Azərbaycanda hər bir vətəndaşın normal
yaşaması və rifah halının
yüksəlməsi istiqamətində ardıcıl tədbirlər
görülür
Müstəqil
Azərbaycanın ötən 8 ildə Prezident
İlham Əliyevin rəhbərliyi
altında böyük uğurlara
imza atması, sürətli iqtisadi inkişaf tempi ilə dünyada lider mövqelərini qoruyub
saxlaması dövlət idarəçiliyinin uzun
illər ərzində formalaşmış, təcrübədən
uğurla çıxmış təkmil
mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində
gerçəkləşmişdir. Ümummilli
liderin ciddi elmi təməllərə söykənən inkişaf strategiyasını inamla
həyata keçirən cənab İlham
Əliyev qısa müddətdə Azərbaycanı regionun ən sürətlə inkişaf
edən, sabit və qüdrətli
dövlətinə çevirməyə müvəffəq oldu. Ölkə başçısı Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni
il münasibətilə Azərbaycan
xalqına təbrikində bildirmişdi:
"Bizim siyasətimiz müstəqil siyasətdir.
Mən son səkkiz il
ərzində dəfələrlə bu
barədə demişəm ki, Azərbaycan
müstəqil siyasət aparır. Azərbaycanın öz yolu vardır. Bu, inkişaf, tərəqqi,
demokratiya yoludur. Bu yol Azərbaycan
xalqının iradəsi ilə seçilibdir.
Bizim bütün
addımlarımız Azərbaycan xalqının iradəsinə
əsaslanır".
Son illər vətəndaşların yaşayış səviyyəsinin
yüksəlməsi, sosial-iqtisadi problemlərin
həllini tapması paralel olaraq
demokratik və hüquqi
islahatlara olan ictimai marağı daha da gücləndirmişdi. Ölkədə inamla həyata keçirilən hüquqi-siyasi islahatların mühüm
bir istiqamətini məhz məhkəmə hakimiyyətinin fəaliyyətinin
müasirləşdirilməsi və yeni dövrün tələblərinə
uyğunlaşdırılması oldu. Bu məqsədlə hələ 2004-cü ilin dekabrında "Məhkəmə-Hüquq
Şurası haqqında" yeni qanun qəbul olundu, "Məhkəmələr
və hakimlər haqqında" qanuna bir sıra mütərəqqi dəyişikliklər
edildi. "Konstitusiya
Məhkəməsi haqqında Qanuna əlavə
və dəyişikliklər haqqında" 23 dekabr
2003-cü il tarixli qanuna əsasən isə, vətəndaşların
pozulmuş hüquq və
azadlıqlarının bərpası ilə bağlı birbaşa Konstitusiya Məhkəməsinə
müraciət etməsi hüququnun həyata
keçirilməsi mexanizmləri müəyyənləşdirildi.
Azərbaycan
Prezidenti İlham Əliyevin
28 dekabr 2006-cı il tarixli "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi
üzrə Milli Fəaliyyət
Planının təsdiq edilməsi haqqında" sərəncamında
isə Azərbaycanın müasir inkişaf dövründə hüquqi
dövlət quruculuğu və insan
hüquqlarının müdafiəsi sahəsində səylərin
gücləndirilməsi dövlət siyasətinin əsas
istiqamətlərindən biri kimi diqqəti çəkdi. Dövlət
başçısının müvafiq fərman
və sərəncamları ilə 18 iyun tarixinin İnsan
Hüquqları Günü elan olunması, eyni zamanda "Şəffaflığın
artırılması və korrupsiyaya
qarşı mübarizə üzrə Milli
Strategiya"nın təsdiq edilməsi son
illərdə demokratik və hüquqi dövlət quruculuğu
sahəsində əldə etdiyimiz mühüm nailiyyətlərdəndir.
