İqtisadiyyat inkişaf etdikcə əhalinin sosial rifahı yüksəlir

 

 Ölkənin sosial-iqtisadi inkişafı dinamik şəkildə davam edir. Dövlətin valyuta ehtiyatları çoxaldıqca bu imkandan istifadə edilərək əhalinin sosial problemlərinin həllinə diqqət də artırılır. Dövlət büdcəsindən sosial sahənin inkişafına ayrılan vəsaitin ildən-ilə çoxalması bunu bir daha təsdiqləyir.

Sosial sahəyə diqqət iki istiqamətdə özünü göstərir: sosial obyektlərin tikintisinin geniş vüsət almasında və əhalinin gəlirlərinin getdikcə artırılmasında. Əhalinin həyat səviyyəsinin ilbəil yüksəlməsini statistik rəqəmlər də əks etdirir. Məsələn, 2011-ci ildə ticarət və xidmət şəbəkələrində istehlakçılara 21,8 milyard manatlıq və ya 2010-cu illə müqayisədə 9,9 faiz çox müxtəlif mallar satılıb və pullu xidmətlər göstərilib. Bu da onu təsdiqləyir ki, əhalinin alıcılıq qabiliyyəti artır və pullu xidmətlərdən daha çox istifadə edilir.

Keçən il istehlak bazarı üzrə real artımın 74,4 faizi pərakəndə ticarətin, 5,2 faizi iaşə fəaliyyətinin, 20,4 faizi əhaliyə göstərilən pullu xidmətlərin hesabına təmin olunub. Özəl müəssisələrdə satılmış istehlak mallarının və göstərilən xidmətlərin həcmi 10,6 faiz artaraq 20,3 milyard manat olub. İl ərzində hər bir ölkə sakini orta hesabla ayda 49,1 manatlıq və ya 5 manat çox müxtəlif pullu xidmətlərdən istifadə edib.

2011-ci ildə ölkə əhalisinin gəlirləri əvvəlki illə müqayisədə 19,6 faiz çoxalaraq 30,6 milyard manata çatıb. Gəlirlərin hər nəfərə düşən həcmi 18,1 faiz artaraq 3383,8 manatya ayda orta hesabla 282 manat təşkil edib. Dövlətin apardığı siyasət sayəsində əhalinin gəlirləri həmişə inflyasiyanı üstələyir. Bu da əhalinin güzəranının pisləşməsinin qarşısını almaq üçün dövlət tərəfindən aparılan ardıcıl tədbirlərin nəticəsidir. Belə ki, ötən il də hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 10,2 faiz bəndi üstələyib. Əhali gəlirlərin 63,3 faizini son istehlaka, 7,9 faizini vergilərə, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 27 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Ölkəmiz bazar iqtisadiyyatı prinsiplərinə söykənən iqtisadi fəaliyyətə əsasən inkişaf edir. Lakin dövlətin apardığı məqsədyönlü siyasət nəticəsində həmişə əhalinin sosial pifahının qorunması ön plana çəkilir. Bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: "Sosial sahədə bizim siyasətimiz uğurla davam etmişdir. 2011-ci ildə maaşlar, pensiyalar artırılmışdır. 900 minə yaxın pensiyaçının təqaüdü təxminən 40 faiz artmışdır və bu da sosial siyasətimizin əsas istiqamətlərindən biridir. İnsanların rifah halı yaxşılaşır, ünvanlı sosial yardım alan ailələrin sayı 120 min təşkil edir. Bu da onu göstərir ki, hələ öz maliyyə vəziyyətini yaxşılaşdıra bilməyən ailələrə dövlət daim diqqət göstərir və hər bir ailəyə orta hesabla ayda 106 manat müavinət verir.

Mən dəfələrlə demişəm, bu gün bir daha bildirmək istəyirəm, - dediyim və gətirdiyim rəqəmlər onu çox gözəl əks etdirir, - biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqiq, bu prinsipləri rəhbər tuturuq. Eyni zamanda, biz sosial siyasətdə də çox uğurlu addımlar atırıq və sosialyönümlü dövlətin yaradılması istiqamətində çox böyük uğurlara nail olmuşuq".

Heç kəsə sirr deyil ki, dünyada baş verən qlobal maliyyə böhranının acı nəticələri hələ də davam edir. Bir sıra inkişaf etmiş ölkələr dövlətin maliyyə problemlərini həll etmək üçün əhalinin sosial rifahına ayrılan vəsaitlərin kəsilməsindən çəkinmirlər. Bir çox ölkələrdə əməkhaqqı, pensiya aşağı salınıb, vətəndaşların pensiya yaşlarını isə artırıblar. Ölkəmizdə isə Prezidentin qeyd etdiyi kimi, sosial sahəyə göstərilən diqqət gündən-günə artırılır, əhalinin əməkhaqqı, pensiya və digər sosial ödənişləri çoxalır.

