Rusiyanın nüfuzlu «Moskovskiye novosti» qəzetində Azərbaycanın gündən-günə artan hərbi gücünə dair məqalə dərc olunmuşdur

 

 Azərbaycanın hərbi gücü gündən-günə artır. Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi dövlət büdcəsindən də artıqdır.

AzərTAc xəbər verir ki, bu fikir Rusiyanın nüfuzlu "Moskovskiye novosti" qəzetində dərc olunmuş məqalədə əksini tapmışdır.

Rusiyalı politoloq Aleksandr Xramçixinin müəllifi olduğu məqalədə deyilir ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış vəziyyətdə qalması müharibə ehtimalını artırır. Azərbaycanın böyük iqtisadi imkanları vardır. İqtisadi inkişaf ordunun da güclənməsinə səbəb olmuşdur. Azərbaycanın hərbi gücünü Ermənistanınkı ilə heç müqayisə etmək belə olmaz. Azərbaycanın hava və quru qoşunları Ermənistanın qoşunlarından çox üstündür.

Müəllif yazır ki, Ermənistanın güvəndiyi və üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı hərbi əməliyyatların başlanacağı təqdirdə tam neytral mövqe tutacaqdır. Bu təşkilatın üzvü olan dövlətlərin heç biri hərbi əməliyyatlara qarışmayacaq və Ermənistanı müdafiə etməyəcəkdir. Qərbin mövqeyi də qeyri-adi olmayacaqdır. ABŞ və Avropa dövlətləri Azərbaycandan və Ermənistandan hərbi əməliyyatları təcili dayandırmaq tələbindən başqa heç bir addım atmayacaqlar. Belə olan halda zamanın Azərbaycanın xeyrinə işlədiyini görən Ermənistan müxtəlif təxribatlar ilə Azərbaycanı hərbi əməliyyatlara cəlb etmək istəyir ki, sonradan rəsmi Bakını dünya birliyinə işğalçı kimi təqdim etsin.

 

 

Azərbaycan.- 2012.-1 fevral.- S.  6.