İdeyanı reallığa çevirəcək sənəd

 

"Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində  Milli Fəaliyyət Proqramı" ulu öndərin insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində ideyalarının reallığa çevrilməsinə yönəlmiş sənəddir

 

Ulu öndər Yer kürəsinin başqa planetlərdən üstün cəhətini, zənginliyini onda insanların yaşamasında, dövlətin zənginliyini, dəyərini, sərvətini isə onun insanlarında və müstəqilliyində görür, müstəqilliyi Azərbaycanda demokratik, hüquqi dövlətin qurulmasının başlıca amili kimi qiymətləndirir, insan hüquq və azadlıqlarının təmin olunmasını isə demokratik, hüquqi dövlətin ali məqsədi hesab edirdi. "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf strategiyasının tərkib hissəsi olan, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" məhz dövlətin ali məqsədinin həyata keçirilməsinə istiqamətləndiyinə görə Heydər Əliyev ideyalarının reallığa çevrilməsinə yönəlmiş sənəd hesab olunmalıdır.

Azərbaycanın müstəqilliyini, bütövlüyünü qoruyub saxlamış, ölkədə demokratik, hüquqi, dünyəvi dövlətin qurulub bərqərar olmasını təmin etmiş ümummilli liderimiz Heydər Əliyev insan hüquqlarını "insanları və cəmiyyətləri birləşdirən, onları insaniləşdirən ən əsas meyar, hamının anladığı və anlamalı olduğu əvəzsiz nailiyyət, insan hüquqlarına hörməti, insan hüquqlarının qorunmasını müasir dünyaya qovuşmağın əsas yolu" kimi qiymətləndirərək bəyan edirdi ki, "Azərbaycan dövləti... insan hüquqlarının qorunmasını özünün əsas vəzifəsi hesab edir və bu prinsiplə yaşayacaq, işləyəcəkdir". İnsan hüquqlarının qorunmasının dövlətin vəzifəsi olması ideyası Azərbaycan Respublikasının Konstitusiyasında da ifadəsini tapmışdır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Ona görə də insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinə həsr olunmuş Milli Fəaliyyət Proqramının həyata keçirilməsi ilə əlaqədar məhkəmə hakimiyyəti qarşısında da müəyyən vəzifələr durur.

Milli Fəaliyyət Proqramı insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə təsdiq edilmişdır.

İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması və cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi bilavasitə, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi isə müəyyən cəhətləri ilə məhkəmə hakimiyyəti ilə əlaqədardır. Milli Fəaliyyət Proqramının öyrənilməsi, onun ayrı-ayrı müddəalarının yerinə yetirilməsi ilə bağlı tədbirlərin müəyyənləşdirilməsi, gündəlik fəaliyyətdə insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə nail olunması, pozulmuş hüquqların bərpası, qanuna əsaslanan, obyektiv, qərəzsiz, ədalətli qərarlar qəbul edilməsi və hüquqi təbliğatda fəal iştirakla cəmiyyətdə hüquq mədəniyyətinin inkişafına yardım göstərmək məhkəmə orqanları qarşısında duran vəzifə kimi qiymətləndirilməlidir.

Milli Fəaliyyət Proqramının birinci fəsli normativ-hüquqi bazanın təkmilləşdirilməsinə həsr olunmuşdur. Həmin fəsildə Azərbaycan Respublikası qanunları layihələrinin hazırlanması zamanı Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutulması, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsi və Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının beynəlxalq-hüquqi sənədlərə uyğunluğunun təmin edilməsi nəzərdə tutulur.

