Zamanın
özü, yazıçının sözü
Ötən əsrin 20-ci illərində imzası qəzet və jurnal səhifələrində tez-tez görünən gülüş dolu kiçik hekayələri ilə diqqət cəlb edən Qantəmir Azərbaycan ədəbiyyatında nəsrin, xüsusilə də satirik hekayə janrının yaranma və inkişafında müəyyən xidməti olan görkəmli yazıçılarımızdan biridir. Onun hekayələrini oxuduqca tamamilə əmin olursan ki, o dövrün ab-havasından, zamanın, quruluşun diktəsindən, ziddiyyət dolu həyatın əsl üzündən xəbər tutmaq istəyirsənsə, gərək Qantəmirin yaradıcılığına müraciət edəsən. Adətən onun satirik üslubda yazdığı nəsr nümunələrində tipin dili ilə dövrün bütün ziddiyyətləri, baş vermiş mürəkkəb proseslər, müxtəlif hadisələr olduğu kimi qələmə alınıb.
Kim idi Qantəmir? Əslində onun adı Qafur, soyadı Əfəndiyevdir. 1888-ci ildə Göyçay mahalının Potu kəndində anadan olub. Deyilənə görə, Qafurun atası Sədrəddin Əfəndi mədrəsə müəllimi olsa da, dövrünün tanınmış ziyalılarından sayılıb. Hətta Sədi Salis təxəllüsü ilə şeirlər də yazardı. Qafur da elə ilk təhsilini məhz atasının müəllim işlədiyi mədrəsədə alıb. Uşaqlıq illərindən klassik şairləri, xüsusilə də Şərq ədəbiyyatını müntəzəm mütaliə edər, sənətə, elmə xüsusi maraq göstərərdi. Şair təbiətli Sədrəddin kişi oğlunun qabiliyyətindən xəbərdar olduğundan onu mükəmməl oxutmaq arzusunda idi. Bu səbəbdən də Qafur 1905-ci ildə Göyçaya gələrək o dövrün açıq fikirli, dünyagörüşlü, tanınmış ziyalılarından olan İbrahim Həqqinin yeni üsulda açdığı məktəbdə oxuyub. Təhsilini başa çatdırdıqdan sonra Qafur Əfəndiyev bir müddət "İqbal" məktəbində müəllimlik edib. Müəllim işlədiyi dövrdə Abbas Səhhətlə, Mirzə Ələkbər Sabirlə olan görüşləri bu istedadlı gəncin bir qələm sahibi kimi inkişafında öz sözünü deyib. Uzun müddət Sabirin şeirlərinin təsirindən çıxa bilməyib. Qantəmirin əsərlərini oxuduqca hekayələrində məhz Sabir ruhunun təsirini aydın duymaq olur. Doğrudur, Qantəmir əsasən şeir yox, hekayə yazırdı, sadəcə fərq bundan ibarət idi. Sabir öz şeirlərində millətinin maariflənməsini, ayıq olmasını nə qədər çox istəyirdisə, eləcə də qansızları, millət düşmənlərini, çar məmurlarını satira atəşinə tuturdusa, Qantəmir də hekayələrində bu ideyanı özünəməxsus şəkildə qabardırdı.
Maraqlıdır ki, Qafur Əfəndiyev 1911-ci ildə təhsilini davam etdirmək məqsədilə Türkiyəyə gedərək İstanbul Universitetinin tarix-filologiya fakültəsinə daxil olub. Türkiyə mühiti gəncin həyatında xüsusi bir mərhələ təşkil edib. O, burada da yaradıcılıqla məşğul olur, kiçik hekayələr yazırdı. Yəqin ki, elə Qantəmir imzasını da Türkiyə mühitində yaşayarkən götürüb. Hüseyn Caviddən sonra Azərbaycan ədəbiyyatına, mühitinə İstanbul ruzigarı gətirənlərdən biri də məhz unudulmaz və sevimli yazıçımız Qantəmir olub. Gəncliyində yazdığı bir-iki şeiri nəzərə almasaq, bu yazıçı ədəbiyyatımızda əsasən satirik hekayələr müəllifi kimi öz adını əbədi həkk etdirib.
Sonralar sorağı Qubadan gələn Qantəmir bir müddət bu bölgədə yeni tipli məktəblərin təşkilində və fəaliyyətində fədakarlıqla çalışıb. Gah müəllim, gah da məktəb direktoru kimi ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr edən Qantəmir xalqın savadlanması üçün böyük zəhmət çəkib. Bioqrafiyasından məlum olur ki, ömrünün sonuna kimi də orta və ali məktəblərdə müxtəlif fənlərdən dərs deyib. Bakı Ali Pedaqoji İnstitutu nəzdində fəaliyyət göstərən "Şaiq" məktəbinə rəhbərlik edib.
