Bakıda rusiyalı tarixçi Rudolf İvanovun yeni kitablarının təqdimatı keçirilmişdir

 

Yanvarın 31-də "Hilton Baku" otelində Heydər Əliyev Fondunun təşkilati dəstəyi ilə rusiyalı tanınmış tarixçipublisist Rudolf İvanovun kitablarının təqdimatı keçirilmişdir.

Tədbirdə müəllifin "Azərbaycanın keçmişi, Rusiyanın gəlişi və İran motivləri. XIX əsr Azərbaycan tarixi oçerkləri" və "Kəlbəli xan Naxçıvanski. Onun dövrüirsi. Tarixi oçerklər" adlı yeni kitabları təqdim edilmişdir. Birinci kitaba ön sözü yazıçı, publisist, Milli Məclisin deputatı Elmira Axundova, ikinci kitaba - Naxçıvan Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı İsa Həbibbəyli yazmışdır.

Təqdimat mərasimində Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, ölkəmizin aparıcı alı məktəblərinin rəhbərləri, Azərbaycan Rus İcmasının nümayəndələri iştirak etmişlər.

R.İvanov Hüseyn xan Naxçıvanski, Cəmşid Naxçıvanski haqqında kitabların, eləcə də Azərbaycanın və Qafqazın tarixinə həsr edilmiş bir sıra başqa əsərlərin müəllifidir. 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə R.İvanov Azərbaycan-Rusiya əlaqələrinin inkişafına verdiyi töhfəyə görə "Dostluq" ordeni ilə təltif edilmişdir.

Yazıçı, publisist, Milli Məclisin deputatı Elmira Axundova R.İvanovun yeni kitabları haqqında söhbət açaraq qeyd etmişdir ki, bu əsərlərin müəllifi tarixi həqiqətin prinsipial, obyektiv mövqedən təqdim edilməsi sayəsində Azərbaycan ictimaiyyətinin böyük hörmətini qazanmışdır. O demişdir: "Onun kitablarını tarixi materialın əhatə dairəsinə, mövzuya dərindən nüfuz etməsinə, aşkar olunmuş və ictimaiyyətə təqdim edilmiş sənədlərin sayına görə, həqiqətən ensiklopedik əsərlər adlandırmaq olar".

E.Axundova qeyd etmişdir ki, "Azərbaycanın keçmişi, Rusiyanın gəlişi və İran motivləri. XIX əsr Azərbaycan tarixi oçerkləri" kitabında rus qoşunlarının Gəncəyə hücum etməsi, rus-İran müharibələrinin reallıqları ilə bağlı tarixi faktlar, rus yazıçı və diplomatı Aleksandr Qriboyedovun öldürülməsinin, ermənilərin İran və Türkiyədən Cənubi Qafqaza köçürülməsinin  təfərrüatı öz əksini tapmışdır.

AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı R.İvanova Azərbaycan tarixi ilə bağlı faktların aşkar edilməsinə görə minnətdarlığını bildirmişdir. O qeyd etmişdir ki, bu kitablar XIX əsrin bir çox hadisələrinə aydınlıq gətirir və tarixi baxımdan bu əsərlər böyük əhəmiyyət kəsb edir. O demişdir: "Siz böyük rus xalqının ləyaqətli oğlu kimi çoxlarının gözünü açmış və nəyin yalan, nəyin doğru olmasını göstərmisiniz".

Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev qeyd etmişdir ki, bu kitablarda indiyə qədər məlum olmayan çoxlu faktlar üzə çıxarılmışdır. R.İvanov rus diplomatı A.Qriboyedovun ölümü ilə bağlı hadisələri öz kitabında yeni səpkidə təqdim edir. Kitabda faktlar əsasında sübut edilir ki, Qriboyedovun ölümündə ermənilərin əli olmuşdur.

R.İvanov "Azərbaycanın keçmişi, Rusiyanın gəlişi və İran motivləri. XIX əsr Azərbaycan tarixi oçerkləri" kitabında bununla əlaqədar yazır ki, Rusiya imperiyasının İrandakı səfiri A.Qriboyedov şahın iki hərəmağasını və milliyyətcə erməni olan iki hərəmini gizlədəndən sonra Tehran müsəlmanları, əlbəttə, ruhanilərin təhriki ilə, şahın arvadlarını və nökərlərini səfirin əlindən zorla almaq qərarına gəlmişlər. Qriboyedov məhz bu qanlı hadisələr nəticəsində həlak olmuşdur.

Yazıçı Ç.Abdullayev bu kitabların oxucu auditoriyasını genişləndirmək üçün onların Azərbaycan dilinə və digər dillərə tərcümə olunmasını təklif etmişdir.

Professor Həsən Quliyev, şair-tərcüməçi Siyavuş Məmmədzadə, Prezident Kitabxanasının direktoru Mail Axundov, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinbu kitablar barədə, onların əhəmiyyəti haqda öz fikirlərini bölüşmüşlər.

Sonda kitabların müəllifi Rudolf İvanov çıxış edərək demişdir ki, bu kitablar onun Azərbaycan torpağına sevgisinin nəticəsidir. Tarixçi demişdir: "Bu ölkə dünyaya əfsanəvi generallar, istedadlı insanlar bəxş etmişdir. Mən naməlum tarixin yeni səhifələrini və ya təhrif olunmuş səhifələrini vərəqlədikcə o qədər sevinirdim ki, həyatımda bu dərəcədə sevinməmişdim. Mənə çox böyük məmnunluq bəxş edən budur ki, mən insanlara tarixin bu qədər çox sayda yeni səhifələrini təqdim edəcəyəm". O, kitabların nəşrində və onların təqdimatının təşkilində göstərilmiş dəstəyə görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirmişdir.

R.İvanov bu kitabların yazılmasında Rusiya Federasiyasının  Rusiya Arxivinin, Rusiya Dövlət Qədim Aktlar Arxivinin, Rusiya Dövlət Hərbi-Tarix Arxivinin fondlarındakı materiallardan və digər mənbələrdən istifadə etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.-1 fevral.- S.  6.