 Azərbaycan Respublikasının Konstitusiyasının 96-cı maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsi qanunvericilik təşəbbüsü hüququna malikdir. Bu isə ilk növbədə Ali Məhkəmə tərəfindən qanunvericilik təşəbbüsü qaydasında hazırlanmış qanun layihələrində insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutulmasını, həmçinin qanunvericiliyin insan hüquqları sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğunluğunun təmin edilməsi məqsədilə qanunvericilik təşəbbüsündən istifadə edilməsini tələb edir. Aydındır ki, Ali Məhkəmənin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə qanun layihələrini təqdim etməsi intensiv xarakter daşımır. Ali Məhkəmə qanunvericilik təşəbbüsü ilə məhkəmə hakimiyyətinin təcrübədə daha çox rastlaşdığı, xüsusən, mülki, mülki prosessual, cinayət, cinayət prosessual, əmək, ailə, torpaq, inzibati, pensiya təminatı və sair sahələrdə boşluqların doldurulması, köhnəlmiş normaların müasir dövrün tələblərinə uyğunlaşdırılması və əlbəttə ki, qanunvericiliyin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə ifadəsini tapmış müddəalara uyğunlaşdırılması, insan hüquq və azadlıqlarının daha səmərəli təmininə nail olunması ilə bağlı qanun layihələrinin hazırlanmasında təşəbbüskarlıq göstərir. Bu cür layihələrin hazırlanması isə əsasən qanunvericiliyin ayrı-ayrı sahələri üzrə məhkəmələrdə baxılan işlərin ümumiləşdirilməsi, meydana çıxmış problemlərin hakimlərin iştirakı ilə müzakirəsi, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə nail olunması üçün yolların axtarılması nəticəsində meydana çıxır. Odur ki, hakimlər hüquqtətbiqetmə sahəsində fəaliyyətlərini həyata keçirərkən qanunvericiliyin insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsini təmin etməsi üçün yollar axtarmalı və bu prosesdə yaranmış mütərəqqi ideyaların qanunvericiliyə daxil edilməsi üçün təşəbbüslə Ali Məhkəməyə müraciət etməli, onların təklifləri öyrənilməklə zəruri hallarda qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalıdır.

Qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı ədalət mühakiməsini həyata keçirən hakimlərin məhkəmə hüququna önəm verməsi təqdirəlayiq hesab olunmalıdır. Heç bir qanun real həyatda meydana çıxa bilən bütün problemlərin həllini nəzərdə tuta bilməz. "Aydın olmayan qanunu hakim deyil, qanunverici təfsir etməlidir" kimi fikirlərin mövcud olmasına baxmayaraq, hesab edirik ki, hər bir hakim hər hansı bir qanunu tətbiq etməmişdən əvvəl onu təfsir etməlidir. Hakim qanunda boşluqlar aşkar edərsə, yaxud "yazılı qaydalar həyati gerçəkliyə uyğun gəlməzsə" qanununu inkişaf etdirmək bacarığına malik olmalıdır. Bu mühüm vəzifənin öhdəsindən gəlmək üçün hakim qanunların mətnində qanunvericinin məqsədini tapmalı, dəyişmiş həyati halları dərk etməli, normanın "ədalətli məzmunu"nu özünün təfəkkür süzgəcindən keçirməli və dəyərləndirməlidir. Əlbəttə ki, bu zaman insan hüquq və azadlıqlarının müdafiəsi və səmərəli təmini ilkin şərt kimi nəzərə alınmalıdır.

Milli Fəaliyyət Proqramında həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikası Qanununun qəbul edilməsinin ifadəsini tapmasını əhəmiyyətli haldır.

Qanun layihəsi şübhəli və təqsirləndirilən şəxslərin həbs yerlərində saxlanılmasının qanunçuluq, təqsirsizlik prizumpsiyası, qanun qarşısında bərabərlik, humanizm, şərəf və ləyaqətə hörmət edilməsi, beynəlxalq müqavilələrə əməl olunması prinsipinin müvafiq qaydada həyata keçirilməsini nəzərdə tutur.

Layihədə bir daha qeyd olunur ki, şəxsin həbsdə saxlanılmasına yalnız məhkəmə qərarı əsasında yol verilir. Hər bir tutulmuş və ya həbsə alınmış şəxsə dərhal tutulmanın, yaxud həbsə almanın səbəbləri, habelə şübhənin və ya ittihamın mahiyyəti, ifadə verməmək və müdafiəçi tərəfindən hüquqi yardım almaq hüquqları bildirilməlidir.

Qanun layihəsində həbsdə saxlanılma yerləri ilə bağlı müddəaların nəzərdə tutulması incommunicado saxlanılmanın qadağan olunmasında mühüm əhəmiyyətə malikdir. Həmin qanunun qəbul edilməsi barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin müvəqqəti saxlama təcridxanalarında uzun müddət saxlanılmasının qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edəcəkdir.

