Bu da bir tarixdir, yaşadaq
gərək
Yaşıllıqlar qoynunda böyük bir abidələr kompleksi ucalır. Baxdıqca heyran
qalırsan. Möhtəşəm binaların yüz ildən çox yaşı var. Amma elə bil dünən
tikilib. Memarlığı da gözəldir,
inşa tərzi, məqsədi-məramı da.
Sən demə bu, öz vaxtında
böyük sənaye
mərkəzi olub. Zəyəm neft kəməri stansiyası adlanırdı. Tovuz rayonunun Aşağı Ayıblı kəndində
yerləşir. 1889-cu ildə
tikilməyə başlanılıb,
1906-cı ildə son tamamlama
işləri görülüb.
Dövrün zəruri ehtiyacından
yaranmışdı. 1984-cü ilə qədər Bakıdan-Batumiyə xam neft ötürməklə
məşğul olub.
1984-1985-ci illər isə
elə bu xətlə əks istiqamətdən yəni,
Gürcüstanın ərazisindəki
Sacdağ deyilən yerdən Bakıya neft gəlib. Tərkibində parafin çox olduğuna görə qışda trubalar tez sıradan
çıxırdı. 1980-ci illərə qədər neft dizel mühərrikləri
ilə ötürülüb,
1980-1985-ci illər isə
dizellər elektrik mühərriki ilə əvəz olunub.
Stansiya bir inzibati bina
və bir neçə yardımçı
korpusdan ibarətdir. Dörd ədəd çox iri çəni vardır. Əsas bina üç hissəyə bölünür. Dizel şöbəsi, nasos bölməsi və ocaqçı, yəni buğ verən sahə. Bundan əlavə, neft, dizel yanacağı və su üçün
hərəsi üç
min tonluq ehtiyat çənləri var. Bütün
kompleks daş özül üzərində
bişmiş kərpiclə
inşa edilib. Yanında da çox uca bir tüstü qülləsi hündürlüyü
42 metr! Üstündə
də tarixi var: 1903.
Stansiyanın 2,5 hektarlıq sahəsi
dəmir torla əhatə olunub. Hasardan kənarda isə fəhlələr üçün dörd yaşayış binası
inşa edilib.
Belə
bir tarixi obyektin taleyi necə olacaq? Bu qeydləri hazırlayarkən
mühəndis Kərim
Kərimovla görüşdük.
1963-cü ildən burada
işləyir. Əvvəl
mexanik, sonra stansiya rəisi olub. İndi isə könüllü surətdə mühafizəçi
rolunu oynayır. Kərim Kərimov deyir ki, Bakı-Batumi
xətti ilə sutkada dörd-beş min
ton xam neft ötürülürdü. Yeddi
məntəqəsi olub:
Saloğlu, Zəyəm,
Gəncə, Kürəkçay,
Yevlax, Sığırlı,
Bərgüşad stansiyaları.
İndi onların bir hissəsi batıb gedib. Salamat olanları isə sahibsiz qalıb. O vaxtı Bakıdan borular vasitəsilə gələn
neft bu stansiyada
qəbul olunur, çənlərə yığılır,
sonra da yola salınırdı.
1985-ci ilə kimi
normal işləyib. Zəyəm
stansiyası əvvəllər
Azərbaycan Neft Satışı və Təchizatı İdarəsinin
tabeliyində idi.
1985-ci ildə Ceyrançöl
neft kəşfiyyatı
idarəsinin balansına
verilib. Tarixi obyektin dönəlgəsi
dönmüşdü.
1989-cu ildə o "Keramika"
Elm-İstehsalat Birliyinə
ötürüldü. Onda
Gəncə çini
qablar zavodunun mütəxəssisləri gələrək
burada üç il məhsul buraxıblar. 1992-ci ilin iyun ayında çini qab ustaları da getdilər. Obyekt qeyri-müəyyən şəkildə
sahibsiz qalıb.
Ölkədə tarixi abidələrin
mühafizəsinə və
turizmin inkişafına
xüsusi diqqət verildiyi indiki dövrdə bu tarixi memarlıq kompleksinin taleyi ciddi narahatlıq doğurur. Onun adını Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə təsdiq olunmuş dövlət tərəfindən mühafizə
olunan abidələrin
siyahısında tapa bilmədik. Özəlləşdirilməsi
və ya bərpa edilməsinin qeydinə qalan da yoxdur! Düşünürsən,
belə bir memarlıq kompleksi nə üçün nəzər-diqqətdən kənarda
olmalıdır. Axı
bu da bir
tarixdir, yaşadaq gərək!
Əhməd
İSAYEV
Azərbaycan.- 2012.-1 fevral.- S. 7.