Keçmişə səyahət

 

Respublika Veteranlar Şurası Azərbaycan və rus xaqları arasındakı dostluq münasibətlərinin və mədəni əlaqələrin qorunub saxlanılması və inkişafı üçün həmin ölkənin bir çox təşkilatları, o cümlədən qeyri-hökumət və veteran təşkilatları ilə əlaqələrin daha da genişlənməsinə qarşılıqlı keçirilən tədbirlərə böyük əhəmiyyət verir.

Belə tədbirlərdən biri bu il yanvar ayının 26-da Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Bakı şəhər veteran təşkilatları fəallarının iştirakı ilə açılan fotosərgi oldu. ROSFOTO-nun (Sankt-Peterburq şəhəri) dövlət sərgi muzeyi mərkəzinin hazırladığı və təqdim etdiyi "Çoxsimalı Rusiya" adlanan fotosərgiyə Rusiyanın Azərbaycandakı səfirliyinin, Azərbaycanın Turizm və Mədəniyyət Nazirliyinin, respublika fotoqraflar ittifaqının, yaradıcı birlikləri, respublika veteran təşkilatlarının və digər təşkilatların nümayəndələri də dəvət edilmişdilər.

Sərgini Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin rəhbəri Ə.Şeyxov açdıqdan sonra, fotosərginin təşkilatçılarından biri olan ROSFOTO-nun baş direktorunun müavini S.Y.Kuzmin bu səginin ilk dəfə Bakıda nümayiş etdirildiyini qeyd edib burada nümayiş etdirilən foto materiallar barədə məlumat verdi.

"Çoxsimalı Rusiya" layihəsi çərçivəsində keçirilən bu sərgidə qonşu ölkənin XIX əsrə dair həyatını və tarixini əks etdirən arxiv fotoşəkilləri nümayiş olunur. Onların arasında rus fotoqrafları D.İ.Yermakova, İ.V.Boldıryevə, P.P.Pokrişkinə, N.İ.Çaruşinə və digər sənətkarlara məxsus müxtəlif janrlı fotoşəkillər,  portretlər vardır.

Dünya memarlığının inciləri olan bir çox məbədlərin, xüsusilə Novqoroddakı Sofiya məbədinin, Nerlidəki Pakrov kilsəsinin, Vladimirdəki Uspenski kilsəsinin, Yuryevdəki Georgiyevski məbədinin, Moskva Kremlinin, Peterburq şəhərinin qədim tarixi abidələrinin fotoşəkilləri tamaşaçıların böyük marağına səbəb olmuşdur.

Rusiya Federasiyasının ərazisində qədim dövrlərdən məskunlaşmış müxtəlif dinlərə məxsus olan, öz adət-ənənələrini və həyat tərzini qoruyub saxlayan azsaylı xalqların, etnik qrupların öz milli geyimlərində və bəzək əşyalarındakı fotoşəkilləri də diqqəti cəlb edən eksponatlardandır.

Ümumiyyətlə, sərgidə nümayiş etdirilən unikal, nadir foto materiallar XIX əsr Rusiyasının həyatı və tarixi ilə tanış olmağa yaxşı imkan yaradır.

 

 

Zahiddin ABBASOV,

Respublika Veteranlar Şurasının

beynəlxalq əlaqələr və xalqlar arasında

dostluq komissiyasının sədri

 

Azərbaycan.- 2012.-1 fevral.- S. 7.