«Hesab edirəm ki, Türkiyə
Böyük Millət Məclisində Xocalı ilə
bağlı müəyyən qərarlar qəbul etmək
imkanı olacaq»
Prezident
Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov "Media
forum" saytının suallarını cavablandırıb
- Fransada "erməni
soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə
cəlb olunmasını nəzərdə tutan qanunun qəbulu
Türkiyə və Azərbaycan münasibətləri
üçün bir sınaq oldu. Türkiyə tərəfi
Azərbaycanın dəstəyindən heç də razı
görünmür. Azərbaycan bu məsələdə
Türkiyəyə mümkün olan bütün dəstəyi
veribmi?
- Azərbaycan bu məsələdə
lap başlanğıcdan, hələ Fransa Prezidenti Nikola
Sarkozi bu ideyanı ortaya atdığı gündən
Türkiyənin yanında olub, bu gün də
yanındadır və gələcəkdə də yanında
olacaq. Azərbaycan ilk gündən bu qanunun qəbul edilməsinə
qarşı mümkün olan bütün tədbirləri
görüb, görür və gələcəkdə də
görəcək. Azərbaycanın dəstəyi Türkiyənin
rəsmi dairələrində lazımi səviyyədə dəyərləndirilib,
dəyərləndirilir və gələcəkdə də dəyərləndiriləcək.
Azərbaycan-Türkiyə
dostluğunu, iki ölkə arasında münasibətlərin
yaxşı olmasını istəməyən, buna opponentlik
edən mətbuat orqanları məsələyə müdaxilə
edir, öz fantaziyalarını işə salırlar. Belə
mətbuat orqanları həm Türkiyədə, həm Azərbaycanda,
həm də başqa ölkələrdə var. Erməni lobbisinin
dəstəyi ilə işləyən bəzi mərkəzlər
var ki, fürsətdən istifadə edib Türkiyə ilə
Azərbaycanı qarşı-qarşıya qoymaq, iki ölkə
arasındakı yüksək səviyyəli münasibətləri
pozaraq qarşıdurma yaratmaq, Ermənistan məsələsini
yenidən Türkiyə ictimaiyyətinin diqqət mərkəzinə
gətirmək istəyirlər.
Belə mərkəzlərin
başqa maraqları da mövcuddur. Ona görə də məsələnin
üzərinə təkrar-təkrar qayıtmağı, onu
çeynəməyi, ona dəfələrlə münasibət
bildirməyi lazımsız və artıq iş hesab edirəm.
Bu, tamamilə süni şəkildə yaradılan,
şişirdilən məsələlərdir. Çünki
Azərbaycan və Türkiyə məsələyə dəfələrlə
münasibət bildirib.
- Diqqəti cəlb
edən məqamlardan biri də Türkiyədə Azərbaycanı,
Azərbaycan hakimiyyətini, Prezident İlham Əliyevi tənqid
edən şəxslərin və mətbuatın Türkiyənin
hakim Ədalət və İnkişaf Partiyasına, Baş
nazir Rəcəb Tayyib Ərdoğana yaxın olmasıdır.
Azərbaycanda da hakim Yeni Azərbaycan Partiyasının mətbuat
orqanı olan "Yeni Azərbaycan" qəzeti və
iqtidaryönlü digər mətbuat orqanları bu tənqidlərə
cavab verdi.
- Türkiyəyə
dəstək verən rəsmi mövqe və fəaliyyət
ortaya qoyulub. Ona görə də mən qəzet
yazılarını şərh etmək istəmirəm.
- Türkiyə Fransanın ATƏT-in
Minsk qrupundan uzaqlaşdırılmasını tələb
edir. Azərbaycan Fransanın Minsk qrupundan
çıxarılması təşəbbüsü ilə
çıxış edə bilərmi?
- Minsk qrupu ATƏT-in
institutudur, ayrı-ayrı dövlətlərin təklifləri
və münaqişə tərəflərinin
razılığı ilə formalaşdırılır.