Prezident İlham Əliyev
Azərbaycanda demokratik dəyərlərin,
qanunçuluğun və hüquq
qaydalarının möhkəmlənməsində vətəndaş
cəmiyyəti institutlarının da roluna mühüm önəm
verir. Respublikamız müstəqillik
qazandıqdan sonra qeyri-hökumət təşkilatlarının
vətəndaş cəmiyyəti quruculuğu
prosesindəki müstəsna rolunu nəzərə
alan Azərbaycan Prezidenti
onların dövlətlə sıx əməkdaşlığının
təmin olunmasına xidmət edən ardıcıl tədbirlər
həyata keçirdi və bu davam edir.
Prezident İlham Əliyevin "Azərbaycan
Respublikasının qeyri-hökumət təşkilatlarına
dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi
haqqında" 27 iyul 2007-ci il tarixli, "Azərbaycan
Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının yaradılması haqqında" 13 dekabr 2007-ci il tarixli fərman və sərəncamları da məhz bu məqsədə
xidmət etmişdir.
Ümumilikdə,
respublikamız 2003-2008-ci illərdə onlarla
beynəlxalq konvensiya və sazişə, o cümlədən "İşgəncələrin
və qeyri-insani və ya
ləyaqəti alçaldan rəftarın
və ya cəzaların
qarşısının alınması haqqında", "İnsan hüquq və əsas
azadlıqlarının müdafiəsi haqqında", "Ekstradisiya haqqında",
"Cinayət işləri üzrə
qarşılıqlı hüquqi
yardım haqqında", "Cinayət fəaliyyətindən
əldə edilən gəlirlərin
leqallaşdırılması, aşkar
olunması, götürülməsi və müsadirə edilməsi
haqqında", "Genosid cinayətlərinin
qarşısının alınması və onun cəzalandırılması
haqqında", "Hərbi cinayətlərə və bəşəriyyətə
qarşı cinayətlərə cinayət məsuliyyətinə
cəlb etmə müddətinin tətbiq edilməməsi
haqqında", "Terrorçuluğun
maliyyələşdirilməsi ilə mübarizə
haqqında" konvensiyalara qoşulmuşdur.
Hüquqi islahatlar fonunda 2009-cu il martın
18-də Azərbaycan Respublikası Konstitusiyasına əlavə
və dəyişikliklərin edilməsini nəzərdə tutan ümumxalq referendumunun keçirilməsini xüsusi vurğulamaq
lazımdır. 18 mart referendumunda
ciddi ictimai dəstək
almış yeniliklər hüquqi
baxımdan Konstitusiyanın bir çox normalarını yeni dövrün tələblərinə uyğunlaşdırmaq məqsədi
daşıyaraq insan və vətəndaş
hüquq və azadlıqlarının təmini
sahəsində dövlətin məsuliyyətini
artırmış, onun üzərinə bir sıra yeni hüquqi öhdəliklər qoymuşdu.
Konstitusiya islahatı milli
qanunvericiliyin beynəlxalq konvensiya
və sazişlərə uyğunlaşdırılması
prosesində keyfiyyətcə yeni mərhələnin
əsasını qoydu.
İnsanların
hüquq və azadlıqlarının daha yüksək səviyyədə təmini
ilə bağlı dövlətdən gözləntiləri
artdı, hakimiyyət isə öz
növbəsində üzərinə bir
sıra yeni öhdəliklər
götürərək ictimai rəyə
həssas münasibətini izhar etdi. Konstitusiyaya yeni dövrün tələbləri ilə uzlaşan bir sıra əlavə
və dəyişikliklər edilməsi də məhz bu reallıqla şərtlənirdi. Məsələn, Konstitusiyanın 12-ci maddəsinə
edilmiş dəyişiklik sosialyönümlü
xarakter daşımaqla, Azərbaycanda hər
bir vətəndaşın normal yaşayış səviyyəsinin, rifah halının yüksəldilməsi
istiqamətində həyata keçirilən tədbirlərin
mahiyyətindən irəli gəlirdi. Bu dəyişikliklə
"Azərbaycan Respublikasının vətəndaşlarının
layiqli həyat səviyyəsinin təmin
edilməsi" məsələsi dövlətin ali məqsədləri sırasında yer almışdı. Bu əlavənin
Konstitusiyada əksini tapması
respublikamızın iqtisadi siyasətində
sosialyönümlü məsələlərin
həllinin prioritetə çevrilməsi ilə şərtlənirdi.
