Naxçıvan
Dövlət Musiqili Dram
Teatrının binası yenidənqurmadan sonra
istifadəyə verilmişdir
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının binası yenidənqurmadan sonra istifadəyə verilmişdir. AzərTAc xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın açılışını bildirən rəmzi lenti kəsmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov, teatrın direktoru Kamran Quliyev, aktyorlar Xəlil Hüseynov və Rza Xudiyev çıxış edərək yaradılan şəraitə görə muxtar respublika teatrsevərləri adından minnətdarlıqlarını bildirmiş, qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəklərinə söz vermişlər.
Ali Məclisin Sədri Vasif Talıbov Şərqin ən qədim ənənələrə malik teatrlarından olan Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsinin muxtar respublikanın mədəni həyatında əlamətdar hadisə olduğunu bildirmiş, bu münasibətlə kollektivi, muxtar respublika ictimaiyyətini və teatrsevərləri təbrik edərək demişdir ki, Naxçıvan teatrı şərəfli və çətin bir yol keçmişdir.
Qeyd olunmuşdur ki, 1883-cü ildən - teatrda ilk tamaşanın səhnələşdirildiyi dövrdən 129 il ötür. Gələn il teatrın 130-cu mövsümü olacaqdır. Bu il isə teatr 129-cu mövsümünü açır. Fəaliyyəti dövründə teatrda 402 yeni əsərə quruluş verilmiş, 929 tamaşa səhnələşdirilərək teatrsevərlərə təqdim olunmuşdur.
Aktyor sənətinin ən çətin peşələrdən biri olduğunu qeyd edən Ali Məclisin Sədri teatrın əsasını qoyanların, vaxtilə bu sənət ocağında çalışmış mərhum aktyorların xatirəsini yad etmiş, qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirən teatrın hazırkı kollektivinə təşəkkürünü bildirmişdir.
Ali Məclisin Sədri ötən illər ərzində teatrın uğurlu yol keçdiyini diqqətə çatdırmış, ümummilli liderimiz Heydər Əliyevin "Naxçıvan teatrı köklü, əsaslı bir teatrdır. Yaxın Şərqin ən qocaman sənət ocaqlarından biri olan Naxçıvan teatrı böyük yaradıcılıq yolu keçmişdir. Teatr bu ənənəni bu gün də qoruyub saxlayır", - fikirlərini xatırladaraq demişdir: Fəaliyyəti dövründə teatrda varislik ənənələri pozulmamış, səhnələşdirilən əsərlər, toxunulan mövzular özünün müasirliyi ilə seçilmiş, dövrün tələblərinə cavab vermiş, daim düşündürücü olmuşdur.
Ali Məclisin Sədri demişdir: Mən tələbəlik illərindən Naxçıvan teatrının daimi tamaşaçısı olmuş, burada səhnələşdirilən əsərləri, göstərilən tamaşaları izləmişəm. Lakin ötən əsrin 90-cı illərinin acı nəticələri teatrın həyatında da özünü göstərmişdir. Sonrakı dövrdə teatrın binasında təmir işləri aparılmış, yaradıcı kollektiv formalaşmış, yeni əsərlərin səhnələşdirilməsinə başlanılmışdır. Bu gün Naxçıvan teatrı zəngin repertuara malikdir. Burada yaxşı ifa ilə bərabər, sənətə yaradıcı münasibət və işə məsuliyyətli yanaşma vardır. Ötən illər ərzində teatr kollektivinin bu zəhməti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, səmərəli fəaliyyətinə görə 124 nəfər Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, orden və medallara, Prezident təqaüdü və mükafatlarına layiq görülmüşdür.
Qeyd olunmuşdur ki, əsaslı bərpadan sonra bu gün istifadəyə verilən bina teatrın həyatında yeni dövrün başlanğıcıdır. Ona görə də kollektiv Yaxın Şərqin ən gözəl memarlıq abidələrindən biri olan teatr binasında bundan sonra da düşündürücü, dövrün tələbləri ilə səsləşən əsərlər səhnələşdirərək insanların mədəni səviyyəsinin yüksəldilməsinə xidmət etməli, teatrda yeni ənənələr başlamalı, rayonlardakı mədəniyyət ocaqlarında, hərbi hissələrdə vətənpərvərlik mövzularında tamaşalar göstərilməli, teatr tamaşaçı hörməti qazanmalıdır.