Türkiyə Minsk qrupunun üzvüdür və Fransanın
qurumdan çıxarılması təşəbbüsünü
irəli sürüb. Hər halda Minsk qrupunun növbəti
toplantısında Türkiyə məsələni
qaldıracaq və o zaman buna baxılacaq. Azərbaycanın rəsmi
dairələri bu işdə nə etmək
mümkündürsə, hüquqi cəhətdən nə
etmək olarsa, Fransanın bitərəfliyi pozması
hallarına qarşı hansı tədbirləri görmək
mümkündürsə, bunları müzakirə edir.
- Milli Məclisin
Sədri Oqtay Əsədov deyib ki, Fransa Minsk qrupunun həmsədri
olmağa mənəvi haqqını itirib, amma hüquqi
haqqını saxlayır. Fransanın Minsk qrupundan
çıxarılmasının mexanizmi varmı və bunu necə
etmək olar?
- Məsələnin detalları ilə
tanış deyiləm, ona görə də dərinə gedə
bilmirəm. Amma mən də parlamentin sədri Oqtay Əsədovun
fikri ilə tam razıyam. Həqiqətən də Fransa Minsk
qrupunun həmsədri olmağa mənəvi haqqını
itirib. Çünki Azərbaycanla münaqişədə olan
tərəflərdən birini açıq-aşkar və əsassız
şəkildə müdafiə edir. Fransanın Minsk qrupundan
çıxarılması məsələsinin necə
qaldırılacağına gəlincə, bu sahə üzrə
mütəxəssis olmadığıma görə şərh
verə bilmirəm.
- Bəzi
ekspertlər hesab edirlər ki, Fransanı Minsk qrupundan
uzaqlaşdırmaq mümkün deyil. Çünki bunun
üçün ATƏT-ə üzv olan ölkələrin
konsensusu, yekdil mövqeyi olmalıdır. Ona görə də
ekspertlər Azərbaycanın Fransanı Minsk qrupunun həmsədri
kimi boykot etməsi təklifini irəli sürüblər. Yəni
Azərbaycanın Prezidenti, xarici işlər naziri və
başqa rəsmiləri Fransadan olan həmsədri qəbul
etmirlər və bununla da bu ölkə Minsk qrupundan kənarda
qalır. Bunu mümkün hesab edirsinizmi?
- Azərbaycanın xarici siyasəti ilə
Xarici İşlər Nazirliyi məşğul olur. Bu məsələnin
həm beynəlxalq, həm də yerli hüquqa
uyğunluğu, effektivliyi, Azərbaycana və Türkiyəyə
nə verib-verməyəcəyi kimi məsələlər
planlı şəkildə Xarici İşlər Nazirliyində
hazırlanır. Ona görə də bu məsələni dərinləşdirib
proqnoz vermək istəmirəm.
- Azərbaycan
sanki Fransanın Minsk qrupundan uzaqlaşdırılması məsələsində
ehtiyatlı mövqe tutub və bu amil Sizin də fikirlərinizə
təsir edib...
- Bir var xarici siyasətlə
bağlı nəyisə şərh edəsən, bir də
var konkret fəaliyyət haqda danışasan. Fransanın Minsk
qrupundan uzaqlaşdırılması məsələsinin
hüquqi tərəfi və digər tərəfləri
araşdırılmalıdır. Bununla Xarici İşlər
Nazirliyi məşğul olur. Ona görə də bu məsələyə
əlavə şərh vermək istəmirəm.
- 2012-ci il
Dağlıq Qarabağ münaqişəsinin həllində
dönüş ili ola bilərmi? Azərbaycanın gözləntiləri
nədir? Rəsmi Bakı bu il Dağlıq Qarabağ siyasətinə
yenidən baxa bilərmi?
- Burada proqnoz vermək həddən
artıq çətindir. Münaqişənin həllində
gözləntilər bizim iradəmizdən tam asılı
deyil. Əlbəttə, biz çox şey gözləyirik və
bu gözləntilərimiz də beynəlxalq hüquqa əsaslanır.
Təəssüflər olsun ki, bu məsələdə bizim
mövqeyimiz məsələnin yalnız bir tərəfidir.
Digər tərəfində qeyri-konstruktiv mövqe tutan Ermənistan
durur. O biri tərəfdə isə Ermənistana çox zəif
təsir və təzyiq göstərən ATƏT-in Minsk
qrupunun həmsədrlər institutu dayanır. Ona görə də mən proqnoz
vermək istəmirəm.
