Erməni havadarlarının cəhdlərinə baxmayaraq Azərbaycan-Türkiyə qardaşlığı sarsılmayacaq

 

Fransanın müttəfiqləri də etiraf edirlər ki, Senatın qəbul etdiyi qanun siyasi cəhətdən düşünülmüş addım deyiltarix açıq-aşkar siyasi məqsədlər üçün alət edilib. Onlar ümid edirlər ki, Sarkozi niyə belə addım atdığını nə vaxtsa açıqlayacaq. Aydındır ki, qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun deklorativ xarakter daşıyır, hüquqi dayanıqlığı yoxdur. Tarix subyektdir, onu qanunlaşdırmaq olmaz. Əgər sübut olunmuş tarix müzakirə olunarsa, bu gün Fransa parlamentində 20 il öncə dünyanın gözü qarşısında ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı müzakirə olunmalı idi. Yüzlərlə günahsız insan, uşaq-qoca, qadın, gənc şaxtalı-soyuqlu gecədə vəhşicəsinə qətlə yetirilib. Nə edək, müzakirə olunmur, ikili standart münasibəti dünyamızın bəlasıdır. Yox əgər senatın məqsədi Türkiyəni təkləməkdirsə, bu da uğur qazanmayacaq, bu ölkə strateji cəhətdən çox güclüdür, əksər Avropa ölkələrinin hərbi-siyasi və iqtisadi müttəfiqidir.

Qanun Avropa İttifaqının dəyərlərinə, fundamental insan azadlığına, ifadə azadlığına, İnsan Hüquqlarına dair Beynəlxalq Konvensiyanın 19-cu maddəsinə, Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə ziddir. Belə bir qanun qloballaşan dünyada qütbləşməni sürətləndirir, millidini ayrı-seçkiliyin kəskinləşməsinə xidmət edir, ali məqsədləri və bəşəriyyətin təməl prinsiplərini sarsıdır. Bir az da erməniləri ruhlandırır, onları Sarkozinin may seçkilərinə səfərbər edir. Fransa Prezidenti bu təşəbbüsü irəli sürərkən unudub ki, dünyada əməkdaşlığa, tərəfdaşlığa ehtiyacın artdığı bir dövrdə öz məqsədlərinə çatmaq üçün ölkələr arasındakı münasibətlərə gərginlik və qeyri-sabitlik gətirmək müasir qlobal çağırışlara cavab vermir. Bu, insanlığın mahiyyətinə belə tərs davranışdır. Son günlər yazda keçiriləcək prezident seçkiləri ilə bağlı Fransada aparılan təşviqat kampaniyasından fransızların Sarkoziyə münasibəti görünür. Ermənistana gəlincə, xaricdə oyuncaq "soyqırımı" deyib ağlamaqla heç nəyə nail ola bilməyəcək, sübutu varsa, qoysun ortaya. Əks halda regionda bir dövlət kimi mənəvi varlığını itirəcək. Bizim isə sübuta ehtiyacımız yoxdur, Xocalı faciəsi müasir dünyanın gözü qarşısında baş verib, bu soyqırıma hamı şahiddir, elə Fransa da.   

Yaxşı ki, Amerika və Avropanın bəzi dövlətləri məsələyə sərt münasibət bildirərək bəyan etdilər ki, belə qərar qəbul etmək olmaz. ABŞ-ın dövlət katibi Hillari Klintonun mövqeyi daha konkret idi. Məsələ Böyük Britaniya mətbuatında da tənqidi müzakirə mövzusuna çevrildi, geniş ictimaiyyət tərəfindən pisləndi. Fransa mətbuatı isə bunu "axmaqcasına verilmiş qərar" adlandırdı. Avropa Şurasında Türkiyə və Azərbaycandan olan deputatlar, həmçinin onların səsinə səs verən avropalı parlamentarilər qanunun Avropa Şurasının da dəyərlərinə zidd olduğunu ifadə edən bəyanat yaydılar.   