Binada yaradılan şərait teatrın yaradıcı kollektivinin fəaliyyətinin daha da artırılmasına, bütün dram janrlarında əsərlərin səhnələşdirilməsinə imkan verəcəkdir. Artıq teatrda məhsuldar kollektiv formalaşmışdır. Bu iş bundan sonra da davam etdirilməli, daha da mükəmməl obrazlar yaradılmalı, uğurlu əsərlər səhnələşdirilməlidir.
Ali Məclisin Sədri demişdir: Bütün dövrlərdə Naxçıvan teatrının səhnəsində böyük ədiblərin əsərləri səhnələşdirilmiş, teatrın yubileyləri, o cümlədən muxtar respublikanın yubiley tədbirləri burada qeyd olunmuş və digər böyük tədbirlər keçirilmişdir. Ulu öndərimiz Heydər Əliyev də bu tədbirlərin iştirakçısı olmaqla kifayətlənməmiş, tədbirlərin keçirilməsinə rəhbərlik etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə muxtar respublikanın 80 illik yubileyi də bu binada qeyd olunmuş, teatrın kollektivi tərəfindən Nəriman Həsənzadənin "Atabəylər" əsəri əsasında hazırlanan eyniadlı tamaşa göstərilmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, Naxçıvan teatrı köklü və əsaslı teatrdır. Bu ənənələr davam etdirilməli, qorunmalı və gələcək nəsillərə ötürülməlidir.
"Binada aparılan əsaslı yenidənqurma işləri muxtar respublikada fəaliyyət göstərən tikinti şirkəti tərəfindən yüksək zövqlə həyata keçirilmişdir. Əsaslı yenidənqurma işləri aparılarkən muxtar respublikada istehsal olunan tikinti materiallarından istifadə olunmuşdur. Bir sözlə, binanın yenidən qurulmasını həyata keçirən də, bu zaman istifadə olunan tikinti materiallarını istehsal edən də naxçıvanlı ustalar, naxçıvanlı istehsalçılardır", - deyən Ali Məclisin Sədri bu işlərin görülməsində əməyi olanlara təşəkkürünü bildirmiş, bir daha kollektivi təbrik etmiş, 129-cu mövsümdə onlara uğurlar arzulamışdır.
Binada yaradılan şəraitlə tanışlıq zamanı məlumat verilmişdir ki,"Gəmiqaya Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yenidən qurulan bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir.
Ali Məclis Sədrinin tapşırığı ilə 1 royal və 1 elektropiano alınıb teatra verilmişdir.
Teatrın fasad hissəsinə yeni üzlük vurulmuş, dam örtüyü dəyişdirilmiş, xüsusi gecə işıqlandırıcıları quraşdırılmışdır. Təmir və yenidənqurma işləri zamanı əvvəlki memarlıq üslubunun qorunub saxlanılmasına və milli ornamentlərlə daha da zənginləşdirilməsinə xüsusi diqqət yetirilmişdir.
Ali Məclisin Sədri qastrol səfərlərini həyata keçirmək üçün teatra yeni minik avtobusunun alınması barədə tapşırıq vermişdir.
***
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasında muxtar respublikanın Bəstəkarlar Təşkilatı üçün də 3 iş otağı ayrılmış, 60 yerlik zal istifadəyə verilmişdir.
Teatrın binası ilə tanışlıqdan sonra Ali Məclisin Sədri və tədbirin iştirakçıları teatrın tamaşa salonunda Naxçıvan Dövlət Filarmoniyasının estrada orkestrinin ilk çıxışını dinləmişlər.
AzərTAc
Azərbaycan.- 2012.- 5 fevral.- S. 3.