Ötən ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 2010-cu ilin müvafiq dövrünə nisbətən 8,3 faiz artaraq 356,6 manat təşkil edib. Həmin dövrdə neft sektorunda çalışan işçilərin orta aylıq əməkhaqqı isə 1170,9 manata çatıb. Bu dövrdə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitə, peşə, elmitexniki fəaliyyət sahəsində, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində, tikintidə orta aylıq əməkhaqqı da yüksək olub.

Məlumdur ki, insanlar qazandıqları gəlirləri ilk növbədə zəruri ehtiyaclarını ödəməyə sərf edirlər. Yalnız bu ehtiyacları ödədikdən sonra artıq qalan vəsaiti əmanət kimi banklara qoyurlar. Əhalinin banklara ildən-ilə daha çox vəsait qoyması da onun sosial rifahının yaxşı olmasına misaldır. Ötən ilin dekabr ayının 1-nə olan məlumata görə, əhalinin banklardakı əmanətlərinin həcmi 2010-cu ilin eyni dövrü ilə müqayisədə 33,5 faiz artaraq 3830,1 milyon manat olub. Maraqlıdır ki, əhali milli valyutamıza daha çox etibar edir. Bunun nəticəsində milli valyuta ilə qoyulmuş əmanətlərin həcmi xarici valyuta depozitlərini üstələyərək əmanətlərin ümumi həcminin 51,4 faizini təşkil edib. Milli valyutamızın sabitliyi ölkə iqtisadiyyatının stabil inkişafını özündə əks etdirən əsas göstəricilərdən biridir. Əhalinin də milli valyutaya üstünlük verməsi bundan qaynaqlanır.

Dövlət əhalinin sağlamlığını qorumaq üçün də ardıcıl tədbirlər görür. Səhiyyə sahəsinə yönəldilən vəsaitin artırılması nəticəsində ölkədə fəaliyyət göstərən bir çox tibb müəssisələri əsaslı şəkildə təmir olunub, yeni avadanlıqlarla təchiz edilir. Bununla paralel şəkildə müasir dünya standartlarına cavab verən yeni tibb müəssisələri tikilir. Dövlətin qayğısı sayəsində son dövrlərdə həmçinin səhiyyədə özəl sektor sürətlə inkişaf edir. Bu müəssisələrdə də əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərilir.

Dövlət Neft Şirkətinin vəsaiti ilə bir sıra bölgələrdə müalicə-diaqnostika mərkəzləri tikilib. Yeni mərkəzlər tibb sahəsində istifadə olunan ən müasir avadanlıqlarla təchiz edilib. Hazırda bölgələrdə dünyanın ən məşhur klinikalarında aparılan cərrahiyyə əməliyyatları həyata keçirilir. İlkin məlumata əsasən, cari ilin əvvəlində ölkədə 33 min həkim və 60 min orta tibb işçisi çalışan 516 xəstəxana və 1688 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərib. Əhalinin hər 10 min nəfərinə orta hesabla 36 həkim və 66 orta tibb işçisi düşür. Bu da yüksək göstəricidir.

Dövlət idmanın inkişafına xüsusi önəm verir. Çünki idman sağlamlıq deməkdir. Son dövrlərdə idmana dövlət qayğısı olimpiada və beynəlxalq yarışlarda qazanılan uğurlarda özünü göstərir. İdmanın kütləviləşməsinə də xüsusi diqqət ayrılır. Bu məqsədlə ölkəmizin bütün bölgələrində müasir tələblərə cavab verən olimpiya mərkəzləri və idman zalları tikilir. Prezident İlham Əliyev 2012-ci ili "İdman ili" elan edib. Sözsüz ki, cari ildə bu istiqamətdə daha böyük işlər görüləcək.  Dövlət başçısı bununla bağlı demişdir: "2012-ci ildə bizim on olimpiya kompleksimiz tikiləcəkdir. Böyük Olimpiya Stadionunun tikintisi artıq fəal fazaya keçəcəkdir. Altmış beş minlik böyük Olimpiya Stadionu tikilir. Tofiq Bəhramov adına Respublika stadionunda təmir-bərpa işləri aparılır ki, Bakıda qızlar arasında keçiriləcək dünya çempionatına hazır olsun. Digər idman obyektləri tikilməkdədir. Böyük gimnastika kompleksi, Bakı "Kristal" İdman Konsert Kompleksi tikilir. Yəni, bu sahəyə həmişə olduğu kimi, böyük diqqət göstərilmişdir. 2012-ci ildə həm ölkə daxilində olan hadisələr, həm olimpiya oyunlarına hazırlıq, olimpiya oyunlarının keçirilməsi nəzərdə tutulur".

 

 

 Rüstəm KAMAL

 

Azərbaycan.- 2012.- 5 fevral.- S. 4.