindən biri kimi iqtisadi potensialın insan kapitalına çevrilməsini olduqca vacib sayır. Sürətlə həyata keçirilən məktəb tikintisi, xarici ölkələrdə təhsilin stimullaşdırılması göstərir ki, Azərbaycan hakimiyyəti ölkəni dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxarmaq üçün intellektual iqtisadiyyata daha çox diqqət yetirir.

Azərbaycanın dinamik inkişafı səhiyyənin də yüksəlişinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bunun nəticəsi olaraq son illər Azərbaycanda müasir dövrün tələblərinə cavab verən səhiyyə sisteminin yaradılması vətəndaşların sağlamlığının etibarlı qorunmasına xidmət edir. Səhiyyə ümumən ölkənin milli genefondu ilə bağlı strateji sahə olduğundan, ölkə rəhbərliyi bu sistemdə həllini gözləyən bir çox problemin, çatışmazlığın aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir. Müasir müalicə-diaqnostika mərkəzlərinin inşası, xəstəxanaların, poliklinikaların yenidənqurulması, tibbi kadr potensialının gücləndirilməsi bunu aydın göstərir. Artıq müalicəsi çətin olan xəstəliklərlə bağlı xarici ölkələrə getməyə ehtiyac yoxdur. Çünki Azərbaycanın səhiyyə sistemi bütün tələblərə cavab verir.

Azərbaycanda sənayenin inkişafı, ordu quruculuğu, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətlərində əldə edilən uğurlu nəticələr göstərir ki, Prezident İlham Əliyevin ulu öndər Neydər Əliyevin inkişaf strategiyasından qaynaqlanan çevik siyasəti elmi əsaslara, liberal bazar iqtisadiyyatı və həmçinin insan amili rrinsirlərinə söykənir. Digər tərəfdən əldə edilən nəticələr Azərbaycanın sürətli inkişaf yolunda olduğunu əyani şəkildə nümayiş etdirməkdədir. Artıq özünəməxsus iqtisadi uğur və inkişaf modelinin əsasını qoymuş Azərbaycan bununla da dünya dövlətləri üçün örnəyə çevrilib.

 

 

Eldar QULİYEV,

Milli Məclisin Aqrar siyasət

komitəsinin sədr müavini

 

Azərbaycan.- 2012.-1 fevral.- S.  4.