Azərbaycan
Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına
işgüzar səfəri
Prezident İlham Əliyev
Münxen Təhlükəsizlik Konfransının "Enerji,
ehtiyatlar və ətraf mühit: yeni təhlükəsizlik
parametrləri" mövzusunda müzakirələrində
iştirak etmişdir
Xəbər
verdiyimiz kimi, Almaniyada işgüzar səfərdə olan Azərbaycan
Prezidenti İlham Əliyev fevralın 3-də 48-ci Münxen Təhlükəsizlik
Konfransının əsas tədbirlərindən olan
"Enerji, ehtiyatlar və ətraf mühit: yeni təhlükəsizlik
parametrləri" mövzusunda müzakirələrdə
iştirak etmişdir. Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva tədbirin iştirakçıları
arasında olmuşdur.
Tədbirin aparıcısı
İsveç Krallığının xarici işlər naziri
Karl Bildt Azərbaycan Prezidenti İlham Əliyevə və digər
qonaqlara bu konfransda iştirak etdiklərinə görə minnətdarlığını
bildirdi.
Aparıcı Karl Bildt Prezident İlham Əliyevi
müzakirələrin əsas məruzəçisi kimi təqdim
edərək dedi:
-
Çıxış etmək üçün möhtərəm
iştirakçılarımız vardır. Burada Azərbaycan
Prezidenti İlham Əliyev iştirak edir. O, 2003-cü ildən
Azərbaycanın Prezidentidir. Avropa İttifaqının enerji
məsələləri üzrə komissarı Günter
Ottinger, "Alyans"ın sədri Maykl Dikman,
"Qreenpeace" Beynəlxalq təşkilatının
icraçı direktoru Kumi Naidu, Ukrayna Prezidenti Viktor
Yanukoviç də tədbirdə iştirak edirlər.
Qısa təqdimatdan sonra sözü Azərbaycan Prezidenti
İlham Əliyevə veririk.
Prezident İlham Əliyev konfransda
çıxış etdi.
Azərbaycan Prezidenti İlham Əliyevin
çıxışı
- Çox sağ olun, təşəkkür
edirəm. Hər şeydən əvvəl Münxen Təhlükəsizlik
Konfransının təşkilatçılarına dəvətə
görə minnətdarlıq etmək istərdim. Mən yenidən
buraya gəldiyimə və bu cür əhəmiyyətli məsələ
ilə bağlı çıxış etdiyimə görə
çox şadam.
Mən demək istərdim ki, Azərbaycan
neft istehsal edən ən qədim ölkələrdəndir.
Faktiki olaraq, Azərbaycanda sənaye üsulu ilə ilk neft XIX əsrin
ortalarında istehsal edilib. Amma o vaxtdan bəri çox şeylər
dəyişib. Müstəqillik bərpa ediləndən sonra
Azərbaycan xalqı öz sərvətlərinin sahibi oldu. Bu
20 il ərzində Azərbaycan əsasən enerji ehtiyatlarının
səmərəli istifadəsi sayəsində iqtisadiyyatı
şaxələndirilmiş ölkəyə çevrildi.
1990-cı illərin ortalarında ölkəmizin təşəbbüsü
ilə həyata keçirilən layihələr faktiki olaraq
Qafqaz və Xəzər regionlarının enerji xəritəsini
əhəmiyyətli dərəcədə dəyişdi və
Avropanın da enerji xəritəsini dəyişməkdədir.
Xəzər dənizindən Aralıq dənizinə
neft nəql edən böyük boru kəməri kimi tərəfimizdən
inşa edilən enerji dəhlizi indi təkcə Azərbaycan
xalqı və tərəfdaşlarımız
üçün faydalı olmaqla yanaşı, gələcək
layihələrimiz üçün də çox səmərəlidir.
Azərbaycan indi həm də nəhəng qaz ehtiyatlarına
malik ölkə kimi də tanınır. Bizim 1 trilyon
kubmetrdən çox qaz ehtiyatı olan "Şahdəniz"
yatağı dünyada ən böyük yataqlardan biridir.
