Ekoloji kənd təsərrüfatı - bu, günümüzün ümdə problemidir

 

 Ekoloji cəhətdən təmiz ərzaq məhsullarının istehsalı bütün sivil dünyanın diqqət mərkəzindədir. Azərbaycanda da bu mühüm problemin ümumdövlət səviyyəsində həlli üçün sistemli addımlar atılır. 2008-ci il avqust ayının 25-də Prezident İlham Əliyev "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanununu imzaladı. Bu mühüm dövlət sənədinin qəbulundan xeyli əvvəl Gəncə Aqrobiznes Assosiasiyası tərəfindən ölkə üzrə ekoloji kənd təsərrüfatı hərəkatının tanınması, onun gələcək inkişafı və genişlənməsi üçün hüquqi baza yaradılmışdı.

Gəncə Aqrobiznes Assosiasiyasının təsisçisi, professor Amin Babayevin fəal iştirakı ilə Qərb bölgəsi rayonlarında geniş maarifləndirmə işi aparılmış, ekoloji kənd təsərrüfatı ilə məşğul olan fermerlərə maliyyə dəstəyinin göstərilməsi üçün mikrokredit xidməti təşkil edilmiş, "Ekoloji Kənd Təsərrüfatı" adlı aylıq jurnalın nəşrinə başlanılmış, ölkəmizdə ilk ekoloji sertifikatlaşdırma orqanı olan "AZEKOSERT" MMC yaradılmış, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında (indiki Dövlət Aqrar Universiteti) Ətraf mühit və torpağın ekoloji monitorinqi laboratoriyası açılmış, ekoloji kənd təsərrüfatı kafedrası fəaliyyətə başlamışdır. Qazanılan çoxillik təcrübə əsasında ekoloji təmiz kənd təsərrüfatı haqqında qanun layihəsi hazırlanaraq Azərbaycan Respublikası Milli Məclisinə təqdim edilmişdir. Nəhayət, "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanunu Gəncə Aqrobiznes Assosiasiyasının fəaliyyətinə güclü təkan vermişdir.

İllər boyu davam edən gərgin axtarışların nəticəsi olaraq əməkdar müəllim, professor A.Babayevin və kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Vüqar Babayevin həmmüəllif olduqları "Ekoloji kənd təsərrüfatının əsasları" adlı ali məktəblər üçün ilk qrifli dərsliyi nəşr edilmişdir.

Müəlliflər yazırlar ki, ekoloji kənd təsərrüfatı haqqında təlimin əsası XIX əsrin əvvəlində İsveçrədə qoyulmuşdur. Sonralar bu təlim inkişaf edərək XX əsrin ortalarında "üzvi", "ekoloji", "bioloji" adları altında davamlı kənd təsərrüfatı sistemi kimi formalaşmağageniş miqyas almağa başlamışdı.

1972-ci ildə isə Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyası yaradıldı. Hazırda onun bütün qitələri təmsil edən 700-dən çox üzv təşkilatları var. Dünyanın bir çox yerlərində, o cümlədən ABŞ-da, Avstraliyada, Çində, Yaponiyada, Türkiyədə, bir sıra Avropa Birliyi ölkələrində ekoloji kənd təsərrüfatı geniş inkişaf edir, bu dəyərli üsul hər yerdə dövlət səviyyəsində dəstəklənir.

Son illərdə Azərbaycanda da bu mühüm məsələyə xüsusi diqqət yetirilir. Hələ neçə il bundan əvvəl professor A.Babayev ekoloji kənd təsərrüfatı fənni üzrə müvafiq proqram tərtib etmişdirbu fənn o vaxtdan Dövlət Aqrar Universitetində tədris olunur. Gərgin zəhmət sayəsində ərsəyə gələn "Ekoloji kənd təsərrüfatının əsasları" dərsliyi ekoloji təsərrüfatın davamlı inkişafı, onun elmikadr hazırlığı üçün dəyərli töhfədir.

543 səhifədən ibarət bu kitabda elmin son nailiyyətləri əsasında bitkiçilik, heyvandarlıq sahələrinin bütün mövcud bölmələrinin ekoloji durumu və problemləri təhlil edilmişonun davamlı inkişafı üçün dəyərli elmi və təcrübi məlumatlar əsasında mühüm tövsiyələr verilmişdir. Dərslik aqrar bölmədə təhsil alan tələbələrlə yanaşı, bu sahədə çalışan alimlər, fermerlər və digər mütəxəssislər üçün kənd təsərrüfatının təbiətin qanunlarına uyğun idarə olunmasına dair zəngin bilikinformasiya mənbəyidir.

Monoqrafiyada təbiətdən istifadənin ümumi əsasları, ekoloji əsasları, iqtisadi əsasları, elmi əsasları barədə geniş bəhs edilməklə yanaşı, ekoloji təsərrüfatçılıq şəraitində torpaq istifadəçiliyinin elmi perspektivləri, ekoloji əkinçilikdə landşaft dizaynı, təmiz məhsulların marketinqi, inspeksiyası və sertifikatlaşdırılması məsələləri ayrı-ayrı fəsillərdə şərh olunur.

Dərsliyin "Əlavələr"ində də bitkiçilik, heyvandarlıq və baytarlıq  təbabətinə aid tövsiyələr verilmişdir. Böyük bir siyahıda dərman bitkilərinin, onların istifadə təyinatı və qaydalarının, habelə Azərbaycan, rus, türkingilis dillərində olan ədəbiyyatın verilməsi də diqqətəlayiqdir. Kitabda Azərbaycan Respublikasında ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalında baş verən yeniliklər, nailiyyətlər dolğunluqla öz əksini tapmışdır.

Əsərdə digər sahələrlə yanaşı, tərəvəzçiliyə aid olan bir sıra materiallar dərc edilmişdir. Lakin bunlar "qarışıq əkinlər" fonunda təsvir olunub. Tərəvəzçilikdə qəbul edilmiş "sıxlaşdırılan", "təkrar" və "çəpərli" əkinlərdə bitkilərin qarşılıqlı münasibətləri haqqında da qısa məlumat verilsəydi daha yaxşı olardı.

Ümumiyyətlə desək, ilk təcrübə olmağına baxmayaraq  elmin və təcrübənin son nailiyətləri əsasında səriştəli şəkildə yazılmış, kənd təsərrüfatının davamlı idarə edilməsi ilə bağlı ekologiya elminin proqram məsələlərini dolğun işıqlandıran bu sanballı dərslik məntiqi ardıcıllıqla və əyani materiallarla yetərincə zənginləşdirilmiş bilik mənbəyidir.

 

 

Şikar ƏLİYEV,

Azərbaycan Dövlət Aqrar

Universitetinin professoru,

kənd təsərrüfatı elmləri doktoru,

əməkdar müəllim

 

Azərbaycan.- 2012.- 5 fevral.- S. 6.