Azərbaycan gəncliyi ölkəmizin sabahı naminə görülən işlərin məsuliyyətini üzərinə götürmək iqtidarındadır

 

Yanvarın 31-də Gəncliyə Yardım Fondunda Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Milli İclmaların Koordinasiya Şurasının təşkilatçılığı ilə 2 fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, AGAT-ın sədri Gülsel Səfərova təşkilatın fəaliyyətindən, həyata keçirdiyi layihələrdən danışmış və görüləcək işlər barədə məlumat vermişdir.  Vurğulanmışdır ki, sədrlik etdiyi təşkilatın təşəbbüsü ilə 2009-cu ildə Cənubi Qafqazda ilk dəfə rus, Ukrayna, yəhudi, türk, tatar, yunan və Polşa gənclər təşkilatları bir araya gələrək Milli İcmaların Koordinasiya Şurasını yaratmışlar. Bu qurumun yaradılmasında məqsəd milli icmaların gənclər təşkilatları arasında qarşılıqlı əməkdaşlığı təmin etmək, onların Azərbaycanın sosial-mədəni mühitinə inteqrasiyasını daha da sürətləndirmək, tolerantlıq, mədəniyyətlərarası və dinlərarası dialoqa töhfə verməkdir.

Ölkədə gənclərə göstərilən dövlət qayğısından danışan G.Səfərova Gənclər və İdman Nazirliyi ilə birgə Azərbaycanda yaşayan milli icma və xalqların yaradıcı gənclərinin ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi və təbliğinə həsr olunmuş "Fenomen" adlı bədii müsabiqə keçirdiyini bildirmişdir. Layihə nəticəsində ulu öndər Heydər Əliyevin irsi Azərbaycan cəmiyyətində, xüsusən də etnik icmalar arasında daha güclü təbliğ olunmaqla bərabər, əsası ümummilli lider tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyası ölkəmizdə  yaşayan milli icma və xalqlar arasında yayılmışdır.

Milli Məclisin  İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova tədbirdə çıxış edərək təşkilatın fəaliyyətini yüksək qiymətləndirmiş, qarşıya qoyulan məqsəd və vəzifələrin layiqincə yerinə yetirildiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, Azərbaycan gəncliyi çox böyük təşəbbüskar enerjiyə malikdir və ölkəmizin sabahı naminə görülən işlərin məsuliyyətini üzərinə götürmək iqtidarındadır.

Ölkəmizdə gənclər təşkilatlarının sayının ildən-ilə artmasını müsbət addım kimi yüksək qiymətləndirən R.Aslanova cəmiyyətin inkişafı üçün gənclərimizin öz iradələrini ortaya qoymalarının vacibliyini vurğulamışdır. Qeyd etmişdir ki, gənclərimiz gündən-günə inkişaf edərək regionun lider dövlətinə çevrilən Azərbaycanın bugünü və sabahı ilə bağlı müzakirələrdə özlərinin cəsarətli  mövqelərini ortaya qoyurlar. Təqdirəlayiq haldır ki, gənclər məhz bu fikir və amal ilə təşkilatlanırlar.

Gənclərimizin Avropaya inteqrasiya istiqamətində fəaliyyətini yüksək qiymətləndirən Milli Məclisin komitə sədri bu uğurun bərabərhüquqlu və eyni imkanlara malik tərəflərin bir araya gəlməsi nəticəsində mümkün olduğunu demişdir. Əks təqdirdə bu, bir asılılığa çevrilir, zəif və güclü arasında heç bir zaman inteqrasiya ola bilməz. Bu baxımdan ölkə gəncliyinin qarşısında duran ən vacib məsələ inteqrasiya olunarkən hər bir avropalının sahib olduğu bilikdən bir qat yuxarı intellektual zəkaya sahib olmasıdır.

Sonra R.Aslanova müəllifi olduğu kitabları AGAT-ın sədrinə təqdim etmişdir.

Tədbirdə gənclər siyasəti, gənclərin Avropaya inteqrasiya prosesində fəallığı və azərbaycançılıq ideologiyasının güclənməsində gənclər təşkilatlarının rolu mövzularında diskussiya aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 1 fevral.- S. 6.