Lənkəranda idman yüksəliş dövrünü yaşayır

 

Dünən görülən iş bu gün, indi görülən isə sabah öz bəhrəsini verir. Bütün sahələrdə olduğu kimi, idmanda da belədir. Son 8-9 ildə ölkənin ayrı-ayrı bölgələrində onlarca olimpiya idman kompleksi tikilib istifadəyə verilmiş, köhnə, yararsız hala düşmüş idman qurğuları əsaslı şəkildə təmir olunmuşdur. İdmana diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətinə çevrilmişdir. Həyata keçirilən tədbirlər bədən tərbiyəsi və idmanın kütləviliyini artırmış, nümunəvi idmançıların yetişməsi ilə bərabər, gənclərin asudə vaxtının səmərəli təşkili, onların fiziki cəhətdən möhkəmlənməsi üçün şərait yaratmışdır. Artıq bir neçə ildir ki, idmanın ayrı-ayrı növlərində qazanılan uğurlar hər birimizin qəlbini qürur hissi ilə doldurur. Hər dəfə beylənxalq arenalarda bayrağımız ucalanda, himnimiz səslənəndə sevincimizin həddi-hüdudu olmur.

İdman gənclik deməkdir. Xalqın gələcəyi isə indiki gənclərdən, onların fiziki-mənəvi sağlamlığından asılıdır. Bu mənada ölkə Prezidenti cənab İlham Əliyevin 2012-ci ili "İdman ili" elan etməsi böyük əhəmiyyət kəsb edir.

Təkcə paytaxt Bakıda yox, regionlarda da idman inkişaf edir. Bunu Lənkəran rayonunun timsalında aydın görmək olar. Ölkə başçısı buradakı olimpiya idman kompleksinin, "Xəzər-Lənkəran" futbol klubunun stadionunun təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir.

Lənkəranda idmanın müxtəlif növlərinə böyük maraq var. Əldə olunan nəticələr belə deməyə əsas verir. Amma bu növlər arasında futbolun öz yeri var. 2-3 nəfər bir yerə toplaşanda söhbətin başlıca mövzusu futbol olur. Çayxanalarda, digər ictimai yerlərdə, əmək kollektivlərində fasilə zamanı futbol yenilikləri geniş müzakirə edilir.

 

 Burada futbolu çox sevirlər

 

2004-cü il Azərbaycan futbolunda böyük canlanmanın yaranması ilə yadda qaldı. İş adamlarının idmanın ən populyar növünə marağı nəticəsində ölkənin müxtəlif bölgələrində yeni futbol klubları fəaliyyətə başladı.

Yeni klublardan biri - "Xəzər-Lənkəran" heç kimin gözləmədiyi halda ilk mövsümdəcə çempionluq niyyətini gizlətmədi və bu məqsədə nail olmaq üçün böyük addımlar atdı. Artıq çempionatın ilk turlarından sonra komandanın sükanı arxasına türkiyəli mütəxəssis Rasim Kara keçdi. Baş məşqçi çıxışlarında Azərbaycan futbolunda vəziyyətin ürəkaçan olmadığını qeyd etsə də, görülən işlərin tezliklə bəhrə verəcəyini bildirirdi. Rasim Kara klub rəhbərliyinin də böyük dəstəyi ilə "Xəzər-Lənkəran"da əvvəlcə təsisləşmənin özülünü qoydu. Belə ki, mövsümün ortalarına doğru artıq "Xəzər-Lənkəran" rəqiblərini doğma rayonda qəbul edir və komanda özünə məxsus bazada məskunlaşırdı. Bu arada komandanın heyətinə bir futbol ulduzu da cəlb edilmişdi. Əvvəllər Türkiyə milli komandasının, "Beşiktaş" və "Fənərbaxça" kimi aparıcı klubların şərəfini qorumuş hücumçu Oqtay Dərəlioğlu "Xəzər-Lənkəran"da da qollarını sıralayırdı.