Prezident İlham Əliyevin 2010-cu il 22 iyun tarixli
fərmanı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə
bağlı bəzi tədbirlər" və "Məhkəmələr
və hakimlər haqqında" və "Məhkəmə-Hüquq
Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər
və əlavələr edilməsi barədə" qanunla isə yerli iqtisad məhkəmələrinin bazasında inzibati-iqtisadi məhkəmələrin
yaradılması təmin edilmişdir.
Dövlət
başçısının qanunvericilik
təşəbbüsü əsasında son
illərdə Milli Məclisdə qəbul
edilmiş qanunlar ictimai həyatın bütün
sahələrini əhatə etməklə, vətəndaşa
həssas və qayğıkeş münasibəti təşviq
edir. Bu baxımdan 2011-ci ildə
parlamentdə qəbul olunmuş
qanunları xüsusi qeyd
etmək lazımdır. Ötən müddətdə "İcra haqqında", "İnformasiya
əldə etmək haqqında", "Əhalinin
sağlamlığının qorunması haqqında",
"Vətəndaşların müraciətlərinə
baxılması qaydası haqqında", "Dini
etiqad azadlığı
haqqında", "Prokurorluq haqqında",
"Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin
bağlanması, icrası və ləğv edilməsi
qaydaları haqqında" Azərbaycan Respublikasının
qanunlarında, "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili
(ombudsman) haqqında" Azərbaycan
Respublikasının Konstitusiya Qanununda, "Azərbaycan Respublikasının Mülki Məcəlləsi"ndə,
"Azərbaycan Respublikasının Ailə Məcəlləsi"ndə,
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsi"ndə,
"Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsi"ndə, "Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsi"ndə
əlavə və dəyişikliklər edilməsi
haqqında qanunların qəbulunu
xüsusi vurğulamaq
olar.
Ulu öndərin möhkəm təməllər üzərində
müəyyənləşdirdiyi siyasətin varisliyini
bütün sahələrdə uğurla davam etdirən Azərbaycan
Prezidenti İlham Əliyev
son 8 ildə əfvetmə institutunun
da çevik və
işlək mexanizmlər əsasında fəaliyyətini təmin
etmişdir. Qeyd edək ki,
1995-ci ildən bəri imzalanan 50 əfv sərəncamı
5314 nəfər məhkuma şamil edilmişdir. Dövlət
başçısının 8 il müddətində
əfvlə bağlı imzaladığı sərəncamlar
Azərbaycanda insan hüquqlarının
etibarlı təminatına və demokratikləşməyə
xidmət göstərən strateji siyasi kursun layiqincə davam etdirildiyini göstərir.
Ölkəmizdə
demokratik proseslərin davamlı şəkildə
aparılması, dövlətin iqtisadi sahədə
yüksək nəticələr əldə etməsi, beynəlxalq
arenada layiqli yer tutması, insan
hüquqlarının təminatı sahəsində mühüm irəliləyişlərə nail olunması istər ölkə daxilində,
istərsə də xaricdə müsbət qiymətləndirilir. İqtisadi yüksəliş və demokratikləşmə
prosesinin genişlənməsi Azərbaycanın
davamlı inkişafının mühüm
şərti, vacib amili
kimi nəzərdən keçirilir.
Qabaqcıl dövlətlərin təcrübəsi
də göstərir ki, cəmiyyətin təkamül
sistemini, habelə dövlət idarəçilik
mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən
qanunların dövrün tələblərinə
uyğun müasirləşdirilməsi davamlı
və zəruri səciyyə daşıyır. Bu istiqamətdə həyata keçirilən
mütərəqqi islahatların praktik nəticələr
verməsi isə daha çox
tətbiq olunan yeniliklərin zamanla nə dərəcədə səsləşməsi,
cəmiyyətin inkişaf tempinə
adekvatlığı ilə şərtlənir.
Elnur HACIALIYEV
Azərbaycan.-
2012.- 5 fevral.- S. 2.