Prezident İlham Əliyev İndoneziyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Raden Prayono Atiyantonun etimadnaməsini qəbul etmişdir.

Səfir Raden Prayono Atiyanto fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Raden Prayono Atiyanto etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan Respublikası ilə İndoneziya Respublikası arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birilərinə daim  qarşılıqlı dəstək vermələrinin önəmini qeyd etdi. Azərbaycanın İndoneziyada  bir neçə il bundan əvvəl səfirliyinin fəaliyyətə başladığını vurğulayan Prezident İlham Əliyev İndoneziyanın ölkəmizdə səfirliyinin açılmasını əməkdaşlığımızın daha da genişləndirilməsi işinə xidmət edəcəyini dedi. Dövlət başçısı Azərbaycan ilə İndoneziya arasında əlaqələrin iqtisadi, investisiya qoyuluşu, birgə layihələr ticarət sahələrində inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Raden Prayono Atiyantonun İndoneziyanın ilk səfiri kimi  Azərbaycanda diplomatik fəaliyyətə başlamasının önəmini qeyd edən Prezident İlham Əliyev ona uğurlar arzuladı.

Səfir Raden Prayono Atiyanto İndoneziya Respublikasının  Prezidenti Susilo Bambanq Yudhoyononun salamlarını dövlət başçısına çatdırdı. O, ölkəsinin Azərbaycan ilə dostluğu əməkdaşlığı genişləndirməyə maraqlı olduğunu dedi. Ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsinin razılıq doğurduğunu vurğulayan diplomat iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün İndoneziya Prezidentindən xüsusi tapşırıq aldığını dedi.

Dövlət başçısı Prezident Susilo Bambanq Yudhoyononun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İndoneziya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.-8 fevral.- S.  1.