2004-2005-ci illər mövsümünün ikinci dövrəsindən etibarən uğurlu nəticələr əldə edən "Xəzər-Lənkəran" çempionluğa doğru irəliləyirdi. Mövsümün sonunda "Xəzər-Lənkəran" və "Neftçi"nin xalları eyni olduğundan əlavə matça - "qızıl oyun"a ehtiyac yarandı. Qızıl medalların sahibi 2005-ci il iyun ayının 10-da Gəncə şəhər stadionunda keçirilmiş həlledici görüşdə məlum oldu. "Xəzər-Lənkəran" matça yaxşı başlayıb hesabda irəli çıxsa da, ikinci hissədə daha təcrübəli futbolçulardan ibarət "Neftçi" hesabı öz xeyrinə dəyişərək çempion tituluna yiyələndi. Buna baxmayaraq mövsüm ərzində çıxışları ilə azarkeşlərin rəğbətini qazanmış "Xəzər-Lənkəran" da meydançanı tribunalara toplaşmış 25 mindən artıq tamaşaçının alqış sədaları altında tərk etdi. 2005-2006-cı il mövsümü ərəfəsində "Xəzər-Lənkəran" çempionluğa bir nömrəli namizəd göstərilsə də, mövsüm o qədər də uğurlu alınmadı. Baş məşqçinin dəyişdirilməsi də gözlənilən nəticələri vermədi. Həmin mövsüm "Xəzər-Lənkəran" üçün yalnız iki məqamla yadda qaldı - komanda ölkə kubokunda yarımfinala qədər irəlilədi və çempionatın ikinci dövrəsini məğlubiyyətsiz başa vurdu.

Uğursuz mövsümün sonunda komanda yenə məşqçi dəyişikliyinə qərar verdi və tanınmış mütəxəssis Ağasəlim Mircavadov "Xəzər-Lənkəran"ın baş məşqçisi təyin edildi. Uğur qazanmağın yollarını bilən A. Mircavadov reallaşdırdığı bir neçə transferlə lənkəranlılara möhtəşəm bir il yaşatdı. Mövsümün Lənkəranda keçirilən ilk oyunu unudulmaz səhnələrə şahidlik etdi. Belə ki, çempionatın 2-ci turunda "Xəzər-Lənkəran" "Neftçi"ni qəbul edirdi. "Xəzər-Lənkəran Mərkəzi Stadionu" nun rəsmi açılışı ilə də yadda qalan oyun günü ölkə Prezidenti cənab İlham Əliyev stadiona gəldi. Komanda ilə xatirə şəkli çəkdirən dövlət başçısı simvolik olaraq topa ilk zərbəni vurdu.

Axşam saatlarında isə yeni stadionun tribunalarına toplaşmış 15 minlik azarkeş ordusu və Lənkəran camaatı "Xəzər-Lənkəran"ın "Neftçi" üzərində qələbəsini bayram etdi. Komanda mövsüm boyu inamlı təsir bağışladı və çempionatın son turunda Qəbələdə yerli komandanı 4:0 hesabı ilə məğlub edərək qızıl medallara yiyələndi. 28 may 2007-ci ildə - Respublika Günündə isə "Xəzər-Lənkəran" ölkə kubokunun finalında İmişlinin "MKT-Araz"ı qəbul edirdi. İki əyalət klubunun mübarizə apardığı görüşdə qalib tərəf Lənkəran təmsilçisi oldu. Beləliklə, arzulanan və gözlənilən "qızıl dubl" reallaşdı: "Xəzər-Lənkəran" mövsümü ölkə çempionluğu və kuboku ilə tamamladı.