Bir maraqlı faktla da üzləşdik ki, aldığı müfəssəl təhsillə heç zaman kifayətlənməyən Qantəmir 1924-cü ildən müəllimlikdən ayrılmadan Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olub. Müəllim, yazıçı olan Qantəmir diş həkimi kimi də həmvətənlərinə xidmət göstərib. Bütün fəaliyyəti müddətində əsl vətəndaş yanğısı ilə xalqın maariflənməsinə çalışan Qantəmir həm də millətin mənəvi və fiziki sağlamlığı yolunda da öz töhfəsini əsirgəməyib.
Sağlığında bir neçə kitabı işıq üzü görən Qantəmir ölkəni bürümüş repressiyalardan çəkdiyi mənəvi əzablar nəticəsində 1944-cü ildə 56 yaşında dünyasını dəyişib.
Bir sıra tədqiqatçılar onu sovet
yazıçısı adlandıraraq bu təmayüllü ədəbiyyatın
inkişafında böyük rolu olduğunu bildirirlər. Belə
yazanlar da var: "Onun əsərlərində yeni həyat tərənnüm
olunur, ictimai tərəqqiyə malik olan köhnəlik və
azadlıq düşmənləri kəskin satira atəşinə
tutulur". Doğrudur, sovet zamanında yaşayıb
yaratmışdı Qantəmir. O, quruluşa nə dərəcədə
inanırdı, rejimin diktəsi və təzyiqləri
altında hansı əzabla çalışırdı,
yalnız özü bilərdi. Sovet dövründə yaradan
yazıçıların ünvanına çamır atmaq ən
azı ədalətsizlikdir. Bir məsələni etiraf etmək
lazımdır ki, sovet dövründə ədəbiyyata məhz
istedadlılar gəlirdi. İndi isə çoxu gəlir.
Zamansa hər şeyi ələyib sınaqdan keçirir. Əsrdən-əsrə
keçib qalmaq, yaşamaq o qədər də asan deyil. Bu
gün də Qantəmirin əsərləri ideyasına,
ictimai məzmununa, bədii dəyərinə görə
öz əhəmiyyətini itirməyib. Müəllifin
"Buğda qurusu" adlı hekayəsinin proloqunda oxuyuruq:
"Adam da var adam da. Kiminin dili var, qələmi yoxdur, kimininsə qələmi
var, dili yoxdur.
Və kiminin nə dili var, nə qələmi.
Bu cür adama bizlərdə kənd
ağsaqqalı deyərlər. Alim məclisində,
üləma yığıncağında ağsaqqal dinməz,
danışmaz, qulaq asar. Ona baxar, qeyriləri
də danışmaz. Böyük var, kiçik var, alim
var, üləma var, axund var... ölkə
sahibsiz deyil ki? Dünya bir qıldan
asılıdır və o qıl da qılıncdan kəskindir.
Küləyi, suyu, daşı, torpağı,
ağacı, heyvanı əlbəttə, bir yaradan var".
1927-ci ildə yazılıb bu hekayə. Əlavə izahata ehtiyac yoxdur. Yaxud da başqa
bir hekayəsində ("Dəfatirati-üzviyyə")
müəllif öz qəhrəmanını belə təqdim
edir: "22-ci ildən bəri firqətçi olduğu
halda... hamı ona komsomol Məhəmməd Cəfər deyir.
O, bütün mənası ilə ziyalı bir firqəçidir...
bizlərdə belə bir məsəl var: "Əməlisaleh
olan övlad dayısına oxşar". Məmməd
Cəfər də rəhmətlik dayısı Hacı Səttar
bəyə çox oxşayır. Deyirlər ki, Hacı
Səttarın danışdığı sözlərin
yüzdə doxsan beş hissəsi
yalandır". Fikir verirsinizmi,
komsomolçunun, firqəçinin portretini necə
ustalıqla yaradıb. Müəllif 1930-cu
ildə yazıb bu hekayəsini. O dövr
üçün bu, heç də asan bir məsələ
deyildi. Əsl həqiqəti çox
ustalıqla tipin dilindən söyləyərək gələcək
üçün mənbə hazırlayıb.
Dövrün,
zamanın eybəcərliklərini çox məharətlə
hekayələrində verməyi bacaran Qantəmirin "Vəsiyyət"
adlı başqa bir əsərinə diqqət yetirək: Ata
ölümündən əvvəl bir vəsiyyətnamə
yazdırıb. On bir bənddən ibarət həmin vəsiyyətin
onuncu bölümündə oxuyuruq: "Namazımı xəlvət
qıldırın. Amma özümü
muzıka ilə dəfn edin. Bunun sizə
faydası olar". Bəli, şura
hökuməti dini qadağan etdi, namazın, orucun
üstündən xətt çəkirdi. Dünyasını dəyişənlərimizi şəriətlə,
adətlə yox, məhz "müasir" formada, hətta
musiqi ilə dəfn etməyi zorla həyata keçirirdi.