2010-cu ildə və ötən il kəşf edilən yeni qaz
yataqları Azərbaycanın qaz ehtiyatlarının 2,5 trilyon
kubmetrdən çox olduğunu sübut edib. Aydındır
ki, bu ehtiyatlar həm bizim, həm də tərəfdaşlarımız
və istehlakçılarımız üçün yetərincə
olacaqdır.
Biz hazırda daha geniş enerji dəhlizinin
yaradılması üzərində işləyirik. Bu, təkcə
neft sahəsini deyil, qaz sahəsini də əhatə edəcəkdir.
Biz indi regionumuzun enerji təhlükəsizliyinə əhəmiyyətli
dərəcədə təsir edəcək mühüm qərarların
qəbul edildiyi enerji layihələrimizin çox vacib və
çətin mərhələsindəyik. Azərbaycan, əlbəttə
ki, öz enerji təhlükəsizliyini təmin edib. Ancaq
bazarlar olmadan biz, əlbəttə ki, layihələrimizi tam
şəkildə həyata keçirə bilməyəcəyik.
Bu gün biz şaxələndirilmiş boru kəmərləri
şəbəkəsinə malikik. Azərbaycanın
açıq dənizə birbaşa
çıxışı yoxdur. Şaxələndirilmiş
boru kəməri şəbəkəsi bizə neft və
qazımızı müxtəlif istiqamətlərə nəql
etməyə imkan verir. Buna görə də şaxələndirmə
istehsalçı ölkə kimi bizim üçün
çox böyük əhəmiyyətə malikdir. Biz
başa düşürük ki, bu, istehlakçılar
üçün də əhəmiyyət kəsb edir. Biz
istehsalçı ölkə olan Azərbaycan ilə
istehlakçılar arasında enerji təhlükəsizliyi məsələsində
düzgün balans tapmalıyıq və
düşünürəm ki, tapırıq. Tranzit ölkələrin
də maraqlarını unutmaq olmaz. Buna görə də bu
maraqların balansı və tərəfdaşlarımızın
maraqlarına adekvat yanaşma layihələrimizin uğurla
reallaşması üçün əsas səbəbdir.
Bu gün - 2012-ci ilin əvvəlində bu
konfransda çıxış edərək mən "Cənub
qaz dəhlizi"nin gələcəyi ilə bağlı daha
nikbinəm. Nikbinliyi artıran bir neçə səbəb
vardır. Hər şeydən öncə, əvvəl dediyim
kimi, yeni qaz yataqlarının kəşfi, artıq mövcud
olan nəqletmə infrastrukturu, baxmayaraq ki, bunun sayı elə
də çox deyildir. İkincisi, Avropada bizim enerji
ehtiyatlarımıza artan tələbat, o cümlədən
Avropa institutları və Azərbaycan arasındakı olduqca məhsuldar
əməkdaşlıq son bir neçə ildə əsl tərəfdaşlıq
münasibətlərinə çevrilib. Avropa Komissiyası
prezidentinin 2011-ci ildə Azərbaycana səfəri və
"Cənub qaz dəhlizi" ilə bağlı Bəyannamənin
imzalanması və hörmətli Ottingerin həmsədrlik
etdiyi işçi qrupunun yaradılması. Bütün bu
amillər gələcək planlarımızla bağlı
çox müsbət mənzərə yaradır.
Keçən il baş verən əhəmiyyətli
hadisələrdən biri də faktiki olaraq Azərbaycanın
qaz ehtiyatlarının Avropa bazarına çıxması
üçün böyük qapı olacaq Azərbaycan və
Türkiyə arasında qaz tranzitinə dair Anlaşma
Sazişinin imzalanması idi. Biz indi çox nadir bir vəziyyətdəyik.
Belə ki, bizim Avropa bazarına ehtiyacımız vardır.
Çünki birincisi, bu, böyük bazardır. İkincisi,
bu bazar qanunvericilik və qanun normaları ilə tənzimlənir.