"Xəzər-Lənkəran" beynəlxalq turnirlərdə də qələbə seriyasını davam etdirməyi bacardı. Komanda MDB və Baltikyanı ölkə çempionlarının çıxış etdikləri "Birlik Kuboku"nda Azərbaycanı ləyaqətlə təmsil etdi. 2008-ci ilin yanvarında növbəti "Birlik Kuboku" turnirində Litva, Qazaxıstan və Tacikistan çempionlarının iştirak etdiyi qrupdan lider kimi çıxan "Xəzər-Lənkəran" növbəti mərhələdə Moldova çempionu "Şerif"i yarışdan kənarlaşdırdı. Dramatik matçdan sonra lənkəranlılar yarımfinalda Belarus çempionu "Bate"ni məğlubiyyətə uğratdılar. Böyük azarkeş kütləsi toplayan final matçı "Xəzər-Lənkəran"la Özbəkistan çempionu "Paxtakor" arasında keçirildi. Matçı FİFA-nın prezidenti Yozef Blatter, UEFA-nın prezidenti Mişel Platini, Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko da izləyirdilər. İlk hissədə özbəklər iki dəfə hesabda irəli çıxsalar da, fasiləyə komandalar 2:2 hesablı bərabərliklə yollandı. Xüsusilə Zaur Ramazanovun "Paxtakor"un qapısına vurduğu qolu FİFA və UEFA-nın prezidentləri ayaq üstə alqışladılar. İkinci hissədə matça tamamilə nəzarət edən "Xəzər-Lənkəran" nəticədə 4:3 hesablı qələbə qazanaraq kuboku Azərbaycana gətirdi.

Heydər Əliyev adına beynəlxalq hava limanında lənkəranlı futbolçular  əsl qəhrəmanlar kimi qarşılandılar. Ölkə rəhbərliyi də bu hadisəyə biganə qalmadı. Respublika Prezidenti cənab İlham Əliyev möhtəşəm qələbə münasibətilə "Xəzər-Lənkəran"ın heyətini qəbul etdi. Klubun üzvlərini təbrik edən dövlət başçısı komandaya gələcək yarışlarda uğurlar arzuladı. Cənab İlham Əliyev onu da diqqətə çatdırdı ki, "Xəzər-Lənkəran"ın qələbəsi bölgələrdə də futbolun inkişaf etdiyini göstərir. Klubun fəxri prezidenti Mübariz Mənsimov çıxışında bildirdi ki, ölkənin adını uca tutmaq üçün bundan sonra daha böyük qüvvə ilə çalışacaqlar.

2007-2008-ci illər mövsümündə "Xəzər-Lənkəran" daha bir titulun sahibi oldu. Əsas diqqətini MDB və Baltikyanı ölkələrin çempionlarının "Birlik Kuboku"na yönəldən komanda üç cəbhədə (ölkə çempionatı, ölkə kuboku və "Birlik Kuboku") mübarizə aparmaqda çətinlik çəkirdi. Çempionluq şansını erkən itirən futbolçular bunun əvəzini ölkə kuboku uğrunda yarışda çıxdılar. Bakıda T.Bəhramov adına Respublika stadionunda keçirilən final görüşündə "Xəzər-Lənkəran" paytaxtın "İnter" komandası ilə qarşılaşdı. Dramatik xarakter almış görüşün sonunda sevinən tərəf "ağ-yaşıl" geyimli futbolçular oldular. Komanda oyun boyu üstünlüyə sahib olsa da, matçın 90 dəqiqəsi qolsuz başa çatdı. Əlavə vaxtda isə zədə üzündən mövsümün böyük hissəsini, o cümlədən "Birlik Kuboku" turnirini buraxmalı olmuş Junior Osvaldo səhnəyə çıxdı. Əlavə vaxtın ikinci hissəsinin əvvəlində cərimə zərbəsini mükəmməl yerinə yetirən braziliyalı yarımmüdafiəçi tribunalarda böyük çoxluq təşkil edən lənkəranlı fanatların çılğınlığını son həddə çatdırdı. Son dəqiqələrdə "İnter"in oyunu xilas etmək üçün ciddi səy göstərəcəyi düşünülsə də, cənub təmsilçisi daha güclü olduğunu ikinci qolu vurmaqla sübuta yetirdi.

2010-2011-ci illər mövsümünün başlanmasına az qalmış rumıniyalı məşqçi Mirça Rednik "Xəzər-Lənkəran"ın sükanı arxasına keçdi. Qış transfer pəncərəsində bir sıra futbolçuları komandaya gətirən mütəxəssis mövsümün sonuna doğru daha baxımlı futbol nümayiş etdirən heyət qura bildi. Nəticədə "Xəzər-Lənkəran" milli çempionata gümüş medallarla yekun vurdu. Mövsümün ən uğurlu nailiyyəti isə komandanın tarixində üçüncü dəfə Azərbaycan kubokunu qazanması oldu. Ötən ilin dekabrında "Xəzər-Lənkəran"a yeni baş məşqçi təyin olundu. Bu, mövsümün əvvəlində komandaya gətirilmiş və aşağı yaş qrupları üzrə koordinator vəzifəsində çalışmış türkiyəli mütəxəssis Cüneyd Biçər idi. Hazırda "Xəzər-Lənkəran" Premyer-liqanın liderlər qrupundadır.