Qanun layihəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə təqsirləndirilən şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama təcridxanasına keçirilməsinin qadağan olunması barədə müddəanın nəzərdə tutulması saxlanılan şəxslərə münasibətdə pis rəftarın tətbiqindən müdafiə baxımından mütərəqqi norma kimi dəyərləndirilməlidir.

Layihəyə müvafiq olaraq həbs yerlərində daxili nizam qaydalarının müəyyən edilməsi, hər şeydən əvvəl, azadlığı məhdudlaşdırılmış şəxslərin sağlamlığının, təhlükəsizliyinin təmininə yönəlmişdir. Həmin qaydalar digərləri ilə yanaşı, şübhəli və təqsirləndirilən şəxslərin qəbul edilməsi, qeydiyyatının aparılması, kameralarda yerləşdirilməsi, şəxsi axtarışın aparılması, gündəlik gəzinti, maddi-məişət təminatı məsələlərini tənzimləyir.

Qanun layihəsində şübhəli və ya təqsirləndirilən şəxslərin həbs yerlərinə yerləşdirilməsi zamanı tibbi müayinədən keçirilməsi ilə bağlı məcburi normanın nəzərdə tutulması qanunvericilikdə yenilik kimi diqqəti cəlb edir və İşgəncə əleyhinə Avropa Komitəsinin tələbləri ilə üst-üstə düşür.

Həbs yerlərində tibbi xidmətin səviyyəsinin müvafiq tələblərə cavab verməsinin təmini baxımından da qanunun qəbulu vacib hesab olunmalıdır.

Milli Fəaliyyət Proqramında barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin həbsdə saxlanılmasının qanuniliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qanun layihəsinin hazırlanmasının nəzərdə tutulması mühüm əhəmiyyətə malikdir. Ulu öndər insan azadlığını ən ali dəyər kimi qiymətləndirərək demişdir: "İnsan azaddır, insan azadlığı bütün sahələrdə azadlığın olmasını nəzərdə tutur. Biz şəxsiyyət azadlığını Azərbaycanda demokratik cəmiyyətin başlıca amili elan etmişik".

Azadlıq hüququ sahəsində meydana çıxan məsələlərin aktuallığını nəzərə alaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinin plenumu 3 noyabr 2009-cu il tarixdə "Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" qərar qəbul etmişdir. Həmin qərarda qeyd olunur ki, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün maddi və prosessual hüquqi əsaslar olmalıdır.

Maddi əsaslar dedikdə, təqsirləndirilən şəxsin ona istinad edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə aidiyyətini təsdiq edən sübutlar başa düşülür. Prosessual əsaslar isə Azərbaycan Respublikası CPM-in 155-ci maddəsində nəzərdə tutulmuş halların məcmusundan və həbs qətimkan tədbirinin seçilməsinin qanuniliyini və zəruriliyini təsdiq edən, məhkəmə tərəfindən müəyyən edilmiş əsaslardan ibarətdir.

Məhkəmələr həbs qətimkan tədbiri seçərkən yalnız CPM-in 155-ci maddəsində göstərilən prosessual əsasları formal sadalamaqla kifayətlənməməli, hər bir əsasın konkret təqsirləndirilən şəxsə münasibətdə mövcudluğunun nədən ibarət olmasını və cinayət işinin materialları ilə onların təsdiq edilib-edilməməsini yoxlamalıdırlar. Bu zaman təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini səciyyələndirən məlumatlar, o cümlədən yaşı, ailə vəziyyəti, məşğulluq növü, sağlamlığı və bu kimi digər hallar nəzərə alınmalıdır.

Məhkəmələrə izah edilmişdir ki, həbs qətimkan tədbirinin seçilməsi haqqında təqdimata baxarkən onlar ilk növbədə Azərbaycan Respublikası CPM-in 154-cü maddəsində nəzərdə tutulmuş digər qətimkan tədbirlərinin seçilməsinin mümkünlüyünü yoxlamalı, təqdimat təmin edildikdə isə həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsinin qeyri-mümkün olmasını əsaslandırmalıdırlar.