Buna əməl etməyənləri isə
zindanlar, Sibirə sürgünlər gözləyirdi. Övladlarını bu çək-çevirdən
qorumaq üçün ata "mənim namazımı xəlvətcə
qılın" deyirdi. Bu arzunu, bu etirazı yaddaş
kimi qələmə alan Qantəmir öz əsərində
atanın dili ilə onu da bildirirdi ki "ağlımı
itirməmişəm, huşum yerindədir bu vəsiyyətləri
edirəm". Bu vəsiyyətin böyük əhəmiyyəti
ondadır ki, onun hər bir bəndində dövrün sərt
havası, şura hökumətinin minbir davası çox
açıq-aydın duyulur. Məsələn,
"əgər qardaşlardan biri tutulsa, familiyanızı elə
dəyişdirin ki, qardaş olduğunuz bilinməsin".
Repressiyaya qarşı dərin nifrətin bundan dürüst
ifadəsi necə ola bilər?! Bir də
sonda görün ata nə deyir: "Tinlərdə
danışılan sözlərə qulaq verməyin... Düz
on il olur ki, Azərbaycan
şuralaşıbdır. Əgər
dağılsaydı, indiyə qədər
dağılardı". Amma atanın
atmacalarından, iradlarından bir məsələnin mahiyyəti
tam aydınlaşır. Əbədi heç nə
yoxdur...
"Qisas alındı" hekayəsində də müəllifin
məqsədi aydındır. Şura hökuməti
qurulandan sonra bir çoxları öz qan düşmənlərindən
intiqam almaq üçün yaxşı fürsət əldə
etdilər. Hekayədə oxuyuruq: "Azərbaycanda aprel
inqilabı oldu. Cəfərqulu Fərhad bəyin
evlərini zəbt və özünü isə həbs
etdirdi. Həbs etdirmək üçün
iki nəfər qırmızı ordu əsgərlərindən
götürüb tapançasını hazırladı.
Cəfərqulu evi zəbt edəcək və Fərhad
bəyi "inqilab komitəsinə" sağ gətirməyəcəkdi.
"Qaçırdı, yolda vurdum" - deyəcəkdi.
Bir
başqa hekayəsində isə iki tipin
danışığı diqqət çəkir:
- Bir sən
məni başa sal görüm, axı Lənkəranda
aldığım kaverkot paltarlar, şevyot kostyumlar necə
olub ki, indi belə köhnə paltarda gəzirsən? Məsələn, mənimlə bərabər
tikdirdiyin 43 manatlıq tufliləri nə əcəb geyməyib
belə sarı sandalda dolanırsan?
- Nə
şevyot, nə kaverkot? Məgər sənin
dünyadan xəbərin yoxdur? Adamın həştati-püşti
yandırılan günləridir. Hələ
gəlib burada səninlə çay içdiyimi qənimət
saymırsan? Özün də sus, yavaş
danış.
Qantəmir satirik yazıçı olduğundan onun
yaradıcılığında yumor çox qüvvətlidir. Və bu
gülüşün ahəngindəki həqiqətlər bu
gün bizə bir çox qaranlıq mətləblərin
aydınlaşmasında kömək edir. Onun
əsərlərindəki psixoloji anlar, dialoq və
münaqişələr elə bir tərzdə qələmə
alınıb ki, təkcə öz dövrü
üçün deyil, bütün zamanlarda həyatı
düzgün, bədii əks etdirməsinə görə Azərbaycan
nəsrinin ən yaxşı nümunələrindən biri
kimi qiymətləndirilməyə layiqdir. Arif Abdullazadə
yazıçının 1972-ci ildə çap edilmiş
"Seçilmiş əsərləri"nə
yazdığı ön sözdə bildirir: "Qantəmir
realist yazıçıdır. Bu realizmin
gücü hər şeydən əvvəl Azərbaycan
xalqının 1905-ci inqilabından sonrakı və xüsusən
sovet dövrü həyatını, məişətini yeni cəmiyyətin
bir çox ictimai xüsusiyyətlərini (bəlkə də
ən çox bəlalarını - F.X.) real, bədii cizgilərlə
əks etdirməsindədir". Qantəmirin
realizmində həyatın təsviri tənqidi mövqe,
satirik gülüş və yumor ilə üzvi surətdə
bağlanır. Ədibin
yaradıcılığında satira daha qüvvətli
olduğundan, yumor, gülüş özünün ən
yüksək ifadəsini yalnız bu satirada tapır. Ciddi və aydın kompozisiya, rəvan və duzlu dil,
tam portretli və bitkin xarakterli obrazlar qalereyası Qantəmir
yaradıcılığını səciyyələndirən
xüsusiyyətlərdir".