 

 Lənkəranlı taekvondoçu Olimpiadaya lisenziya qazanır

 

 Ötən ilin iyununda Bakıda taekvondoçular arasında London Yay Olimpiya oyunlarına lisenziya verən təsnifat turniri keçirildi. Turnirdə 110 ölkədən gəlmiş 500-dək idmançı qələbə uğrunda mübarizə aparırdı. Kişi və qadın taekvondoçular 4 olimpiya çəki dərəcəsində qüvvələrini sınadılar. Qaydalara görə, hər ölkə taekvondo üzrə lisenziya yarışlarında 2 kişi və 2 qadın idmançı ilə təmsil olunmuşdu. İlk üç yeri tutan idmançılar London-2012-yə lisenziya aldılar. Ümumilikdə, 24 lisenziya qazanılan bu yarışda ölkəmizi kişilər arasında Elvin Məmmədov (68 kq) və Ramin Əzizov (80 kq), qadınlar arasında Günay Ağakişiyeva (57 kq) və Fəridə Əzizova (67 kq) təmsil etmişlər. Taekvondoçularımız uğurla çıxış edərək 1 qızıl və 1 gümüş medal qazandılar. Beləliklə, London-2012-yə 2 lisenziya əldə olundu.

Sevindirici haldır ki, lisenziyalardan birinin sahibi "Təhsil" Respublika İdman Mərkəzinin Lənkəran filialının yetirməsi, hazırda orada məşqçi işləyən Ramin Əzizovdur. Ramin təsnifat turnirində qızıl medala layiq görülməklə London-2012-də iştirakını təmin edib.

Bəs Ramin Əzizov bu zirvəni necə fəth etdi? Təbii ki, əzmkarlığı sayəsində. Ramin yarışın üçüncü günü mübarizəyə qoşuldu. 1/16 final mərhələsində ilk rəqibi çinli Lai Lin oldu. Əsas vaxtda döyüşü 7:7 hesabı ilə bitirsə də, əlavə vaxtda 3 xallıq zərbə ilə qalib gəldi. Sonra avstriyalı Əsən Burakla qarşılaşdı. Döyüş son dərəcə gərgin və çətin keçdi. İlk iki raundda lənkəranlı taekvondoçu xalda geri qalırdı. Lakin bütün qüvvəsini toplayaraq irəli keçə bildi və 10:8 hesabı ilə qələbə qazandı.

1/4 finalda Ramin mərakeşli İsam Şərnubiyi bir xal fərqi ilə məğlub etdi. Pekin Olimpiadasının gümüş mükafatçısı, italiyalı Mauro Sarmienteyə isə 5 xal üstünlüyü ilə qalib gəldi. Finalda Ramin iranlı Yusif Kərəmi ilə üz-üzə gəlməli idi. Lakin rəqib zədəli olduğundan döyüşü davam etdirə bilmədi. Ramin döyüşsüz çempion adına layiq görüldü. Beləliklə, Ramin Əzizov dünya təsnifat turnirinin qızıl mükafatçısı oldu və yığmamıza ikinci lisenziyanı qazandırdı.

... Ramin Əzizov 1997-ci ildən "Təhsil" RİM Lənkəran filialının məşqçisi Vüqar Sultanovun rəhbərliyi altında taekvondo ilə məşğul olmağa başlamışdır. Ali məktəbə daxil olduqdan sonra məşqlərini "Dinamo"  idman cəmiyyətində davam etdirmişdir. Burada məşqçisi Səbuhi Zülfüqarov oldu. Onun rəhbərliyi altında bir sıra məsul yarışlarda qüvvəsini sınadı. 2005-ci ildə ölkə çempionu oldu və Avropa birinciliyinin bürünc medalını qazandı. Daha sonra böyüklər arasında keçirilən ölkə çempionatında üçüncü yeri tutdu. 2009-cu ildə isə Dünya kubokunun sahibi oldu və son dünya çempionatının bürünc medalını qazandı. 2011-ci ildə ABŞ, Fransa, Almaniya və Ukraynada keçirilmiş beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır.