Prezident İlham
Əliyev bu məsələ ilə bağlı dəfələrlə
öz mövqeyini bildirib. Azərbaycan Dağlıq Qarabağ
problemində birmənalı şəkildə ölkənin ərazi
bütövlüyünün bərpa olunması
ideyasını qoyub. İstər danışıqlar vasitəsilə,
istərsə də başqa yollarla olsun, Azərbaycan ərazi
bütövlüyünü təmin edəcək. Müddət
proqnozu vermək istəmirəm. Bizim üçün
Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın
ərazi bütövlüyünün bərpa
olunmasıdır. Azərbaycan bu çərçivədə
istənilən məsələni müzakirə etməyə
hazır olub, indi də hazırdır və gələcəkdə
də hazır olacaq.
- Xocalı
soyqırımının 20-ci ildönümü gəlir.
Soyqırımının anılması üçün
hazırlanan tədbirlər proqramında hansı məsələlər
var?
- Xocalı
soyqırımının, insanlığa və Azərbaycan
xalqına qarşı törədilmiş bu vəhşi cinayətin
ifşa olunması, onu törədənlərin cəzalandırılması
Azərbaycan dövlətinin indiyə qədər
yürütdüyü daxili-xarici siyasətin əsas prioritet
istiqamətlərindən biridir. Biz Xocalı
soyqırımı ətrafında işi bu 20 ildə bir
gün də dayandırmamışıq. Faciənin 20-ci
ildönümü olduğuna görə cənab Prezident
İlham Əliyev xüsusi sərəncam imzalayıb. Sərəncamda
20-ci ildönümünün qeyd olunması, Xocalı faciəsinin
bütünlüklə dünya ictimaiyyətinə
çatdırılması, dünya ictimaiyyətində bu faciəyə
ədalətli münasibətin formalaşdırılması,
dünya parlamentlərində bu qətliamın pislənməsi
və yaxud mümkün olan yerlərdə faciənin
soyqırımı kimi tanıdılması Azərbaycanın
xarici və daxili siyasətinin prioritet istiqaməti olaraq
vurğulanır.
Prezident Administrasiyasının
rəhbəri Ramiz Mehdiyev də xüsusi sərəncam
imzalayıb. Həmin sərəncam daxili və xarici mexanizmləri
işə salmaq, Prezident İlham Əliyevin sərəncamından
irəli gələn məsələləri həll etmək
məqsədi daşıyır. Bu işlər başlanıb
və davam edir. Nəyə nail olacağıq, necə nail
olacağıq, - əvvəlcədən bunun proqnozunu vermək
istəmirəm. Amma biz bütün gücümüzlə
çalışacağıq, Azərbaycanın ixtiyarında
olan bütün rəsmi və qeyri-rəsmi resursları
işə salacağıq. Həm diplomatik institutlar, həm də
xaricdəki diaspor qurumlarımız, xarici siyasətlə məşğul
olan digər qurumlar, Azərbaycanla dostluq münasibətləri
olan ölkələr, onların parlament nümayəndələri,
ictimaiyyət təmsilçiləri, kütləvi informasiya
vasitələri bu işə cəlb olunacaq. Bunların
hamısı ilə bağlı xüsusi proqram
hazırlanıb və həyata keçirilir.
- Sizcə, bu faciənin Türkiyə
Böyük Millət Məclisində soyqırımı kimi
tanınması Fransa parlamentinə tutarlı cavab
olardımı?
- Əlbəttə,
Türkiyə böyük dövlətdir. Onun qəbul etdiyi qərar
təkcə Türkiyədə deyil, bütün islam
dünyasında, bütün Avrasiya məkanında,
bütün dünyada bəlli təsirini göstərir,
insanlarda fəallıq yaradır. Ona görə də hesab
edirəm ki, Türkiyə Böyük Millət Məclisində
Xocalı ilə bağlı keçiriləcək xüsusi
müzakirələrdə müəyyən qərarlar qəbul
etmək imkanı olacaq.
- Ötən ilin dekabr ayının
əvvəlində İrana səfər etdiniz. Səfər
zamanı əldə olunan razılaşmaların həyata
keçirilməsi sahəsində vəziyyəti necə qiymətləndirirsiniz?