Milli Fəaliyyət Proqramında ifadəsini tapmış müddəalardan biri də ekstradisiya olunmaq üşün tutulmuş şəxslərin hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qanun layihəsinin hazırlanmasıdır. Bu sahədə CPM-ə əlavə və dəyişikliklər edilməsi insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin təmini üçün önəmlidir.

Məhkəmələr tərəfindən ekstradisiya ilə bağlı qərarlar qəbul edilərkən şəxsin ekstradisiya olunacağı halda göndərildiyi ölkədə işgəncə və digər pis rəftara məruz qala biləcəyi ehtimalı müəyyənləşdirilməlidir. Əgər belə bir ehtimal olarsa, şəxsin ekstradisiya edilməsindən imtina edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində ekstradisiya ilə əlaqədar həbsdə saxlanmanı tənzimləyən normalar kifayət qədər aydın və yetərli deyildir. Ona görə də bu sahənin hüquqi tənzimlənməsi ilə bağlı CPM-ə dəyişiklik və əlavələrin edilməsini zəruri hesab edirik.

Diffamasiyaya görə, cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması barədə müddəaların Milli Fəaliyyət Proqramında ifadəsini tapması günün tələbləri ilə üst-üstə düşür.

Diffamasiyanın Cinayət Məcəlləsinin normaları əsasında deyil, Mülki Məcəlləyə əsasən mühakimə edilməli olmasını əsaslandırmaq üçün iki hala daha çox istinad olunur. Birincisi, cinayət hüquqi məsuliyyətin mövcudluğu nüfuza xələl gətirən əsassız hücumlar probleminin aradan qaldırılmasında qeyri-mütənasib üsul olmaqla, insanları fikir və söz azadlığından istifadə etməkdən çəkindirir. İkincisi, Mülki Məcəllənin müddəaları özü-özlüyündə şərəf, ləyaqət, nüfuza dəyən zərərin aradan qaldırılması üçün mütənasib vasitədir. Əgər mülki müddəalar effektiv vasitədirlərsə, Cinayət Məcəlləsi müddəaları ilə müqayisədə onların tətbiqinə üstünlük verilməlidir. Yəni, fikir və söz azadlığının məhdudlaşdırılması elə ehtiyatla həyata keçirilməlidir ki, bu hüquqa mümkün qədər minimal qadağa qoyulmuş olsun.

İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, cinayət cəzası fikri ifadə etmənin qarşısını almasa da, şəxsin barəsində çıxarılan hökm müəyyən dərəcədə senzura mənasını daşıyır və məqsədi, böyük ehtimalla, gələcəkdə oxşar tənqidlər etmənin qarşısını almaqdır. Cinayət cəzası, ehtimal ki, jurnalistləri ictimaiyyətin marağına səbəb olan məsələlərin müzakirəsində iştirak etməkdən çəkindirəcəkdir. Məhz buna görə də cinayət cəzası kütləvi informasiya vasitələrinin məlumat çatdırmaq və ictimai nəzarəti həyata keçirmək funksiyasını yerinə yetirməsinə maneə yaradır.

Avropa Şurasının Nazirlər Komitəsi Siyasi Debat Azadlığı Haqqında Bəyannamədə qeyd edir ki, "Dövlət, hökumət və ya hakimiyyətin hər üç qolunu, icra, qanunverici və ya məhkəmə hakimiyyətini... təmsil edən hər hansı institut diffamasiya və təhqiredici bəyanatlara qarşı cinayət hüququ ilə müdafiə olunmamalıdır. Həmin institutların belə müdafiədən istifadə etdikləri hallarda bu müdafiə məhdud şəkildə tətbiq edilməli və onun tənqid etmə azadlığını məhdudlaşdırmasına yol verilməməlidir".

Milli Fəaliyyət Proqramında valideynlərin məsuliyyətinin artırılması və valideyn vəzifələrini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsinin nəzərdə tutulması Heydər Əliyev ideyalarının təcəssümü kimi nəzərdən keçirilə bilər. Uşaqlara münasibət və uşaqlara görə məsuliyyət məsələlərindən danışarkən ulu öndər qeyd edirdi ki, "hər ailədə, hər evdə, hər şəhərdə, hər kənddə, hər qəsəbədə ailə başçıları - atalar, analar, yaşlı nəsil bütün imkanları uşaqların yaxşı yaşamasına sərf edir. Bu, bizim dövlətimizin siyasətidir. Bu, mənim əməli fəaliyyətimdir".