Əlbəttə ki, bu, artan bazardır və bizim tərəfdaşlarımızın
bazarıdır. Avropa bazarının da təchizatla
bağlı alternativ mənbələrə ehtiyacı
vardır.
Biz şaxələndirmə və enerji təhlükəsizliyi
ilə bağlı çox danışırıq. Bu iki məsələ
bir-biri ilə birbaşa bağlıdır. Amma biz avropalı
istehlakçılar üçün şaxələndirmə
və enerji təhlükəsizliyindən bəhs edəndə,
mən belə düşünürəm ki, ilk növbədə,
eyni mənbəli marşrutların şaxələndirilməsindən
daha çox mənbələrin şaxələndirilməsindən
danışmalıyıq. Baxmayaraq ki, marşrutların
şaxələndirilməsi də əhəmiyyətlidir. Belə
ki, Azərbaycan avropalı istehlakçılar
üçün yeni mənbədir, böyük mənbədir,
yaxındır, dostdur. Əgər biz güclü "Cənub"
dəhlizinin inşasında planlarımızın həyata
keçirilməsinə müvəffəq olsaq, gələcək
onilliklərdə enerji sahəsində çox məhsuldar və
qarşılıqlı faydalı əməkdaşlıq mərhələsinə
daxil olacağıq. Buna görə də enerji təhlükəsizliyi
artıq milli təhlükəsizliyin önəmli bir məsələsinə
çevrilib. Biz istehsalçı kimi bunu başa
düşürük və istəyirik ki, bütün tərəfdaşlarımız
da məsələyə bu cür yanaşsınlar.
Enerji təhlükəsizliyi və
proqnozlaşdırma olmadan heç bir ölkə gələcək
inkişafı ilə bağlı planlar qura bilməz. Biz,
xüsusilə də, Fukusimadakı elektrik stansiyasında
baş verən faciədən sonra müxtəlif enerji mənbələrinə
münasibətdə dəyişikliklər və yanaşmalar
haqqında bilirik. Beləliklə, tam aydındır ki, təbii
qaza tələbat artacaqdır.
Azərbaycan ehtiyatları olan, sadiq,
açıq siyasətə və Avropanın institutları ilə
möhkəm əlaqələrə malik bir ölkədir.
Mən həmçinin təkcə
ehtiyatlara malik, istehsalçı, nəql edən və
potensial tranzit bir ölkə kimi deyil, həm də öz təbii
resursları və təbiətinə qayğı ilə
yanaşan bir ölkə kimi öhdəliyimizlə
bağlı da bir neçə kəlmə demək istərdim.
Bir çox illərdir, onilliklərdir, bir əsrdən
artıqdır ki, Azərbaycanın neft ehtiyatları ətraf
mühitin mühafizəsinə heç bir hörmət
qoyulmadan işlənilib. Bizim keçmişimizdə "ətraf
mühit" anlayışı faktiki olaraq bir o qədər də
lazımınca qiymətləndirilməyib. Bu gün bizim
öhdəliyimiz onilliklər boyunca suda və quruda neft
istehsalından qalan bütün o "miras"ı təmizləmək
və həmçinin qlobal ətraf mühitin mühafizəsi
işinə öz töhfəmizi verməkdir. Buna görə
də baxmayaraq ki, neftimiz, qazımız və
bazarlarımız var, biz indi bərpa olunan enerji sahələrinə
sərmayə yatırırıq. Biz
düşünürük ki, bu, bizim öhdəliyimizin bir
hissəsidir. Biz su enerjisinə sərmayə
yatırırıq. Biz keçən ildən başlayaraq
günəş və külək enerjisinə sərmayə
qoymağa başlamışıq. Ona görə yox ki, bizim
bu alternativ mənbələrə kəskin şəkildə
ehtiyacımız vardır. Xeyr. Ona görə yox ki, bu, bizim
enerji balansımızın əhəmiyyətli hissəsidir.