-
Çalışırıq ki, mövcud problemləri aradan
qaldıraq. Həll olunan məsələlər də var, həll
olunmayan məsələlər də. İranın bəzi
dairələri, xüsusilə də ruhani dairələri Azərbaycana,
eləcə də Azərbaycanın bəzi dairələri,
demokratik, azad mətbuatı və fərqli düşünən
ziyalıları İrana həddindən artıq maksimalist tələblər
irəli sürür, bəzi hallarda sərt bəyanatlar verirlər.
Bir-birinin daxili işlərinə müdaxilə halları da
mövcuddur. Amma çalışırıq ki, bu məsələlər
rəsmi dövlət siyasətinə, münasibətlərə
təsir etməsin. İranla Azərbaycan arasındakı
münasibətlər mehriban qonşuluq, dostluq şəraitində
davam etsin, bu münasibətlərdən İran əhalisi də,
bizim əhali də ziyan, əziyyət çəkməsin.
- Milli Təhlükəsizlik
Nazirliyi bir neçə şəxsin İranın xüsusi
xidmət orqanlarının sifarişi ilə Azərbaycanda
ictimai xadimin həyatına sui-qəsd
hazırladığı və bunun qarşısının
alındığı haqda bəyanat yaydı. Bir məsələ
qaranlıq qaldı ki, bu hadisə Sizin səfərinizdən əvvələ,
yoxsa sonraya təsadüf edib. Bu o deməkdirmi ki, İran əvvəlki
kimi müxtəlif vasitələrlə Azərbaycana öz təzyiqlərini
davam etdirir?
- Mən elə
düşünmürəm. Hər halda biz bu faktın
mövcudluğunu da İrandakı bəzi strukturların,
şəxslərin iki dövlət arasındakı münasibətləri
gərginləşdirmək, pozmaq cəhdləri kimi dəyərləndiririk.
Əgər İran hökuməti onun bu faktla heç bir əlaqəsinin
olmadığını bəyan edibsə, deməli, İranda
başqa dairələr, qüvvələr də var ki, onlar
iki dövlət arasında münasibətləri gərginləşdirməyə,
korlamağa çalışırlar. Bunu aşkarlamaq,
günahkarları cəzalandırmaq həm İran, həm də
Azərbaycan tərəfinin borcudur.
- Ötən ilin əvvəllərində
Azərbaycanda korrupsiyaya qarşı yüksək səviyyədə
mübarizə elan olundu, bununla bağlı sərəncamlar,
qərarlar verildi, qanunlarda dəyişiklik edildi. Korrupsiya ilə
mübarizənin nəticələrini necə qiymətləndirirsiniz?
- Baş prokuror
yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi
və Korrupsiyaya Qarşı Mübarizə üzrə
Komissiyanın açıqlamaları, görülmüş təbdirlər,
onların dəyərləndirilməsi göstərir ki,
ötən il bu sahədə kifayət qədər effektli
addımlar atılıb və nəticələr də
göz önündədir. Xüsusilə də iqtisadi vəziyyətin
yaxşılaşdırılması və korrupsiyaya
qurşanmış sahələrdə normal iş ahənginin
yaradılması, bu sahələrin şəffaflaşdırılması
istiqamətində çoxlu tədbir görülüb.
Qanunlar qəbul edilib, sərəncamlar verilib və bunlar kifayət
qədər effektli nəticələr doğurub.
Amma korrupsiyaya
qarşı mübarizə elə bir prosesdir ki, onu bir gün
də olsun dayandırmaq olmaz. Davamlı şəkildə bu
işi aparmaq lazımdır və 2012-ci ildə də bu
iş aparılacaq. İctimaiyyət arasında müəyyən
sorğular keçirilir. Hansı sahədə problemlər,
narahatlıq doğuran məsələlər qalıbsa, harada
rüşvətxorluq halı tendensiya şəklini alıbsa,
orada mübarizə tədbirləri həyata keçiriləcək.
Burada ayrı-ayrı hallardan deyil, sistemdən söhbət
gedir, yəni bu kimi hallar hansı sahədə sistemləşib.