 Valideyn və uşaqlar arasında münasibətlərin tənzimlənməsi ilə bağlı məsələlərin aktuallığını nəzərə alaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumu 29 oktyabr 2009-cu il tarixdə "Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında", 28 oktyabr 2011-ci il tarixdə "Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" qərarlar qəbul etmişdir. Həmin qərarlarda valideynlərlə uşaqlar arasında münasibət, valideynlərin uşaqlarına münasibətdə məsuliyyəti və məhkəmələrdə işlərə baxılarkən uşaqların mənafeyinin üstün tutulması barədə müddəalar ifadəsini tapmışdır.

Milli Fəaliyyət Proqramında xarici ölkələrdə Azərbaycan Respublikası vətəndaşlarının hüquqi vəziyyətini yaxşılaşdıran və onların hüquqlarının müdafiəsini tənzimləyən müqavilə hüququ bazasının genişləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulması ulu öndərin tövsiyələrinin həyata keçirilməsinə diqqətin nümunəsi kimi qiymətləndirilməlidir. Belə ki ulu öndər bir tərəfdən azərbaycanlıların öz ölkələrinin hüdudlarından kənara çıxıb dünyaya yayılmasını, dünya təhsil sisteminin nailiyyətlərindən bəhrələnməyi, azərbaycançılığın, azərbaycan mənəviyyatının, Azərbaycan dövlətinin mənafeyinin dünya azərbaycanlıları tərəfindən müdafiə olunmasını arzulayırdısa, digər tərəfdən müstəqil Azərbaycan dövlətini harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların vətəni hesab edir, dövlətin hər an onların müdafiəsində durduğunu bəyan edirdi: "Müstəqil Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlılar üçün doğma vətəndir. Hansı ölkədə yaşamasından asılı olmayaraq azərbaycanlı öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdır. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi vətəni vardır. Hər bir azərbaycanlı bilməlidir ki, onun arxasında Azərbaycan Respublikası kimi müstəqil bir dövlət durur".

Milli Fəaliyyət Proqramının ikinci fəsli əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması, işğal nəticəsində Azərbaycanın təbii, tarixi və mədəni sərvətlərinin dağıdılması faktının dünya ictimaiyyətinə çatdırılması və onlara dəymiş zərərin Ermənistan dövləti tərəfindən ödənilməsi məqsədilə beynəlxalq təşkilatlarda işin davam etdirilməsi kimi müddəaların Milli Fəaliyyət Proqramında nəzərdə tutulması dövlətçilik, azərbaycançılıq baxımından mühüm əhəmiyyət kəsb edir. Hər bir Azərbaycan vətəndaşı ulu öndərin "Biz Azərbaycan xalqının hüquqlarının kütləvi səkildə, vəhşicəsinə pozulmasını ön planda çatdırmalıyıq və bunu yaymalıyıq, bunu bildirməliyik. Bu bizim tarixi vəzifəmizdir, hər bir azərbaycanlının tarixi vəzifəsidir. Hərə öz imkanı çərçivəsində gərək bu vəzifəni yerinə yetirsin" kimi tövsiyəsini heç vaxt unutmamalı, bu sahədə fəaliyyət göstərməyi vətəndaşlıq borcu hesab etməlidir.

Milli Fəaliyyət Proqramında həmin tədbirlərin ayrı-ayrı dövlət orqanları tərəfindən yerinə yetirilməsinin nəzərdə tutulmasına baxmayaraq, bu sahədə hər bir Azərbaycan vətəndaşı üzərinə düşən vəzifəni vicdanla həyata keçirməlidir.

