Müasir Azərbaycana
Davosdan baxış
XX əsrin ikinci yarısı dünyada həm də onunla müşahidə olunur ki, ölkələrin inkişafı və yaşayış səviyyəsi ancaq onların təbii sərvətlərilə olçülmür. Hər ölkənin inkişafına, yaşayış səviyyəsinə yüksək texnologiyalar - informasiya və kommunikasiya texnologiyaları (İKT) güclü təsir göstərir.
Dünya Bankının məlumatına görə, ölkələrin inkişafında üç amil əsas rol oynayır: insan faktoru, sənaye və təbii sərvətlər. Dünyanın ən inkişaf etmiş bölgəsi olan Şimali Amerikada (ABŞ və Kanada) insan faktoru - 76 faiz, sənaye - 19 faiz və təbii sərvətlər cəmi 5 faiz təşkil edir. İnsan faktorunun əsası elm və yüksək texnologiyalardan ibarətdir. Ona görə təsadüfi deyil ki, 2000-ci ildə keçirilən Davos Forumunda XXI əsrin əsas şüarı "İqtisadiyyat və informatika" kimi qəbul olundu. Bu tezisin seçilməsinin bir neçə səbəbi vardı:
1. Ekspertlərin qənaətinə görə İKT gəlirləri hər beş ildə iki dəfə artmaqdadır və gələcəkdə dünyanın ÜDM-nin 80 faizini İKT gəlirləri təşkil edə bilər. İKT xərcləri artıq ənənəvi zəngin olan "Maliyyə və Bank" (3 trilyon ABŞ dolları) və "Neft" (2 trilyon ABŞ dolları) sahələrini üstələmişdir.
2. İKT sahəsi elə sahələrdəndir ki, hətta dünyada baş verən iqtisadi böhranlar dövründə belə inkişaf edir. 1998-ci, 2007-ci illərdə dünyada baş verən iqtisadi böhranlara baxmayaraq, İKT sahəsi inkişafda davam etmişdir və hətta onun inkişaf tempi azalmamışdır.
3. Əgər əvvəllər texnologiyalar elmə xidmət edirdisə, bu gün elm texnologiyalara xidmət edir. Dünya elminə bir ildə sərf olunan xərclər 1,2 trilyon ABŞ dolları təşkil edirsə, İKT xərcləri 2011-ci ildə 4 trilyon ABŞ dolları olmuşdur və bu rəqəm hər il artmaqdadır. Belə ki, 2012-ci ildə bu rəqəmin 10 faiz yüksələcəyi gözlənilir.
4. Müasir zamanda heç bir iqtisadiyyat elmi potensialdan və xüsusən informasiya texnologiyalarından istifadə etmədən böyük uğurlar əldə edə bilməz. Əgər 10 il öncə dünyada mövcud olan şirkətlərin 30 faizi İKT sahəsində fəaliyyət göstərirdisə, bu gün həmin rəqəm 50 faizi keçmişdir.
5. Bu gün elə sahə yoxdur ki, onun inkişafı İKT-siz mümkün olsun. Müasir iqtisadiyyatın, ölkələrin inkişafının və böyük elmi nailiyyətlərin əldə edilməsində İKT aparıcı rol oynayır. XX əsrin ən böyük elmi nailiyyətlərindən biri olan insan genomunun açıqlanması, məhz informasiya texnologiyalarının köməyi ilə mümkün olmuşdur.
Sadalanan səbəblər müasir zamanda İKT-ni ön plana çıxarır.
2000-ci
ilin Davos Forumundan artıq 12 il keçib. Bu illərdə Azərbaycanda nələr baş
verib və ölkəmiz hansı nailiyyətlərə imza
atıb.
Azərbaycan Prezidenti cənab İlham Əliyev "Neft
faktorunu insan kapitalına çevirək" tezisini irəli
sürərək ölkədə informasiya texnologiyaları
sahəsini prioritet sahə elan etmişdir. Bu sahədə
Azərbaycanda sürətli inkişaf müşahidə
olunur. Azərbaycan inkişafda olan ölkə
sayılsa da, əslində İKT göstəricilərinə
görə bir çox inkişaf etmiş ölkələri
geridə qoymuşdur. Təbii ki, İKT
sahəsinin inkişafı digər sahələrin də
inkişafına təsirsiz ötüşmür.