Həmin sahələrdə mübarizə tədbirləri
gücləndiriləcək.
- Əli müəllim, korrupsiya və
rüşvətxorluqla mübarizəni çətinləşdirən
nədir? Dövlət qurumlarında işləyənlərin
əməkhaqqının az olması, yoxsa yüksək vəzifəlilərin
korrupsiyanı himayə etməsi?
- Mən bunun təfsilatına vara bilmirəm.
Əsas odur ki, sadaladığınız amillərin hər
birinin öz yeri var. Əlbəttə, müəyyən qədər
insanların vərdişləri də var, keçmiş mərəzdən
qurtula bilmirlər, bəzi vətəndaşlarımızın
qeyri-prinsipiallığı da var ki, öz məsələlərini
tez həll etmək üçün rüşvətə əl
atırlar. Eləcə də bəzi məmurların müəyyən
sahələrdə öz vəzifələrindən sui-istifadə
etməsi, qeyri-şəffaflıq halları da olur. Korrupsiya
doğuran halların müxtəlif elementləri mövcuddur.
Bunlar sistemli şəkildə öyrənilir və onlara
qarşı sistemli şəkildə tədbirlər həyata
keçirilir.
- Baş prokuror
yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin
və Korrupsiyaya Qarşı Mübarizə üzrə
Komissiyanın açıqladığı hesabatlara baxanda məlum
olur ki, korrupsiya və rüşvətə görə cəzalandırılan
ən yüksək vəzifəli məmur hansısa qurumda
idarə və ya şöbə müdiri olub. Ekspertlər isə
hesab edirlər ki, korrupsiya və rüşvət lokal proses
deyil və yüksək səviyyədə himayədarları
olmasa, onu reallaşdırmaq mümkünsüzdür. Azərbaycanda
korrupsiya və rüşvətin yüksək vəzifəli
himayədarlarının olması haqda deyilənlərlə
razısınızmı?
- Rüşvətxorluq, korrupsiya və digər
qanun pozuntularına qarşı mülahizə ilə
mübarizə aparmaq olmaz. Əgər yüksək vəzifəli
şəxs sərəncam imzalayıbsa, konkret göstəriş
veribsə və onun burada imzası varsa, adı keçirsə,
əlbəttə ki, bu, artıq təsdiqlənmiş
faktdır və ona qarşı tədbir görülməlidir.
Yox, kimsə, hansısa məmur yüksək səviyyəli
şəxsin əhvali-ruhiyyəsini nəzərə alıb
bu işi həyata keçiribsə, bunun məsuliyyətini də
məmur daşımalıdır. Kim konkret halda qanunu pozubsa, o
da cəzasını almalıdır. Himayəçilik-filan
hamısı boş şeydir. Kim qanunu pozursa, o da cəzalanmalıdır.
Əgər işi icra edən tabe olmursa, qoy bəyanat versin,
yuxarı orqana şikayət etsin ki, kimsə onu bu işə
təhrik edir. Belə bəyanat yoxdursa, bu barədə xəbər
vermə mövcud deyilsə, deməli, bu işlər
birbaşa həmin məmurun öz fəaliyyətindən
qaynaqlanır.
- Dövlət
investisiyası ilə yolların çəkilməsi,
körpülərin, elektrik stansiyalarının tikilməsi,
Bakının abadlaşdırılması, infrastrukturun
yaradılması kimi dəyəri milyardlarla manat olan layihələr
sanki korrupsiya və rüşvətxorluğa qarşı
mübarizə aparan qurumların diqqətindən kənarda
qalıb. Yol çəkilir, amma bir neçə aydan sonra
dağılır, Bakının küçələrinə
ildə bir neçə dəfə asfalt çəkib sonra
qazırlar, yenidən asfaltlayırlar. İndiyə qədər
bir fakt belə açıqlanmayıb ki, bu sahədə
hansısa yoxlama aparılıb. Bu nə ilə
bağlıdır? Sizcə, dövlətin pulunun səmərəli
istifadəsinə nəzarəti gücləndirməyə
ehtiyac varmı?