Etnik azlıqların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində fəaliyyətin davamlılığı barədə müddəaların Milli Fəaliyyət Proqramına daxil edilməsi milli mənsubiyyətindən asılı olmayaraq hamının bərabər hüquqlara malik olmasına əsaslanır. Ulu öndər qeyd edirdi ki, "demokratiyanın ən vacib prinsiplərindən biri milli mənsubiyyətindən, dilindən, dərisinin rəngindən, dini etiqadından asılı olmayaraq hamının hüquq bərabərliyi prinsipidir. Azərbaycanda bu azadlıqların hamısı verilmişdir. Azərbaycan da çoxmillətli dövlətdir, hansı millətə mənsub olmasından asılı olmayaraq, bizdə insanların hamısı bərabər hüquqlardan istifadə edir".

 Ümummilli lider Heydər Əliyev etnik azlıqların Azərbaycan xalqının tərkib hissəsi olması, Azərbaycanda yaşayanların milli mədəni irsinin vahid Azərbaycan mədəniyyətini təşkil etməsini qeyd etməklə yanaşı, milli azlıqların dil və mədəniyyətinin inkişafı, etnik-dini adət-ənənələrinin qorunub saxlanılması üçün hərtərəfli hüquqi-siyasi şəraitin təmin edilməsini vacib sayırdı.

Ulu öndər Azərbaycan mədəni irsinin dünya mədəni irsinin tərkib hissəsi kimi tanınmasına, onun qorunmasına böyük önəm verirdi. Ona görə də bu sahədə görüləcək tədbirlərin milli mədəniyyətimizin zənginləşməsinə, mədəni müxtəlifliyin qorunub saxlanmasına, insanların milli mənsubiyyətindən asılı olmayaraq insan və vətəndaş kimi birlikdə Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin inkişafına xidmət etmələrinə səbəb olacağını düşünürük.

Məhkəmələrdə etnik azlıqlara mənsub olan şəxslərin işlərinə baxılarkən milli-etnik xüsusiyyətlər, adət-ənənələr, dil ilə bağlı məsələlər nəzərə alınmalı, məhkəmə prosesində tərəflərin hüquq bərabərliyi təmin olunmalıdır.

Milli Fəaliyyət Proqramının müddəalarından biri də sahibkarların və istehlakçıların hüquqlarının möhkəmləndirilməsi ilə bağlıdır. Sahibkarların hüquqlarının möhkəmləndirilməsini ulu öndər Heydər Əliyev Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun zəruri amili kimi qiymətləndirir, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsini, müvafiq vərdişlərin qazanılmasını önəmli hesab edirdi. "Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi üçün, xüsusilə kiçik və orta sahibkarlığın yaranması və inkişafı üçün çox işlər görülür və bir çox qanunlar qəbul olunubdur. Bizim iqtisadi siyasətimizin strategiyası belədir ki, mütləq bütün sahibkarlara yardım etmək, ...kiçik şirkətlərin işləməsi üçün geniş şərait yaratmaq lazımdır".

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" qərarında məhkəmələrə müvafiq tövsiyələr verilmiş, bu sahədə işlərə baxılarkən rəhbər tutulmalı olan prinsiplər şərh edilmişdir. Hesab edirik ki, məhkəmələr həmin tövsiyələri yerinə yetirməklə öz fəaliyyətlərini daha da təkmilləşdirməlidirlər.

Əhalinin mülkiyyət hüquqlarının təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması ilə əlaqədar müddəaların Milli Fəaliyyət Proqramında ifadəsini tapması məhkəmələrin də bu sahədə işlərini günün tələbləri səviyyəsinə qaldırmalarını tələb edir. Belə ki, mülkiyyətin hər bir forması dövlət tərəfindən qorunur. Hər bir cəmiyyətdə mülkiyyətlə bağlı mübahisələrin mövcudluğu qaçılmazdır. Həmin mübahisələrin ədalətli həlli isə məhkəmələrin fəaliyyətindən çox asılıdır.

Əhali, xüsusilə də uşaq və gənclər arasında sağlam ətraf mühit və sağlam həyat tərzinin geniş təbliği, narkomaniyaya, alkoqolizmə aludə olanların reabilitasiyası üzrə tədbirlərin həyata keçirilməsi barədə Milli Fəaliyyət Proqramında nəzərdə tutulan müddəalar ulu öndər tərəfindən demokratik, hüquqi dövlətin vəzifəsi kimi qiymətləndirildiyi sahəyə aiddir: "Son vaxtlar Azərbaycan narkotiklərlə mübarizə, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya qarşı mübarizə barəsində ətraflı, əməli tədbirlər həyata keçirir... Biz həqiqətən bu sahələrdə mübarizəni dövlətçiliyimizin qorunması üçün və ümumiyyətlə, dünyada bu çox təhlükəli halların qarşısının alınması üçün dövlətimizin mühüm vəzifəsi hesab edirik".