Amma Senatın qəbul etdiyi qanuna ən sərt reaksiyanı məhz Fransa xalqı verdi. Bir neçə gün öncə SNN telekanalında çıxış edən fransız qadın "Sarkoziyə səs yox, ona heç su da yox" deyə səsini indidən vermiş oldu.

Senatda uydurma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunun ləğvi məqsədilə Konstitusiya Şurasına müraciət etmək üçün tələb olunan minimum 60 imza nəinki toplandı, hətta 77 senator bu müraciətə imza atdı. Qanunun ləğvi məqsədilə Jak Mezarın təşkilatçılığı ilə 77 imza toplanıb və müraciət artıq şuraya təqdim olunub. Parlamentin aşağı palatası - Milli Assambleya da uydurma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunun ləğvi üçün deputatlar imza toplayıblar. Hətta Nikola Sarkozinin rəhbərlik etdiyi Xalq Hərəkatı Birliyi Partiyasının təmsilçiləri də olmaqla analoji müraciətə 65 parlamentar qoşulub. Senatorlar və ziyalılar qədim demokratik ənənələrə malik Fransanı belə absurd qərarın girovuna çevirməkdən qorumaq üçün hərəkətə keçiblər, öz ölkələrinin dəyərlərinə sahib çıxmağa çalışırlar. Fransalı ziyalılar və ən sadə fransızlar belə düşünürlər ki, Konstitusiya Şurası Fransanın dəyərlərinə uyğun qərar verəcək. Çünki qanun layihəsi Fransa Konstitusiyasının ifadə azadlığını nəzərdə tutan maddəsinə ziddir və ləğv edilməlidir. Qaydaya görə, qəbul edilən qanunun Konstitusiyaya zidd olduğu təsdiqlənərsə, dərhal ləğv olunmalıdır.         

Fransa Senatında qəbul edilən bu qanun Cənubi Qafqazda sülhün və barışığın bərqərar olmasına da əngəldir. Deməli, birbaşa Azərbaycanla da bağlıdır. Çünki Türkiyəyə qarşı qəbul edilmiş hər hansı bir qanunu Azərbaycan dövləti özünə qarşı qəbul edilmiş qanun hesab edir. İki qardaş xalqın mənafeyi, hədəfi bir olduğu kimi, aldığı zərbə və qazandığı qələbə də birdir. Təəssüf ki, son zamanlar qardaş xalqların arasındakı münasibətləri gərginləşdirmək üçün düşmən planları hərəkətə keçib. Əslində qardaşlıq münasibətləri müzakirə mövzusu deyil. Əgər müzakirə edilirsə, deməli, bu səbəbi yaradan qüvvələr var. Narahat qüvvələr daha çox belə həssas dönəmlərdə fəallaşır, ictimaiyyətin fikrini çaşdırmağa çalışır, qardaşların arasına girmək üçün dəridən-qabıqdan çıxırlar. Türkiyə və Azərbaycan sonsuza qədər qardaşdır, dostdur. Türkiyəni istəməyənlər bir tərəfdən də doğma qardaşı Azərbaycanla münasibətləri soyudurlar. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan onlara tutarlı cavab verdi: "Son günlər bəzi qəzetlərdən oxuyuram ki, Azərbaycan Türkiyəyə dəstək vermir. Bəsdir, yetər. Bizə qardaş Azərbaycanın dəstəyi lazımdır və bu dəstək var. İncidici ifadələr işlətməkdənsə birləşmək lazımdır. Azərbaycan və Türkiyənin millət vəkilləri çalışacaqlar ki, Xocalı soyqırımı dünyada tanınsın. Düşmənlərimiz həmişə yetərincə olub. Azərbaycan bizim qardaşımızdır və qardaş çiyni həmişə bizimlədir". Hər iki tərəf bəzi siyasi qüvvələrin antitürk və antiazərbaycan mövqeyindən çıxış etdiyinibunun üçün xüsusi təşkilatlandıqlarını etiraf edir.