Bütün bu uğurlar Ramini daha böyük qələbələrə ruhlandırdı. Odur ki, həmin yarışlardan sonra London Olimpiadasına lisenziya verən turnirə hazırlaşmağa başladı. Hələ dünya çempionatında kişi idmançıları arasında yaxşı nəticə göstərdiyinə görə lisenziya xarakterli yarışda iştirak etmək hüququ əldə etmişdi. Budur, indi daha mühüm nəticə qazanılıb. İdmançımız Bakıda keçirilən dünya təsnifat turnirində də məharətini yüksək səviyyədə nümayiş etdirərək qızıl medal və London-2012-yə lisenziya alıb.

 

İlin ən yaxşı şahmat məktəbi

 

Ötən il dekabrın 29-da Təhsil Nazirliyində 2011-ci ilin yekunlarına həsr olunmuş "İlin ən yaxşı idman məktəbləri" nominasiyası üzrə tədbir keçirildi. Lənkəran Şəhər Şahmat Məktəbi "Respublikanın rayonları üzrə ilin ən yaxşı uşaq-gənclər şahmat məktəbi" nominasiyasının qalibi elan edildi. Bundan əlavə, "İlin ən yaxşı şahmatçısı" nominasiyası üzrə Lənkəran Şəhər Şahmat Məktəbinin uğurlarında xüsusi rolu olan, şəhər 4 saylı humanitar təmayüllü məktəb-liseyin şagirdi Cavidan Babazadə qalib gəldi.

Lənkəran Şəhər Şahmat Məktəbi keçən il ölkədaxili və beynəlxalq yarışlarda, o cümlədən Avropa və dünya birinciliklərində bir çox uğurlara imza atıb. Şahmat məktəbinin şagirdlərinin ötən ilki uğurlarına nəzər salaq:

2-11 yanvarda Neftçala şəhərində keçirilən ölkə birinciliyinin seçmə yarışlarında Sədəf Babazadə 10 yaşadək qızlar arasında birinci yeri, Kənan Əhədzadə isə 10 yaşadək oğlanlar arasında üçüncü yeri tutaraq finala vəsiqə qazandılar.

28 yanvar-7 fevralda Rusiyanın Moskva şəhərində keçirilən "Moskva-OPEN-2011" beynəlxalq şahmat festivalında 15 yaşadək şahmatçılar arasında Cavidan Babazadə ikinci yeri tutaraq Avropa birinciliyinə vəsiqə qazandı.

25 fevral-6 martda İsmayıllı rayonunda Xocalı şəhidlərinin xatirəsinə həsr edilmiş respublika şahmat turnirində 10 yaşadək şahmatçılar arasında Kənan Əhədzadə ikinci, Murad Rzayev isə üçüncü nəticə göstərdi.

11-20 martda Astara şəhərində uşaq-gənclər şahmat məktəbləri komandalarının ölkə birinciliyinin seçmə yarışlarında Lənkəran Şəhər Şahmat Məktəbinin oğlanlardan ibarət komandası birinci yeri tutdu, qızlardan ibarət komandası isə üçüncü nəticə göstərdi.

29 aprel-9 mayda Polşanın Krakov şəhərində məktəblilərin 7-ci dünya çempionatında Cavidan Babazadə 9 oyundan 6 xal toplayaraq 3-4-cü yerləri bölüşdü.

14-23 iyunda Astara şəhərində 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş respublika şahmat turnirində İbrahim Fərəcov ikinci yeri, 8 yaşadək oğlanlar arasında Şərif Məcidzadə birinci yeri, 5 yaşlı Nəsir Qurbanov üçüncü yeri, 10 yaşadək oğlanlar arasında Bünyad Məcidzadə ikinci yeri, 12 yaşadək qızlar arasında Nəzrin Mirzəzadə birinci yeri, 12 yaşadək oğlanlar arasında Cəfərsadiq Ağazadə ikinci yeri tutdular.