İKT sahəsinin inkişafı və ümumiyyətlə,
müasir dövlətin aparıcı gücü yüksək
təhsilli insanlardır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamına
əsasən, beş min Azərbaycan gənci
dünyanın ən aparıcı ali təhsil ocaqlarında təhsil
alacaqdır. Bu istiqamətdə prioritet sahələrdən
biri informasiya və kommunikasiya texnologiyalarıdır və
dövlət bu sahənin inkişafı üçün
lazımı şarait yaradır.
2013-cü ildə Azərbaycan özünün ilk
süni peykini kosmik orbitə çıxaracaq. Azərbaycanın
ilk süni peykinin kosmik orbitə çıxarılması
ölkədə İKT-nin yüksək səviyyədə
inkişafının təsdiqidir. Digər
tərəfdən, Azərbaycanda peyk vasitəsi ilə bir
çox sahələrdə araşdırmalar aparılacaq və
bu sahələr daha yüksək sürətlə inkişaf
etdiriləcək.
Peyk vasitəsi ilə əldə olunan
görüntülər - Azərbaycanın işqal olunmuş
ərazilərində Ermənistan tərəfindən törədilmiş
dəhşətli hadisələr, yanğınlar, evlərin
dağıdılması, təbiətin məhv edilməsi və
digər faktlar dünyaya çatdırılacaqdır. Xalq təsərrufatı,
kənd təsərrüfatı, ekologiya və digər sahələr
haqda məlumatlar toplanıb analiz ediləcək və ölkənin
daha sürətli inkişafına təkan verəcəkdir.
Azərbaycanın süni peykinin digər ölkələr
tərəfindən də istifadə olunması ölkəmizin
beynəlxalq aləmə inteqrasiyasını sürətləndirəcəkdir.
İKT
sahəsi Azərbaycanda ildən-ilə inkişaf edərək
yüksək beynəlxalq standartlara nail olur. 2010-cu ildə
2009-cu illə müqaisədə İKT sahəsində
artım 32,1 faiz , 2005-ci il ilə
müqayisədə artım 5 dəfə olmuşdur və bu,
dünya üzrə ən böyük artımlardan biridir.
2011-ci ildə dünyanın böyük bir hissəsini
böhran bürüməsinə baxmayaraq, ölkəmizdə
İKT sektorundan əldə edilən gəlirlər ötən
illə müqayisədə 12 faiz təşkil etmişdir və
bu artım ümumdünya orta göstəricisindən təxminən
2 dəfə çoxdur. İKT sahəsində son illər Azərbaycanda
əldə edilən gəlirlər artım tempinə görə
dünya ilə müqayisədə 2,5-3 dəfə
çoxdur və bu sahədə artıq aparıcı ölkələr
səviyyəsinə yaxınlaşırıq.
Ölkədə internet istifadəçilərinin
sayı sürətlə artır. Ümumdünya
İqtisadi Forumunun məlumatına əsasən, Azərbaycanda
internet istifadəçilərinin sayı 2010-cu ildə 50 faiz
təşkil etmişdir və bunların 30 faizi geniş
zolaqlı internet istifadəçiləridir. Bu rəqəm
isə ümumdünya orta göstəricisindən 2,5 dəfə yüksəkdir. Azərbaycanda
genişzolaqlı internet xidmətlərinin inkişafı
üzrə "Strategiya" hazırlanıb həyata
keçirilir. İKT sahəsində fəaliyyət
göstərən nüfuzlu beynəlxalq təşkilatların
hesabatında Azərbaycan İKT-nin inkişaf dinamikasına
görə son 5-7 ildə birinci onluqdakı ölkələr
arasındadır.