"Azərbaycanın ən böyük sərvəti onun fədakar insanlarıdır, bizim xalqımızın, cəmiyyətimizin ən qiymətli sərvəti gənclərimizdir" deyən ulu öndər "insanlar arasında, xüsusən gənclər arasında müxtəlif narkotik maddələrə meyil göstərilməsini, spirtli içkilərin istifadəsinin geniş yayılmasını... hər bir insana, hər bir cəmiyyətə, hər bir millətə böyük zərbə vuran amil" hesab edirdi.

Narkotik vasitələrin dövriyyəsi ilə mübarizə məhkəmə orqanlarının da mühüm vəzifələrini meydana çıxarır. Məhkəmələr Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun "Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" qərarında göstərilənləri rəhbər tutmalı, bu sahədə işlərini zamanın tələbinə uyğunlaşdırmalıdır.

Əlillərin, uşaqların, sağlamlıq imkanları məhdud uşaqların, ahılların, qadınların hüquqlarının müdafiəsi ilə bağlı müddəaların Milli Fəaliyyət Proqramında ifadəsini tapmasını ulu öndərin həmin sahələrə daim diqqət göstərməsinin nəzərə alınması, bu sahədə onun ideyalarının davam etdirilməsinin bariz nümunəsi kimi qiymətləndirilməlidir.

Ulu öndər bəyan edirdi: "Əmin ola bilərsiniz, - bunu sizə və sizin simanızda Azərbaycanın bu təbəqədən olan insanlarının hamısına deyirəm, - biz bundan sonra da birinci növbədə vətənin, torpağın müdafiəsində şikəst, əlil olmuş insanlara və onlara bərabər, fiziki cəhətdən çatışmazlığı olan insanların hamısına qayğını və diqqəti ilbəil artıracaq və bu, gələcəkdə proqramlarımızda daha görkəmli yer tutacaqdır. Ümidvaram ki, Azərbaycan dövlət və hökumət orqanlarının hamısı mənim bu çağırışımı layiqincə yerinə yetirəcəklər və biz əlillər, şikəst adamlar üçün, fiziki çatışmazlığı olan insanlar üçün - onların yaşaması, əmək fəaliyyətinə cəlb olunması, öz daxili imkanlarından, istedadlarından istifadə etmələri üçün daha da geniş şərait yaradacağıq".

Uşaqlara qayğı göstərilməsinin zəruriliyi ilə əlaqədar ulu öndər Heydər Əliyev demişdir: "Əminəm ki, siz ilbəil daha yaxşı şəraitdə yaşayacaqsınız, öz istedadlarınızı inkişaf etdirmək üçün, istedadlarınızı həyatda tətbiq etmək üçün daha çox imkanlar əldə edəcəksiniz və hər bir uşağın, hər bir gəncin istedadına layiqli yer tutması üçün imkanlar yaranacaqdır. Bu, bizim dövlətimizin siyasətidir".

 Məhkəmələr işlərə baxarkən əlillərin, vətən uğrunda şəhid olanların ailə üzvlərinin, ahılların, qadınların, uşaqların mənafeyinin ədalətli müdafiəsinə çalışmalı, sosial ədalətin bərpa olunmasına yardım etməlidirlər.

Milli Fəaliyyət Proqramında  kütləvi informasiya vasitələri üçün  fikir və ifadə azadlığının həyata keçirilməsi ilə bağlı təlimlərin təşkil edilməsini əhəmiyyətli hesab edirik.