9-20 iyunda Bakı şəhərində 10 yaşadək şahmatçılarin ölkə birinciliyinin finalında Kənan Əhədzadə üçüncü yeri tutaraq qitə çempionatına vəsiqə qazandı.

21-26 iyunda Ukraynanın Mukaçevo şəhərində keçirilən 3-cü beynəlxalq "Mukaçevo-2011" şahmat festivalında Cavidan Babazadə birinci yeri tutaraq festivalın diplom, kubok və medalına, habelə pul mükafatına layiq görüldü.

 

İyulda İsmayıllı rayonunda Yeniyetmələrin Respublika Olimpiadasında Cavidan Babazadə 14 yaşadək şahmatçılar arasında ikinci, məsələ həlli üzrə birinci yeri tutdu.

 

Avqustda Rusiyanın Həştərxan şəhərində 6-cı Həştərxan Beynəlxalq Şahmat Festivalında A qrupunda Elnur Əliyev ikinci yeri, Cavidan Babazadə 16 yaşadək şahmatçılar arasında birinci yeri, eləcə də sürətli şahmat birinciliyində birinci yeri, Kənan Əhədzadə 10 yaşadək şahmatçılar arasında birinci yeri tutmuş, 9 yaşlı Murad Rzayev sürətli şahmat üzrə üçüncü nəticə göstərərək festivalın diplom, medal, kubok və pul mükafatını qazanmışlar.

11-19 oktyabrda Türkiyənin Antalya şəhərində Məktəblilərin Avropa Birinciliyində Cavidan Babazadə ikinci yeri tutdu.

9-14 noyabrda Bakı şəhərində milli müstəqilliyin 20-ci ildönümünə həsr olunmuş açıq şahmat turnirində Arzu Mirizadə 8 yaşadək qızlar arasında üçüncü nəticə göstərdi.

21-28 noyabrda Bakı şəhərində uşaq-gənclər şahmat məktəblərinin komandalarının final turnirində Lənkəran Şəhər Şahmat Məktəbinin komandası üçüncü yeri tutdu.

11-20 dekabrda Astara şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş respublika şahmat turnirində 10 yaşadək oğlanlar arasında Murad Rzayev birinci yerə, Bünyad Məcidzadə ikinci yerə, 10 yaşadək qızlar arasında Nəzrin Mirzəzadə ikinci yerə, 12 yaşadək qızlar arasında İlhamə Əbilova birinci yerə, 12 yaşadək oğlanlar arasında Cəfərsadiq Ağazadə ikinci yerə, 14 yaşadək oğlanlar arasında Emil Bağırov üçüncü yerə çıxdılar.

25 dekabrda 2011-ci ildən 1 yanvar 2012-ci ilədək İsveçrənin Cenevrə şəhərində 28-ci Beynəlxalq Şahmat Festivalında Kənan Əhədzadə yeniyetmələr arasında birinci yeri tutaraq festivalın diplom, medal və pul mükafatına layiq görüldü.

 

Yarışlar davam edir

 

Ötən il  Lənkəranın idman həyatı əlamətdar hadisələrlə yadda qaldı. Şəhər Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə idmanın müxtəlif sahələri üzrə bir sıra turnirlər keçirildi. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş boks, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunmuş futbol, Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş tir atıcılığı, Dövlət Müstəqilliyi Günü münasibətilə ağır atletika, Milli Dirçəliş Günü münasibətilə məktəblilərin şahmat, Respublika Günü münasibətilə sərbəst və yunan-Roma güləşi üzrə rayon birinciliyi və digər yarışlar bu qəbildəndir.

Lənkəran idmanı hazırda yüksəliş və tərəqqi dövrünü yaşayır. Şübhə yoxdur ki, bundan sonra da lənkəranlı gənclər idmanın müxtəlif növlərində uğurlarını artıracaq və ölkənin idman şərəfini layiqincə qoruyacaqlar.

 

 

 Seyran CAVADOV

 

Azərbaycan.- 2012.- 5 fevral.- S. 5.