- Bununla bağlı Korrupsiyaya Qarşı
Mübarizə üzrə Komissiyada müəyyən
müzakirələr gedir. Böyük layihələrin
icrasında şəffaflığın təmin olunması,
tenderlərin keçirilməsi, işin icrasına nəzarət,
maliyyə xərclənmələri ilə bağlı
Hesablama Palatasına və digər qurumlara müvafiq
tapşırıq və tövsiyələr də verilib. Mən
bununla bağlı ekspert deyiləm. Bir müsahibədə
bunun təfərrüatına vara bilmərəm. Amma onu deyə
bilərəm ki, bu sahələrlə bağlı məsələlər
də dövlətin diqqətindədir.
- "Siyasi
partiyalar haqqında" qanun layihəsi üzərində
iş başa çatıbmı? Avropa Şurası Venesiya
Komissiyasının qanunla bağlı iradlarından sonra sənəddə
hansısa dəyişiklik edilibmi?
- "Siyasi partiyalar haqqında" qanun
layihəsi tam yekunlaşdırılıb. Venesiya
Komissiyası ilə müzakirələr keçirilib. Həm
də bu müzakirələr Azərbaycanın təşəbbüsü
ilə baş tutub. Bizim hər bir qanun layihəsini Avropa
Şurası və Venesiya Komissiyası ilə məcburi şəkildə
razılaşdırmaq öhdəliyimiz yoxdur. Sadəcə
olaraq özümüz "Siyasi partiyalar haqqında" qanun
layihəsinin beynəlxalq standartlara uyğun olub-olmaması ilə
bağlı belə müzakirələr keçirdik.
Bütövlükdə Venesiya Komissiyası qanun layihəsindən
razıdır. Onlar bir neçə müddəanın
başqa formada olmasını deyirdilər, amma biz bunu qəbul
etmədik. Qanun layihəsi hazırlanıb və yaxın
günlərdə parlamentə təqdim olunacaq.
- Beynəlxalq təşkilatlar
Azərbaycan hakimiyyətini İctimai Palatanın ötən
il aprelin 2-də Bakıda keçirdiyi aksiya zamanı həbs
olunan şəxsləri, o cümlədən həbsdə olan
başqa bir şəxsi - gənc fəal Bəxtiyar
Hacıyevi azadlığa buraxmağa çağırır.
Azərbaycan hökumətinin həmin məhbuslarla
bağlı yaxın vaxtlarda qərar verməsi və
onları azadlığa buraxması mümkündürmü?
- Ötən il paytaxtda yaradılan
qarmaqarışıqlıqda, qarşıdurmada,
münaqişədə iştirak etdiklərinə görə
həbs olunan şəxslərin məsələsi bu günlərdə
Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament
Assambleyasının həmməruzəçilərinin
keçirdikləri görüşlərdə
qaldırılıb. Həmməruzəçilər
onların cəzalarının yüngülləşdirilməsi
və yaxud əfv edilməsi ilə bağlı Azərbaycan
hökumətinə müraciət ediblər. Bu haqda
müvafiq olaraq Əfv Məsələləri Komissiyasına,
komissiyanın sədri cənab Prezidentə, eləcə də
bu sahə ilə məşğul olan digər qurumlara
müvafiq arzu və istəklərini bildiriblər. Bunları
araşdırırıq. Bilirsiniz ki, əfv olunmaq
üçün prosedurlar var və onlar da gerçəkləşdirilməlidir.
Bundan əvvəl bu siyahı üzrə üç nəfər
əfv olunmuşdu. Yəqin ki, gələcəkdə AŞPA
həmməruzəçilərinin müraciətinə
baxılacaq.
- Hakimiyyət həmin
şəxsləri əfv ərizəsi yazmağa
çağırırmı?
- Bilmirəm onlara belə bir müraciət
olub, ya yox. Hər halda istənilən halda prosedur ondan ibarətdir
ki, onlar əfvə düşmək istəyirlərsə,
müraciət mütləq şəkildə olmalıdır.
Ya onların özləri tərəfindən, ya da ailə
üzvləri tərəfindən, yaxud da ictimai qurumlar tərəfindən.