Söz azadlığı demokratik cəmiyyətin işlərinin həllində cəmiyyətin bütün üzvlərinin bərabər iştirakında maraqlı olan demokratik rejimin əlamətidir. Səmərəli fəaliyyət göstərən demokratiya şəraitində fikri ifadə etmək azadlığı özü-özlüyündə əhəmiyyətli olmaqla yanaşı, digər hüquqların müdafiəsində də mühüm əhəmiyyət kəsb edir. Müstəqil və qərəzsiz məhkəmə tərəfindən müdafiə olunan fikri ifadə etmək azadlığına təminat verilmədən azad dövlət və demokratiya mövcud ola bilməz. Fikri ifadə etmək azadlığı demokratik cəmiyyətin mühüm əsaslarından birini təşkil etməklə onun tərəqqisi və hər bir insanın inkişafının ən zəruri şərtidir. Ulu öndər mətbuatın cəmiyyətdə rolunu yüksək qiymətləndirərək göstərmişdir: "Azərbaycanda çoxşaxəli mətbuat və informasiya sistemi yaradılmışdır. Yüzlərlə kütləvi informasiya vasitələri - teleradio şirkətləri, informasiya agentlikləri, qəzet və jurnallar azad surətdə fəaliyyət göstərir. Onların müstəqil qurulması, sərbəst fəaliyyəti və inkişafı üçün bütün zəruri tədbirlər görülür.

Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması və professional səviyyəsinin yüksəldilməsi, onların imkanlarından hüquqi dövlət quruculuğunda, vətəndaş cəmiyyətinin formalaşması və inkişafında, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsi həm dövlətdən, həm də  mətbuat işçilərindən xüsusi səy və ciddi  məsuliyyət tələb edir".

Məhkəmələrin kütləvi informasiya vasitələri ilə əməkdaşlığı  insan hüquq və azadlıqlarının təmini sahəsində önəm kəsb edir. Mətbuatla əlaqələrin yaxşılaşdırılması üçün Ali Məhkəmədə spiker - hakimlər  müəyyənləşdirilmiş, onlar kütləvi informasiya vasitələri nümayəndələrinin suallarını cavablandırır və zəruri məlumatları onlara verirlər. Hər ilin yekununda kütləvi informasiya vasitələrinin əməkdaşları üçün açıq qapı günü keçirilir, KİV-in əməkdaşları üçün təşkil olunmuş görüşdə görülmüş işlər barədə məlumat verilir, jurnalistlərin bütün sualları cavablandırılır. Eyni zamanda, Ali Məhkəmənin fəaliyyəti haddında məlumat kitabçası hazırlanır və KİV nümayəndələrinə və maraqlı təşkilatlara təqdim olunur.

Ali Məhkəmənin hakimləri mütəmadi olaraq, o cümlədən 2011-ci ildə də mətbuatla fəal əlaqə saxlamış, insan hüquqlarının müdafiəsi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı meydana çıxan problemlər və onların həlli yolları, həmçinin məhkəmə-hüquq islahatları ilə əlaqədar məqalələr yazılmış, televiziyalarda təşkil olunmuş dəyirmi masalarda iştirak etmişlər.

Azərbaycan Respublikasının Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli qərarında hakimlərə tövsiyə edilmişdir ki, mətbuat, söz azadlığı ilə bağlı işlərə baxarkən hüquqi dövlət quruculuğunda  mətbuatın mühüm rolunu nəzərə almalı, ona diqqət yetirməlidirlər. Mətbuat ictimai fikri formalaşdırır, vətəndaşların hakimiyyət strukturları üzərində nəzarət funksiyasını həyata keçirir, demokratik dəyərlərin yayılması üçün maarifçilik funksiyasını yerinə yetirir.

Fikir ifadə etmək azadlığı demokratik cəmiyyətin mühüm əsaslarından biri olmaqla yanaşı, fərdi fikirlərə münasibətdə dözümlülük demokratik siyasi sistemin mühüm ünsürüdür. Nəzərə alınmalıdır ki, təkcə məlumatın məzmunu deyil, onun şəxsin şərəf və ləyaqətinin alçaldılmasına səbəb olmayan ifadə forması da  fikir azadlığı ilə müdafiə olunur. Fikir ifadə etmək azadlığına qoyulan məhdudiyyət məcburi xarakterə malik ictimai zərurətlə bağlı olmalı, ümumi səciyyə daşımalıdır.

 

(Ardı var)

 

 

Ramiz RZAYEV,

Azərbaycan Respublikası

Ali Məhkəməsinin sədri

 

Azərbaycan.- 2012.- 8 fevral.- S.  4.