2011-ci ildə Azərbaycanda hər 100 nəfərin
60-ı internetdən istifadə etmişdir və hər 100 nəfərə
20 kompyuter düşür. Kompyuter istifadəçilərinin
sayı 2011-ci ildə 2005-ci illə müqayisədə 15 dəfə
artmışdır. Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi tərəfindən ölkədə
"Xalq kompyuteri" layihəsi həyata keçirilib və
bu layihə aztəminatlı əhalinin kompyuterlə təmin
olunmasına imkan
yaratmışdır. Telefon stansiyaları
müasir standartlara uyğun olaraq rəqəmli sistemə
keçirilmiş və hazırda ölkəmizdə 100 nəfərə
110 mobil telefon düşür.
Yerüstü rəqəmli televiziya proqramlarının
yayım texnologiyası Beynəlxalq Telekommunikasiya
İttifaqının yeni standartıdır və bütün
dünya üzrə bu yayım texnologiyasına keçid
2015-ci ilin sonuna kimi başa çatmalıdır. İnkişaf
etmiş ölkələrdə bu texnologiyalara keçid ilin
sonunda, Azərbaycanda isə 2013-cü ilin birinci
yarısında başa çatmalıdır.
Azərbaycanda İKT məhsullarının istehsalına
xüsusi diqqət verilir. Kompyuter və digər
İKT məhsulları istehsal edən zavod fəaliyyət
göstərir. Qeyd edək ki, ölkəmizdə
İKT sahəsinin inkişafına yaradılan şərait bu
sektora özəl kapitalın gəlişini sürətləndirmişdir.
Təkcə 2011-ci ildə İKT sektoruna təxminən
400 mln. ABŞ dolları həcmində sərmayə
qoyulmuşdur. Bu gün Azərbaycanda
İKT sahəsinə qoyulan sərmayənin 80 faizini özəl
sektor təşkil edir. Bu rəqəm
hazırda dünyada gedən proseslərə uyğundur.
Qeyd edək ki, dünya üzrə İKT sahəsində
özəl sektorun payı 75-80 faiz təşkil edir. İKT sahəsində keçirilən böyük
beynəlxalq forumlara Azərbaycan dəvət olunur və Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən
bugünə qədər ölkəmizdə təşkil
olunmuş bütün beynəlxalq forumlarda dünyanın ən
aparıcı şirkətləri iştirak etmişdir.
Bu günlərdə Davosda 42-ci Ümumdünya
İqtisadi Forumu keçirildi. Forumun əsas mövzusu
"Böyük Transformasiya: yeni modellərin
formalaşması" idi. Bu forumda 3.000-nə
yaxın insan iştirak edirdi. Qonaqların
arasında G-20-dövlətlərin 19 nümayəndəsi, 40
ölkənin prezidenti və baş nazirləri vardı.
Qeyd edək ki, Azərbaycan Davos Forumunda ildən-ilə
daha geniş heyətlə təmsil olunur. Bu
da onun nəticəsidir ki, Azərbaycanda bütün sahələrdə
yüksək inkişaf müşahidə olunur və beynəlxalq
cəmiyyətin ölkəmizə olan marağı
getdikçə artmaqdadır. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
Davosda keçirdiyi çoxsaylı görüşləri
beynəlxalq aləmdə ölkəmizə olan böyük
marağı təsdiq etdi.
Davos Forumunda Prezident İlham Əliyev dəfələrlə
informasiya texnologiyalarının inkişafına xüsusi diqqət
verildiyini qeyd etdi və bildirdi ki, əsas məqsəd Azərbaycanı
inkişaf etmiş ölkəyə çevirməkdir. Bu istiqamətdə Azərbaycanda ardıcıl olaraq
böyük layihələr həyata keçirilir və
ölkəmiz sürətlə inkişaf edir. Davos Forumunun iştirakçıları ölkəmizi
Sinqapurla müqayisə edərək belə bir qənaətə
gəldilər ki, Azərbaycan inkişaf edərək Avropaya
doğru uğurlu addımlar atır.
Davos
Forumunda Azərbaycana olan maraq göstərdi ki, ölkəmizdə
müasir dövlət qurulur və dövlətin inkişafı Prezident
İlham Əliyev tərəfindən yaradılmış yeni
inkişaf modelinə əsaslanır. Bu modelin əsas
prinsipləri düşünülmüş siyasət,
müasirlik, beynəlxalq aləmə inteqrasiya və dünya
elminin, xüsusən informasiya texnologiyalarının nailiyyətlərindən
istifadə edib ölkə iqtisadiyyatına yenilik və
inkişaf, insanlara firavan həyat gətirməkdir.