Ona görə ki, biz buna keçmiş və gələcək
nəsillərimiz qarşısında öhdəlik kimi
yanaşdıq. Buna görə də mən çox şadam
ki, bu gün biz ekoloji mühafizə ilə bağlı məsələlərlə
yanaşı, enerji təhlükəsizliyi, enerji
ehtiyatlarını birlikdə müzakirə edirik. Azərbaycan
öz rolunu oynamağa, enerji təhlükəsizliyini təmin
etməyə, şaxələndirməyə və təbiətimizi
mühafizə etməyə hazırdır. Çox sağ
olun.
***
Sonra Avropa İttifaqının enerji məsələləri
üzrə komissarı Günter Ottinger, Ukrayna Prezidenti Viktor
Yanukoviç və digər qonaqlar çıxış etdilər.
***
Daha sonra mövzu ilə bağlı fikir
mübadiləsi davam etdirildi və suallar verildi.
Sual: Mən hiss edirəm ki, bizim sərmayə
yatıra biləcəyimiz ölkələrdə siyasi vəziyyət
və coğrafi dəhlizlə bağlı bir az çox
danışırıq. Buna görə də mən
sualımı birbaşa cənab Dikmana ünvanlamaq istəyirəm.
Çünki gələcək biznes risklərini müəyyən
etmək və onun üzərində işləmək sizin səlahiyyətiniz
çərçivəsindədir. Mən sizdən
soruşmaq istərdim ki, bir il əvvəl Misir və Tunisdə
baş verən iğtişaşların şahidi olduq. Sizin
bu bir il ərzində enerji ilə zəngin ölkələrdə
siyasi vəziyyətlə bağlı risklərin qiymətləndirilməsindəki
fəaliyyətinizdə dəyişiklik varmı? Misir kimi
ölkələrin təcrübəsindən misal gətirərək,
- burada Azərbaycan Prezidenti də iştirak edir, - öz siyasi
strukturuna görə Mübarəkin devrilməsindən əvvəlki
Misirə çox bənzəyən Azərbaycan kimi ölkəyə
sərmayə yatıracaqsınızmı?
Prezident İlham ƏLİYEV: Mən
faktiki olaraq, Azərbaycandakı vəziyyəti Misirdəki vəziyyət
kimi təqdim etməyə cəhd olunan suala şərh vermək
istərdim. Düşünürəm ki, bu qəribə suala
ən yaxşı cavab iştirakçıların
reaksiyası oldu. Mən bayaqkı şəxsin savadından irəli
gələrək bilmədiyi bir neçə göstəricini
diqqətə çatdırmaq istəyirəm. Mənim 8 illik
prezidentlik dövrümdə Azərbaycanda ümumi daxili məhsul
3 dəfə - 300 faiz artıb. Yoxsulluğun səviyyəsi 50
faizdən 7,6 faizə enib. İnflyasiyanın səviyyəsi
5,4 faiz təşkil edir. Son 8 il ərzində 1
milyondan artıq iş yeri yaradılıb. Xarici borc bizim
ümumi daxili məhsulumuzun 6 faizini təşkil edir.
İqtisadiyyatın şaxələnməsi sabitdir. Siyasi vəziyyət
sabitdir. Bizim çoxpartiyalı sistemimiz vardır. Bizim parlamentdə
təmsil olunan 10-dan çox partiyamız vardır. Bizim azad mətbuatımız
vardır. Bizdə söz azadlığı vardır. Bizdə
din azadlığı vardır. Nəhayət, bizdə azad
internet vardır. Qeyd etmək istərdim ki, bizim regionda
heç də bütün ölkələrdə azad internet
yoxdur. Azərbaycanda internet istifadəçilərinin sayı
50 faizdən artıqdır və bu rəqəm artmaqdadır.
Azərbaycanda müasir, sabit cəmiyyət
vardır. Kimsə Azərbaycanda Misirdə baş verən
hadisələr kimi nə isə görmək istəyirsə,
sizi əmin edirəm ki, nəyisə arzu edib-etməməyinizdən
asılı olmayaraq bunu görməyəcəksiniz.
AzərTAc
Azərbaycan.-
2012.- 5 fevral.- S. 1.