Qantəmirin
bədii yaradıcılığı haqqında tam və ətraflı
bilgiyə nail olmaq üçün əsərlərini
bugünün gözü ilə mütaliə etmək gərəkdir.
Onda əmin olursan ki, o, həqiqətən də
uzaqgörən və müdrik bir insan imiş. Hekayələrinin hər birinin ayrıca mövzusu,
obrazları və işlənməsi, təsviri olmasına
baxmayaraq bütün əsərlərinin bir ümumi cəhəti
diqqət çəkir. O, ictimai mövqeləri, mənəvi
xüsusiyyətləri ilə əks-cəbhələrdə
dayanan obrazlar qrupunu o qədər maraqlı, bədii və təbii
yaradıb ki, məhz bu qrupların münasibətində
yaranan təzadlı mənzərədə dövrün
coğrafiyası olduğu kimi görünür. Müəllifin yaratdığı obrazlar öz
daxili aləmlərini nitqləri vasitəsilə bəyan edirlər.
Onun hər bir hekayəsində satirik tipin
xüsusiyyəti həm də əsərin ideyasını aydınlaşdırır.
Bu da bir həqiqətdir ki, müəllifin
satirik hekayələrində həm də Mirzə Cəlil
üslubunun təsiri hiss edilir. Heç ola
bilməzdi ki, Qantəmir "Molla Nəsrəddin" ədəbi
məktəbinin təsirini öz
yaradıcılığında hiss etdirməyəydi. Elə bu məktəbin ən qabil nümayəndələrindən
biri də məhz Qantəmir idi. Arxivlərdə
olan fotolara baxanda Qantəmiri Abdulla Şaiq, Hüseyn Cavid kimi ədiblərlə
qoşa şəklini də görmək olar. Bu, sadəcə ömrün bir anı deyil.
Saralmış kağızlardan boylanan baxışlarda
yaxın dostluğun, ideya birliyinin, əqidə həmrəyliyinin
hekayəti boylanır...
Qantəmirin geniş ədəbi fəaliyyət illəri
qırmızı ordunun Azərbaycanda həyata keçirdiyi
işğalçılıq dövrünə təsadüf
etdi. Quruluş dəyişdi, millətin ziyalıları
vətəndən didərgin düşdü, şair və
yazıçılar, ictimai xadimlər, açıq fikirli
insanlar həbs edildi. Belə çətin,
mürəkkəb bir zamanda Qantəmir yaradıcılıqda
satira yolunu tutaraq ədəbi fəaliyyətində bu müəmmalı
qarışıqlıqdan qalib çıxmağı
bacardı. O həm də həssas insan idi. Yumoru da, kəsərli satiranı da yerində işlətməyi
bacarırdı. Onun istehza ilə güldüyü tiplər
kim idi - meşşanlar, nadanlar,
fırıldaqçılar, yeniliyi sevməyənlər, xalqa
kələk gələnlər və başqaları. Qantəmiri bu gün də yaşadan və sevdirən
cəhət məhz onun həyat həqiqətinə sadiqliyi
oldu. Yaşadığı dövrün
bütün ziddiyyətlərini bədii vasitələrlə
öz əsərlərində olduğu kimi əks etdirməyi
bacaran Qantəmir əslində müxtəlif ştrix və
cizgilərlə dövrün ədalətsizliyini, zamanın dəyişkənliyini
son dərəcə canlı və təbii yarada bildi.
Ötən əsrdə ona sovet yazıçısı kimi epitet vurulsa da, əslində Qantəmir bütün varlığı ilə öz millətinə bağlı, xalqını ürəkdən sevən, onun ağrılarına can yandıran, üzləşdiyi haqsızlıqlardan əzab çəkən, amma sidq ürəklə aydın sabahlara inanan, milli duyğu və düşüncələrə sahib olan uzaqgörən, müdrik bir şəxsiyyət idi. Bu gün unudulmuş bu unudulmazı xatırlamaq da bizim Qantəmir yaradıcılığına olan ehtiram və məhəbbətimizin ifadəsidir. Təzyiqlə dolu bir zamanın ucalığında dayanmaqla öz sözünü deməyi bacaran Qantəmir elə əsərlərə imza atdı ki, əbədiyaşarlıq qazana bildi. Çox yaxşı olardı ki, onu gənc nəsil də tanıyardı. Qantəmirin "Seçilmiş əsərləri"i, eləcə də Türkiyədə yazdığı, lakin çap olunmayan hekayələri latın qrafikası ilə nəşr edilərək oxuculara çatdırılardı. Bu, həm də bizim vətəndaşlıq borcumuzdur.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2012.-1 fevral.- S. 7.