Bu il Davosda keçirilən forum çərçivəsində
təşkilatçılar ölkəmizin dünyada artan
rolunu, həmçinin Azərbaycanın ötən illərdə
Davos Forumunda fəal iştrakını nəzərə alaraq
Azərbaycanın xüsusi ölkə panelini də təşkil
etmişlər. Paneldə iştrak edən Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev İKT
məsələləri üzərində xüsusi
dayanmış, ölkəmizdə internet
azadlıqlarının, internetin, həmçinin onun xidmətlərinin
artımındakı müsbət rolundan
danışmış, ölkəmizdə informasiya
texnologiyalarının və təhsilin prioritet sahələr
olduğunu bir daha bəyan etmişdir.
2000-cu ildə
Davos Forumunda elan olunan XXI əsrin şüarı
"İqtisadiyyat və informatika" Azərbaycanda uğurla həyata
keçirilir və forumdan
keçmiş 12 ildə ölkəmiz beynəlxalq standartlara
uyğun olaraq böyük nailiyyətlər əldə
etmişdir. 12 ildə Azərbaycanın ÜDM 10 dəfə
artaraq 50 milyard, dövlət büdcəsi 20 dəfədən
çox artaraq 20 milyard dolları keçmişdir. Bu illərdə Azərbaycan siyasi, iqtisadi, mədəni
və digər sahələrdə böyük uğurlar əldə
etmişdir. Azərbaycan praktiki olaraq
bütün aparıcı beynəlxalq təşkilatların
aktiv üzvünə çevrilmişdir. Qeyd
etmək lazımdır ki, 2011-ci ildə dünyanın 155
ölkəsinin dəstəyi ilə Azərbaycan BMT-nin Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilmişdir.
İqtisadiyyatda enerji sektoru ilə bərabər
qeyri-enerji sektoru da inkişaf edir. Neft və qaz sektorunun
təsiri büdcənin formalaşmasında getdikcə
azalır. Bu da onu göstərir ki, Azərbaycanda
qeyri-enerji sahələrdə yeni infrastrukturlar yaradılır
və inkişaf etdirilir.
Davos
Forumunda internetin yaradıcısı Tim Berners-Lin belə bir
fikir söylədi: "Əgər cəmiyyətdə
müsbər dəyişikliklər istəyirsinizsə, daha
tolerant olmaq lazımdır". Bu baxımdan Azərbaycan
tolerantlıq misalı kimi parlaq nümunədir.
Ümumiyyətcə, tolerantlıq Azərbaycan
xalqının mədəniyyətinin ayrılmaz hissəsidir.
Bu gün ölkəmizdə mədəniyyət sahəsində
Heydər Əliyev Fondu tərəfindən böyük layihələr
həyata keçirilir. Azərbaycan mədəniyyəti
dünyaya tanıdılır, nümayəndələrimiz
beynəlxalq müsabiqələrin qalibləri olur və
ölkəmizdə dünyanın tanınmış mədəniyyət
xadimlərinin iştirakı ilə böyük beynəlxalq tədbirlər
keçirilir. Azərbaycan 2011-ci ildə
"Eurovision" mahnı müsabiqəsinin qalibi olmuşdur. Davos Forumunda
ayrılmış xüsusi pavilyonda Azərbaycan
xalqının mədəni və mənəvi nümunələri
nümayiş etdirilmişdir.
Ümummilli
lider Heydər Əliyevin vaxtı ilə dediyi sözlər:
"Bir gün Azərbaycan günəş kimi
doğacaqdır" arzusu uğurla həyata keçir və
bunun əsasını Prezident İlham Əliyevin müasir
düşüncəli siyasəti təşkil edir.
Asəf HACIYEV,
Milli Məclisin deputatı,
AMEA-nın müxbir üzvü,
Professor
Azərbyacan.-
2012.- 8 fevral.- S. 6.