Məqsəd qondarma erməni soyqırımını dünyada tanıtdırılması, ermənilərin Türkiyəyə qarşı ərazi və maliyyə təzminatı iddialarının reallaşdırılması, Azərbaycan ərazilərinin işğalının rəsmiləşdirilməsi üçün düşmən qüvvələrə geniş imkanlar yaratmaqdır. Düşmənə lazım olan odur ki, mənfur planlarını həyata keçirmək üçün türk dünyasının düşünən beyni və şah damarı olan Türkiyə ilə Azərbaycan birlikdə olmasın, birlikdə güclənməsin,  ayrı-ayrılıqda zəifləsin. 

Fransanın Konstitusiya Şurasına göndərilən müraciətə imzatoplama kampaniyasına Azərbaycan əvvəl gündən dəstək verdi. Bu məsələdə Azərbaycan Türkiyə qədər narahat olub və sərt münasibət bildirib. Etiraz aksiyaları müxtəlif formalarda indi də davam edir. Fransada keçirilən etiraz nümayişlərində hər iki qardaş xalqın bayraqları və insanları yan-yana, çiyin-çiyinə dayanmışdılar. Şəxsi olaraq absurd qanuna imza atan hər senatora deputat məktubu göndərilib. Məsələyə münasibətdə iqtidar-müxalifət söhbəti olmayıb. Lakin türk dünyası unutmamalıdır ki, işğalçı Ermənistan və ona havadarlıq edən ölkələr Türkiyə dövlətini sarsıtmaq, onun Avropa İttifaqının sırasına daxil olmaması üçün bu siyasəti uzun zaman aparacaq, sürətlə inkişaf edən iki qardaş xalqın arasını vurmağa çalışmaqla onları bir-birilə qarşı-qarşıya qoymaq üçün mübarizə aparacaqlar. Daim hərəkətdə olan və sürətlə irəliləyən türk dünyasını axsatmaq, dayandırmaq üçün ermənilərdən hələ çox istifadə olunacaq. Biz isə düşmənlərdən aldığımız zərbələrdən daha çox bərkiməli, daha möhkəm olmalıyıq. Dünyadakı türk diaspor təşkilatları etiraz formalarını dayandırmamalıdır. Məsələ təkcə Fransa Senatının qanunu ilə bitmir, düşmən və havadarları 2015-ci ildə qondarma "yuzillik"ə hazırlaşır. Deməli, qarşıda bizi daha çətin sınaqlar gözləyir. Bu cür təxribatlar, oyunlar türk xalqları arasında qardaşlığı, strateji müttəfiqliyi sarsıtmamalıdır.

Milli Məclisin Sədri Oqtay Əsədov fevralın 1-də Milli Məclisin iclasında bir qrup fransalı senatorun absurd qanunu dəstəkləməsinə etiraz olaraq bəyan etdi ki, Fransa ATƏT-in Minsk qrupunda həmsədr kimi mənəvi haqqını itirib: "Qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılması ilə bağlı qanunun ləğvi həm də Azərbaycan üçün prinsipial məsələdir. Azərbaycan dövləti bu məsələ ilə bağlı səmimi şəkildə mövqe nümayiş etdirib. Bilirsiniz ki, Fransa parlamentində sözügedən qanunun ləğv olunması üçün 77 senator Konstitusiya Məhkəməsinə müraciət edibbizonun nəticəsini gözləməliyik. Azərbaycan rəhbərliyi, Milli Məclis öz imkanları daxilində bu qanunun qəbul olunmaması üçün bütün vasitələrə əl atıb". Bunlar Azərbaycanla qardaşı Türkiyə arasında münasibətlərə xələl gətirməyi qarşısına məqsəd qoymuş qüvvələrə layiqli cavabdır. 

Güman var ki, Fransa Konstitusiyası, ziyalıları, sadə insanlar fitnəyə uymayacaq, əsl uzaqgörənlik nümayiş etdirib absurd qanunun qüvvəyə minməsinə imkan verməyəcəklər. Qazanan isə ədalət, dostluq və əməkdaşlıq olacaq.

 

 

 Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2012.- 5 fevral.- S. 3.