- Qarın
yağması Bakıda, o cümlədən bölgələrdə
xeyli fəsad ortaya çıxardı. Halbuki dövlət
qurumları qışa, qarın yağması kimi təbiət
hadisəsinə hazır olmalıdır. Rəsmi dövlət
qəzeti "Azərbaycan"da da dövlət
qurumlarının bu sahədəki fəaliyyəti tənqid
edilib. Eləcə də müstəqil mətbuat, ekspertlər
problemlərin öhdəsindən gələ bilmədiyinə
görə dövlət qurumlarını günahlandırırlar.
Sizcə, rəsmi qurumlar bu sınaqdan çıxa bildimi?
- Belə təbiət hadisələrindən,
təbii fəlakətlərdən heç bir ölkə, cəmiyyət,
struktur sığortalanmayıb. Belə hadisələr olur.
Hansı qəzetdə olmasından asılı olmayaraq, bir
jurnalist buna emosional münasibət bildirə bilər, birisi isə
öz dünyagörüşünü yaza bilər. Bunlar da
demokratik cəmiyyətdə mümkündür, siyasi
plüralizm olan yerdə nə qədər insan varsa, o qədər
də fikir ola bilər.
Amma mən ümumən hesab edirəm ki,
Bakı Şəhər İcra Hakimiyyəti, yol, elektrik, qaz,
su və sairə sahələrə cavabdeh strukturlar öz
işlərinin öhdəsindən layiqincə gəlirlər.
Şükür, adam ölməyib, böyük bir fəlakət
baş verməyib. Baxın, Ukrayna kimi böyük dövlətdə
artıq ölənlərin sayı onlarladır. Başqa
ölkələrdə də həmçinin. Azərbaycanda,
Bakıda günlərlə davam edən qarın,
çovğunun qarşısında ciddi fəlakətlər
olmayıbsa, deməli, hökumət strukturları qışa
yetərincə hazırlıqlıdır və hər şey
normaldır. Rayon və şəhərlər arasında yollar
açıqdır. Cəmi iki-üç saat ərzində
müəyyən problem yaranır və bunun da
qarşısı alınır.
Dünyanın mərkəzi sayılan
Belçikada qarın yollarda yaratdığı tıxaclar
zamanı avtomobillər dörd-beş saat yerindən tərpənə
bilmir. Bununla müqayisədə Bakı şəhərində
hər şey yaxşıdır. Əlbəttə ki, qar olan
yerdə, şaxta olan yerdə problemlər də olacaq. Amma gəlin
baxaq, Bakı şəhərinin, eləcə də
bütün respublikanın işıqları davamlı
yanır, yollar vaxtlı-vaxtında təmizlənir,
küçələrə qum səpilir. Güclü qar
yağandan, çovğun olandan bir gün sonra təxminən
səhər saat 8-də Bakının aparıcı yolları
ilə Əhmədlidən Prezident Administrasiyasına işə
gəlmişəm və çox rahat çatmışam.
Amma müəyyən yerlərdə
problemlər ola bilər. Çünki sürücülərin
şaxtalı, buzlu yollarda avtomobil idarə etmək təcrübəsi
yoxdur. Bakı dairəvi yolunda 20-30 avtomobilin toqquşması
yolun təmizlənməməsindən irəli gəlmirdi
ki... Yol təmizlənmişdi, sadəcə, yolun
sürüşkənliyinin qarşısını dərhal
ala biləcək hansısa bir sehrli çubuq yoxdur.
Sürücülərin naşılığı, qarda hərəkət
etmək bacarığının olmaması nəticəsində
20-30 avtomobil toqquşdu.
Mətbuatımız da belə şeylərə
çox həssas yanaşır. Təəssüflər olsun
ki, özlərinin fəaliyyətində olan nöqsanlara
münasibət bildirəndə dərhal bu məsələyə
daha emosional cavab verirlər. Şəhərdir, ölkədir,
belə şeylər ola bilər. Amma vəziyyəti
bütövlükdə dəyərləndirəndə
görürük ki, həm Bakıda, həm də başqa
şəhərlərdə, bölgələrdə
bütün infrastrukturlar, qurumlar bu qarlı-çovğunlu
günlərdə öz işinin öhdəsindən gələ
bilir.
İmdad ƏLİZADƏ
Azərbaycan.-
2012.-8 fevral.- S. 3.